Evin kişisi
Страница 8 из 10 · 70%
– Qolumu burax, özüm gedərəm.
Qaçay indicə baxıb gördü ki, adamlar topa-topa dayanıb onlara tamaşa eləyirlər. Dəlləkxanada, çayxanada olanların hamısı bura yığışmışdı. Hələ də gələn vardı.
Qaçay Pənahın qollarını buraxdı:
– Gedək!
Pənah ona tərs-tərs baxdı. Biləyini ovxalaya-ovxalaya Qaçayın yanına düşüb getdi. Toza batıb bulanmış eynəyini götürməyi də unutdu.
Adamlar sahibsiz qalmış yaşıl “Volqa”nı dövrəyə aldılar...
Qaçay əhvalatı Sahibova danışanda hirsindən çaşırdı, dili topuq vururdu. Mayor onu sakitcə dinlədi. Təsbehini cibində gizlədib xeyli susdu. Sonra qapının yanında dayanıb bu məsələnin nə ilə bitəcəyini səbirsizliklə gözləyən Canəliyə baxdı. Qaçay düşündü ki, Canəli mayorun bir işarəsinə bənddir, Sahibov ona göz-qaş eləsə, Canəli ayaqlarını aralı qoyub, qollarını çırmalayacaq, bir vaxtlar Pazaq Vəlini qorxuzan kimi Pənahı da qorxuzacaq.
Mayor qəflətən yumruğunu stola vurub qışqırdı:
– Ədəbsiz! Nə haqla milisioneri təhqir edirsən?!
Bu səsdən Qaçay özü diksindi. Hətta üzü üzlər görmüş Canəli də qurcuxub gözlərini qırpdı. Kabinetin ortasında dayanıb əllərini yanına salan Pənah mayorun üzünə mat-mat baxırdı. Onun ətli dodaqları daha aralanmırdı. Rəis, Pənahın ağarmış çöhrəsinə acıqlı nəzər salıb ayağa qalxdı:
– Sənə bir toy tutaram ki, adın yadından çıxar. Kimə güvənib başından böyük sözlər danışırsan?! Baxışın oğlusan deyə fironluq edəcəksən? Kimdir axı, Baxış? Yoxsa atanı Allah bilirsən?!
Pənah nəsə demək istədi, lakin qanı qaçmış dodaqları titrəyib tez də yumuldu.
Mayor üzünü Qaçaya tutub həmişəki mülayim səslə, asta-asta danışdı:
– Bəbirov, gərək akt yazıb şahidlərə qol çəkdirəydin. – Əlini yellədi. – Eybi yoxdur. Mənə dəlil-sübut lazım deyil. – Şəhadət barmağını Pənaha tuşladı. – Bu avarını basaram qoduqluğa, ağlı başına gələr.
Elə bil Pənahın dili açıldı, hardasa itib-batmış cəsarəti özünə qayıtdı.
– Niyə axı? Günahım nədir? O, çoxdan mənnən ləjdir... Özü məni davaya çəkdi. Şahidim var.
Baxış tövşüyə-tövşüyə içəri girdi. Əl verib Sahibovla görüşdü. Sonra oğlunu tərs-tərs süzdü:
– Əgər bura mayorun kabineti olmasaydı, səni salardım təpiyimin altına. Yaramaz! Danışaram sənnən!
Pənah gözlərini qəhvəyi ayaqqabılarının burnuna dikib dayanmışdı. Baxış stul çəkib oturdu. Rəisə baxıb gülümsədi. Üzünün dərisi dartıldı və bu an burnunun üstündəki göyümtül xal tərpəndi:
– Necəsiniz, yoldaş Sahibov? Elə cinnənmişəm ki, halınızı soruşmağı da unutmuşam... Vallah, ata olmaq müsibətdir. Deyirəm, oğlandırsa qız yaxşıdır, qaxılıb oturar evdə, ata-ananı əngələ salmaz. – İndicə yadına düşdü ki, panamanı çıxartmaq lazımdır. İki barmağının ucu ilə velür panamanın kənarından tutub, başından götürdü. Ehmalca qoydu qucağına.
