14
Страница 2 из 2 · 50%
– Nə olub ki?
– Nə olacaq, kişiynən yola getmədi, kolxozu dağıtdı. İndi də deyəsən işdən çıxartmaq istəyirlər.
– Mənim oğlum elə oğul deyil ki, yediyi çörəyə əyri baxa. Onun elə fikri-zikri kolxozdur. Uşağa şər atmayın.
– Ay qız, nəyimizə lazımdır, sədr bilər, o bilər, - qarı səsini alçaltdı. Sürünüb, çay süzən Tükəzban xalaya lap yaxınlaşdı. Onun qulağına pıçıldadı:
– Bəri bax, qızın uşağı neçə aylıqdır?
Tükəzban xala heç nə başa düşmədi. Gözlərini döyüb qarının üzünə baxdı:
– Nə uşaq?
– Ay qız, özünü faqqılığa niyə qoyursan? Qızı deyirəm dayna, müəlliməni, adı da yadımdan çıxır. Çoxdan boyludur?
Tükəzban xala sarsıldı. Bütün bədəni tər tökdü. Arsız-arsız hırıldayan qarının üzünə baxa-baxa qaldı. Bu kaftar nə danışırdı? Kosaoğlular nə fikir edirdilər? İndi Tükəzban xala ona nə cavab versin?
– Bilirəm, bilirəm, - deyə qarı yenidən sözə başladı, - ona görə də səs-küyə salmayıbsınız. Yaxşı da eləyibsiniz. İş işdən keçəndən sonar başqa nə çarə olardı? Barı kəbinlərini kəsdiriblərmi?
Tükəzban xala yerindən durub qarının saçını biləyinə nə vaxt doladığını özü də bilmədi. Bircə onu gördü ki, Gövhər qarı ortada yumaq kimi fırlanır.
– Nə dedin? Bir də de görüm? İndi də mənim oğlumu şərə salırsan?! - deyə Tükəzban xala qarını döyəclədi. - Kaffar köpək qızı!..
Sənin dilin necə gəlir ki, gül kinü qıza elə söz deyirsən, imansız?! Di rədd ol burdan!
Gövhər qarı birtəhər ayağa durdu, başı əsə-əsə o doqqaza doğru getdi. Yola çıxanda bir ayağını qaçaraq qoyub qışqırdı:
– Yaxşı, həyasız!.. Gör səni rüsvay eləyirəm, ya yox. Gizlədə bilməyəcəksiniz! Ölsəniz də ört-basdır eləyə bilməyəcəksiniz!
Tükəzban xala iti açıb buraxdı. Gövhər qarı donunun balaqlarını çirməyib qışqıra-qışqıra qaçdı.
Tükəzban xalanın halı özündə deyildi. "İndi mən başıma haranın daşın salım, camaatın üzünə necə baxım? Allah heç bəndənin adını bu imansızın dilinə salmasın. İki gündən sonra kənddə zurna çalınacaq, bunun hamısı o Kosaoğluyla Sayalının işidir. Gədəciyi təkləmək istəyirlər. Ara yerdə qızcığazı bədnam eləyirlər. Kaş bu xəbərləri Nərgiz eşitməyəydi! Bilsə ölüb yerə keçər. Gör bir imansız nə danışır, uşaqların üstünə necə qara yaxır!"
Tükəzban xala dincələ bilmirdi. Qarının dedikləri yadına düşdükcə vahimələnir, ürəyinə yüz cür qara-qorxu gəlirdi. "Allah, sən özün bircə balamın pənahı ol! Yazığam, gözümün ağı-qarası bircə oğlumu dilə-ağıza salma. Min zillətlə böyütmüşəm. Saçımın birini ağ hörmüşəm, birini qara. Boğazımdan tikəmi kəsib ona vermişəm. Balama yetim deməsinlər deyə hər əziyyətə dözmüşəm. Boya-başa çatdırmışam. Sən onun başından bir tük əksik eləmə, ey yeri-göyü yaradan, mənə yazığın gəlsin".
Naxır gəldi. Yolu tozlaya-tozlaya kəndə girən mallar qapı-bacalara dağılışdılar, heyvanların qarnı çıxıb, tükləri sığallanmışdı. Bəziləri buynuzlaşırdı. Kəndi mələşən inəklərin, buzovların, camışlann səsi bürüdü. On dörd-on beş yaşlı bir oğlan ağır-ağır gələn camışın belində oturmuşdu. O, qıçlarının ikisini də bir tərətb aşırıb çəpəki əyləşmişdi. Camış yeridikcə oğlan yırğalanırdı. Çöldən dərdiyi yovşan süpürgəsi də camışın belində idi. Deyəsən, qucağında qulançar var idi.
