Страница 6 из 9 · 56%

Sonra tufan başladı... və... və buldozerçi yaralandı. Qanqrenin nə demək olduğunu mən bilmirəm!.. Professor səhərə konsilium təyin etmişdir. Demək... Qız pəncərənin qabağına, mənim yanıma gələrək xəstə ilə danışırmış kimi yavaş və qorxaq səslə:

– Səriyyə xanım, – dedi, – çay dəmləmişəm, gəlin bir stəkan için.

– İçək! – Mən möhkəm addımlarla irəlilədim, stul çəkib oturdum.

Görünür, mənim gümrah cavabım qızın kefini açdı. O, ətirli çayı götürüb mənim qabağıma qoyaraq:

– Yaxşı ki, – dedi, – mən gəlmişəm... Paltarlarımıza güvə düşürmüş... şifonerin ağzını bağlayıb getmişdik.

– Gedəndə naftalin vursaydınız...

– Yadımızdan çıxıb, vurmamışıq. Gərək sabah hamısını havaya sərim... sonra da dərmanlayım.

Qızın bu sözləri mənə buradakı – Bakıdakı evimizi xatırlatdı. Biz yığışıb rayona gedəndə, şəhərdə qalan qış paltarlarımıza naftalin vurmaq lazım olduğunu Adil mənim yadıma salmışdı. Mən də onları çox həvəslə dərmanlayıb şifonerə yığmışdım. İndi mənə elə gəlir ki, bu iş çox uzaq bir zamanda olmuşdur. Elə bil ki, mən o paltarları cansıxıcı bir payız günündə dərmanlayıb getmişdim. O günün xatirəsi indi ağır bir daş kimi ürəyimi sıxırdı. Doğrudanmı, hər bir həvəsdən, xeyirli hesab elədiyin işdən axırda bu cür ağır, kədərli xatirədən başqa heç nə qalmır?! Doğrudanmı, məyusluq bizim son mənzilimizdir... Birdən bütün varlığıma qəribə bir hiss hakim oldu: mənə elə gəldi ki, əgər buldozerçi sağalıb qalxsa, əgər onun ayağını kəsməsələr, mən yenə də əvvəlki həvəslə gedib Adilin də, özümün də paltarlarımızı çıxarıb günə sərəcəyəm... Təzədən bir də dərmanlayacağam və Adilə hər şeyi bağışlayacağam... hər şeyi! Axı mən nə zaman demişəm ki, Adil pisdir? Onu ağıllı, səliqəli eləyən mən olmamışammı? Dağların o tayındakı fermalara gedən yolun üstündə saldığımız o körpü nə üçün bizim bir-birimizdən soyumağımıza, hətta... hətta bir-birimizə düşmən kəsilməyimizə səbəb olsun? Heç bu, ağlabatan işdirmi?!

Qoy bircə bu Qəribcan sağalıb qalxsın. Hər şey o qədər yaxşı, o qədər fərəhli olacaq ki... Qoy bircə onun ayağı kəsilməsin... Mən Qəribcanı da götürüb gedəcəyəm univermağa... Adilə də... Soltana da... Kərəmxana da sovqat alacağam... Manikürçü qadını unutdum... Nə sevimli qadındır... Qəribcan sağ-salamat qayıdanda o necə sevinəcək... Hamımız sevinəcəyik... Biz bir briqadayıq... Qəribcan bizim bir hissəmiz, bir parçamızdır. Ona bir şey olsa...

Mən qızın üzünə baxaraq fikrimə davam edirdim. «Biz dördümüz də adımızı bir kağıza yazıb, Zoğallı körpünün bünövrəsinə qoymuşuq. Dünənki o dəhşətli tufan bizim cavan körpümüzdən heç nə qoparıb apara bilmədi. Dördümüzün də adımız yazılmış o kağız bu saat şüşənin içində qupquru qalmaqdadır. Kim bilir, daha nə qədər bu cür dəhşətli tufanlar olacaq... Daha nə qədər sellər... sular axıb gedəcək. Lakin o kağıza heç nə olmayacaq. Hər zaman olduğu kimi, bu dəfə də o kağızın gözlərim qarşısında canlanması ilə birdən-birə ürəyimə anlaşılmaz bir vahimə çökdü və mənə elə gəldi ki, buldozerçiyə bir şey olsa, mən bədbəxt olaram. Uğursuz olaram. Həyatım qara bağlar. Kağızda onun adından sonra mənim adım gəlir. Demək, bu cür: «Soltan, Kərəmxan, Qəribcan və Səriyyə!» Hamı bilir ki, mövhumatçı deyiləm! Heç bir mövhumi şeyə də bənd olmaram.

