Xanım arvadla Damlıca mülkünün əhvalatı
Dünyaya çox igidlər, nəcib atlar verən gözəl Qarabağın «Kirs» deyilən qalın meşələrində Alyanlı adlı bir oba vardı. Alyanlı obasında hamıdan çox sayılan bir adam vardı ki, onun da adı Bağdad bəy idi. Məlum deyildi ki, dünyanın qurtaracağında, bu qalın meşələrin, bu sıldırımlı dağların arasına «Bağdad» adı haradan gəlib çıxmışdı. Bağdada kim bəylik vermişdi? Ancaq onu da deyim ki, Bağdad bəylə rəiyyətin fərqi ancaq onda idi ki, onun (yəni Bağdad bəyin) içində su dəyirmanı olan «Damlıca» adlı bir mülkü vardı. Bağdad bəy də başqa kəndlilər kimi, patavalı çarıq geyib, uzuntüklü qoyun dərisindən basma papaq qoyardı, dəyirmanda şahıdı özü alardı, Damlıca mülkündəki torpaqları özü şumlardı, özü də qabağından yeməyən igid bir adam idi, mahalda ən yaxşı at onda olardı.
Siz taleyin işinə baxın ki, Bağdad bəyin də Kərbəlayı İbixan kimi gözünün ağı-qarası bircə qızı vardı və onun adı Xanım idi.
Alyanlı meşələrinin o biri tərəfindəki dağlarda fələyə bəndəlik eləməyən Şahmar bəy yaşayırdı. Bu, savadlı da olsa, qızıl vəznəli çuxa, güzgü kimi parıldayan uzunboğaz çəkmə geyib, qəbzəsi daş-qaşa tutulmuş qızıl xəncər bağlasa da, qaba, azğın bir adam idi. Onun meşələri gəlib Bağdad bəyin Damlıca mülkünə dirənirdi. Şahmar bəy bir dəfə Bağdad bəyi çağırtdırıb dedi:
– Kasıb adamsan, Damlıcanı sat mənə. Yaxşı pul verərəm, özünə əməlli gün-güzəran düzəldərsən.
Bağdad bəy də, dediyim kimi, qabağından yeyən deyildi. Əlini babasından qalmış xəncərin qəbzəsinə qoyub cavab verdi ki:
– Şahmar bəy, bu sözü mənə bir dedin, bir də desən, yaxşı olmayacaq.
Şahmar bəy namərd adam idi, ancaq baxıb gördü ki, Bağdad bəyin əli xəncərin qəbzəsindədi, ona görə də zarafata salıb dedi:
– Bağışla, bilmədim xətrinə dəyər.
Bu əhvalatdan bir neçə ay sonra Damlıca meşəsində Bağdad bəyi doğrayıb öldürdülər. Alyanlılar təəssübkeş camaat idi, amma sübut tapa bilmədilər. Bağdad bəyin arvadı Gülnisə də, qızı Xanım da bilirdilər ki, yüzü yüz söz deyə, bu, Şahmar bəyin işidi. Hamı bilirdi ki, o, namərd adamdır, öz gədələrinə gizlincə adam öldürtmək onun peşəsi idi, kimdən ki bir balaca korası oldu, gərək o adam yox ediləydi.
Bağdad bəy öldürüləndən bir-iki il sonra Şahmar bəy saxta qəbələ çıxarıb divanda sübut elədi ki, Damlıca mülkü onun babasınındır. Atalar deyib ki, «arxalı köpək qurd basar». Şuşada oturan qəza naçalniki, Gəncədə oturan qubernator Şahmar bəyin dostları idi, həmişə Kirs meşələrinə ova gələndə onun evinə düşərdilər, sonra bəy onları qiymətli hədiyyələrlə yola salardı. Ona görə Şahmar bəyin kəsdiyi başın sorğusu yox idi. Qərəz, Damlıca mülkünü alıb verdilər Şahmar bəyə, Gülnisə ilə qızına köhnə bir damla, bir qulac yer qaldı.
Gülnisə yana-yana dedi:
– Viran qalsın bu dünyanı, əgər Bağdad bəyin oğlu olsaydı, qanı yerdə qalmazdı, Şahmar bəy də Damlıcada at oynatmazdı.