Rəis ayaq üstə duranlara qapını göstərdi:
– Üçünüz də bayıra... Bəbirov, səni də, Pənahı da çağıracağam. Gözləyin.
Pənah dəhlizə çıxan kimi süzgəcli siqaret yandırıb dalbadal qullabladı. Deyəsən, rəngi-rufu üstünə gəlmişdi.
Qaçay arxasını divara söykəyib açıq qapıdan həyətə baxırdı. Canəli ağzını onun qulağına dirədi:
– İşin-gücün qurtarıb, vallah. Bekara haqq-hesabdan ötrü düşmən qazanma. – Canəli bapbalaca yumruğunu Qaçayın enli kürəyinə usdubca vurub ötdü. Qaçay onun “dərisi soyulmuş” boynuna nəzər salıb fikirləşdi ki, bu gün Canəlidən borc istəməliydi. Deyəsən, daha lazım olmayacaq. Bu vurhavurdan sonra Baxış ona mebel verməz.
Pənahı çağırdılar. O, süzgəcli siqareti taxta döşəməyə atıb ayaqqabısının burnu ilə əzdi. Üzünə ciddi, bir az da incik ifadə verib Sahibovun kabinetinə girdi. Qaçay dəhlizdə tək qaldı. Düşündü: “Pənah cəzadan yaxasını qurtara bilməyəcək. Camaat məni qınayacaq, qoy qınasın. Bu adamlar başa düşmək istəmirlər ki, qanunun ziddinə getmək olmaz... Onsuz da Pənah çoxdan tutulmalı idi. Lap Əntiqəni evlərinə kəbinsiz aparan günü...”
Qaçayı da çağırdılar. Kitelinin ətəyini dartışdırıb kabinetə keçdi... Baxış gözlərini ona zilləyib gülümsəyirdi.
– Barışın, – deyə mayor dilləndi.
Qaçay eşitdiyinə inanmaq istəmədi. Sual, çaşqınlıq dolu nəzərləri Sahibovun sifətində dolanıb, çatma qalın qaşlarının ortasında dayandı.
Mayor Qaçayın tutulduğunu görüb ərkyana tərzdə dedi:
– Bəbirov, ikiniz də cavanlığınıza salmısınız. Barışın, məsələ xitam olsun. Niyə didişirsiniz? Mehriban olun.
Baxış oğluna çəmkirdi:
– Əl ver, ə! Əl ver!
Pənah Qaçayın üzünə baxmadan onun sağ əlindən yapışdı. Bir saat bundan əvvəl biləyini məngənə kimi sıxıb göynədən iri, ağır əli könülsüz-könülsüz silkələdi.
Qaçay özünü itirmişdi. Karıxıb Baxışla da görüşdü. Baxış razılıqla gülümsəyib, astadan pıçıldadı:
– O amanatı Tapdığa tapşırmışam. Gələn təki sənə xəbər verəcək. Kişi necədir? Məndən kişiyə salam de.
Baxış oğlunun qolundan tutub kabinetdən çıxdı.
Qapı örtülməmiş Sahibov Qaçayı məzəmmətlədi:
– Mən onların yanında demədim, amma günah səndədir, Koroğlu. Aranızda qız əhvalatı varmış.
– Nə əhvalat, yoldaş mayor?
– Onun götürüb qaçdığı qız sənin nəyindir?
– Heç nəyim. Mən əvvəllər onu...
– Şəxsi işləri bu idarəyə gətirib çıxartmaq yaxşı deyil. Adam vəzifəsindən sui-istifadə eləməz. Bu dəfəlik səni bağışlayıram. Gedə bilərsən, Bəbirov!
...Qıvrıla-qıvrıla sürünən qara buludlar hərdən ayın qabağını kəsirdi. Həyətdə dimdik dayanan Qaçayın yerdəki kölgəsi gah uzanır, gah qısalır, gah da tamam itirdi. Havada nəmişlik vardı, sanki indicə yağış yağacaqdı. Yarpaqları yavaş-yavaş tökülən tut ağacının altındakı taxta çarpayı bomboş idi... Bu sərin, sakit gecədə oyaq qalan, deyəsən, təkcə Qaçay idi, bir də, “Kamança Süleyman”. Kəsik-kəsik kamança səsi eşidilir. Hərdən kimsə pəsdən zümzümə eləyirdi. Yəqin Cahid idi.
