Страница 4 из 17 · 18%

Orxan vışkanın kəlləsində yanıb-sönən lampalardan gözlərini çəkdi.

– Ana ol də, – dedi, – uşaq lazımındırsa...

Səfa onun mürgülü, dalğın danışığını yarımçıq kəsdi:

– Mən bic doğmaq istəmirəm, – dedi.

Orxanın gözlərinə yenə xalça göründü. Dünyadakı bütün rənglərin qarışığından toxunmuş bu xalça indi səmadan asılmışdı, elə səmanın özü boyda idi. Başı günəşə dirənən bu xalçanı, əlbəttə, Ağbəyim qızıl əllərilə toxumuşdu.

Orxan Səfanın kürəyində çəpərlənmiş saçını tumarladı:

– Bu söhbətin yeri deyil, – dedi, – vallah, yeri deyil.

Taksiyə mindilər. İkinci mikrorayona çatanacan bir kəlmə də danışmadılar... Yayın günündə, beşmərtəbəli binanın qarşısında adda-budda oturub, özünü havaya verən adamların da yanından kirimişcə ötdülər. Ayaqlarının tappıltısına qulaq asa-asa üçüncü mərtəbəyə qalxdılar. Səfa yaşıl qapının qabağında dayanıb bikef-bikef:

– Xudahafiz, – dedi.

Orxan cibindən öz açarını çıxarıb, qapını açmağa başladı.

– Bu gecə sənnən qalacam, – dedi.

Səfa başını bulayıb:

– Yox, yox, çıx get, – dedi.

Orxan qapını itələdi, Səfanı irəli buraxdı, özü də onun ardınca içəri girdi.

* * *

Fatma həkim bürküsü yavaş-yavaş hiss olunan bu yay səhərində qalın şala bürünüb, oturmuşdu pəncərənin qabağında, dünəndən yoxa çıxıb, indicə peyda olan oğlunu biganə nəzərlərlə süzürdü. Fatma həkim oğlunun şişmiş, qızarmış gözlərinə baxıb məzəmmətlə soruşdu:

– İkinci mikrorayondan gəlirsən?

Orxan anasının sualını qulağının dibindən vıyıltıyla buraxıb, öz sualını verdi:

– İşə niyə getməmisən?

– Xəstələnmişəm, – deyib Fatma şalın ətəyini dizlərinin üstünə çəkdi. – Elə bilirsən həkim xəstələnmir? Bu dəqiqə bədənimdə sızıldamayan yer yoxdu, Simanın canıyçün.

Sima onun ilk övladı, sevimlisi idi. Həmişə söz düşəndə deyirdi ki, Simanın atılan dırnağına dəyişmərəm oğlanlarımı. İki oğlumun heç birindən yarımamışam, deyirdi, Orxan əhli-kefdi, ev-eşik dərdi çəkən deyil, o biri də şikəst, kəmağıl, gözdağıdı.

Canının ağrıdığı dəmdə Fatma həkimin yadına Sima düşdü.

– İndi burda olsaydı, ayaqyalın, başıaçıq qaçıb gələrdi yanıma, yüz dəfə “can mama” deyərdi. Nə tapıblar, bilmirəm, bu xaricdə?

Orxan nəzərlərini anasının seyrək, gümüşü saçında gəzdirə-gəzdirə soruşdu:

– Nə xəbər var Simagildən?

Fatma həkim başqa söz danışdı.

– Otuz beş ildi uçastkovı həkim işləyirəm, bu küçə mənim, o küçə sənin, bu dalan sənin, o dalan mənim. Heç olmasa işdən qayıdanda evdə bir rahatlıq görəsən. Görəsən ki, xörəyin-filanın hazırdı.

