Səriyyə
Страница 2 из 9 · 11%
Soltan:
– Bəlkə çadıra gedəydik?
Buldozerçi:
– Lazım deyil, bura yaxşıdır, – deyib hamıdan əvvəl əyləşdi.
Kərəmxan:
– Onda mən gedim stəkandan-zaddan gətirim.
Şofer:
– Dayan, stəkan da var, – deyə göy, satin pencəyinin cibindən balaca bir stəkan və çəngəl-bıçaqdan tutmuş konserv qutusu, şüşə ağzı açana qədər, azı, on beş-iyirmi ağzı olan bıçaq çıxartdı.
– Sən ölmüyəsən! Səndə dəsgah var, qardaşlıq, adın nədir? – deyə Kərəmxan soruşdu.
– Adım Səməndər! – deyə şofer cavab verib, kolbasaları, çörəyi səliqə ilə doğradı, konserv qutularını açdı.
Sonra mənə müraciətlə:
– Bəlkə, – dedi, – siz də əyləşəsiniz...
– «Bəlkə» nə üçün? – dedim. – Sizinki döndü... «Qonaq, çörək yeyirsiniz?»
Şofer bərkdən güldü.
Hamımız otların üstündə oturduq, mən bir-iki tikə alandan sonra əlimi süfrədən çəkib:
– Çox sağ ol, Mirzə Səməndər, – dedim, – indisə xahiş edirəm mənə icazə verəsiniz, qaçım yoldaşımın yanına, görüm neyləyir.
– Hansı yoldaşınızın?
– Necə yəni hansı yoldaşımın? Həyat yoldaşımın!
– Bağışlayın.
Adil qapıda yemək stolunun yanında oturub, körpünün borularından çıxaraq gurultu ilə uçuruma tökülən selə baxırdı. Mən cəld stolun üstünə təzə ağ süfrə salıb göy-göyərti qoydum. Sonra qayğanaq bişirib iki qaba çəkdim və özüm də əyləşib böyük iştaha ilə yeməyə başladım.
O, bir-iki tikə götürüb çəkildi. Mən payımın hamısını eyni iştaha ilə yeyib qurtardım.
– Sənə çay tökümmü, Adil?
– Tök!
– Yəqin ki, yol təmizlənənəcən evdəsən.
– Yəqin ki...
Mən onun üçün bir stəkan tünd çay töküb, yenə də körpüsalanların yanına getdim. Onlar da təzəcə yeyib qurtarmışdılar.
Buldozerçi öz maşınına əyləşib, yolu tutmuş qayaları yenidən tərpədərək uçuruma yuvarlatmağa başladı. Biz dayanıb tamaşa edirdik.
Üzərində iri yemişan ağacı olan qayalıq elə parçalanmışdı ki, elə bil, dinamitlə partlatmışdın. Yemişan ağacı tikə-tikə olub torpağa qarışmışdı. Dünən tağ kimi yola sarı əyilmiş qayalığın üzərində tək dayanan bu yemişan ağacının romantik bir gözəlliyi var idi. Onun duruşu şahanə bir vüqar, qayğısız bir gözəllik təlqin edirdi. Adama elə gəlirdi ki, o min ildir elə beləcə qürurla dayanıb... Və min illər bundan sonra da elə beləcə dayanacaqdır.
Dünyanın işi əzəldən belədir. Təbiət böyük bir eşqlə yaratdığını eyni təntənə ilə də məhv edir.
Buldozerçinin bütün diqqəti maşının qarşısında idi. Onun çılpaq qolları, boynu-boğazı mis kimi qızarmışdı. Saçının qıvrımları bir-birinə qarışmışdı. Kimsəyə baxmırdı. Kimsə ilə bir kəlmə kəsib danışmırdı. «İnsan nə qəribə məxluqdur...» – deyə mən öz-özümə filosofluq edirdim. Heç elə bil bu buldozerçi birinci dəfə mən bura gələndə gördüyüm o saymaz oğlan deyil... O zaman o, maşınını qəsdən hər dəfə uçurumun lap kənarına qədər gətirir və istehza ilə mənə baxıb gülümsəyirdi. Heyif ki, rəssam deyiləm. Yoxsa o zaman onun üzündə olan ifadəni elə çəkərdim ki...