Qaçay Sahibovun sözlərini unuda bilmirdi. Niyə mayor ona inanmırdı? Niyə başa düşmədi ki, Pənah müqəssirdir? Əgər Qaçayı yerindən oynadan yalnız qız məsələsi olsaydı, o, əsgərlikdən qayıdan kimi Pənahla haqq-hesab çəkərdi...
Oğlan çiyninə saldığı Kitelin yaxasını dartıb başını buladı. Bugünkü əhvalatı unutmaq üçün Ağca barədə düşündü. Bacısı ondan əvvəlki tək gizlənməsə də yenə çəkinirdi. Ağca ciddiləşmişdi. Son vaxtlar özünə, üst-başına diqqət yetirirdi. Saçlarını tez-tez yerli-yersiz sığallayırdı. Nə qədər çalışsa da qonur gözlərindəki sevinci gizlədə bilmirdi...
Qaçay çarpayıda əyləşdi. “Əntiqəyə nə cavab yazım? İstəyir ki, onu qaçırdım. Qaçırtmaq niyə?”.
– Yuxun gəlmir, a bala?
Qaçay anasının səsini eşidib fikirdən ayrıldı. Hiss etdi ki, Cavahir də yata bilmir. Ona baxa-baxa düşündü ki, Əntiqə barədə şirin xəyallara dalmağa dəyməz. Cavab yazıb onu arxayınlaşdırmaq, gözlərini yolda qoymaq mənasızdır. Cavahir heç vaxt razı olmaz ki, Əntiqə bu evdə gəlinlik eləsin.
Arvad oğlunun yanında oturdu. Xeyli sükutdan sonra özündən böyüklə danışırmış kimi çəkinə-çəkinə soruşdu:
– Ağcanın dediyi gerçəkdirmi? Əntiqə məsələsi...
Qaçay diksinib təəccüblə anasına baxdı. Tut ağacının bu ay işığında saldığı kölgəyə ürəyində lənət yağdırdı. Cavahir üzündəki ifadəni kölgədə yaxşı görə bilmədi. Susdu.
– Hələ sən əsgərliyə getməmişdən xəbərdardın... Deyəsən, indi də meylin var... Ağca dedi... Eh, a bala, mərdimazarın evi yıxılsın.
Əntiqə də eynilə belə yazmışdı: “Mərdimazarın evi yıxılsın...”
– Yoxsa ona görə yuxun ərşə çəkilib, a Qaçay? Əvvəl Ağcanı köçürək, bala, sonra Allah kərimdi. Sən bacının qolundan yapış, onun əyər-əysiyini düzəlt. Səndən başqa kimi var?
– Baxışgil bu yaxınlarda mebel alacaqlar. Pul taparam, ana. Bir adamdan borc götürərəm.
– Nə olar, Allahın köməkliyinən qaytararıq. Qaldı sənin məsələn, ona da biz bir söz demirik. İxtiyar özünündür. Əntiqə pis qız döyül, amma anasından zəndilən zəhləm gedir. Neynək, a bala, könül sevən göyçək olar. Könlün tutubsa, Allah xeyir versin.
Cavahir başını sağ çiyni üstə azacıq əyib, Süleymanın kamançasından kəsik-kəsik qopub gələn musiqiyə qulaq asdı...
Qaçay kövrəlmişdi. İstəyirdi qalxıb anasını qucaqlasın, onun cüssəsiz, arıq bədənini sinəsinə bərk-bərk sıxıb, ağarmış saçlarından öpsün. Utandı. Tut ağacının ay işığında saldığı kölgəyə ürəyində minnətdarlıq elədi. Kölgə olmasaydı Cavahir onun üzündəki ifadəni görə bilərdi.
* * *
Qaçay gözləyirdi ki, Canəli rəisin kabinetindən çıxan kimi onunla borc barəsində danışsın. Daha uzatmaq olmazdı. Bəlkə sabah Tapdıq xəbər göndərdi ki, mebel hazırdır, gəl apar. Həm də Bikə evdəkilərə rahatlıq vermirdi. Gündə üç-dörd dəfə Cavahirə baş çəkirdi: “Vaxt yaman daralıb ha-aa!”. Bu “yaman” kəlməsini axır zamanlar artırmışdı.
