Qəhrəman ilə bülbülün nağılı
Oğlan on səkkizinci yaranı alandan sonra yıxıldı. Adamların müdhiş bağırtıları, süngü cingiltiləri tamamilə eşidilməz olduqda, meşə dərin nəfəs alıb, ağır sükuta daldı.
Yabanı alma ağacının çəhrayı çiçəkləri arasından bir bülbül başını çıxardıb, ürkək nəzərlərlə ətrafı süzdü və birdən aşağıda, meşə otları arasında qan aparmış oğlanı görüb fəryad qopartdı.
Bülbül yaralı bir qəlb kimi çırpınaraq oxuyur, oğlan, yıxıldığı yerdə qımıldanmadan yatıb qalırdı. Onun al qanı parçalanmış köksündən axıb ətrafdakı ağ nərgiz güllərini qızardırdı.
Bülbül bir an susub, meşənin sükutunu dinlədi və təkrar oğlana baxaraq, elə fəğan qopartdı ki, yaralı titrəyərək göz qapaqlarını qaldırdı. Sonra əllərini yerə dirəyib azca dikəldi. Dumanlı gözlərini ətrafa gəzdirərək, çiçəklər arasında oxuyan bülbülü gördü. Dodaqlarına solğun bir təbəssüm qondu.
Nəzərləri ona dikilmiş bülbülün səsində riqqətli bir ney ağladı. O zaman oğlanın da gözlərindəki duman incə büllur təbəqəsi kimi parladı.
Bülbül səsini kəsərək:
– Nə oldu, oğlan, – dedi, – yeddi düşmən sinəsi parçaladın, on səkkiz yara aldın, “uf” demədin, bəs, indi nədən gözlərin yaşardı?
Oğlanın baxışlarından ildırımlar qopdu. O, yaralı pələng kimi, iniltili bir “ah” çəkib, yenə də otların üstünə yıxıldı.
– Yoxsa, o qız yadına düşdü? – bülbül yenə də dilə gəldi.
Qəhrəman gözlərini yumub, cavab vermədi. Bülbül, qanadlarını çiçəklərə çırparaq, yerindən qopdu və bir an çəkmədi ki, oğlanın üzünə kəpənək qanadı qədər xəfif bir gül düşdü.
Oğlan bu qəribə gülün təmasından diksinib, gözlərini açdı. Gül oğlana tanış göründü. Ona elə gəldi ki, bu hansı bir əziz xatirəninsə yadigarıdır...
Güldən qalxan bihuşedici ətir ona şirin bir yuxu gətirdi və bu yuxu yaxınlaşdıqca, oğlanın üzünə röyalı, munis bir nur endi.
Nəhayət, oğlan qəribə bir yuxu gördü: gördü ki, kəndlərinin üst tərəfindən axan çayın qırağında dayanmışdır. Hara isə tələsir, lakin yerindən tərpənə bilmir. Birdən çayın gümüşü suyu içindən ağ paltarlı bir qız çıxıb, ona yanaşdı. Oğlan qızı tanıdı: bu, o idi.
Qızın qucağı, saçları yabanı qızılgüllərlə dolu idi. O, mələk kimi sakit, məzhun bir üzlə oğlanın qarşısında dayanıb:
– Hardasan, əzizim? – dedi. – Mən nə zamandı ki, səni axtarıram.
Oğlan yenə də yerindən tərpənməyə cəhd etdi və dedi:
– Mən getməliyəm, tələsirəm.
Qız onun əllərindən yapışaraq:
– Yox, – dedi, – bu dəfə mən səni buraxmayacam. Sənsiz darıxıram...
“Bu necə ola bilər?” deyə oğlan düşündü. Qız onun tərəddüd etdiyini görüb, gülümsədi. Qucağındakı gülləri oğlanın üzünə səpdi. Oğlan üzünə dəyən güllərin rayihədar, xəfif təmasından gözlərini yalnız bircə dəfə qırpıb açdığı zaman, qızın durduğu yerdə ağ bir göyərçin gördü.
Göyərçin qanadlarını çalaraq havaya qalxdı. Oğlan, onu tutub saxlamaq istəyirmiş kimi, əllərini qaldırdı və birdən bu əllər qartal qanadlarına çevrilib, onun ağır vücudunu qəribə bir yüngüllüklə yerdən üzdü.
Onlar getdikcə bir-birlərinə yaxınlaşıb, nəhayət, qoşalaşdılar. Sonra alov rəngli buludlardan keçərək, göylərin sakit, mavi ənginliklərinə yol aldılar...
... Bülbül bütün gecəni oğlanın başı üstündəki budaqlar arasında oxudu.
Səhər, üfüqlər bahar şəfəqi ilə alışıb yandığı zaman yoldaşları gəlib qəhrəmanı tapdılar. Onun cansız çöhrəsini halələndirmiş nuru, üzünə düşmüş və hələ də solmamış o gülü görüb, heyrətə gəldilər. Sonra həmin yerdə oğlanı defn edib getdilər.
Gələn bahar o qərib məzardan yabanı bir qızılgül qalxdı. Bülbül gəlib onun budaqlarında özünə yuva qurdu.
İndi o vaxtdan bəri hər bahar o tək məzar üstündə bir bülbül oxuyur. Onun nəğmələri əzəli və qadir məhəbbətin bitmək bilməyən əfsanələrindən danışır...
Kitabxana.az · https://kitabxana.az/ru/works/ilyas-efendiyev-qehreman-ile-bulbulun-nagili
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Üçüncü yay gecəsi idi ki, şəhərin sakitliyi içində Xan qızı Gülsənubər tarda çalınan o muğamı eşidirdi. Və üçüncü yay gecəsi idi ki, Xan qızı Gülsənubərin yuxusu göyə çəkilmişdi. O tarçalan oğlanın gözlərindəki qəribə ifadə ilə çaldığı muğamın söylədiyi hekayət arasında ayrılmaz bir bənzərlik var idi. O hekayətin nədən ibarət olduğunu qız dərk eləyə bilmirdi. Lakin hiss edirdi ki, bu, nə isə, uzaqlarda və uzaq zamanlarda olub getmiş bir hekayət idi. Bəs, onda nə üçün o əhvalatı indi tarında hekayə edərkən oğlanın baxışları bu qədər pərişan, bu qədər əlacsız olurdu? Qız onu da hiss edirdi ki, muğamın danışdığı o əhvalatda nəhayətsiz bir kədər, bəlkə də, dünyada heç kəsin duya bilmədiyi bir nisgil var. Və indi bu cavan tarzən o pərişan, o nisgilli əhvalatı çaldığı muğamın gücü ilə hamıya nəql etmək istəyirdi. O qəmli əhvalatın sirri, yəqin ki, bu oğlana aydın idi. Yoxsa böyük Allahın onun gözlərinə bəxş etdiyi işıq muğamı çalmağa başladığı zaman birdən-birə bu qədər gözəl, bu qədər cazibədar, bu qədər dərin görünə bilməzdi.Güllərin, çiçəklərin ətriylə dolu bu aylı gecənin nəhayətsizliyi harada, hansı yalçın qayalıqda isə qurtarırdı. Lakin cavan tarzənin gözlərindəki o işıqlı, anlaşılmaz dünya, muğamı çaldıqca, həm dərinləşir, həm də əsrarəngiz və qavranılmaz olurdu... Və qız, bütün bu düşündüklərinin, hiss etdiklərinin boş bir xəyal olduğuna özünü nə qədər inandırmaq istəyirdisə, ürəyini o aləmdən qoparıb, o cavan tarzəni özündən uzaqlaşdıra bilmirdi...
Atayevlər ailəsiİştirak edirlərXosrov Atayev*
Birinci pərdəBirinci şəkilXosrov Atayevin evi. Reyhan pianino çalır. Mehrican otağa daxil olur və dayanıb musiqini dinləyir. Reyhan, nəhayət, son akkordu vuraraq, dərindən nəfəs alır. Üzündə xoşbəxt bir ifadə var.*
İkinci pərdəDördüncü şəkilSadıq Sadıqovun evi. Bahalı mebellər. Ortada üstü cürbəcür yeməklərlə dolu böyük stol. Qapının zəngi vurulur. Lətafət tələsik addımlarla gedib açır.*