Xanım anasının bu sözlərini eşidirdi, amma ürəyi daş kimi bərk olduğundan ağlamırdı, hələ desəniz, anasına da irad tutub dedi:
– Ah-vay eləmə!
Anasına belə desə də, Xanımın ürəyinin odu sönmürdü, anasının oğul barədəki sözləri onu yandırırdı.
Günlərin birində Dünyamalı kişinin arvadıyla Şuşa bazarında satmağa yavanlıq apardığını Gülnisə eşidib, çoxdan çirişlərə yığıb saxladıqları yağı, motalları yüklədi ata. İki də öyəc erkək ayırıb qızına dedi:
– Sən də Dünyamalı kişigillə bunları apar sat, özünə paltarlıq al, çəkmə al. Ərgən qızsan...
... Xanım apardığı şeyləri Şuşa bazarında satıb-sovandan sonra köhnə müştəriləri baqqal Tağıya dedi ki, onlar üçün bir tapança alsın. Tağı istədi desin ki, «sizdə kişi xeylağı yoxdur, neyləyirsən tapançanı?» Amma fikirləşdi ki, «deyərəm, birdən qızın ürəyinə toxunar». Baqqal Tağı onu da bilirdi ki, Alyanlı arvadlarından kişi kimi tüfəng-tapança atanı olur. Qızın pulundan neçə manat verib, «Aynalı» tüfəngin vaxtındakı tapançalardan birini aldı. Sonra da Xanım özünə bir dəst ipək paltarlıq, qırmızı ipək kəlağayı, bir cüt çəkmə alıb Dünyamalı kişigillə qayıtdı obalarına. Gülnisə arvad tapançanı görəndə heç təəccüblənib-eləmədi, ancaq qızından soruşdu ki:
– Sən bunu atmağın qaydasını bilirsən?
Qız da dedi ki, bilir. Gülnisə daha bu barədə bir söz danışmadı, Alyanlı obasından da heç kəsin bu tapançanın alınmağından xəbəri olmadı.
... Şahmar bəy hər axşamçağı atlı gəlib Damlıca mülkünü gəzməyə adət eləmişdi. Bir dəfə də gəlib alt tərəfi dərin uçurum olan meşəli dağın döşündəki dar cığırla atını sürdüyü zaman Xanım qarağat kollarının arasından qəfil çıxıb şax dayandı onun qabağında. Şahmar bəy onu görüb təəccüblə atın başını çəkdi.
Xanım soruşdu:
– Bəy, məni tanıyırsan?
Şahmar bəy dedi:
– Bağdadın qızı döyülsən?
(Bağdad bəy kasıb olduğu üçün Şahmar bəy onu «bəy» adlandırmağı şəninə sığışdırmadı).
– Bəli, sənin namərdliklə öldürüb mülkünə yiyə durduğun Bağdad bəyin qızıyam.
Qız bunu deyib, Şuşadan aldığı, ipək çarqatın altında gizlətdiyi tapançanı çıxarıb Şahmar bəyin düz sinəsinə sıxdı.
Şahmar bəy, ürəyindən vurulmuş qarğa kimi, atdan səssizcə aşıb uçurum aşağı yuvarlandı. Xanım onun ardınca uzun bir nəzər salıb özünü verdi meşənin qalınlığına.
Xanım əvvəl istəyirdi, Şahmar bəy cığırı gəlib-keçəndə onu xəlvətcə kolların arasından vursun, ancaq sonra fikirləşdi ki, bu əsil intiqam olmaz, onu öldürənin kim olduğunu gərək Şahmar bəyin özü görsün.
Şahmar bəyin düşməni çox idi, ona görə də oğlanları, qardaşları tapa bilmədilər ki, onu kim vurub. Bağdad bəyin isə nə oğlu, nə qardaşı, nə də əmisi, dayısı oğlu olmadığından, yurdunda bircə arvadla qız uşağı qaldığından, güllənin onlar tərəfdən atıldığı ağıllarına gəlmədi.
Şahmar bəy öldü, amma Damlıca mülkü yenə də onun oğlanlarına qaldı.