İndisə, Kərəmxanın mahnısında deyildiyi kimi, tamam qaradinməz olubdur. Elə bil ki, danışmağa ağzından kirə istəyir. Elə bil ki, Soltanla Kərəmxandan başqa hamıdan zəhləsi gedir...
Lakin yox... O, şofer Səməndərlə də çox həvəslə danışırdı. Hətta, onun zarafatlarına gülürdü də. Adili görəndə isə, demək olar ki, əməlli-başlı qəzəblənirdi. O, üzünü yana çevirməklə bu hissini gizlətməyə çalışırdı. Lakin ovçu yanında göz qırpmaq olmaz. Mən onun hər bir hərəkətini bütün incəliklərinə qədər görüb-duyurdum. Mən ona qarşı son dərəcə həssas olduğumu gizlətmirdim. Biz bir-birimizdən heç bir şey gizlətməyəcəyimiz barədə briqadada and içmişdik. Lakin biz öz andımızı pozuruq. Mənə elə gəlir ki, Soltan da, Kərəmxan da, buldozerçi də, mən də nə isə bir şey bilirik. Nə isə hiss edirik, lakin bu «hiss etdiyimizi» bir-birimizə deməkdən çəkinirik.
İndi işimiz çoxdur. Baş açılan kimi mən bu barədə briqadada danışacağam... Mən hər şeyi... hər şeyi danışacağam. Bəlkə, hətta ağlayacam da. Mənim deməyə sözüm çoxdur. Mən onlara deyəcəyəm: «Bura baxın, əzizlərim, gəlin, nə qədər çətin olsa da, andımıza əməl eləyək... Gəlin dünən qopan tufan kimi biz də öz böyük həqiqətimizlə hər şeyi alt-üst eləyək. Yüz min illərdən bəri insanlara çətin görünən mətləbi biz asan eləyək!..»
İndi günəş düz buldozerçinin üzərinə şaxıyırdı. Onun alnında, üzündə tər damlaları parıldayırdı. Yağışdan-tufandan sonra dağ günəşi qızğın olur.
– Bəlkə bizim qəhrəmana bir stəkan pivə verəsiniz... – deyə mən zarafatyana bir əda ilə şofer Səməndərə müraciət elədim, – yoxsa daha yoxdur?..
– Mənim, bax, bu gözüm üstə! Nə üçün yoxdur?! – Şofer daşların üzərindən sıçraya-sıçraya gedib bir şüşə pivə gətirərək, ağzını açdı.
Mən:
– Bəs stəkan?
– Stəkanı neyləyir? – deyə o, yaxınlaşıb şüşəni buldozerçiyə uzatdı.
O da alıb birnəfəsə hamısını içərək, şüşəni uçuruma tulladı. Sonra bizə baxmadan yenə də işinə davam etdi.
– Birini də gətirimmi? – deyə şofer Səməndər ona sarı qışqırdı.
Buldozerçi başını buladı.
Kərəmxan zarafat elədi:
– Deyəsən, pivənin hamısını bizə içirtmək fikrindəsən.
– İçirdəndə nə olacaq, dədəm döyməyəcək, nənəm söyməyəcək. Qurbandır sizə!
Soltanla Kərəmxan qaya parçalarını linglə tərpədib irəli yuvarladırdılar ki, buldozer yaxşı ala bilsin. Səməndər də onlara kömək edirdi.
Etiraf edim ki, onun qonaq elədiyi şeylər mənə həmişə yediklərimdən ləzzətli gəlirdi. Yaxşı deyiblər: qonşu payı şirin olar.
– Sizin yuxarı fermalarda nə var, nə yox? – deyə mən ondan soruşdum.
– Hər nə desəniz. Sağlıq olsun, körpüləri salıb qurtarandan sonra gəlib görərsiniz.
Buldozerçi ara vermədən işləyirdi. Şofer Səməndər iki dəfə ona təklif etdi ki, sən düş, bir az dincəl, mən işləyim. Razı olmadı. Onun üzündən, əzələləri yumruqlanmış qollarından su axırdı. Dağ günəşi elə yandırırdı ki...
