Mən və ağaclar
Evimizin qabağında atamın saldırdığı və indi hər gün, heç olmasa, bir-iki saat həvəslə qulluq elədiyi, öz əli ilə suvardığı cavan bağla mənim aramda gizli bir ünsiyyət yaranırdı. Buradakı alma, ərik, tut, gilənar, əncir, gavalı, qoz, armud, heyva ağaclarının hərəsinin öz görünüşü vardı və bunların hər biri mənə bir cür təsir eləyirdi. Ərik ağacının çəhrayıya çalan çiçəkləri mənə nə üçünsə əsrarəngiz təsir bağışlayırdı, gilənar, gavalı ağaclarının ağ çiçəkləri mənə zərif bir şadlıq gətirirdi. Ağ şahtutun günəş işığında zümrüd kimi parıldayan enli, ipək yarpaqları bu şənliyə bir cəsarət, daha qüvvətli bir şadyanalıq çaları verirdi. Qoz yarpağının soyuq ətri məni qüssələndirir və anamın tez-tez xəstələnməsini xatırladırdı. Bəlkə də bu ondan idi ki, bir dəfə anam malyariyadan bərk qızdıranda Zinyətə dedi ki, «get, bir qoz budağı qır gətir». Zinyət budağı gətirib verəndən sonra anam gözlərini yumub onu xeyli qoxladı... və anamı yuxu tutanda mən də balaca qoz budağını götürüb qoxladım və onun enli, tər yarpaqlarından qalxan ətir mənə soyuq və həsrətli göründü.
Anamın xəstələnməsi həmişə mənim üçün son dərəcə qəmgin bir hadisə olurdu. Onun gözəl, şəffaf gözləri qızdırmadan alışıb-yananda mən özümü dünyanın ən bədbəxt adamı sayır və saatlarca yastığının böyründən uzaqlaşmırdım. Anam xəstəlikdən sağalıb ayağa qalxanda isə ürəyimdəki fərəhin həddi-hesabı olmurdu. Lakin kədərim kimi, fərəhim də həmişə ürəyimdə gizli qalırdı. Yəni mən onları izhar eləməkdən çəkinirdim. Ona görə çəkinirdim ki, mənim ortaboylu, enlikürək, qaraqaş, qaragöz, gözəl və çox qüvvətli bir oğlan olan atam başqa adamlarla zarafat eləməyi, deyib-gülməyi sevdiyi halda, biz uşaqlarla, xüsusən mənimlə çox sərt rəftar edirdi. Nə üçünsə, mənim zarafatım, deyib-gülməyim həmişə onu acıqlandırırdı. Ona görə də yavaş-yavaş məndə bir qapalılıq əmələ gəlirdi. Mən heç bir sirrimi, sevinc və kədərimi biruzə verməməyə çalışırdım və atamın yanında öz hərəkətlərim özümə yöndəmsiz görünürdü. Özümə, öz hərəkətlərimə inamım azalırdı, mən, bir növ, fağır, çəkingən olurdum, bu isə atamı acıqlandırırdı və onun mənə qarşı daha sərt rəftarına səbəb olurdu. Mən üsulsuz bir hərəkət eləyəndə, məsələn, nahar elədiyimiz zaman stəkana toxunub çayı süfrəyə dağıdanda, o, qəzəblənib, məni «maymaq», «filinti», «çolaq» adlandırıb danlayardı. Bu zaman:
– Yaxşı... Dünya dağılmadı ki? – deyə anam məni müdafiə edərdi.
