Evin kişisi
Страница 7 из 10 · 60%
Yarımheykəl bu gün gülümsəmədi. Sinəsini bayıra söykəyib sınayıcı nəzərlərlə oğlanı süzdü. Qızın baxışlarındakı cəsarət, qətiyyət Qaçayı qorxuzdu. Yox, deyəsən, Əntiqə qaçıb getmək fikrində deyildi. Oğlan özü də hiss etmədən dayandı. Diqqətlə baxdı və sanki qarşısında yad bir adam gördü. Bu, iki-üç il qabaq nazik hörükləri kürəyində atılıb-düşən, Qaçayın əsgərliyə getməmişdən bir gün əvvəl dərədə qarşıladığı arıq, sarıbəniz Əntiqə deyildi. Bu, gözlərini məktəb çantasına zilləyib utana-utana: “Dedim ki, gözləyəcəyəm. Daha məktubu neynirəm” deyən qıza oxşamırdı. Əntiqə böyümüşdü. Çənəsinin altında xırdaca buxaq sallanırdı. Sifətinin dərisi ağarmışdı, şəffaflaşmışdı. Çənəsi də qabarıb iriləşmişdi. Ancaq qonur gözlərində yorğunluq, inciklik hiss olunurdu.
Qaçay gülümsədi. Qız buna bənd imiş kimi ovcunda tutduğu bükülü kağızı onun qarşısına atdı. Yarımheykəl birdən yoxa çıxdı. Oğlan cəld əyilib kağızı götürdü. Burada oxumağa ürək eləmədi. Fikirləşdi ki, körpünün yanında oxuyar. Addımlarını yeyinlətdi. Səbri çatmadı. Tini burulan kimi yumrulanıb əzilmiş kağızı tələsik açdı. Bir-birinə söykənən xırda hərflərlə yazılmış sözləri oxudu: “Mərdimazarın evi yıxılsın... Mən səni həmişə gözləmişəm, yenə də gözləyirəm... Gündüzlər evdə tək oluram. Məni nə vaxt aparmaq istəsən, hazıram. Səninlə dünyanın o başına gedərəm. Əgər məni aparmaq niyyətin varsa, cavab yaz”. Bu boyda kağızda cəmi bir neçə söz. Salam-kəlam da yoxdur. Dönüklüyü barədə heç nə yazmayıb. Üzr də istəmir. Pənah onu zorla qaçırıb. Axmaq söhbətdir. Adam qoyun deyil ki, muşqurub dalınca aparasan. Bu zamanədə nə qaçırtmaq?! Qanun var, hökumət var, cəza var. “Yox, Əntiqə, özünün də könlün olub. Yəqin özün qaçmaq istəmisən”. Qaçay iki il əvvəl dərədə Əntiqəyə verə bilmədiyi məktubu xatırladı. Onu didik-didik olana qədər sarımtıl əsgər köynəyinin cibində gəzdirdiyi yadına düşdü. Hər gün baxardı, hər gün oxuyardı. Ancaq bir dəfə oxuya bilmədi. Hərflər soluxmuşdu, itmişdi. Onda xırda-xırda doğradı kağızı. Oxunmamış ürək sözlərini soyuq küləyə verdi. Sonra da arzusunu, məhəbbətini itirdi; Ağcanın məktubundan sonra... Qaçay dağ siqlətli o ağır dəqiqələri xatırladı və əsəbiləşdi. Hələ köhnəlməmiş, hələ yarası köz bağlamamış xatirələr günlərin, ayların arxasından baş qaldırdı. Oğlan indi incidi, indi küsdü Əntiqədən. Onda belə küsməmişdi, belə gileyli deyildi. Ürəyi belə dolmamışdı. Onda haradansa qəzəb axtarırdı, nifrət axtarırdı. Sonra bu qəzəbindən də keçdi. “Əntiqə məni sevsəydi, dərədə məktubumu alıb oxuyardı. Sevməyib məni...” Qaçay bununla özünü sakitləşdirməyə çalışmışdı. Sakitləşmişdi. Ancaq ürəyində ağrılı-acılı bir düyün qalmışdı, bir həsrət qalmışdı. Hərdən dirçəlib onu incidirdi... İndi Əntiqə nə üzlə məktub yazır? Qaçayla dünyanın o başına getməyə hazırdır. Yox, Qaçay onunla heç bir addım da atmaz!.. Oğlan