Naxırın qabağına çıxan Tükəzban xala yolla gedən Nərgiz müəlliməni görüb əl-ayağa düşdü.
– Dərdin alım, nə gec gəldin? Yəqin lap acıbsan. Yeri, yeri, ağacın altına gəbə salmışam, otur, mən də bu saat inəyi sağıb süd gətirim, köpüklü-köpüklü iç.
Nərgiz müəllimə heç nə demədi. Dinməz-söyləməz gedib əyləşdi. Tükəzban xala inəyi sağa-sağa fikirləşirdi: "Niyə qaşqabaqlıdır? Olmaya, imansız qarı ona da deyib?" O, inəyi yarımçıq sağdı, tez gəlib Nərgiz müəllimənin yanında oturdu. Ona çay süzdü, süd verdi, ancaq başını qaldırıb qızın üzünə baxa bilmədi. Tükəzban xala qızdan xəcalət çəkirdi. Elə bil Nərgiz müəllimə də onun ürəyindən keçənləri bilirdi. Dinmirdi. Utanırdı. Anası yerində olan Tükəzban xalanın bu işlərə nə deyəcəyini düşünürdü. "Elə qorxduğum başıma gəldi. Gərək İmran kəndə qayıdan gündən mən özümə başqa ev tapaydım. Bu söz-söhbətdən sonra mən neyləyim?"
Onlar qaradinməz oynayırmış kimi, xeyli oturdular. Söhbətə necə nədən başlayacaqlarını müəyyənləşdirə bilmirdilər. Nəhayət, Tükəzban xala dilləndi:
– Qızım, çamadanını səhər özün stolun üstünə qoymuşdun? Həmişə axı şkafda olardı.
– Özüm qoymuşanı. Paltarlarımı yığışdırırdım... - Nərgiz müəllimə başını aşağı saldı. Gözləri yaşardı. Qırıq-qırıq sözünə davam etdi:
– Tükəzban xala... məndən inciməyin.
– Ağlına gələn dağlara-daşlara, qızım, adam da sənin kimi gül baladan inciyərmi?
– Mən...
O susdu. Arvad ehtiyatlanmağa başladı. "Yəqin qızın da qulağına çatdırıblar".
– Mən sizin evdən köçmək istəyirəm.
– Olmaya bizdən inciyibsən, dərdin alım, xətrinə-zada dəymişəm, onunçün gedirsən?
– Yox, yox, Tükəzban xala, o nə sözdür! Mən sizin yaxşılığınızı heç vaxt unutmayacam. Bu kəndə gələli siz mənə analıq eləyibsiniz, çox sağ olun.
– Bəs niyə gedirsən, qızım?
– Getsəm yaxşıdır, - Nərgiz tərəddüdlə susdu. Sözünü necə bitirəcəyini düşündü. O, istəyirdi ki, Tükəzban xalanın xətrinə dəyməsin.
– Əvvəl İmran yox idi. Onda mən sizə həyan oldum. İndi oğlunuz gəlib. Sözün düzü, yerinizi dar eləmək istəmirəm.
– Yerimizi niyə dar eyləyirsən, a bala?
– Yox, Tükəzban xala, İmran iş-güc adamıdır. Elə onun özünə bir otaq lazımdır. Əvvəl-axır mən getməliyəm, elə indidən getsəm yaxşıdır. Daha havalar da düzəlib.
– Yox, qızım, səni buraxmaram, hara gedəcəksən?
– Məktəbə. Direktor məktəbdə mənə bir otaq verib.
– Tək, qız xeylağı orda neyləyəcəksən?
– Heç nə olmaz.
– Yəni heç olmasa məktəblər bağlanana qədər gözləyə büməzdin, qızım?
– Yolçu yolda gərək. Nə fərqi var? İndi ya sonra...
– Vallah, heç bilmirəm sənə nə deyim? Dilim razı olsa da, ürəyim "hə" dəmir. Üzümüz-gözümüz öyrəşmişdi.
– Mən yenə gələcəyəm. Vaxtım olduqca sizə dəyəcəyəm.
Tükəzban xala köksünü ötürdü. "Yox, deyəsən hər şeyi bilir. Söz-gapdan qaçmaq üçün belə eləyir. Yazıq neyləsin? Görüm o Gövhər qarının dilini ilan vursun, görə imansız getsin!"