... Sonra Gülnisə Xanımı ərə verdi. Özü isə bir neçə ildən sonra vəfat etdi. Xanımın üç qızı, üç oğlu oldu. Özü də başladı Şahmar bəyin oğlanlarından Damlıca mülkünü tələb eləməyə. Şuşaya gedib naçalnikə şikayət elədi, qulaq asmadılar, Gəncəyə gedib qubernatora şikayət elədi, qulaq asmadılar. Axırda Xanım arvad dəmir çarıq geyib, dəmir əsa götürüb neçə gün, neçə gecə yol gedib çatdı Tiflis şəhərinə, axtarıb, soraqlaşıb Qafqaz canişininin iqamətgahını tapdı.
Canişin dilmancı vasitəsilə arvada diqqətlə qulaq asıb dedi:
– Ərizəni qoy get, baxarıq.
Xanım Alyanlı meşələrinə qayıdıb gözlədi, gözlədi, ərizəyə cavab çıxmadı, yenə də Xanım neçə gün, neçə gecə yol gedib çatdı canişinin iqamətgahına və məlum oldu ki, ərizə yaddan çıxıb qalıb kağızların arasında, baxılmayıb. Canişin dedi:
– Get, baxarıq.
Xanım arvad Alyanlıya qayıdıb yenə də gözlədi və günlərin birində cavab gəldi ki, Xanım arvadın tutarlı bir dəlili olmadığı üçün ərizəsi rədd olunur. Ancaq ona da Xanım deyərdilər, Şuşadakı vəkil Fərəc bəyə neçə manat verib uzun bir ərizə yazdırdı. Alyanlı ilə qonşu olan kəndlərin mötəbər qocalarını şahid göstərdi, babasından qalmış qəbələnin təkrar üzünü çıxartdırdı və yenə də neçə gün, neçə gecə yol gedib çatdı Tiflis şəhərinə.
Canişin onu görəndə tanıyıb təəccüb etdi, ərizəsini, kağızlarını bu dəfə özü alıb baxdı. Xanım arvad dilmanca dedi:
– Ağaya de ki, əgər bu dəfə də mənim ərizəmi rədd eləsə, gedəcəm lap padşahın yanına.
Canişin gülümsədi, acığı tutmadı. Xanım arvadın xəbəri yox idi ki, canişin padşahın yaxın qohumudur. Uzaq Qarabağ meşələrindən gələn bu qarayanız, arıq arvadın təmkinindən, cəsarətindən, iradəsindən canişinin xoşu gəldi və o, xoş əhvalla da dilmanca dedi:
– Onu başa sal ki, mən özüm əlahəzrət imperatordan xahiş eləyəcəm onun mülkünü özünə qaytarsınlar.
Xanım arvad yenə də qayıtdı Alyanlıya, gözlədi. Canişinin vədi düz çıxdı. Damlıca mülkünü Şahmar bəyin oğlanlarından alıb qaytardılar Bağdad bəyin qızı Xanıma.
... İndi sizə kimdən deyim, Xanım arvadın qızlarından.
Bağdad bəy özü çox gözəl, yaraşıqlı kişi idi, xoşbəxtlikdən nəvələri də gözəllikdə ona çəkmişdilər. Həmişə bu barədə söz düşəndə, tək-tək hallarda üzü gülən Xanım arvad gülümsəyib deyirdi:
– Nə yaxşı ki, qızlar babalarına oxşayıblar, mənim kimi qarayanız olmayıblar.
