11
Страница 3 из 3 · 67%
– Ə, bu gecə vaxtı nə olub?
– Nə olacaq, traktordan ötəri gəlmişəm.
Kosaoğlunun vaxtsız gəlməsindən onsuz da narazı olan direktor üz-gözünü turşutdu.
– Traktor hardadır, ay rəhmətlik oğlu, heç indi boş traktor tapılar?
Qurban onun könülsüz cavab verdiyini görsə də, üstünü vurmadı.
Gözünü qıyıb, çarpayıdan ayaqlarını sallayan direktoru süzdü.
– Ə, səni tanımırammı? İstəsən lap yerin deşiyindən taparsan. Bir də ki... - Kosaoğlu səsini uzadıb sözünü mənah bir tərzdə tamamladı.
– Allaha şükür, sən ki, məni yaxşı tanıyırsan.
Direktor, Kosaoğlunun eyhamını başa düşüb susdu. Onsuz da o, sabah "İyirmi altılar" kolxozuna traktor göndərməli idi. Bu gün səhər tezdən raykom katibi onu yanına çağırıb abrını ətəyinə bükmüş və demişdi ki, "traktorları düzgün bölmədiyinə görə səninlə sonra danışarıq. İndi isə boşalan traktorlardan tez "İyirmi altılara" göndər". Bundan başqa katib qonşuluqdakı rayona zəng vurub xahiş etmişdi ki, bir neçə traktor göndərsinlər.
Əkin işlərini vaxtından əvvəl qurtaran qonşu MTS-in direktoru katibin xahişini yerinə yetirib, iyirmi traktor göndərmişdi. Həmin traktorlardan da "İyirmi altılar" kolxozuna göndərmək direktora tapşırılmışdı.
Hər il əkin zamanı Kosaoğlu direktorun yanına hamıdan qabaq gəlib istədiyi qədər traktor aparardı. Sonra da, necə deyərlər, bu yaxşılığın əvəzini çıxardı. Amma bu il Kosaoğlu yerindən tərpənməmişdi. Direktor bir neçə gün onu gözləmiş, axırda da acıqlanıb traktorları başqa kolxoza vermişdi. Nəsib dayını və İmranı əliboş qaytarmışdı ki, gecikibsiniz. Əslində isə o, Kosaoğlunu görmək, onunla danışmaq istəyirdi. Kosaoğlu da bunu bilirdi. Öz qüdrətini göstərmək, Nuranla Nəsib dayı pis vəziyyətdə qoymaq üçün qəsdən işə qarışmırdı.
İndi isə o gəlmişdi.
Kosaoğlu necə olursa-olsun traktor almağı qət etmiş, direktor isə qanuni düzələn işi minnətsiz yerinə yetirmək istəmirdi.
Ortalığa çökən sükutun uzun çəkdiyini görən Qurban darıxdı.
– Ə, nə fikir edirsən, yoxsa elə bilirsən Kosaoğlu sənin xəcalətindən çıxa büməz?
Bir oxla iki dovşan vura biləcəyini hiss edən direktor gülümsündü:
– A kişi, bu nə sözdür, danışırsan? Mən səni tanımırammı. Yaxşı, de görüm, yeddi traktor göndərsəm, bəs edərmi?
– Nə qədər çox olsa, sənin adınadır.
Direktor çarpayıdan düşüb şifonerə yaxınlaşdı. Pencəyinin cibindən papiros çıxarıb qayıdınca Kosaoğlu güzgü stolunun siyirməsini açıb cibindəkiləri ora qoydu. Direktor onun hərəkətlərini şifonerin aynasında görsə do, üstünü vurmadı. Yandırdığı papirosu bir-iki nəfəs alıb gülümsündü:
– Yaxşi, sən deyən olsun.
İşin düzəlməsindən kefi açılan Kosaoğlu ayağa durdu. Xudahafizləşmədən əvvəl:
– Ağlın nə kəsir, o biri MTS-ə də dəyimmi, yoxsa elə özün... -deyə soruşdu.