hiss etdi ki, bu fikir ancaq onun beynində dolandı, ürəyinə çatmamış haradasa əridi, pərən-pərən düşdü. Anladı ki, bayaq qəlbində baş qaldıran qəzəb, nifrət deyilmiş. Bu, olsa-olsa, yaxın, əziz adamdan nəsə uman, küsən uşağın erkyana şıltaqlığıdır. Əgər Qaçay Əntiqəni sevmirsə niyə onu görmək arzusu ilə alışıb-yanır? Niyə evlərinin yanından keçəndə iti duyuq salmaq üçün ayaqlarını yerə bərk-bərk vurur? Və nəhayət, niyə onunla göz-gözə gələndə sinəsindən bir süstlük qopub bütün bədəninə yayılır? Qaçay bu qarma-qarışıq fikirlərin torunda çapalayarkən uzunuzadı siqnal səsi eşitdi. Döyüküb yan-yörəsinə baxdı. Ancaq yaşıl “Volqa” gözlərinə dəymədi. Yenə Pənahı xatırladı və onsuz da qəlbini, beynini gücə salan fikirlər yığınının siqləti daha da artdı. Əgər o, Əntiqəni evinə gətirsə, Pənahın ətli, aralı dodaqlarında dolanan istehzalı təbəssüm qəhqəhəyə dönəcək. Onun qara eynəyin arxasından süzülən alçaldıcı, tox nəzərləri Qaçayı bütün ömrü boyu izləyəcək. Pənahın təkəbbürlü duruşunda, ədalı baxışlarında Qaçay min tənə oxuyacaq: “Mənim artığıma qalmısan... Atdığım qabın dibini yalayırsan...”. Onda Qaçay dözməyəcək. Pənahı dizlərinin altına yıxıb, nəfəsi kəsilincə boğacaq. O, Pənahla bacarar. Bəs Cavahirlə necə? Anası, deyəsən, Əntiqəni xoşlamır. Onun adı gələndə ağzını əyir. Cavahir bu məsələni eşidəndə daş atıb başını tutacaq: “Necə? Əntiqəni alırsan? O ləçərin ayağı mənim evimin kandarına dəysə, ürəyim çatlayar. Bir qızın ki, anası bufetdə işləyə, səhərdən axşamacan araq-çaxır içən kişilərin arasında dolana, o qızdan mənə gəlin olmaz. Yox, yox, iti görüm, qurdu görüm, Əntiqəni görməyim”.
Qaçay əvvəli-axırı görünməyən düşüncələrin lap dərinliyində itibbatdı. Bu fikirlərin ucundan tutub axıracan getmək, beynini yormaq istəmədi. İndi bunun vaxtı deyil. Qabaqda Ağca var. Bir neçə gündən sonra Ağca köçməlidir. Qaçay onunçün mebel tapmalıdır. Bacısı gedəndən sonra Qaçayın yükü yüngülləşəcək və o, öz qayğısına qalacaqdır.
Oğlan Əntiqənin əzik məktubunu qatlayıb kitelinin döş cibinə, şax-şax lotereya biletlərinin yanına qoydu. Körpünün üstündən keçəndə lilli, bulanıq suyu çoxaldığından sürəti artmış çaya baxdı. Atasının bir cüt səbətini xatırladı. Yəqin ki, səbətlər hardasa kol-kosa ilişib qalıb. Bəlkə kimsə tutub onları? Bəlkə bu çayın qovuşduğu Kürdə ördək kimi yan-yana üzürlər? Görəsən Mikayılın qarğı səbətləri Xəzərə qədər gedib çıxa bilərmi?
Qaçay, divarları yağışdan ləkə-ləkə olan yay klubunun qarşısından ötdü. Bağın kənarındakı çayxanada yenə adam vardı. Hava sərin olsa da akasiya ağacının altında stol qoyub oturmuşdular. Ürəyindən keçdi ki, onların yanına dönsün, əyləşib çay içsin. Dünyanın hər yerindən xəbər verən adamların söhbətlərinə qulaq assın. Qaçaya elə gəldi ki, orada oturanlar hələ də ondan danışırlar. Onun Pazaq Vəlini tutmasını götür-qoy edirlər. O, çayxanaya getmək həvəsindən əl çəkdi...