Canəli kabinetindən çıxmaq bilmirdi. Qaçay darıxdı. Asta-asta rəisin otağına yaxınlaşdı. Gendə dayanıb açıq qapıdan içəri baxdı. Mayorun mülayim, sakit səsini eşitdi:
– Hə, Canəli, danış görək planetimizdə nə var, nə yox?..
Qaçay dönüb dəhlizdən çıxdı.
Canəlinin “dəmir atı” binanın qabağında dayanmışdı. Qaçay son vaxtlar motosiklet sürməyi öyrənirdi. Sahibov ona motosiklet verəcəyini vəd eləmişdi. Canəli bunu eşidən kimi Qaçayı tərkinə alıb, çala-çökəyi olmayan bir düzənliyə apardı. “Dəmir ata” minməyin yol-yolağasını ona başa saldı. Sonra özü oturdu beşikdə.
Kitabxana.az · https://kitabxana.az/ru/works/isi-melikzade-evin-kisisi
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Dostum Həsənağa Turabova ithaf*Gecə qatarla yol getməkdən Sabitin zəndələn-zəhləsi gedirdi, çünki qaranlıq, dar kupedə uzananda iri bir qəbir gəlib dururdu gözlərinin qabağında və Sabit səhərəcən çimir eləyə bilmirdi.
Şehli çəmənlərin işığıAltmış yaşı tamam olan günü Mirzə evdən çölə çıxmadı; həm qardan-borandan qorxurdu, həm də bazarlıq eləməyə ehtiyac yox idi, onsuz da Mirzənin ad gününə heç kəs gəlməyəcəkdi: arvadı öləndən bəri – beş il idi ki, Mirzə ad gününü keçirmirdi. Əlbəttə, Mirzənin oğlu, gəlini, nəvələri gələcəkdilər – onlarçün yeməyə bir şey tapılar: kolbasa var, pendir var, quru balıq var... peçenye də var – çay içərlər.Mirzə mətbəxdə bir loğma çörəyi güclə yedi, elə bil boğazı tikilmişdi. Yatağından durandan ovqatı korlanmışdı, fikirləşirdi ki, ömür kitabından altmışıncı vərəq də düşdü – səssiz-səmirsiz düşən bu vərəqə heyfsilənirdi – görəsən axırıncı vərəq deyil ki, bu?
Küçələrə su səpmişəm...Xəlil qapıdan girəndə arvadı təəccübləndi; Xəlilin vacib işi olmasaydı günortalar evə gəlməzdi. Teybə çox vaxt axşam xörəyindən saxlayıb çörəyin arasına qoyar, onu qəzetə yaxşı-yaxşı bükərdi. Xəlil də səhər evdən çıxanda həmin bükülünü qoltuğuna vurardı. Aparmaq üçün fərqli xörək olmayanda Xəlil günorta hamamın yanındakı yeməkxanaya gedərdi. Bir də ki, onun yeməyi nə idi? Uşaq kimi, dörd yarpaq dolması onu xirtdəyəcən doyuzdurardı. Teybə yeddi il idi ki, onunla bir damın altında yaşayırdı və bu yeddi ildə Xəlilin istirahət günlərindən başqa günortalar evdə tikə kəsdiyini görməmişdi.Teybə ərinə nəzər saldı və qorxdu. Xəlilin arıq, uzunsov sifəti bozarmışdı. Damağındakı “Kazbek”in islanmış kötüyünü çeynədikcə batıq ovurdları tərpənirdi. Qıyılmış xırda gözləri otağın künc-bucağında nəsə axtarırdı. O, papirosun kötüyünü dişləyib tüpürdü.
QuyuI**Umud gözlərini soğan, kartof qabıqları tökülmüş torpaq döşəməyə zilləyib, çirkli xalatının düymələrini yavaş-yavaş açmağa başladı. Neçə gündən bəri ürəyində ağır daş kimi gəzdirdiyi sözləri indi bərkdən dedi: