Evin kişisi
Страница 5 из 10 · 40%
– Sayıq olmaq yaxşı şeydir...Ancaq kiçik bir məsələni şişirtmək, ittiham dərəcəsinə gətirib çıxarmaq yaramaz. Pazaq Vəlinin günahından keçmək də olar, keçməmək də. Madam ki, keçmək olar, onda niyə keçməyək?
Mayor susdu. Qaçay onun gözlərindən heç nə anlamadığı üçün cavab vermədi. Fikirləşdi ki, Sahibov bu idarənin rəisidir, məsələni necə istəsə eləcə də həll eləyə bilər. Qaçayla məsləhətləşməyə borclu deyil. Ancaq o, adi bir milisionerlə hesablaşır, qərarını ona aydınlaşdırır. Canəli doğru deyib: “Sahibov peyğəmbərdi, bizim nəçənniyimiz yox, atamızdır”.
Rəis təsbehini stolun üstünə qoydu. Çeçələ barmağının ucu ilə ətli çənəsini ehmalca qaşıdı, sanki dərisinin cızılacağından ehtiyat edirdi.
– Biz Pazaq Vəlini tuta da bilərdik. Amma bundan cəmiyyətə nə fayda? Borcumuz elələrini tərbiyə eləməkdi. Biz onu cərimə elədik, danladıq. Günahını dedik, o da başa düşdü... Yadında saxla: bizim vəzifəmiz adamları tutub dama salmaqdan ibarət deyil. Biz tərbiyəçiyik. Bildin?
– Bildim, yoldaş mayor!
– Bir də ki, insaniyyətlik var, axı. Biz gərək bir-birimizə həyan olaq. Bir-birimizin səhvini deyək. Yolundan azanı düz yola çağıraq. Qorxuzmaq, ağır cəza vermək yaxşı tərbiyə üsulu deyil. Anladın?
– Anladım, yoldaş mayor! – Qaçay yanını azacıq qaldırıb, təzədən oturdu. Fikirləşdi ki, rəisin dedikləri şübhəsiz, doğrudur. Ancaq o, Pazaq Vəlini nahaq buraxdı. Gərək onu möhkəm cəzalandıraydı. Cərimə eləməkdən nə çıxar? Əvvəllər bu Mil düzündə nə qədər ceyran vardı. Hanı o ceyran sürüləri? Qırdılar, tələf elədilər. İndi də balığa dadanıblar. Gün gələr, Ağ göldən balıq qurtarar, çöllərdə turacın, qırqovulun səsi kəsilər. Onda haray hara çatacaq?
Sahibov şəhadət barmağını silkələdi:
– Unutma, o yerdə ki böyük cinayət işi var, dövlətimizin mənafeyi var, gərək orda qətiyyətli olaq.
Mayor yaşıl nazik köynəyinin bir-iki düyməsini açdı. Qaçay qalxıb əllərini yanına saldı:
– Gedə bilərəmmi, yoldaş rəis?
– Gedə bilərsən.
Qaçay həyətə çıxdı. Həyətdə üç-dörd milisioner vardı. Nuru Nəsirli də burada idi. Pasport stolunun rəisi ilə söhbətləşirdi. Müavin Qaçaya baxıb pasport stolunun rəisini dümsüklədi. Qaçay özünü görməməzliyə vurdu. Ancaq Nəsirlinin nüfuzedici nəzərlərindən elə bil yerişini itirdi. Dəmir qapıya doğru nə üçün getdiyini özü də bilmədi. İdarədən həyət qapısına qədər olan məsafə ona çox uzun göründü.
...Qaçay taxta çarpayıda atası ilə qarşı-qarşıya oturub çay içirdi. Ay işığı tut ağacının budaqları arasından süzülüb balaca süfrədəki qənddanın, çaydanın üstünə düşürdü.
Mikayıl kişi barmağını yaşlayıb papirosun odlu başına basdı. Eşmənin gözü cızıldayıb söndü:
– Deyirsən, Baxış söz verdi də.
– Möhkəm söz verdi. Özü də dedi ki, atan mənə çox yaxşılıq eləyib. Nə yaxşılıq eləmisən ona?