Müştərilərin ancaq axşamlar yığışdığı yeməkxananın qabağında yaşıl “Volqa” dayanmışdı. Pənah arxasını maşının qapısına söykəyib bir nəfərlə söhbətləşirdi. Zolaq-zolaq təzə köynəyini yoldan ötənlərə göstərirmiş kimi yun kurtkasının bütün düymələrini açmışdı. İri şüşəli qara eynəyi yenə gözlərində idi. Qaçay fikirləşdi ki, belə tutqun havada eynək taxmaq ən azı axmaqlıqdır... Pənah ona ötəri baxıb yanındakı oğlana nəsə dedi. Ətli dodaqları tərpəndi, aralandı. Qaçay başa düşdü ki, söhbət ondan gedir. Pənahın yanından keçməyə ehtiyat elədi. Geri qayıtmağı da şəninə sığışdırmadı. Başını aşağı salıb irəlilədi. Ürəyində allaha yalvardı ki, Pənah indi ona söz atmasın, sataşmasın. Yoxsa Qaçay hirsini, acığını boğa bilməz, Baxışın bu ərköyün oğlunu xırtdəkləyər. Onda əlvida, mebel!
Oğlan gözlərini çəkmələrinin burnuna zilləmişdi, guya Pənahı görmürdü, guya onun lap yaxında dayandığından xəbərsiz idi. Pənahgil bərkdən güldülər. Qaçayın ürəyi əsdi. “Kaş ağzını təmiz saxlayaydı... Kaş susaydı”. “Bir neçə addım da atdı. Və bayaqdan asta-asta danışan Pənahın istehzasını eşitdi. “Sən də adamsan!..” Qaçayın ayaqları daha getmədi. Zil qara çəkmələri tozun üstündə dairə cızdı. O, kurtkasının yaxasından tutub gülümsəyən Pənaha qəzəblə baxdı. Qaçayın gözlərinin qabağında Baxışın bərli-bəzəkli kabineti gəlib durdu; müşəmbəli qapı, parıldayan uzun stol, sağda dəmir seyf, solda dolabça, ayaqüstə beş-altı adam. Sonra o, vərəqin bu başından o başına imza atan qara, möhkəm barmaqları gördü. O barmaqların arasından Əntiqənin yarımheykəli çıxdı. Kirpik çalmadan Baxışın imzasına baxdı. Ağ kağızın üstündəki bu uzun imzaya Qaçay da nəzər saldı. Bir-birilə calaqlı hərflərdən yaranan bu imzanı höccələyə-höccələyə oxudu: “Mərdimazarın evi yıxılsın”. Kabinet fırlandı, bütün əşyalar başı üstə çevrildi.
Qaçay iki addım atıb hələ də gülümsəyən Pənahın yun kurtkasının yaxasını qamarladı:
– Mənə lağ eləyirsən?
Qaçay onu var gücü ilə silkələdi. Pənahın eynəyi burnundan sürüşüb yerə düşdü və bu an Qaçaya elə gəldi ki, onun yaxasından yapışdığı Baxış özüdür, ancaq burnunun üstündəki göyümtül xalı yoxdur. Pənah dişlərini qıcıyıb əlini qaldırdı. Yumruğu Qaçayın çiynini tutdu. Qaçay onun biləklərindən yapışdı. Elə bil Bikə arvad yanında durub qulağına pıçıldadı: “Vaxt daralır, haa!” Oğlan ürəyində ona cavab verdi: “Cəhənnəmə daralsın, gora daralsın!” İri, möhkəm əllərindəki biləkləri sındıracaqmış kimi bərk-bərk sıxdı. Pənahın təəccüblə baxan gözləri hədəqəsindən çıxdı, yumru sifətinə qızartı çökdü. Yaşca özündən kiçik olan orta boylu, dolu bədənli oğlanın bərdi-bərəni uçurmuş çay kimi kükrədiyini görəndə sifətindəki qızartı çəkildi. Üzü kağız təkin ağardı, ağrıdan dil-dodağını çeynədi. Qaçayın enli sinəsinə, damarları azacıq qabarmış əzələli, qüvvətli boynuna ani nəzər saldı və hirsindən boğula-boğula dişlərinin arasında pıçıldadı:
– Qolumu burax! Qolumu burax deyirəm sənə!
Qaçay onun qollarını qanırıb arxasına qoydu. Əyilmiş kürəyinə bir diz vurmaq istədi. Ancaq özünü saxladı. Sahibovun tövsiyəsi qulaqlarından sırğa kimi asıldı: “Milisionerin əsas vəzifəsi ondan ibarətdir ki...” Qaçay hirsini, qəzəbini zorla cilovladı:
– Mənimlə milisə gedəcəksən, orda cavab verərsən!
– Burax qolumu!
– Aparacağam!
Pənah onun qonur gözlərindəki qətiyyətdən qorxdu. Anladı ki, xoşluqla getməsə, Qaçay onu sürüyə-sürüyə aparacaq.
Kitabxana.az · https://kitabxana.az/ru/works/isi-melikzade-evin-kisisi
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Dostum Həsənağa Turabova ithaf*Gecə qatarla yol getməkdən Sabitin zəndələn-zəhləsi gedirdi, çünki qaranlıq, dar kupedə uzananda iri bir qəbir gəlib dururdu gözlərinin qabağında və Sabit səhərəcən çimir eləyə bilmirdi.
Şehli çəmənlərin işığıAltmış yaşı tamam olan günü Mirzə evdən çölə çıxmadı; həm qardan-borandan qorxurdu, həm də bazarlıq eləməyə ehtiyac yox idi, onsuz da Mirzənin ad gününə heç kəs gəlməyəcəkdi: arvadı öləndən bəri – beş il idi ki, Mirzə ad gününü keçirmirdi. Əlbəttə, Mirzənin oğlu, gəlini, nəvələri gələcəkdilər – onlarçün yeməyə bir şey tapılar: kolbasa var, pendir var, quru balıq var... peçenye də var – çay içərlər.Mirzə mətbəxdə bir loğma çörəyi güclə yedi, elə bil boğazı tikilmişdi. Yatağından durandan ovqatı korlanmışdı, fikirləşirdi ki, ömür kitabından altmışıncı vərəq də düşdü – səssiz-səmirsiz düşən bu vərəqə heyfsilənirdi – görəsən axırıncı vərəq deyil ki, bu?
Küçələrə su səpmişəm...Xəlil qapıdan girəndə arvadı təəccübləndi; Xəlilin vacib işi olmasaydı günortalar evə gəlməzdi. Teybə çox vaxt axşam xörəyindən saxlayıb çörəyin arasına qoyar, onu qəzetə yaxşı-yaxşı bükərdi. Xəlil də səhər evdən çıxanda həmin bükülünü qoltuğuna vurardı. Aparmaq üçün fərqli xörək olmayanda Xəlil günorta hamamın yanındakı yeməkxanaya gedərdi. Bir də ki, onun yeməyi nə idi? Uşaq kimi, dörd yarpaq dolması onu xirtdəyəcən doyuzdurardı. Teybə yeddi il idi ki, onunla bir damın altında yaşayırdı və bu yeddi ildə Xəlilin istirahət günlərindən başqa günortalar evdə tikə kəsdiyini görməmişdi.Teybə ərinə nəzər saldı və qorxdu. Xəlilin arıq, uzunsov sifəti bozarmışdı. Damağındakı “Kazbek”in islanmış kötüyünü çeynədikcə batıq ovurdları tərpənirdi. Qıyılmış xırda gözləri otağın künc-bucağında nəsə axtarırdı. O, papirosun kötüyünü dişləyib tüpürdü.
QuyuI**Umud gözlərini soğan, kartof qabıqları tökülmüş torpaq döşəməyə zilləyib, çirkli xalatının düymələrini yavaş-yavaş açmağa başladı. Neçə gündən bəri ürəyində ağır daş kimi gəzdirdiyi sözləri indi bərkdən dedi: