Bir azdan Fatma nənəmi gətirən Qızılbaşoğlu Alı da gəldi. Bu, uzunboylu, xına rəngində saçları boynunun ardına tökülmüş, ayaqlarında uzunboğaz çəkmə, əynində sərdari çuxa, başında gümüşü papaq olan bir oğlan idi. Belində ağac qoburlu onatılan tapança var idi.

– Necəsən, bacı? – deyə anamla hal-xoş eləyib Güllünün içəridən gətirdiyi stulda əyləşdi.

Anam ona müraciətlə gülümsəyib dedi:

– Kişini tək qoyub gəlmisiniz?

Qızılbaşoğlu dedi:

– Tək niyə olur? Camaat kişinin başına and içir.

Sonra əlavə etdi:

– Mən indi qayıdıram.

Anam dedi:

– Gecəyə düşəcəksən.

Qızılbaşoğlu sakit cavab verdi:

– Gecə yaxşıdı, Şpartı çölləri indi gündüz isti olur.

Mən təəccüblə soruşdum:

– Tək gedəcəksən?

– Əlbəttə! – deyə o, mənə baxıb gülümsədi.

Mən dedim:

– Bəs qaçaq-quldurdan qorxmursan?

O, eyni xoş təbəssümlə cavab verdi:

– Qaçaq da adamdı dayna. Qaqaş, niyə qorxum ki?

Anam zarafatyana mənə dedi:

– Bəyəm, Alı dayın özü az qaçaq olub?..

Qızılbaşoğlu qalxıb bağın içi ilə axan arxın qırağındakı yoncalıqda qolbənd elədiyi atını açıb gətirdi.

Nənəm dedi:

– Alı, otur, çörək ye, sonra.

Alı dedi:

– Şəhərdə yemişəm.

Sonra Güllüyə dedi:

– Bacı, içəridən mənim tüfəngimi gətir.

Güllüdən qabaq mən yüyürüb onun gödək beşaçılanını və patronla dolu kəmərini gətirdim.

Alı:

– Salamat qalın! – deyib kəmərlə tüfəngi çiyinlərindən aşıraraq cəld hərəkətlə qalxdı ucaboylu alapaça ürgənin üstünə.

Sonra soruşdu:

– Kişiyə sözünüzdən, sovunuzdan?

Anam dedi:

– Sözümüz odur ki, kişidən muğayat olasan!

Qızılbaşoğlu ciddi cavab verdi:

– Arxayın ol, bacı.

Fatma nənəm Güllüyə dedi:

– Gətir, oğlanın dalınca su at.

Qulluqçu içəri qaçdı. Qızılbaşoğlu isə ayaqlarını balaca tərpədən kimi at sıçrayıb yola düzəldi, Güllü yüyürüb gələrək suyu onun ardınca atdı.

Qızılbaşoğlu ağacların arasından keçib yox olduqda birdən-birə mənə elə gəldi ki, o bizdən ayrılıb tamam ayrı bir dünyaya getdi. Bir azdan gün batıb gecə düşəcək, Qızılbaşoğlu yiyəsiz çöllərlə tək-tənha gedəcək. Kim bilir, bəlkə, birdən qabağına bir dəstə qaçaq çıxacaq?.. Eh, kim bilir, bəlkə qaranlıq dərələrin birində cin yığıncağına rast gələcək...

Deyirlər, bir dəfə qaranlıq gecədə Qızılbaşoğlu Alı Haramı ilə atlı gedirmiş. Birdən xapaxap üç qaçaqla çıxır üz-üzə. Qızılbaşoğlu özü ilə silah götürməyibmiş, sapı ceyran ayağından qayrılmış qamçısını qaranlıqda qəfil tapança kimi atlılara tuşlayaraq qışqırır:

– Ə, tökün tüfənglərinizi, yoxsa onatılanla hamınızı qırdım!

Qaçaqlar bilirdilər ki, Qızılbaşoğlu onatılanın tətiyini çəksə, üçünü də bir anda biçəcək. Ona görə də tüfənglərini sivirib tullayırlar yerə... Qızılbaşoğlu deyir:

– İndi kənara sürün atlarınızı.

Özü isə atdan yerə tullanır, tüfənglərdən birini götürüb nəşə ilə atlılara deyir:

– Gedin, amma heç kəsə deməyin ki, Qızılbaşoğlu Alı bir qamçı ilə bizim tüfənglərimizi aldı.

Qaçaqlar mətləbi başa düşürlər, onlardan biri deyir:

– Ə, Qızılbaşoğlu! Deyilmişkən varmışsan, amma igid igidi el içində xar eləməz, mən Əhmədallar Xanalıyam, ver tüfənglərimizi, bu gündən səninlə qardaşam.

Qızılbaşoğlu deyir:

– Düşün, götürün tüfənglərinizi!

Özü isə alapaça ürgənin üstünə tullanıb bir göz qırpımında yox olur...

Anam qalxaraq mənə dedi:

– Gedək.

Mən bu xəyallarımdan və Fatma nənəmgildən ayrılıb öz evimizə getmək istəmirdim. Mən bilirdim ki, evimizdə məni atamın sərt baxışları, danlaqları gözləyir. Mən heç bir zaman özümü evimizdə babamgildə olduğu kimi sərbəst hiss eləmirdim. Yalvarıb anamdan xahiş elədim ki, qoysun gecəni qalım babamgildə.

Anam dedi:

– Qalırsan, qal, amma dədənin acığı tutacaq.

Nənəm dedi:

– Mağıl dayna... tay dabanıçatdaq Xəlsənin oğlunun acığı tutdu, dünya dağılacaq, uşağın üzünü o qədər danlayır ki, evdən-eşikdən də perikir.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Mənim cənnətim

Mən bu azca ömrümdə birinci dəfə olaraq insanların rəftarında, bu dünyaya gəlmələrində anlaşılmaz bir uyğunsuzluq və bu uyğunsuzluğu daim müşayiət eləyən acı, biganə bir kədər hiss edirdim. Və başa düşmürdüm ki, nə üçün adamların gülüşü, sevinci mənə süni görünür? Mənə sirayət eləmir?Mən bu aləmə qaynayıb-qarışa bilmirdim. İman kişi gündüz qonşulara kəhrizdən su daşıyıb, gecələr öz aləmi ilə məşğul olduğu kimi, mən də gündüz məktəbə gedir, dərslərimi öyrənir, anamla atamın söhbətlərinə qulaq asıb, gecələr öz otağımda tək qaldıqda öz aləmimlə məşğul olurdum. Bu aləm isə qəribə idi. Fatma nənəm mənə nağıl eləmişdi ki, Firon qərara gəlib ki, gərək yer üzündə də Allahın behişti kimi bir behişt düzəltsin. Firon həmin behiştin torpağını mirvari, ləl-cəvahirat elətdirir, meyvə ağaclarının yarpaqlarını qızıl elətdirir, ab-kövsər kimi şirin bulaq düzəltdirir. Bir sözlə, əsil cənnət yaradıb, dünyanın gözəl qızlarından da gətirdib, huri elətdirir. Və bu cənnət Allahın o qədər xoşuna gəlir ki, əmr edib onu göyə çəkdirir.

3 мин
Səriyyə və dünyanın ən gözəl duyğuları

Vəziyyətimiz çətin keçirdi. Ancaq xüsusi ticarətə hökumət icazə verdikdə atam anamın üstündəki qızıl şeylərdən satıb əlində maya eləyərək yenə də xırda dəmir-dümür alverinə başladı. (Mən sonradan bildim ki, bu ticarətə-filana da icazə verilməsi yeni iqtisadi siyasətin nəticəsində imiş...)Vəziyyətimiz bir ara babatlaşdı. Mən dördüncü sinfə keçdiyim ilin yayı bərk isti olduğundan atam bizi Şuşa qalasına apardı. Fatma nənəm isə evimizdə qaldı. Biz anamın xalası Bəyaz xanımgilə düşdük.

11 мин
Mən və yeni həyat

Mən görürdüm ki, şəhərimizin cavanlarından bir hissəsi qırmızı komandirlər kimi ot rəngli parçadan köynək-şalvar geyinib, enli kəmər bağlayırlar. Dəstə-dəstə gəzərək bərkdən danışıb-gülürlər. Hələ desən, tüfəng götürüb milislərlə birlikdə dağlara, meşələrə qaçaq-quldur dalınca da gedirlər. İclas eləyib bəylərin, kapitalistlərin əleyhinə qəzəbli nitqlər söyləyirlər. Bu cavanlara «komsomol» deyirdilər. Elə bil ki, mənim özümdə də bəylərə, kapitalistlərə qarşı gizli bir kin varmış və bu kin indi zahirə çıxırdı. Komsomollarda hiss etdiyim mübariz ruh məni həvəsləndirirdi, sanki məni o axına qoşulmağa çağırırdı. Elə bil ki, məndə həyata potensial halında olan fəal müdaxilə qüvvəsi birdən-birə hərəkətə gəlib özünü göstərmək istəyirdi. Bir gün mən də cəsarətlə atama dedim:– Komsomol olmaq istəyirəm.

12 мин
Gözlənilməyən sevgi

Darülfünunda dərslərin başlandığının dördüncü günü idi.Foyedə gənc bir oğlanla yaşlı bir qadın dayanmışdı. Hamı maraqla onlara baxırdı. Uca boyu, enli kürəyi olan bu qadın qara yun parçadan uzun tuman, ətəkli arxalıq geymişdi. Qara, sürməli gözləri sükutla baxır, günəşdən yanmış üzü soyuq bir qayğı ifadə edirdi. O, kimsəyə baxmadan nə haqqında isə düşünür və çubuq çəkirdi. Yanındakı ucaboylu oğlan olduqca şux geyinmişdi, lakin son dərəcə çirkin idi. Üzü çopur, burnunun ortası yəhər kimi yastı idi. Dodaqları qaba surətdə irəliyə doğru uzanmışdı. Cod və bozumtul kimi görünən saçları alnında bir bucaq təşkil edir və az qala burnuna qədər uzanırdı.

16 мин

Стихи других поэтов