Kişi mütəkkəyə dirsəklənib üzünü göyə tutdu:
– Yadıma gəlmir... Elə bir yaxşılığım keçməyib Baxışa. Müharibə vaxtı bir-iki dəfə çörək vermişəm. Yəqin yadından çıxmayıb... Sağ olsun... Dava vaxtı mən çörəkxanada işləyirdim. Onda Baxış yekə oğlan idi. Özündən kiçik qardaşı da vardı. Anası çoxdan ölmüşdü. Atası da müharibəyə gedəndən bir il sonra qara kağızı gəldi... Bir gün Baxış məni yanladı. Utana-utana çörək istədi. Dedi, qardaşım acdır. Baxdım, yazığım gəldi. Dizəcən qarda nazik çust geyinmişdi, əyin-başı tökülüb gedirdi. Çörək verdim. Dedim, tez-tez gəl. İki-üç dəfə gəldi. Küt gedən, yanan çörəklərdən artıq-urtuq qalırdı bizə, onlardan Baxışa da verirdim. Sonra, deyəsən, utandı, daha görünmədi. Yazığın qardaşı o qışdan çıxmadı. – Mikayıl köks ötürüb tüklü üzünü qaşıdı. Qaçaya elə gəldi ki, atası gülümsəyir. O, kişinin səmaya zillənən donuq gözlərində heç bir ifadə görmədi. Kimdənsə eşitmişdi ki, göz ürəyin aynasıdır. Qaçayın baxdığı bu ayna isə çoxdan çilik-çilik olmuşdu. O, atasının ürəyindən keçənləri gözlərindən oxuya bilmirdi. Onunla danışanda, üzbəüz oturanda çətinlik çəkirdi.
Qaçay artırmadakı çarpayıda uzandı...
Bikəgilin evindən kamança səsi gəldi. Süleyman çalırdı. Heyf o oğlandan! Tez-tez içib keflənir. Yazıq Bikə onu evə güclə, darta-darta gətirir... Gör necə çalır, lap ağladır kamançanı. Nahaq yerə adına “Kamança Süleyman” demirlər ki? Yəqin indi Cahid də onun yanındadır. Oturub qulaq asır.
Qaçay həyətdə qab-qacaq səsi eşidib, başını azca qaldırdı. Ağca quyunun yanında qabları suya çəkirdi. Arxası Bikəgilin çəpərlərinə tərəf idi. Ləng tərpənməyindən hiss olunurdu ki, bütün fikri-zikri musiqinin yanındadır. Ay işığı hər tərəfi süd rənginə boyasa da Qaçay bacısının sifətini yaxşı görə bilmirdi. Ancaq görmək istəyirdi. Bu anda, bu dəqiqədə Ağcanın qonur gözlərinə baxmaq istəyirdi. Oğlan birdən kövrəldi. Ona elə gəldi ki, bacısını əbədi itirir. O gedəcək və bu komadakı ocağın işığı, hərarəti azalacaq, qocaların beli büküləcək. Qaçay qəflətən qəlbinə yol tapmış kövrəkliyi tez də boğdu. Düşündü ki, Ağca öz böyük səadətini bu evdən kənarda tapmalıdır. Onun da əbədi yuvası, ocağı olmalıdır.
Qaçay üzünü divara çevirdi və hər gecə yatanda olduğu kimi yenə Əntiqəni xatırladı. Həmişə də xatirələri eyni yerdən, eyni nöqtədən başlayırdı; körpünün yanındakı dərədən...
Qaçay əsgərliyə getməmişdən bir gün qabaq qızın qarşısını orada kəsmişdi. Dünəndən yazıb hazırladığı məktubu çıxarıb ovcunda tutmuşdu:
– Sabah əsgərliyə gedirəm, Əntiqə.
Qız gözlərini məktəb çantasına dikib susmuşdu. Oğlan, səsi titrəyə-titrəyə soruşmuşdu:
– Məni gözləyəcəksənmi?
Əntiqə razılıqla başını tərpətmişdi. Qaçay ovcunda sıxdığı məktubu ona uzatmışdı:
– Al, oxu.
– Dedim ki, gözləyəcəyəm. Daha məktubu neynirəm?..
Məktub Qaçayın cibində getdi. Neçə-neçə şəhərlər gəzdi. Axırda qat kəsdi, didilib töküldü.
Bir gün Ağca qardaşına bəd xəbər yazdı: “Əntiqə onuncu sinfi qurtaran kimi Baxışın oğlu Pənah onu zorla qaçırıb...”. Elə bil Qaçayın qolları sınıb yanına düşdü. Həftələrlə eyni açılmadı. Ancaq bu uzaq diyarda Əntiqənin dərdini özü ilə gəzdirmək istəmədi. Onu unutmağa çalışdı. Üç ay keçməmiş Ağca yazdı ki, Pənah Əntiqəni göndərdi atası evinə. Qaçay nə sevindi, nə kədərləndi.
Qaçay əsgərlikdən qayıdandan sonra bir dəfə evlərində Əntiqədən söhbət düşdü. Məlum oldu ki, Pənah qızla heç kəbin də kəsdirməyib. Ata-anası Əntiqəni almağa razı deyilmiş. Cavahir yana-yana dedi ki, bütün günahlar qızın anasındadır. Bufetdə işləyir. Əntiqə evdə təktənha, baxımsız qalır. Sahibsiz qızı qaçırdarlar da, qaytararlar da.
Qaçay Əntiqəni görəndə qəlbində oyanan hisslərdən özü də baş aça bilmirdi. O, Pənahın ətli, aralı dodaqlarını xatırladı: “Yəqin əvvəllər Əntiqəni istədiyimdən xəbərdardır. Bəs indi niyə ondan əl çəkmir?.. Eh, cəhənnəm olsun Pənah da, onun yaşıl “Volqa”sı da, qara eynəyi də”.
Qaçay o biri yanı üstə çevrildi. Ağca quyunun yanında yox idi. Barının dibində yığılmış səbət qalağı ot tayası təkin ağarırdı.
Süleymanın kamançası indi zilə çıxmışdı.
* * *
Mikayıl tut ağacının altında oturub səbət hörürdü. Oğlunun darvazaya tərəf yollandığını hiss edib tələsik qalxdı.
– Apar məni Baxışın yanına.
Qaçay atasının dizlərinə qədər sallanan, yaxası açıq nimdaş köynəyinə, çat-çat olmuş qısa, yoğun barmaqlarına baxdı:
– Getməsən yaxşıdı, dədə. Baxışnan özüm danışmışam.
– Mən də təvəqqe eləyərdim. Qoy gedim...
Qaçay başını buladı:
– Lazım deyil.
– Onda Baxışa bir-iki səbət apar. – Kişi yalın ayaqlarını yerlə ustufca sürüyə-sürüyə barıya tərəf getdi. Səbət tayasının həndəvərində dolandı. Əllərini sürtə-sürtə iki böyük səbət seçdi:
– Ver Baxışa. Gərəyi olar. İçinə meyvədən, soğandan-zaddan yığarlar. Mənnən də salam-dua söylə.
Qaçay dodaqlarını gəmirə-gəmirə atasına nəzər saldı: “Səbət Baxışın nəyinə lazımdır?” Lakin səsini çıxartmadı. Mikayılın qəlbinə dəymək istəmədi. O, hər səbətin qulpunu bir qoluna keçirtdi. Çiynini tut ağacının kələ-kötür gövdəsinə söykəyib gülümsəyən atasına baxa-baxa həyətdən çıxdı...
Utanırdı, Baxışın yanına necə getsin? Səbətdən də peşkəş olar?.. Cahidlə Süleymana rast gələndə özünü lap itirdi. İstədi yana burulsun, ancaq Ağcanın gələcək ərini yaxından görmək arzusunu boğa bilmədi. Səbətlərin qulpunu qoltuğuna bərk-bərk sıxıb, altdan-altdan Cahidə baxdı. Hiss etdi ki, o da oğrun-oğrun baxır. Cahid dodaqlarının arasında balaca, əyri qəlyan tutmuşdu. Bu, Qaçayın xoşuna gəlmədi: “Xanəndələr də qəribə məxluqdurlar. Guya qəlyan çəkməsələr, canları çıxar”.