Lakin hər dəfə o kağız yadıma düşəndə, bu buldozerçi bütün qədd-qaməti ilə qarşımda canlanaraq, dərin və mükəddər baxışlarla düz gözlərimin içinə baxır və mənə elə gəlir ki, bu saat onun enli, qüdrətli sinəsindən bir «ah» qopub onu da, məni də məhv edəcək!

Vaxt olur ki, əllərimlə üzümü qapayaraq, başımı yastığın altına soxub onun bu nəzərlərindən qaçmağa can atıram... Halbuki adi həyatda bizim baxışlarımız çox nadirən qarşılaşır... Bəs bu məlun hiss haradan mənə qənim kəsilmişdir?.. Nə üçün onun hər bir hərəkəti, məsələn, gecədən xeyli keçənə qədər çadırlarının yanında oturub papiros çəkməsi məni narahat edirdi?

Nə üçün mən ondan oddan-sudan qorxan kimi qorxurdum? Bu, çox anlaşılmaz, qəribə və əsassız bir qorxu idi... Bəzən onu qaşqabaqlı oturub papiros çəkən görəndə mənim vəziyyətim çox gülməli olurdu. Elə bil ki, kiçik, gücsüz bir heyvan, qəzəbli nəzərlərlə uzaqlara baxan bir pələngə rast gəlmişdir və əgər bu pələng onun bir hərəkətindən xoşlanmazsa, onu parça-parça eləyər. Buna görə də həmin məxluq gülür, zarafat edir, pələngin kefini açmağa çalışırdı. O, pələngdən aralanmağa, qaçıb yaxasını qurtarmağa cəsarət eləmirdi.

O qorxurdu...

Lakin budur: indi pələngin yaralanması ilə bu qorxu da anlaşılmaz bir narahatlığa, dəhşətli bir qeyri-müəyyənlik hissinə çevrilmişdir. Elə bil ki, nə isə ağır bir dərd, bir faciə, siyirməqılınc qarşımda dayanaraq, mənim öz həyatımı və aqibətimi təhdid edir!

Ərim, qohum-qardaşım, hətta yaxın tanışım belə olmayan bu adamla aramdakı bu qəribə münasibətin səbəbi, sirri nədə idi? Bilmirdim... heç nə bilmirdim və bu dünyada onun sağalmasından, ayağının salamat qalmasından başqa heç nə istəmirdim. «Səadət» məfhumunun nə demək olduğunu, çox dumanlı şəkildə də olsa, indi hiss edirdim. Hiss edirdim ki, mənə heç bir qohumluq münasibəti olmayan bu adamın sağalması, ayağının kəsilməməsi mənim üçün həmin «səadət» deyilən şey ola bilər. Bu, mənim üçün bir kəşf idi və mən bu kəşfi gizlətməyəcəyimə and içirdim! «Təki o salamat qalsın! Gündüz yolda bir-iki dəqiqəliyə keçib onun yanında oturdum... Mən onun alışıb-yanan əlinə toxundum. Mən... ərli qadın olan mən, əsl səadətin və onu itirmək qorxusunun nə demək olduğunu həmin bu bir-iki dəqiqədə dərk etdim. Mən heç bir zaman, heç bir kəsi özümə bu qədər yaxın, bu qədər doğma hiss etməmişdim. Elə bil ki, mən Zoğallı körpüdəki həyatımızın ən əziz, ən qiymətli bir hissəsini – onun fərəhini, gözəlliyini özümlə birlikdə götürüb gedirdim... Və əgər bunu itirsəm, məhv olaram. Nə üçün qız buldozerçi haqqında heç nə danışmır? Heç nə soruşmur?» – deyə mən, təkrar-təkrar düşünürdüm. «Məgər qız bilmir ki, buldozerçi mənim heç nəyim deyil və o (qız) bu barədə hər bir şeyi soruşa bilər? Lakin onunla bərabər, mən özüm də buldozerçi barəsində heç nə danışmırdım. Danışmaq istəmirdim. Bayaq o tufanda Ağsu keçidini düşərkən zehnimdən, bir neçə anlığa da olsa, çox məsuliyyətsiz bir xəyal gəlib-keçdi; sel maşını yumalayıb uçuruma salsa, o buldozerçi də, mən də məhv olsaq, daha gözəl olmazmı?