O, bir az dincəlsəydi, pis olmazdı. Keçmə bu oğlanların inadından.
Təxminən saat üçə yaxın yolun əsas hissəsi açıldı. Şofer Səməndər maşınına əyləşib uzaq dağlara yol aldı və tezliklə meşədə görünməz oldu.
Günün axırına yaxın buldozerçi yolu tamam təmizləyib qurtardı.
Biz, briqada üzvləri onu ortaya alıb, hərəmiz könül açan bir söz dedik.
– Tərlisən, sənə soyuq olar... – deyə Kərəmxan öz nazik pencəyini onun çiyninə saldı.
Mən çadıra gəlib:
– Adil, – dedim, – sən bizim rəisimizsən! Xahiş edirəm, buldozerçini təbrik eləyəsən.
O, sakit halda soruşdu:
– Nəyə görə?
– Yolu təmizləyib qurtardı.
Adil gülümsədi:
– Baş üstə, təbrik edərəm. Ancaq, axı bu onun vəzifəsidir.
– Əvvəla, onun vəzifəsi körpü salmaqdır. İkincisi, bir var, tək öz vəzifəni yerinə yetirəsən, bir də var, bir gündə on günün işini görəsən. Sən gördün ki, yola nə qədər daş-qaya tökülmüşdü...
Adil dinmədi. Haçandan-haçana mənim üzümə baxmadan:
– Əgər, – dedi, – ayın axırında imkan olarsa, tapşıraram, bugünkü işini nəzərə alıb, ona bir az artıq pul yazsınlar.
– Heç o, pul barədə düşünmür...
– Pul barədə düşünmürsə, burada nə gəzir?
– Bəs sən, mən burada nə gəzirik?
– Mən pul barədə düşünürəm!
Mən deməyə söz tapmadım və bu məni daha da qəzəbləndirdi.
Axşama yaxın hava yenə də tutuldu. Gecədən bir az keçmiş təkrar yağış başladı.
Səhər biz oyananda yağış kəsməmişdi. Mən körpü tərəfdə səs-küy eşidərək cəld geyinib bayıra çıxdım. Soltan, Kərəmxan və buldozerçi yağışın altında nə isə edirdilər. Mən plaşı başıma atıb onların yanına yüyürdüm. Sel üst tərəfdən böyük bir qaya parçasını yumalayıb suyun körpünün borularına dolduğu yerinə salmışdı. Borunun ağzı tutulduğundan, su yuxarı qalxaraq güc verib təzə divarı uçurmaq istəyirdi. Körpüsalanlar, dizlərinə qədər suyun içində, linglə qayanı qaldırıb kənara yıxmağa çalışırdılar.
Mən də lingin yuxarı tərəfindən yapışdım. Yağış üzümüzə çırpdığından, gözümüzü açmağa imkan vermirdi.
– Bir də!
– Ay gözünə dönüm, bir də! – deyə Kərəmxan tufanın içində ahəngdar səslə komanda verdi.
– Tərpənir! Bir də!
Və biz bir də güc verəndə qayanı qaldırıb kənara aşırdıq. Sel qəzəblə boruya doldu. Biz sudan çıxanda, yuxarı tərəfdə gurultu eşidildi və bu anda onlarca daş parçası o yandan yumalanaraq böyrümüzdən, başımızın üstündən atlandı.
– Qərib nə oldu? – deyə Soltan birdən səsləndi və mən tələsik dönüb baxanda, buldozerçini körpünün divarına söykənərək gözlərini yumub sağ ayağını yuxarı qaldırdığını gördüm. Üçümüz də bir anda onun yanına yüyürdük.