– Nə deyim, qızım, özün bilən yaxşıdır... Amma...
– Belə yaxşıdır. Bu saat uşaqlar gələcək. Demişəm mənə kömək eləsinlər.
– Yox, yox, qoymaram. Bəs İmranı gözləmirsən? Qoy gəlsin özünə də de. - Heç nə deməz. Bir də, bu evin böyüyü sənsən. İmran deyil. Tükəzban xala köksünü ötürdü. Onlar evə getdilər. Bir azdan şagirdlər gəldilər. Nərgiz müəllimənin yorğan-döşəyini, çamadanını, kitablarını götürdülər. Tükəzban xala Nərgizi doqqaza qədər ötürdü. Ayrılanda qucaqlaşdılar. Arvad kövrəldi. Nərgiz də doluxsundu.
Tükəzban xala evə çox kədərli qayıtdı. Qaranlıq idi, hələ çırağı yandırmamışdı. Arvad lap darıxdı. "Bu gədə də evdə tapılmır. Görəsən, harda qaldı? İndi mən neynəyim?" O, eyvana çıxdı. Əl fanarını yandırıb heyvanları rahatladı. Evə baş sala bilmədiyindən, yenə ağacın dibinə getdi. Fanarı bir tərəfə qoyub oturdu. Samovar çoxdan soyumuşdu. O, dizlərini qucaqlayıb gözlərini fanara zillədi. Göylükdən qalxan xırdaca cücülər, balaca kəpənəklər, boz pərvanələr işığın başına dolanmağa başladılar. Ətrafa ağır sükut çökdü. Kənd qaranlığa büründü...
Tükəzban xala ilk dəfə oğlunun qabağına çıxmadı. Heç yerindən də tərpənmədi. İmran anasının bu vəziyyətini görüb təəccübləndi:
– Ana.
Qarı fikirdən ayıldı.
– Bala, sənsən? Axır ki, gəldin.
İmran ətrafa göz gəzdirdi.
– Bəs Nərgiz müəllimə hanı?
– Nərgiz?.. Nərgiz getdi.
– Hara?
– Bizim evdən köçdü.
– Bəs niyə qoydun?
– Mən nə qayırım? Nə illah elədim, olmadı.
– Heç olmasa, mən gələnəcən buraxmayaydın.
– Dedim. Sözümə baxmadı.
İmran susdu. Cibindən papiros çıxarıb yandırdı.
– Ana...
– Nədir, dərdin alım?
– Ağlın nə kəsir? - O, bir anlığa duruxub asta səslə əlavə etdi:
– Axı Nərgiz müəllimə deyəsən pis qız deyil.
– Ona pis deyənin dili-ağzı quruyar, bala.
– Doğrusu, mənim yaman xoşuma gəlir.
Tükəzban xala dikəldi. Qaranlıqda arvadın gözləri parıldadı. Sevindiyindən nə edəcəyini bilmədi. İmran bunu duyub bir az ürəkləndi, qəfildən anasını qucaqladı.
– Ana, o, gəlinin olsa, yola verərsənmi?
– Sənin ürəyin varsa, mən canımı qurban elərəm. Elə dolanarıq ki, quzu kimi.
– Onda...
Tükəzban xala onun sözünü ağzında qoydu:
– Nə vaxt, bala?
– İstəsən lap günü sabah! Ancaq işim bir təhərdir.
– Doğrudan, oğul, bu nə söz-söhbətdir?
– Eh, ana, məsələ uzundur. Ancaq öldü var, döndü yoxdur. Dur içəri gedək.
Evdə də İmran darıxdı. Anasının xatirinə deyib gülürdüsə də, halı özündə deyildi.
O sakitcə ayağa durdu. Hardansa bir şüşə araq gətirib stolun üstünə qoydu.
– Bu nədir, oğul.
– Heç nə, ana, bir az başım ağrıyır. İçməsəm ürəyim partlar. Tükəzban xala bunun necə "baş ağrısı" olduğunu başa düşdüsə də, üstünü vurmadı. Bir azdan qalxıb papağını başına qoydu.
– Məni gözləmə, ana, yat, - deyib evdən çıxdı...
Ancaq Tükəzban xalanın gözlərinə yuxu getmədi. Əllərini qoynuna qoyub qapının ağzında dayandı. "Allah, sən özün bircə balamın işini avand elə" - deyə pıçıldadı.