Xanım arvad qızlarına əməlli-başlı cehiz düzəltdi, əvvəl böyük qızı Bəyazı yaxşı, hörmətli bir oğlana ərə verdi. Bu oğlan qonşu kənddən çıxmış cavan Hacı Şükür idi. Hacı Şükür kasıb bir kəndlinin oğlu idi, molla məktəbində yaxşı oxuyan ağıllı bir oğlan olduğu üçün kənd camaatı pul yığıb onu göndərdi Bağdada. Hacı Şükür ordakı böyük mədrəsələrdə neçə il təhsil alıb qayıtdı Şuşa şəhərinə, cavan olsa da, hörməti-izzəti o biri ruhaniləri kölgədə qoydu. Atalar deyib ki, ağıl yaşda deyil, başdadı. Cins adam olmaq dövlətdə, varda döyül! Hacı Şükür o biri mollalar kimi acgöz deyildi, kasıblardan pul almazdı. Hər gün adi kəndli paltarı geyib Cıdır düzündə tikdirdiyi evin həyətində işlərdi, cürbəcür ağaclar əkərdi, dirrik becərərdi. Minbərdə danışarkən camaatı öz halal zəhmətilə dolanmağa, nainsaf, əyri iş dalınca getməməyə, fəqir-füqəraya əl tutmağa çağırardı. Ona görə də kasıblar həmişə Hacı Şükürün yanına məsləhətə gələrdilər, çətinliklərini, sirlərini ona açıb deyərdilər. Cavan Hacı Şükür bir gün Alyanlıdakı qohumlarına qonaq gedəndə Xanım arvadın böyük qızı Bəyazı görüb ona elçi düşdü. Qızın da cavan Hacı Şükürdən xoşu gəldi və onlar evləndilər.
Kitabxana.az · https://kitabxana.az/ru/works/ilyas-efendiyev-xanim-arvadla-damlica-mulkunun-ehvalati
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Bu əhvalatdan üç il sonra Qara Əmrah Xanımın ən gözəl qızı Fatmaya elçi göndərdi. Qara Əmrah sayılan nəsildən deyildi. Özünün də bir qatırla, beş-on keçidən başqa heç nəyi yox idi. Ona görə də Xanımı od götürdü, elçiləri söyüb qapıdan qovdu, ancaq Qara Əmrah bir könüldən min könülə qıza aşiq idi, dedi öldü var, döndü yoxdu! Cavan tay-tuşlarını başına yığıb bir gün qız bulaqdan qayıtdığı zaman onu götürüb qaçdı. Bir ildən sonra Fatmanın bir oğlu oldu, adını qoydular Cəlil.Ancaq Xanım sakit olmurdu ki, olmurdu. Hər gün Fatmanı xəlvəti çağırtdırıb öyrədirdi ki, boşan o qara köpək oğlundan, gözəl-göyçək qızsan, yüz müştərin olacaq.
Nadiri taxtda görmüş Kamırxan qarının əhvalatı və Bayram bəyin Qarabulağa gəlməsiİndi sənə kimdən danışım, Kamırxan qarıdan...Qarabağda bir adamın çox yaşlı olduğunu bildirmək istəyəndə zarafatyana deyərdilər: «Filankəs Nadiri taxtda görüb». Amma Kamırxan qarı, doğrudan da, Nadiri taxtda görmüşdü, yəni Nadir şah Qarabağa hücum eləyəndə o, nişanlı qız imiş. Amma mən Kamırxanı görəndə qarı o qədər qocalmışdı ki, balacalaşıb olmuşdu bir tikə, gözləri də olmuşdu noxud boyda. Kamırxan qarıgil Güney Güzdək kəndində olurdular. Kənd Ərgünəş meşələrinin yaxınlığında idi. Kamırxan qarı nağıl eləyirdi ki: «Mən nişanlı qız idim, bir gün səs düşdü ki, İran şahı Nadir qoşun çəkib, gəlib Qarabağın üstünə, kəndləri dağıdır, adamları qılıncdan keçirir. Biz də ayın-oyunumuzu ata-eşşəyə yükləyib qaçdıq Ərgünəş meşəsinə. Mənim babam ağır xəstə idi. O bizə dedi ki, hamısı birdi, mən sizinlə gedə bilməyəcəm. Yanıma bir bardaq su, bir az da çörəkdən-zaddan qoyun, gedin.
Cavan tacirlə pristav qızının əhvalatıBayram bəyin qızı böyüyüb mina gərdənli, uzunsaçlı, bulaq suyu kimi şəffafgözlü bir gözəl olmuşdu. Qocası Səkinədən gələn bir xal qar kimi ağ boğazının yanına qonmuşdu. Müəllimlər gəlib ona evdə dərs vermişdilər. Kürdobalılarla yaylağa, arana köçəndə qız at minib oğlanlarla cıdıra çıxardı, nişana atardı, «Şahnamə»nin rəvayətlərini, Füzulinin, Natəvanın qəzəllərini oxuyardı. Anası Fatma xanımın tütünündən götürüb xəlvətcə çəkə-çəkə öyrənmişdi papirosa. Qulluqçularına o vaxtın ən bahalı papirosundan aldırıb atasından gizlədərdi, anası Fatma xanım qızının papiros çəkdiyini bilirdi, amma bir söz demirdi. Çünki özü də elə bu yaşlarında anası Xanımdan papiros çəkmək öyrənmişdi, özü də anası Xanım kimi əzazil deyildi, ürəyiyumşaq arvad idi. Bayram bəyin hər ay oğluna kifayət qədər pul göndərməsinə baxmayaraq, Fatma xanım da ərindən gizlin eyzən ona pul göndərərdi. Ucaboylu, alagözlü, Həzrət Yusif kimi gözəl bir oğlan olan Nuru bəy də pulları sağa-sola səpələyib kef çəkərdi. Şuşa qalasının ermənilər yaşayan hissəsində olan klublarda səhərəcən qızlarla rəqs edərdi...Yaquta hər tərəfdən elçilər gəlirdi, amma Bayram bəy anası Səkinənin, Kürdoba ağsaqqallarının məsləhətilə Muradxanlı obasından olan Hacı Hüseynin oğlu Məhərrəm üçün gələn elçilərə söz verdi. Hacı Hüseynin dörd-beş min qoyunu, neçə yüz atı, neçə dəvəsi var idi. Özü də tikanlı tayfadan idi. Obanın yarısı onun qohum-qardaşı olub, hamısı da sayılan, karlı adamlar idi. Hacı barmağını qaldırsaydı, yüz atlı, tüfəngli adam hazır olardı. Məhərrəm də at minib tüfəng tutan boy-buxunlu, yaraşıqlı bir oğlan idi. Neçə dəvə yükü yağ, motal, neçə qaradiş erkək, neçə mötəbər ağsaqqal gəldi, nə qədər qızıl, zinət, zərxara, parça gətirdilər. Yaquta nişan taxdılar.
Muradın söylədikləriMadam ki, körpəlikdə məni «əllamə» adlandırırdılar, qoy indi də bu əsərdə yaşımdan əvvəl danışmaqda oxucu məni qınamasın. Düzünü deyim ki, lap iki-üç yaşında görüb-duyduqlarımı elə aydın xatırlayıram ki, elə bil, bu zaman mənim on üç-on dörd yaşım varmış... Və bu məni həmişə əsəbiləşdirirdi, çünki mən keçmişləri xatırlamaq istəmirdim. Ancaq bu keçmişlər hər yaşda məni təəccüblü bir aydınlıqla təqib edib, məndən əl çəkmirdi, o qəribə uşaqlıq haqqında bir adama danışmaq ehtiyacı Makedoniyalı İsgəndərin dəlləyi kimi məni rahat buraxmırdı.İndi soruşa bilərsiniz ki, nəyə görə mən, babalarım, qocalarım, atam-anam, dayım haqqındakı bu nağılları özüm haqqında yazdığım bu kədərli hekayətə daxil edirəm? Ona görə ki, mən nə üçünsə öz həyatımı onlardan təcrid olunmuş halda təsəvvür eləyə bilmirdim. Mən qapalı, daxili aləmimdə eyzən onları görürdüm və mənə elə gəlirdi ki, Kərbəlayı İbixanın, Səkinə qocanın, Xanım nənənin, Bayram babamın yaşamış olduqları hissləri, həyəcanları olduğu kimi duyuram və xüsusən kədərli vaxtlarımda bu mənə anlaşılmaz, şirin bir təskinlik olurdu. Mənə elə gəlirdi ki, onların hamısını daim görürəm, onların əhvalatları daim mənimlə yaşayır. Mən atamla anamın bir-birilə tez-tez dalaşmalarını, aylarla bir-birilə küsülü qalmalarını gördükdə, onların qoşulub qaçdıqları yollarda keçirdikləri xoşbəxt anları təəccüblü bir aydınlıqla xatırladıqda, həyatın nə üçün belə olduğuna, nə üçün Bayram babamın bir zaman aşiq olduğu alagözlü, qələmqaşlı Fatma nənəmi indi aylarla dindirmədiyinə cavab tapa bilmirdim və bu, mənimçün gizli bir qüssəyə çevrilirdi.