Orxan gicişən gözlərini anasının üzünə dikdi. Arvadın üzü çox solğun, çox balaca göründü ona. Deyəsən, Fatma həkimin boğazındakı qırışlar da artmışdı, buxağı bir az da torbalanmışdı. Orxan anasının könlünü almaq üçün zarafatla dedi:

– Mən evlənsəm, elə bilirsən evdar qız alacam? İşləyən qızla evlənəcəyəm! Bəlkə bu daxmaya o səndən gec qayıtdı? Evə pul gətirməyən qızı indi almırlar, ay Fatma həkim.

Fatma həkimin batıq, sönük gözlərində təbəssümə bənzər bir işartı dolandı və Orxan inandı ki, anasının xəstəliyi uzun çəkməyəcək, sabah Fatma həkim yatağından sapsağlam qalxacaq, əvvəlki rəng-rufu da, gözlərinin nuru da yerinə qayıdacaq. Birinci dəfə deyil ki! Fatma həkimin belə xəstələnmələri çox olub. Həmişə də azar-bezar, dava-dərmansız, ayaq üstə dözüb.

Oğlunun bayaqkı sualına Fatma həkim indi cavab verdi:

– Simadan xəbər-zad yoxdu. Nə xəbər olacaq? Ər-arvad oturublar orda, pul qazanırlar, məni də nəvələrimə həsrət qoyublar.

Orxanın başı ağırlaşmışdı, boynu qatıb ağaca dönmüşdü. Fatma həkim oğlunun yorğun, əzgin olduğunu çoxdan duymuşdu.

– Yəqin gecə yatmamısan – dedi. – Get, uzan... Adamın sənə yazığı gəlir. Axırda özünü üzüb avara salacaqsan...

Orxan yan otaqdakı taxta çarpayıda gah o böyrü üstə çevrildi, gah da bu böyrü üstə. Kirpik çalmaqdan qorxurdu, çünki kirpik çalanda elə bilirdi gözlərinə bir topa tikan batır. Orxanın beyni oyaq idi, qulaqları xırdaca çıqqıltını da eşidirdi.

Fatma həkim oğlunun yata bilmədiyini hiss eləmişdi, o biri otaqda dilləndi:

– Rayonlu qızı avara qoyacaq səni.

Ara qapını açıq qoymağına Orxan peşman oldu. İndi durub örtməyə də ürəyi gəlmirdi. Anasının xətrinə dəyərdi bu. Fatma həkim də elə bil oğlunu sancmağa məqam tapmışdı, səsini bir az da qaldırdı:

– Fərli olsaydı, əri qoyub qaçmazdı!

Orxan ağzını dirəmişdi yastığa, anasına cavab vermək istəmirdi. Onu susmağa vadar edən səbəb canındakı ağrı, ərincəklik deyildi. Onun dilini qıfıllayan ürəyinin başındakı göynərti idi. Səfanı ömürlük itirməyə Orxanın gücü, kişiliyi çatmırdı. Səfayla evlənməyi də ağlına gətirmirdi. Qəlbində, beynində hamından gizlətdiyi bir etiraf dolanırdı: “Səfanı ər məhəbbəti ilə sevmirəm mən”. İndiyəcən Orxan bu fikirdə olmuşdu ki, Səfa onun ömrünün boş, yeksənəq və asudə dəqiqələrinin bəzəyidir, ancaq keçən gecə başa düşdü ki, bu təsəlli ilə həmişə aldadıb özünü. Başa düşdü ki, üç il ərzində Səfa onun ürəyində dağılmaz bir yuva qurub. Səfa onunla elə möhkəm tellərlə bağlanıb ki, həmin təlləri kəsib atsa, o kəsiklərin ağrısı Orxanı qəbir evinəcən incidər.

Orxan arxası üstə çevrilib ürəyində: “Lənət şeytana, – dedi. – Onda bəs niyə almıram Səfanı? Anam bircə dəfə də görməyib o qızı, amma adı gələndə daş atıb başını tutur. Deyir, onu özünə arvad eləsən, küçələrə düşüb dilənəcəm, gecələr də vağzalda-zadda yatacam, qoy camaat sənin üzünə tüpürsün. Deyir, atan rəhmətlik adlı-sanlı həkim olub, abırlı adam olub, onun goruna söydürməyə haqqın yoxdu... Eh, ay ana! Dedin, neynək, gəzirsən gəz – kimin uşağı gəzmir ki, – amma sonra bu evə halal süd əmmiş bir qız gətirəsən gərək. Dedin, başqalarının artığıdı, bir az oturub-duracaqsan, ürəyini vuracaq... Onda mən də sənin kimi düşünürdüm, ay ana”.

Onda Orxan elmi işilə əlaqədar xalçaçılıq muzeyinə tez-tez gedərdi – evlərinin əlli-altmış addımlığında idi muzey – həmişə də Səfanı burda görərdi. Görərdi ki, alagöz, ağbəniz, şabalıdı saçlı bu arıq qız oturduğu yerdən saatlarla tərpənmir, danışdırmasan, danışmır. Orxan öyrəndi ki, bu qız hələ institutun dördüncü kursunda oxuyanda evlərindən xəbərsiz ərə gedib, amma əri ilə niyəsə çox yaşamayıb. Oğlan mənzili də Səfaya qoyub, yollanıb BAM-a. Orxan onu da öyrəndi ki, Səfanın rayonda dörd qardaşı var, anası var, di gəl ki, onlardan iznsiz iş tutduğu üçün qızı heç hansı danışdırmır, Orxan yavaş-yavaş başladı Səfanın halına acımağa. Hər dəfə rastlaşanda ona ilıq bir söz demək ehtiyacı duydu. Sonra qızın üzünün ağlığı, süd rəngi xoş gəldi ona. Sonra ürkə-ürkə danışmağı, səsinin məlahəti, titrəkliyi... Bir də duyuq düşdü ki, Səfa fikrindən çıxmır, hətta gecələr yuxusuna da girir. Onda Orxan güman elədi ki, məhəbbət deyil bu, sadəcə olaraq gözəl, gənc bir qadınla görüşmək, onunla yaxın olmaq həvəsidir... Və Orxan qır-saqqıza dönüb yapışdı Səfadan...

Əlaqələri elə pilləyə çatdı ki, Səfa mənzilin açarını Orxana verdi. Orxan hər axşam açıq-aşkar gəldi Səfanın mənzilinə. O qədər gedib-gəldi ki, həmin binada yaşayanlar daha təəccüblənmədilər, Orxanın ardınca pəncərədən boylanmağa, qapının gözlüyündən baxmağa daha həvəs göstərmədilər... Orxan Səfanın keçmişi ilə maraqlanmamışdı, qızı sorğu-suala tutmamışdı. Tək bircə dəfə əri barədə üstüörtülü söz salmışdı. Onda Səfa demişdi ki, “o məni atmayıb, mən onu atmışam”. Vəssalam. Orxan Səfanın gələcəyi barədə də düşünməmişdi. Onun zənnincə, Səfa bəxtindən razı qalmalı idi. Orxan kimi subay bir oğlanla yaxınlıq Səfadan ötrü lap göydəndüşmə idi. Görəsən, Səfa taleyindən daha nə uma bilər?.. Dünən gecəyə qədər Orxan belə fikirləşirdi və dünən gecə Yavər restoranda sağlıq deyən ana qədər Orxanın ömrü əvvəlki sakit məcrasında axıb gedirdi. Sonra qaranlıq otaqda Səfa çarpayıya paltarlı, üzüqoylu uzanıb ağladı. “Sən xudbin adamsan”, – dedi. İnsanın ürəyində nə qədər qubar olarmış, gözlərində nə qədər yaş olarmış...