Kitabxana.az · https://kitabxana.az/ru/works/ismayil-sixli-ayrilan-yollar-14
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Nərgiz müəllimə bu səhər lap tezdən durmuşdu. O, tarlaları gəzmək, tənəffüsdə kolxozçulara qəzet oxuyub, ikinci növbəyə qədər dərsə qayıtmaq istəyirdi. Hava olduqca xoş idi. Çisələmə yağışdan sonra bütün ağaclar, çöllər, taxıl zəmiləri par-par parıldayırdı. Hər şey adamın üzünə gülürdü. Elə bil təbiət yuyunmuş, indi də nazlı gəlinlər kimi səhər-səhər xumarlanırdı. Çiçək açmış meyvə ağaclarının qoynunda yerləşən kəndi ətirli səhər havası bürümüşdü.Kəndin ortası ilə bir dəstə qız gedirdi. Yaşıl, bənövşəyi, sarı, qırmızı, yelənli kəlağayıların ucları yellənirdi. İpək koftatar, güllü donlar adamın gözünü qamaşdırırdı. Çiyinlərində kətmən qızlar gülüşür, arabir də zarafat edib bir-birini qovurdular.
17Məktəbin küncündəkı otağın pəncərələrindən işıq gəlirdi. Axşamdan xeyli keçmişdi. Məktəbin qabağındakı bağda baş-başa verən çinar ağacları, qollu-budaqlı armudlar, salxım söyüdlər elə bil mürgüləyirdi. Arabir yarpaqlar astadan xışıldayırdı. Ağacların dibindən axan suyun şırıltısı sanki bu sakitliyə layla çalırdı. Lap uzaqda, kəndin kənarındakı gölməçələrdə qurbağalar quruldaşırdı. İmran pilləkənə yaxınlaşdı. Səs salacağından ehtiyat edərək, asta-asta yuxarı qalxdı. Qapının ağzında dayandı. Pəncərədə kitab oxuyan bir adamın kölgəsi görünürdü. "Evdədir" - deyə İmran öz-özünə pıçıldadı. Əlini qaldırıb qapını döymək istədi. "Birdən mənim gəlişimdən incidi, bəlkə də heç qapını açmaq istəmədi, onda nə olsun? - deyə düşündü. - Deməzmi gecə vaxtı sənin qız xeylağı ilə nə işin ola bilər? Nə cavab verərəm?" O qayıdıb getmək istədi. İçəridən ayaq səsi gəldi. Stul tərpəndi və birdən qapı açıldı. Onlar üzü-üzə gəldilər. Qız qəfildən qarşısına çıxan adamı görəndə diksinib geri çəkildi. qapını örtdü.– Kimdir?
18Onlar idarədən birgə çıxdılar. At tövləsinin yanında Nəsib dayı İmranın qolundan tutdu.– Getmə, səninlə işim var.
19Rayonda açılmış tibb məktəbi şəhərin qurtaracağında, pambıq məntəqəsinin qarşısındakı ikimərtəbəli binada yerləşmişdi. Tibb məktəbində oxuyan qızlar elə burada da yaşayırdılar. İkinci mərtəbə onların yataqxanası idi. Hər gün dərsdən sonra qızlar məktəbin həyətində, arxın kənarında oturub kitab oxuyur, səhərlər isə dəsmal, sabun götürüb yuyunmağa gedirdilər. Arabir zarafatlaşıb bir-birinin üstünə su atanlar da olurdu.Məktəb direktoru qızları şəhərə az-az buraxırdı. Dörd divar arasında darıxan qızlar, pəncərələrdən küçəyə çıxır, pencəklərini çiyinlərinə salıb qapı ağzında dayanırdılar. Hörüklərini döşlərinin üstündən qabağa sallayan bu qızlar əllərini qoyunlarına qoyub elə məlul-məlul dayanırdılar ki, baxanda adamın onlara yazığı gəlirdi.
Стихи других поэтов
Bir bikəsi-zarəm, vətənimdə vətənim yox,Bir bülbüli-bibalu pərəm, vay, cəmənim yox!
BaşınNamərd ilə yoldaş olma,Uzun ağrı çəkər başın.
SöküldüAğzın bal dilin şəkər Mahtab,Yenə ciyərimin başı söküldü
Demişdin: “Ölüm do ayırmaz bizi!”Demişdin: “Ölüm do ayırmaz bizi!”Sənə kim demişdi, de, bu cümləni?