Mən də anamın məni bu cür müdafiə eləməsindən kövrələrək bağımıza qaçıb böyük tut ağacının yanına gələrək ona söykənib o ki var, ağlayardım və əgər hava tutqun, çiskinli idisə, tut ağacının pərişan sükutu mənim dərdimin üstünə dərd artırardı. Əgər hava buludsuz, çiskinsiz idisə, şah tutun günəş işığında mərdanə bir şadlıqla parıldayan enli, ipək yarpaqlarından sanki qəlbimə anlaşılmaz bir təsəlli, bir sakitlik, məchul bir ümid axıb gözümün yaşını qurudurdu. Ağacların arasından atamın bazara, öz mağazasına getdiyini görəndən sonra mən də qayıdıb evimizə qalxırdım və anamın iri bədənnüma güzgünün qabağında dayanaraq nə isə zümzümə eləyə-eləyə uzun, qara saçlarını hördüyünü görüb şadlanırdım. Atamdan dörd-beş yaş kiçik, boylu-buxunlu bir gəlin olan anamın gözəlliyi, zinəti, paltarı həmişə məni fərəhləndirir, atamın sərt rəftarını, danlaqlarını mənə unutdururdu. Mən anamın üzərində qızıl zərli güllər olan gilənar rəngli uzun məxmər tumanına, qolları enli qanovuz arxalığına, ortasında iri yaqut yanan enli qızıl kəmərinə, boynundan asılmış aypara şəkilli qızıl silsiləyə və bütün bunların ona necə gözəl yaraşdığına heyranlıqla tamaşa edirdim. Lakin belə zamanlarda anamın zümzümə elədiyi qəmli mahnı məni kədərləndirirdi. Mən istəyirdim ki, anam belə qüssəli şeylər oxumasın. O, biş-düşdən, işdən sonra divan yastıqlarına dirsəklənərək Füzulinin, Natəvanın kitablarını, ya da Firdovsinin «Şahnamə»sindən Rüstəmlə Söhrabın əhvalatını (əlbəttə, bu kitabların kimlərin olduğunu mən yazı-oxu öyrənəndən sonra bildim) ahəstə, lirik bir səslə öz-özünə zümzümə eləyəndə də mən eyni halları keçirirdim. Lakin o, «Ərmənusa», «Hind racisi», «Şahnamə», «Min bir gecə» və sairə kimi kitablardan oxuduğu əhvalatları bizə danışanda mənim xəyalımda heyrətli bir aləm yaranırdı və bu aləmin qəhrəmanları, onların igidlikləri uzun zaman gözümün qabağından getmirdi. Mən onların iztirabları ilə həyəcanlanıb pərişan olur, qələbələrinə sevinirdim və getdikcə xəyalımda yaranan bu aləm mənə real həyatdan, təsadüf elədiyim insanlardan (yalnız anamdan başqa!) daha artıq xoş gəlirdi. O aləm məndə real həyata qarşı bir soyuqluq, bir bədbinlik yaradırdı. O aləm mənə daha şirin, daha cazibədar görünürdü. Ona görə də mən getdikcə öz evimizdə daha qaradinməz, adamayovuşmaz olurdum. Mən öz evimizdə deyirəm, çünki Bayram babamgildə dönüb tamam başqa adam olurdum... Öz evimizdə atamın mənimlə həddindən artıq sərt rəftarı mənim öz daxilimə çəkilməyimin, hər şeyin mənə soyuq, yapışıqsız görünməyinin, əlbəttə ki, əsas səbəbi idi.
... Sərhəddəki qoşun çəkilib gedəndən bir neçə gün sonra bir səhər Zinyət sevinə-sevinə yüyürüb anama xəbər verdi ki, Fatma xanım (yəni anamın anası) indicə gəldi.
Bizim bağın qurtaracağında bir malakanın qalın çəkilliyi vardı. Çəkillikdən o tərəfdə isə Bayram babamgilin üç otaqdan ibarət birmərtəbə evi idi. Evin qabağında böyük bağ var idi. Bayram babam bu evi Nikolay taxtdan düşəndən iki il əvvəl Rusiyaya köçüb gedən bir malakandan almışdı və təzə ev tikdirmək üçün bağa çoxlu hörgü daşı tökdürmüşdü.
Mən və bacım Mahtab anamla getdik babamgilə. Fatma nənəm artırmada qoyulmuş enli taxtın üstündə əyləşib həmişəki kimi uzun müştüyündə papiros çəkirdi. Anamdan qabaq bacımla mən yüyürüb getdik yanına. İkimizin də üzündən öpdü. Nə atam, nə də anam heç bir zaman mənim üzümdən öpməzdilər, bəlkə də buna görə idi ki, başqasının və o cümlədən nənəmin də üzümdən öpməsi xoşuma gəlmirdi.
Fatma nənəm dedi:
– Allaha şükür ki, gəlib sizi sağ-salamat gördüm. Ara yaman qarışıb.
– Bəs dədəm niyə gəlmədi? – deyə anam soruşdu.
Fatma nənəm müştüyündən dərin bir nəfəs alıb dedi:
– Camaatı başlı-başına buraxıb gəlmək istəmədi. Ağsaqqallar da yığılıb dedilər: «Əşi, sən getsən, burda papaqaldıqaç olacaq». Məni də Qızılbaşoğlu Alı ilə üç atlıya qoşub göndərdi.
Qızılbaşoğlu Alı, yarısı Arazın İran tayında olan qədim Şahsevən obalarından idi. Çox igid bir oğlandı. Həmişə Bayram babamın yanında olardı. Nənəmlə birgə Güllü adlı qulluqçuları və İmaş adlı nökərləri də gəlmişdi. Güllü Kürdobadan Vəli adlı kasıb tərəkəmənin qızı idi. On doqquz-iyirmi yaşlarında, yanaqları lalə kimi alışıb-yanan, sağlam, ətli-canlı bir gəlin idi, uşağı olmadığı üçün toylarından üç il sonra əri boşayıb qovmuşdu. O vaxtdan Fatma nənəm gətirib qulluqçu saxlayırdı. Hamı Güllünün zirəkliyini, təmizkar olmağını, deyib-gülməyini tərifləyirdi, ancaq ondan həmişə əl-üz sabununun iyi gəlirdi ki, mən də bundan bərk dilxor olurdum. Məni qucaqlayıb üzümdən öpəndə «burax» deyə qışqırıb acıqlanırdım. O da qəhqəhə ilə gülüb, zorla təkrar öpürdü.
Babamgilin nökəri İmaş isə Cənubi Azərbaycandan idi. Təxminən Güllü yaşında, nazik, yaraşıqlı bir oğlan idi. Bir il qabaq Şimali Azərbaycana fəhləliyə gələn bir dəstə həmyerlisinə qoşularaq Arazı keçmişdi. Cənubi azərbaycanlıların geydiyi sərdarisi ilə keçə araqçını hələ də başında idi.
Məni görəndə Güllü yenə də qucaqlayıb o üzümdən, bu üzümdən bərk-bərk öpdü. Yenə də mən ondan sabun iyi gəldiyini duyub, dartınaraq qucağından çıxdım. Anam bərkdən güldü. Fatma nənəm də gülümsəyib:
– Ay batmış, – dedi, – sən qızıxmısan, uşağı utandırma.
Güllü qəhqəhə ilə güldü. Fatma nənəm taxta qutusunu açaraq zəfəran kimi sapsarı, saçaqlı tütündən papiros bükə-bükə anamdan soruşdu:
– Nurudan bir xəbər yoxdu ki?
– Məşədi Qara dünən Şuşadan gəlib. Bunların atasına deyirmiş ki («bunların» dedikdə, anam mənə işarə elədi. Anam heç bir zaman nə təklikdə, nə də adam yanında atamın adını deməzdi. Həmçinin, atam da anamın adını deməzdi. Bu da mənim üçün qəribə bir sirr olaraq qalırdı), Nurunu görüb, özünə də qızıl onluq verib.
– Nuru özü istəyib pulu? – Nənəm soruşdu.
– Özü istəməyəndə, Məşədi Qara durduğu yerdə ona pul verməyib ki...
Fatma nənəm dedi:
– Kişi ona beş gün bundan qabaq bir at yükü yavanlıq, nə qədər pul göndərib, Allah saxlamış pulu pul kimi xərcləmir ki...
– Hamısını sən eləmisən! – deyə anam acıqlı cavab verdi. – Həmişə bir tərəfdən kişi bəsdi deyincə pul göndərib, bir tərəfdən də sən əlinə düşəni gizlin göndərib onu pis öyrətmisən, xalqın da uşağı oxuyur, kim o qədər pul göndərir?
Nənəm papirosunu müştüyə qoyub dərindən sümürüb susurdu. Mən ona baxıb hiss eləyirdim ki, anamın sözlərinə etiraz eləməsə də, ürəyində oğluna da acıqlanmır.
Anam isə sözünə davam eləyib deyirdi:
– Neçə dəfə ümumxanada görüblər. Onun nə vaxtıdı ki, arvad-qız dalınca düşsün?
Əlbəttə, mən bu söhbətdən heç nə başa düşmürdüm, ancaq nə isə hiss edirdim.
Güllü onların qabağında dayanaraq qəribə bir maraqla anama qulaq asırdı.
Birdən nənəm acıqlı-acıqlı dedi:
– Onsuz da atanın qazandığını qardaşı gülləyəgəlmiş yeyir.
Bu artıq mənə məlum idi. Fatma nənəm Bayram babamın qardaşı Eyvaz əmini nəzərdə tuturdu. Eyvaz əmi Kürdobada adlı-sanlı tərəkəmə idi. Yaşda Bayram babamdan kiçik idi. Fatma nənəmin öz-özü ilə qəzəbli-qəzəbli danışmağından, anamla olan söhbətlərindən bilirdim ki, Bayram babam gah bir dəvə alıb bağışlayır Eyvaz əmiyə, gah at verir, gah pul. Bu da Fatma nənəmi yandırıb-tökürdü.
– Axı, – deyirdi, – kişi fikirləşmir ki, özünün də oğlu var; bu gün-sabah evlənəcək, ona da bir gün ağlamaq lazımdı.
Anam dedi:
– Dədəm qardaşını atmayacaq ki?.. Nə olsun oğlu var?
Anam cavan, gülərüz, yaraşıqlı bir oğlan olan əmisi Eyvazın xətrini çox istəyirdi.
Fatma nənəmi od götürdü:
– Sən dilini farağat qoy! – dedi. – Vələdüzna Eyvazın tərəfini az saxla. Sizi görəndə yağlı dilini salır işə, elə bilirsiniz bir düzəməlli adamdı. Bayram məni Şuşadan gətirəndə anası Səkinə ilə heç üzümə baxmırdılar, daldada da eyzən kişinin qarasına danışırdılar ki, «gedib Şuşanın gözünü çıxarıb. Dul gəlini alıb, bizə töhfə təbərcehi gətirib».
Anam gülümsəyib dinmədi.
Kitabxana.az · https://kitabxana.az/ru/works/ilyas-efendiyev-men-ve-agaclar
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
O gecə mən birinci dəfə idi ki, kəndimizin üst tərəfindən keçən dəyirman arxının yanında dayanıb onu gözləyirdim. Göy qübbəsini bəzəyən saysız-hesabsız ulduzlar və onların arasındakı üçgünlük Ay arx boyu düzülmüş söyüdlərin təzə açılan yarpaqlarını zəif-zəif işıqlandırırdı. Aşağı dərənin qaranlığında yalnız taxtapuşu seçilən dəyirmandan işıq gəlirdi. Mənim gözlədiyim qız atasına – dəyirmançı Musa dayıya axşam yeməyi aparmışdı. Mən bunu gündüz özündən öyrənmişdim. Ona görə də, indi burada dayanıb, gözümü dəyirmandan gələn cığıra zilləmişdim. Yarım saatdan bəri idi ki, həyəcan və intizar içindəydim. Əslinə baxsan, yarım saat deyil, düz yarım il idi. Yarım il idi ki, hər gecə mən bu cür həyəcan və intizar içində səhərin açılmasını gözləyirdim. İndi isə burada, ulduzların altında səhəri deyil, onun özünü gözləyirdim. Təzə açılmış söyüd yarpaqlarının xışıltısını, dəyirman çarxının üzərinə tökülən bahar suyunun coşğun şırıltısını dinləyərək onu gözləyirdim.Mən də, bu gözəl yaz gecəsi də həyəcan və səadət içindəydik. Biz ikimiz də, mən də, bahar da, mənim arzularım da, baharın açdığı bu söyüd yarpaqları da gənc idik. Bizim üzərimizdən fırtına keçməmişdi. Biz həyəcan və coşğunluq içində irəliyə can atırdıq. Biz arzu və ehtiraslar selinə düşmüşdük! Biz təzə gəldiyimiz bu dünyaya nə isə yeni bir şey, yeni bir gözəllik bəxş etmək həvəsi ilə çırpınırdıq. Biz bu barədə düşünmürdük, lakin bu, belə idi. Bizim fərəhimizdəki sirr bundan ibarət idi. Bu, böyük və əzəmətli həyatın əbədi qanunlarından biri idi!..
Yun şal«ZİL» markalı maşınımız sonsuz kimi görünən geniş çölü keçərək, nəhayət, axşam toran qovuşan vaxt çox da hündür olmayan dikdirin üzərində yerləşmiş üç-dörd balaca, kərpic evdən ibarət fermaya çatdı.Mən sürücü Mikolaya:
Qırçı və qırmızı çiçəkQoca qırçı ilə şagirdi cavan oğlan şəhərin lap ucqar yerindəki birmərtəbəli evin damına çıxanda günəş yenicə doğurdu.Onlar ikisi də ucaboylu, enlikürəkli idi. İkisinin də əynində kobud brezentdən mazuta batmış iş paltarı vardı. Oğlan başıaçıq idi. Zil qara saçları səliqə ilə yana daranmışdı. Qocanın başında köhnə, palıdı kepka var idi. Oğlanın üzü təmiz təraş edilmiş, incə qara bığları şəvə kimi parıldayırdı. Qoca sağ əlində kömür kimi qaralmış köhnə qəlyan tutmuşdu.
Daş hasarFirəngizi heç bir şey təzə bir pyesin primyerası, ya tərifi yayılmış təzə bir roman, ya yeni açılmış bir rəsm sərgisi qədər maraqlandırmırdı. Belə hadisələr həmişə onda bir bayram əhvalı yaradırdı. O, məşhur kino artistlərinin, məşhur rəssamların, dəbdə olan yazıçıların adlarını, tərcümeyi-hallarını əzbər bilirdi. Xüsusən də müasirlərin. Əlbəttə, bunların sənətindəki gözəlliyin mahiyyəti ona məlum deyildi. Bu barədə düşünmək heç onun ağlına da gəlmirdi. Amma o bu sənətdəki yeni ruhu (əgər bu var idisə), yeni maneranı hiss edirdi və bu ona fövqəladə dərəcədə cazibədar görünürdü. Bu cazibədə bir fərəh, bir irişilməzlik vardı. Bir yaz gözəlliyi vardı. Ya mənasını dərk edə bilmədiyi adi bir pərişanlıq vardı. Elə pərişanlıq ki, bəzən onun ürəyini nəhayətsiz, lakin qəmgin yüksəkliklərə aparırdı. Belə anlarda onun məftunluğunun həddi-hüdudu yox idi. Orta məktəbdə oxuduğu zamanlar o, şirin xəyallara dalardı. Kaş, o da məşhur bir rəssam, ya Jorj Sand kimi, Merdok kimi bir yazıçı olaydı. Eh... heç kəs bilmirdi ki, o, məsələn, Konsuelanın, ya Romeo və Cülyettanın iztirablarını nə qədər dərindən hiss etmişdi. Nə qədər ürək yanğısı ilə yaşamışdı... Və məhz belə dəqiqələrdə onun kədərinin gözəlliyini heç nə əvəz etməzdi...Lakin orta məktəbin son sinfində qız dərin bir kədərlə dərk elədi ki, ondan nə rəssam olar, nə bəstəkar, nə yazıçı. Bəlkə... bəlkə artist olaydı. O, güzgünün qarşısında dayanaraq özünə tamaşa edirdi. Boy-buxun, orijinal gözəllik, zəriflik. O, ata-anasının narazılığına baxmayaraq, İncəsənət İnstitutunun aktyorluq fakültəsinə ərizə verdi və... kəsildi. İmtahan götürən müəllim eyhamla andırdı ki, aktyorluq üçün lazım olan cəhətlər onda yoxdur. Qız o qədər sarsıldı ki, heç olmazsa, bu cəhətlərin nədən ibarət olduğunu soruşub bilmək ağlına da gəlmədi.
Стихи других поэтов
Və nə xurşid sifət bəzmsəradır Məşkat,Sərbəsər məhfil-ara bəzli-ziyadır Məşkat
Tiflisin TərifiMəcmu hər vilayətdən ağırdı dağı TiflisinBahar çağı cənnətə oxşuyur bağı Tiflisin
GülməlidirMən dedim: “Rəng!” Yenə rəngi-mükərrər, deyirəm,Rəngidir ərzü səma, bərzəxü məhşər, deyirəm.
Ötdü cavanlıq QarabağCanavar nəslinə sərf etdi dumanlıq QarabağKi, ola onlara hər dəmdə yavanlıq Qarabağ.