Orxan yatmaqdan, dincəlməkdən ümidini üzdü, dikəlib çarpayıda oturdu. Anladı ki, sabah da belə olacaq, bir gün də, o biri günlər də – beləcə xiffət çəkəcək, bu xiffətdən yaxasını qurtarmayınca bu gen dünyada rahatlıq tapmayacaq. Bəs bu fikirlərin əlindən baş götürüb hara qaçasan, hara? Adam özündən necə qaça bilər?., Orxanın qulaqlarına bulaq şırıltısına bənzər bir səs gəldi, yenə yadına dağ düşdü, çəmən düşdü. “Bir neçə günlüyə şəhərdən çıxmalıyam. Gedib Ağbəyimi taparam, həm özü ilə tanış olaram, həm də işlərilə. Bəlkə təzə bir şey toxuyub...”

Ürəyini sıxan kədərdən xilas olubmuş kimi sevinə-sevinə durub, o biri otağa keçdi,

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Talisman

Ağarəhim Borçalıda cəmi-cümlətani bircə gecə qaldı. Bu da işdir sən allah, dünən gəl, bu gün qayıt. Gərək, heç olmasa, üç-dörd gün gəzəydi burda, üç-dörd gün Bakının basabasından səs-küyündən uzaq olaydı. Borcalının “qaymaq” havasından udaydı, “bal” suyundan içəydi. Ağarəhim könülsüz-könülsüz “Jiquli”yə oturanda qayınanası yalvardı ki, “qal, getmə”. Ağarəhimin əvəzinə arvadı Pərvanə cavab verdi: “Getməlidi, – dedi, gərək ponidelnik işdə olsun”. Ağarəhim ürəyində: “Tüpürüm ponidelnikə”, – deyib maşını tərpətdi, amma başa düşdü ki, “ponidelnikə” tüpürə bilməz, çünki “ponidelnik” institutda olmalıdı, axşam şöbəsinin tələbələrindən imtahan götürməlidi...Sağ-solunda yastı, bomboz təpələr görəndə Ağarəhim anladı ki, maşında tək-tənha uzaq yol getmək müsibətdir. Gələndə arvad-uşağı yanında idi və onda elə bil buralar belə bozumtul, belə qərib deyildi, yol belə əyri-üyrü, dolanbac deyildi, asfalt adamın gözünün toyşunu aparmırdı. Gələndə təkərlərin səsi eşidilmirdi, amma indi şırıltıya qulaq as; elə bil şəlalə şırıltısıdı, adama layla çalır, mürgü gətirir. Ağarəhim fikirləşəndə ki, hələ qabaqda dörd yüz kilometrdən çox yol var, başladı darıxmağa, təntiməyə və o dəqiqə də başa düşdü ki, bu qədər yolu darıxa-darıxa getmək olmaz – adamın bağrı partlayar, vallah. Özünə ürək-dirək verdi, toxtaq olmağa çalışdı. Cəhənnəm olsun yolun ağlığı da, uzaqlığı da. Təptəzə “Jiquli”nin əlində dörd yüz kilometr yol nədir ki? Qaldı təklik məsələsi – onun da çarəsi var. Radioqəbuledicini aç, səsi gəlsin, ya da maqnitofonu işə sal, kefin nə qədər istəyir, oxusun səninçün. Bəs maqnitofonu nədən ötrü almısan, atam-qardaşım, Yapon maqnitofonu üçün alverçiyə min manatı niyə vermisən?

198032 мин
Qatarda

Dostum Həsənağa Turabova ithaf*Gecə qatarla yol getməkdən Sabitin zəndələn-zəhləsi gedirdi, çünki qaranlıq, dar kupedə uzananda iri bir qəbir gəlib dururdu gözlərinin qabağında və Sabit səhərəcən çimir eləyə bilmirdi.

198023 мин
Şehli çəmənlərin işığı

Altmış yaşı tamam olan günü Mirzə evdən çölə çıxmadı; həm qardan-borandan qorxurdu, həm də bazarlıq eləməyə ehtiyac yox idi, onsuz da Mirzənin ad gününə heç kəs gəlməyəcəkdi: arvadı öləndən bəri – beş il idi ki, Mirzə ad gününü keçirmirdi. Əlbəttə, Mirzənin oğlu, gəlini, nəvələri gələcəkdilər – onlarçün yeməyə bir şey tapılar: kolbasa var, pendir var, quru balıq var... peçenye də var – çay içərlər.Mirzə mətbəxdə bir loğma çörəyi güclə yedi, elə bil boğazı tikilmişdi. Yatağından durandan ovqatı korlanmışdı, fikirləşirdi ki, ömür kitabından altmışıncı vərəq də düşdü – səssiz-səmirsiz düşən bu vərəqə heyfsilənirdi – görəsən axırıncı vərəq deyil ki, bu?

198526 мин
Evin kişisi

Çəkmənin mıxı laxlayıb dikəlmişdi, Qaçayın dabanın deşirdi, Qaçay sağ ayağının pəncəsini tez qoyub, tez də götürürdü. Bədəninin bütün ağırlığı bir qılçının üstünə düşmüşdü. Ona elə gəlirdi ki, göynəyən, zoqquldayan dabanından qan axır. Mıx ətinə batdıqca sanki onun xırçıltısını da eşidirdi. Oğlanın ixtiyarı çatsaydı, elə burada – yolun kənarında oturub, ayağına bir nömrə böyük olan zil qara çəkmələrini çıxardar, gücü gəldikcə qolazlayıb atardı. Qaçay inanırdı ki, mayor Sahibov onu bu vəziyyətdə görsə acıqlanar: “Milisioner gərək qıvraq olsun! Ombasını çəkən adamdan nə milisioner?”. Qaçay qəddini düzəldib, yanyörəsinə baxdı: ətrafda kimsə görünmürdü. Çəpərlərdə gizlənən cırcıramaların yeknəsəq, bezikdirici səsindən başqa səs eşidilmirdi. Yerdən burula-burula qalxan qızmar ilğım pərdəsindən savayı heç nə tərpənmirdi. Oğlan dabanının ağrısını bir anlığa unutdu. Boynunun, çiyninin istidən yandığını indicə hiss etdi. Yadına cürdək suyu düşdü. Bu dəqiqə artırmada dayanıb onun yolunu gözləyən bacısını xatırladı. Bilirdi ki, Ağca uzun lüləkli iri aftafaya su töküb, tiftikli təmiz məhrəbanı sütundakı mıxdan asıb. Qaçay darvazadan girən kimi qız aftafanı götürüb hazır dayanacaq. Qaçay yuyunub qurulananda bacısı deyəcək: “Kəkotulu çay da dəmləmişəm, quyuya cürdək də sallamışam. Hansından verim?”. Qaçay səhərdən axşamacan həyət-bacada əlləşən, bekar dayananda darıxan bacısının azacıq kobudlaşmış, qaralmış əllərinə, solğun bənizinə, dərinliyində güclə seziləcək bir kədər gizlənən iri qonur gözlərinə baxacaq və belə anlarda fikirləşdiyi sözləri yenə ürəyində təkrarlayacaq: “Allah Ağcanın baxtını açsın... Ağcadan bir dənədi”.Qaçay addımlarını yeyinlətdi. Daha dabanı ağrımırdı, deyəsən, keyimişdi. Ancaq nəfəs ala bilmirdi, ağzını açan kimi isti hava dilini-dilçəyini yandırırdı. O, əsgərlikdə keçirdiyi günləri xatırladı. Uzaq diyarda dizəcən qara batdığı vaxtlarda bu qızmar günəşi nə qədər arzulamışdı? Sazaqdan donmuş barmaqlarını ağzına tutub hovxuranda aran günəşinin bircə saatlıq istisi üçün burnunun ucu göynəmişdi...

1 ч 10 мин

Стихи других поэтов