Kitabxana.az · https://kitabxana.az/ru/works/ilyas-efendiyev-seriyye-3
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Səhəri gün heç gözlənilmədən Bayram babam Qızılbaşoğlu Alı ilə gəldi. Babam qaçarağı və nəcib cinsdən olmağı ilə məşhur kəhər atını minmişdi. Belində onatılan tapança, ayaqlarında zərif xromdan tikilmiş uzunboğaz çəkmə var idi. Babam həmişə yaxşı geyinərdi, uzun, təpəsi gen papağı ən bahalı dəridən olardı.O, atdan düşən kimi birinci mənim üzümdən öpdü və onun çallaşmış, qumral bığlarından gələn papiros iyi məndə sevincli bir hiss oyatdı. Babam bacım Mahtabı qucağına götürüb üzündən öpdü. Atamın, anamın kefini soruşdu. Ancaq nə Fatma nənəmlə salamlaşdı, nə də dayımla... Babamın gəlişi az qala bütün obada bayram şənliyi əmələ gətirdi, kişilər onun başına toplaşdılar.
Möhnət qocanın söylədikləri. Qızyetərlə çoban Mahmudun əhvalatı necə nağıl oldu?..Möhnət qoca uzun demisindən dərin nəfəs alıb dedi:– Sarıyataqlı Dəlisoy Gülmalının altı qızı olmuşdu. Yeddinci qızı olanda Gülmalı arvadını o ki var kötəkləyib dedi:
Muradın söylədikləriMöhnət qocanın söylədiyi bu misraların «Qızyetərlə çoban Mahmud» nağılına nə dəxli vardı? Nə üçün Möhnət qoca bu misraları heylə ürəkdən, heylə dərdli-dərdli deyirdi? Və bu sözləri söylərkən tamaşa elədiyi dağlarda nə görürdü? Kimləri görürdü? Yoxsa dağlardakı dumanda yox olub gedən cavanlığını, cavan sevgilisini görürdü?Mən birinci dəfə olaraq Möhnət qocanın və dumanlı dağların nisgilini duyurdum, amma anlaya bilmirdim ki, bu nisgil, bu qəribə kədər nədən ibarətdir? Sonralar da bu nisgil, bu kədər həmişə mənimlə idi. Sonralar da mən uzaq dağlara baxanda, aşıqların sazına, xanəndələrin muğamına qulaq asanda o kədəri, o nisgili hiss edirdim, amma mənasını anlaya bilmirdim, doğrusu, heç anlamağa da cəhd eləmirdim. Axşamlar gün batıb çıraqlar yananda da, el bir yurddan o biri yurda köçəndə də mən eyni kədəri, eyni nisgili hiss edirdim.
Gödək Nisə qırx adamı bir-birinə necə qırdırdı...Güney güzdəklilər Qayaburnu bağlarından dördtəkərli öküz arabalarında hey üzüm daşıyırdılar. Qayaburnu bağları uzun yalın o biri üzündə olub, kənddən bir kilometr aralıda idi. Bu bağlarda, demək olardı ki, Güney güzdəklilərin hamısının yeri vardı və bu yerlərin arasında çağ-çəpər qoyulmamışdı. Mən də həmişə təəccüb edirdim ki, meşə kimi qalın olan bu bağlarda hər kəs öz yerini necə tanıyır? Ancaq elə tanıyırlar ki, heç kəs kəsin bir ağacını belə səhv salmırdı. Qocaların danışdığına görə, Güney Güzdəyi də, burdakı bağları da atamgilin ulu babası Əhməd xoca salıb. Ona görə də bağların çoxu Əhməd xocanın törəmələri olan Əfəndi uşağına mənsub idi, yəni bizim tayfaya. Əhməd xoca əslən Ərzurumdan imiş. Necə olub ki, heylə uzaq məmləkətdən gəlib çıxmışdı bura? Heç kəs bilmirdi.Yəqin ki, bu bağlar bu dağdan burun kimi irəli uzanan qayanın qabağında olduğu üçün ona Qayaburnu bağları deyiblər.
Стихи других поэтов
Vəh, necə kəc gərdiş eylər cərxi-kəcrəftar kəc!Əsr gəcdir, dovr gəc, dovrani-bədkirdar kəc.
TəcnisQəni Mövlam, budur səndən diləkim,Gələ bir gün bu diyarə sevdiyim,
MüştaqəmEy yar vəfadarım,Didarına müştaqəm,
HarasındadırTərlan quşum itirmişəm, araram,Görüm bu dağların harasındadır