«Bəs bu qız? Məgər o bunun üçünmü bizə qoşulub?» Daha sonra düşündüm ki, «sel bizi aparaydı... Bu qız isə sağ qalaydı...»

Bu dünyada bizim xəyalımızdan gəlib-keçənlərin hamısı ağıllı, əsaslı fikirlər olsaydı, nə vardı ki...

... Səhər düz saat doqquzda xəstəxananın qapısını kəsdirdim. «Mən buldozerçini selə axıtmaq üçün gətirməmişəm» deyə əsəbiliklə düşünür və konsiliumun qurtarmağını gözləyirdim.

Nəhayət, tanış şəfqət bacısı Cəvahir xanım gəlib mənim yanımdan keçdi.

– Professor Möhsünzadədir... – deyə Cəvahir xanım pıçıldadı və mən dərhal durub professorun ardınca yüyürdüm.

O, qayıdıb məni görərkən ayaq saxladı:

– Nə buyurursunuz? – deyib eynəyini gözündən götürdü.

Bu, otuz yeddi-otuz səkkiz yaşlarında çox yaraşıqlı bir adam idi.

– Professor, – dedim, – sizi saxladığım üçün üzr istəyirəm.

– Eybi yoxdur... Eybi yoxdur, – deyə o, sağ gözünü tez-tez qırpdı.

– Üçüncü palatadakı xəstənin vəziyyətini soruşmaq istəyirdim...

– Hansı xəstənin, Qərib Muradbəylininmi?

– Bəli.

– Siz onun nəyisiniz?

– Tanışı. Biz bir briqadada işləyirik. Onu Bakıya mən gətirmişəm. Rayonda ayağını kəsmək istəyirdilər.

– Bilirsinizmi, – professor əlində tutduğu eynəyinə baxaraq cavab verdi, – onlarda təqsir yoxdur... Qanqren çox sürətlə başlayıb. Buradakı professorlardan da kəsmək təklif eləyəni oldu... Ancaq... əksəriyyəti kəsilməsinə razı olmadı... Oğlanın çox güclü orqanizmi var... Mənim yeganə ümidim dava-dərmandan çox onun özünədir. Görək nə olur?! Biz nə lazımsa eləyəcəyik...

– Çox sağ olun, professor.

– Dəyməz. Borcumuzdur! Hələlik, – o, dönüb məndən aralandı.

Bəzən xarici görünüşün adama qəribə təskinedici təsiri olur. Professorun qəşəngliyi və çox səmimi danışması məndə birdən ruh yüksəkliyi və ümid doğurdu.

Mən xəstəxanadan çıxıb taksiyə əyləşərək bazara getdim. Bir neçə cür meyvə alıb təkrar xəstəxanaya qayıtdım, Cəvahir xanımdan xahiş etdim ki, gətirdiklərimi xəstəyə çatdırsın.

O günün axşamı səbrimi basıb xəstəxanaya getmədim. Zəng də eləmədim. Gecədən xeyli keçənə qədər otaqda gəzinib, manikürçünün qızının baş-beynini apardım. Sonra soyunub çarpayıma uzandım və yalnız səhər açılanda yarım saata qədər mürgüləyə bildim. Mən artıq öz sirrimi özümdən gizləmirdim. Mən yeri-göyü köməyə çağıraraq, buldozerçinin sağalmasını istəyirdim.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Bayram babamın obaya gəlməsi və Qızyetərin əhvalatı

Səhəri gün heç gözlənilmədən Bayram babam Qızılbaşoğlu Alı ilə gəldi. Babam qaçarağı və nəcib cinsdən olmağı ilə məşhur kəhər atını minmişdi. Belində onatılan tapança, ayaqlarında zərif xromdan tikilmiş uzunboğaz çəkmə var idi. Babam həmişə yaxşı geyinərdi, uzun, təpəsi gen papağı ən bahalı dəridən olardı.O, atdan düşən kimi birinci mənim üzümdən öpdü və onun çallaşmış, qumral bığlarından gələn papiros iyi məndə sevincli bir hiss oyatdı. Babam bacım Mahtabı qucağına götürüb üzündən öpdü. Atamın, anamın kefini soruşdu. Ancaq nə Fatma nənəmlə salamlaşdı, nə də dayımla... Babamın gəlişi az qala bütün obada bayram şənliyi əmələ gətirdi, kişilər onun başına toplaşdılar.

21 мин
Möhnət qocanın söylədikləri. Qızyetərlə çoban Mahmudun əhvalatı necə nağıl oldu?..

Möhnət qoca uzun demisindən dərin nəfəs alıb dedi:– Sarıyataqlı Dəlisoy Gülmalının altı qızı olmuşdu. Yeddinci qızı olanda Gülmalı arvadını o ki var kötəkləyib dedi:

9 мин
Muradın söylədikləri

Möhnət qocanın söylədiyi bu misraların «Qızyetərlə çoban Mahmud» nağılına nə dəxli vardı? Nə üçün Möhnət qoca bu misraları heylə ürəkdən, heylə dərdli-dərdli deyirdi? Və bu sözləri söylərkən tamaşa elədiyi dağlarda nə görürdü? Kimləri görürdü? Yoxsa dağlardakı dumanda yox olub gedən cavanlığını, cavan sevgilisini görürdü?Mən birinci dəfə olaraq Möhnət qocanın və dumanlı dağların nisgilini duyurdum, amma anlaya bilmirdim ki, bu nisgil, bu qəribə kədər nədən ibarətdir? Sonralar da bu nisgil, bu kədər həmişə mənimlə idi. Sonralar da mən uzaq dağlara baxanda, aşıqların sazına, xanəndələrin muğamına qulaq asanda o kədəri, o nisgili hiss edirdim, amma mənasını anlaya bilmirdim, doğrusu, heç anlamağa da cəhd eləmirdim. Axşamlar gün batıb çıraqlar yananda da, el bir yurddan o biri yurda köçəndə də mən eyni kədəri, eyni nisgili hiss edirdim.

7 мин
Gödək Nisə qırx adamı bir-birinə necə qırdırdı...

Güney güzdəklilər Qayaburnu bağlarından dördtəkərli öküz arabalarında hey üzüm daşıyırdılar. Qayaburnu bağları uzun yalın o biri üzündə olub, kənddən bir kilometr aralıda idi. Bu bağlarda, demək olardı ki, Güney güzdəklilərin hamısının yeri vardı və bu yerlərin arasında çağ-çəpər qoyulmamışdı. Mən də həmişə təəccüb edirdim ki, meşə kimi qalın olan bu bağlarda hər kəs öz yerini necə tanıyır? Ancaq elə tanıyırlar ki, heç kəs kəsin bir ağacını belə səhv salmırdı. Qocaların danışdığına görə, Güney Güzdəyi də, burdakı bağları da atamgilin ulu babası Əhməd xoca salıb. Ona görə də bağların çoxu Əhməd xocanın törəmələri olan Əfəndi uşağına mənsub idi, yəni bizim tayfaya. Əhməd xoca əslən Ərzurumdan imiş. Necə olub ki, heylə uzaq məmləkətdən gəlib çıxmışdı bura? Heç kəs bilmirdi.Yəqin ki, bu bağlar bu dağdan burun kimi irəli uzanan qayanın qabağında olduğu üçün ona Qayaburnu bağları deyiblər.

7 мин

Стихи других поэтов