Direktor sədrin fikrini başa düşdü:
– Yox, yox, sonra özünü biabır edirsən. Təzə direktor sən deyənlərdən deyil. Özüm düzəldərəm.
...Səhər tezdən traktorların gurultusuna oyanan Əsədov, başının üstündə dayanan Kosaoğluna baxıb gülümsündü.
– Deyəsən, kefin doxsan doqquzdur?
– Sağ olsun, məni əliboş qaytarmadı.
Prokuror dərhal durub geyindi. Yarım saat keçmiş idarədən camaatın gözü qarşısında raykoma zəng etdi.
– Bəli, özüm işə qarışmasam, heç nə düzələn deyildi. Dünən ikisinin də abrını aldım. Bəli? Hə... sözünə əməl elədi. Qonşu MTS-dən aldığı traktorlardan da göndərib. Kosaoğlu özü getmişdi. Arxayın olun.
Əkin qurtaranacan özüm burda olacam. Daha elə biabırçılıqlara yol vermərəm.
Kitabxana.az · https://kitabxana.az/ru/works/ismayil-sixli-ayrilan-yollar-11
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Qatar səhər tezdən Bakıya çatdı.Onlar Nərgiz müəlliməgilin evini tapdılar. Üçüncü mərtəbədəki qapının zəngini basanda içəridən ayaq səsləri eşidildi. Kim isə qapının arxasından:
22Nəsib dayı adəti üzrə bu gün yenə hamıdan əvvəl yuxudan durub kolxoz idarəsinə getdi. O, axşamdan verdiyi tapşırıqları yoxlamalı, maşınları yola saimalı, sonra briqadalara getməliydi.Son partiya iclasından sonra Kosaoğlu çəkilib kənarda durur, əlini ağdan qaraya vurmurdu. Artıq yer əkdirdiyinə və kolxozçuların pulunu düzgün paylatdırmadığına görə partiya iclasında ona töhmət elan edildikdə Kosaoğlu qulaqlarına inanmamış, "Necə? Mənə, Kosaoğlu Qurbana töhmət verirsiniz? Ə, başınıza at təpib?" - deyə qışqırmış, sonra da, təklifi irəli sürən Nəsib dayının üstünə düşmüşdü. "Ə, heç nə danışdığını bilirsənmi? Ağlını başına yığ, isti yerini soyuq eləmə".
23İmran dan yeri ağaranda yuxudan durub geyindi və həyətə çıxdı. Əvvəlcə qolundakı saata, sonra qızaran üfüqlərə baxdı. Göy üzünə səpələnmiş ulduzlar solğunlaşıb bir-bir sönürdü. Yalnız şərq tərəfdə dan ulduzu iri almaz parçası kimi titrəyirdi."Yaman gecikmişəm" - deyə o, fikrindən keçirdi.
24Zeynəb yarı arxı keçəndə diksinib dayandı. Ona elə gəldi ki, yarğanın dibindən qalxan kölgə sinəsinə ötüb qaratikan kolları arasında gizləndi. Hətta oradan şıqqıltı eşidildi.Zeynəb ayaq saxladı, ürəyi döyünə-döyünə qulaq asdı. Çöllər səssiz idi. Yalnız gecə böcəkləri qəmli-qəmli ötürdü. Elə bil onlar isti payız günündən sonra axşam sərinliyində dincələn çöllərə laylay çalırdılar. Cırcıramaların, çəyirtkələrin bu məhzun nəğmələri Zeynəbi darıxdırdı. Onun da qəlbini hüzn bürüdü. Ürəyində özünün də başa düşmədiyi hisslər oyandı. Tərəddüd içində dayanıb pıçıldadı: "Bu nə idi? Bu zaman yarğanda gizlənən kim ola? Düz adamdırsa, niyə yolla getmir?"