Yenə gül əyyamı, bahar fəslidir,Çiçəklər sayrışır, güllər öpüşür.Təbiət insanı sanki məst edir,Yarpağa şeh qonur, qəlbə od düşür...

Açır gözlərini sevdalı səhər,Quşların xoş səsi qulağa gəlir.Çiynində telli saz aşıq Ələsgər,Enib kənd içindən bulağa gəlir.

Hamı ona baxır yollar boyunca,Qıvrım çal papağı yenə qaşında.Qızlar, ceyran qızlar əlində dolça,Gülüşür, qaçışır çeşmə başında.

Gedir heyran-heyran cavan Ələsgər,Odlu ürəyindən süzülür şeir.(Bir az ayaq saxla, dayan, Ələsgər,Qızlar şerini əzbərdən deyir?..)

“Durum dolanım başına,Qaşı-gözü qara Ceyran.Həsrətindən xəstə düşdüm,Eylə dərdə çara, Ceyran”.

Qızlar yenə bu gün xoş səhər çağı,“Sarı tel” üstündə eləcə ötdü;Açıldı aşığın qaşı-qabağı,Elə bil çiynindən düşdü qəm yükü.

Gözələ baxmaqdan savab şey nə var?Birdən sevdiyi qız gözünə dəydi.Qızlar, arif qızlar tez yayındılar,Ceyran yaşmaq tutub başını əydi.

Tək qovaq altında qoşa sevgili,Dayandı bir qədər sanki lal kimi.Əsdi Ceyran qızın dodağı, dili,Əsdi ovçu görmüş bir maral kimi.– Ceyran!...O, dinmədi.– Ceyran, necəsən?Gecələr sübhədək od tuturam mən.Qırma Ələsgərin sınıq könlünü,Mən sənə yazmışam “Göyçə gülünü”.Onu əzbər bilir bu doğma ellər, –Deyib bu sözləri aşıq Ələsgər,

Bir telli sazına, bir qıza baxdı,Qara qaş altından sıx kirpik çalan,Yazıq Ələsgəri sevdaya salan,O bir cüt ilahi ulduza baxdı...

Yanırdı ceyranın al yanaqları,Bulağın gözütək qaynardı gözü.O bülbül nəvalı gül dodaqları,Söyləyə bilmirdi bir kəlmə sözü.

Ceyran dinməsə də irəli gəldi,Üzünü söykədi sədəfli saza.(Ah, o necə qəşəng, necə gözəldi,Alqış, canlar alan bu sərvinaza).

Alqış, Ələsgərin məhəbbətinə,Alqış, sözə alqış, ülfətə alqış!Alqış, telli sazın şeriyyətinə, –Bu incə, bu ülvi sənətə alqış!...

Onlar sarıldıqca sarmaşıq kimi,Yarpaqlar astaca xışıldaşırdı.Ələsgər ən odlu bir aşıq kimi,Sazını çiynindən yana aşırdı.

Saz necə dilləndi gör sinəsində,Güldü, telli sazın telləri güldü.Aşıq Ələsgərin zəngüləsində,Sanki Azərbaycan elləri güldü.

Əli teldə gəzdi, xəyalı eldə,Eşqi də, ruhu da necə təzədi!Hər yeni qoşmayla sevinir dil dəSözlər sədəf kimi sazı bəzədi...

Dillən, a telli sazı, a sədəfli saz,A mənim bağrımı şan-şan eyləyən.Qəlbimi telinə tel bağla bir az,Aşıq Ələsgəri vəsf edirəm mən.

Qoy başı çalmalı silsilə dağlar,Ona səcdə qılıb, başını əysin.Çiçəyi sayrışan yaşıl budaqlar,Sazına söykənsin, telinə dəysin...

...Saz bəmə düşürdü bax yavaş-yavaş,Ələsgər çevrilib Ceyrana baxdı.Qızınsa gözündən iki damla yaş,Süzülüb şeh kimi üzünə axdı.

Dağlara, daşlara dil verən insan,Görün necə dilsiz, necə lal oldu?Yaş töküb ağladı vəfalı Ceyran,Gözlər dolmuş bulud, qaş hilal oldu.

Ceyran öz dərdini danışdı ona:– Atam məni verir bir bəy oğluna!...Bu söz ən dəhşətli ildırım kimi,Eşqin heykəlini vurub uçurdu.Ələsgər dağ kimi, sıldırım kimi,Xəyala qərq olub, sükutla durdu.

Söz var ki, insana qol-qanad verər,Onu qartal kimi göyə ucaldar.Söz də var, səsində kaman inləyər.Qəlbə dərd artırıb, ömür qocaldar.

Titrədi dağlardan ağır Ələsgər,Taqətsiz qolları yanına düşdü.Təzanə dəymədən qırıldı tellər,Sazı da çiynindən yerə sürüşdü.

Qovaq dilə gəldi, çay dilə gəldi,Qarağat kolları dedi astadan:– Ələsgər hamıdan mərddi, gözəldi,Ona vəfalı ol, əl çəkmə, Ceyran!...

Çeşmə gileyləndi, süzülüb axdı,Bilmirəm çox dedi, yoxsa az dedi.Duma qanadından lələk buraxdı;– Dərdini ellərə oğlan, yaz! – dedi.

Ceyranın başından sürüşdü cuna,Birdən sədəflini bağrına basdı.Qırılmış simləri yığıb ovcuna,Sazı Ələsgərin çiynindən asdı.

Ceyranım qorxurdu el tənəsindənÜzünü bu dəmdə mahala tutdu:“Ellər! Ələsgəri çox sevirəm mən”.Yox-yox, deməyin ki, Ceyran unutdu!...

“Mən onu sevirəm yaz günəşitək,Lakin nə eyləyim, ata hökmüdür”.... Bu ara dil açdı hər gül, hər çiçək:“İnsana bir dəfə verilir ömür!”

“Doğrudur, bir dəfə ...İnsafsız atam!Bizim eşqimizi o qoydu nakam!”

Qəlbində iztirab, gözündə kədər,Yalnız bu sözləri dedi Ələsgər:– Məcnunam, gəzirəm Leyli çölünü,Əlimdən aldılar “Göycə gülünü”.Qoy sazım ağlasın, sözüm ağlasın,Hüsnünün aynası gözüm ağlasın...

Ələsgər Ceyrana elə baxdı ki,Deyəsən bu görüş son görüş idi.Odlu göz yaşı da elə axdı ki,Çiçəklər üşüdü, güllər üşüdü.

Getdi “Göycə gülü”, o gözəl pəriYağsız ürəyinin yağı töküldü.“Bir gül bəsləyirdim yardan ötəri,Xəzan vurdu, gül yarpağı töküldü...”.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О природе