Cahid ucaboylu idi. Gicgahlarına dən düşmüşdü. Qəlyanı ağzından götürüb Süleymana nəsə dedi və gülümsədi. Qabaq cərgədəki alt-üst qızıl dişləri parıldadı, Qaçaya elə gəldi ki, Cahid Süleymana heç nə demədi, yalnız qızıl dişlərini göstərmək üçün gülümsədi.
Qaçay qonşusunun salamına başı ilə cavab verib ötdü. Bir neçə addım gedəndən sonra istədi qanrılıb geri baxsın. Ürək eləmədi: “Bəlkə onlar da baxırlar?”
O, rayonun ortasından keçən ensiz bulanıq çayın üstündəki körpüyə çatdı. Yan-yörəsinə boylandı. Ətrafda heç kim yox idi. Səbətləri çaya atıb, məhəccərə söykəndi. Lilli suyun üzündə enib-qalxan, bir-birinin ardınca fırlana-fırlana üzən “gəmi-səbətlər” gözdən itənəcən baxdı. Elə bil üstündən ağır yük götürülmüşdü...
Kitabxana.az · https://kitabxana.az/ru/works/isi-melikzade-evin-kisisi
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Dostum Həsənağa Turabova ithaf*Gecə qatarla yol getməkdən Sabitin zəndələn-zəhləsi gedirdi, çünki qaranlıq, dar kupedə uzananda iri bir qəbir gəlib dururdu gözlərinin qabağında və Sabit səhərəcən çimir eləyə bilmirdi.
Şehli çəmənlərin işığıAltmış yaşı tamam olan günü Mirzə evdən çölə çıxmadı; həm qardan-borandan qorxurdu, həm də bazarlıq eləməyə ehtiyac yox idi, onsuz da Mirzənin ad gününə heç kəs gəlməyəcəkdi: arvadı öləndən bəri – beş il idi ki, Mirzə ad gününü keçirmirdi. Əlbəttə, Mirzənin oğlu, gəlini, nəvələri gələcəkdilər – onlarçün yeməyə bir şey tapılar: kolbasa var, pendir var, quru balıq var... peçenye də var – çay içərlər.Mirzə mətbəxdə bir loğma çörəyi güclə yedi, elə bil boğazı tikilmişdi. Yatağından durandan ovqatı korlanmışdı, fikirləşirdi ki, ömür kitabından altmışıncı vərəq də düşdü – səssiz-səmirsiz düşən bu vərəqə heyfsilənirdi – görəsən axırıncı vərəq deyil ki, bu?
Küçələrə su səpmişəm...Xəlil qapıdan girəndə arvadı təəccübləndi; Xəlilin vacib işi olmasaydı günortalar evə gəlməzdi. Teybə çox vaxt axşam xörəyindən saxlayıb çörəyin arasına qoyar, onu qəzetə yaxşı-yaxşı bükərdi. Xəlil də səhər evdən çıxanda həmin bükülünü qoltuğuna vurardı. Aparmaq üçün fərqli xörək olmayanda Xəlil günorta hamamın yanındakı yeməkxanaya gedərdi. Bir də ki, onun yeməyi nə idi? Uşaq kimi, dörd yarpaq dolması onu xirtdəyəcən doyuzdurardı. Teybə yeddi il idi ki, onunla bir damın altında yaşayırdı və bu yeddi ildə Xəlilin istirahət günlərindən başqa günortalar evdə tikə kəsdiyini görməmişdi.Teybə ərinə nəzər saldı və qorxdu. Xəlilin arıq, uzunsov sifəti bozarmışdı. Damağındakı “Kazbek”in islanmış kötüyünü çeynədikcə batıq ovurdları tərpənirdi. Qıyılmış xırda gözləri otağın künc-bucağında nəsə axtarırdı. O, papirosun kötüyünü dişləyib tüpürdü.
QuyuI**Umud gözlərini soğan, kartof qabıqları tökülmüş torpaq döşəməyə zilləyib, çirkli xalatının düymələrini yavaş-yavaş açmağa başladı. Neçə gündən bəri ürəyində ağır daş kimi gəzdirdiyi sözləri indi bərkdən dedi: