Birinci hissə, 11
Страница 1 из 2
Salatın bütün gecəni narahat yatdığından, yalnız səhərə yaxın şirin yuxuya getdi. Xoruzlar banladı, toyuqlar tardan töküldü, qapılarda mal-qara mələşməyə başladı, ancaq o oyanmadı. Həmişə dan yerinə səda düşəndə ayaq üstündə olub qapı-bacada hərlənən qız, yatıb yuxuya qaldı. Çardağın bacasından süzülüb, üzünə düşən işıq da onu oyada bilmədi. Bacısını birinci dəfə belə yorğun görən Şamxal daya nıb qıza xeyli tamaşa etdi. Salatın yorğanı üstünə çəkib paltarlı yatmışdı. Saçları yastığa dağılmışdı.
– Qalx, çaydan-çörəkdən hazırla.
Salatın gözünü açsa da, heç nə başa düşmədiyindən, maddım-nıaddım qardaşının üzünə baxdı. Yerin içində gərnəşib bərkdən əsnədi.
Ancaq yenə çevrilərkən, ot tayasının bərabərindən ona boylanan günəşin şüaları düz gözünün içinə düşdü. Əzik donunun ətəyini aşağı cəkdi. Saçını gözünün üstündən geri elədi.
– Qıza da baş çək.
Yalnız bundan sonra məsələni başa düşən Salatın diqqətlə çiyni tüfəngli qardaşına baxdı.
– Tezmi qayıdacaqsan?
– Bir az fırlanıb gəlirəm.
Şamxal hələ də yuxudan tamam ayılmamış bacısını başdan-ayağa süzüb gülüınsündü və tüfəngini çiyninə aşırdı. Salatın cığırla uzaqlaşan qardaşının arxasınca baxdı. Ona elə gəldi ki, Şamxalın kürəyi dünənkindən xeyli enlənmiş, elə boyu da uzanmışdır. Hətta, deyəsən, səsi də dəyişmişdir. Amma nədənsə bir az süst kimidir. Yerişində bir ağırlıq var. Dünənəcən qırğı kimi süzən Şamxal indi ağır-ağır addımlayır, bircə gecənin içində yaşa dolub toxtamış kimi görünürdü. Qardaşında hiss etdiyi bu dəyişiklik həm onu sevindirdi, həm də nədənsə qüssələndirdi. Elə bil qız, uzaq, əlçatmaz bir aləmlə vidalaşdı. O, kəlağayısının ucü ilə yaşarmış gözlərini quruladı. "Boyuna qurban olum, ay qardaş, lap kişi həddinə dolubsanmış", - deyə xəyalından keçirdi. Sonra da ocaq yerindəki kösövü qorlandırıb alışdırdı. Qazan asıb, samovara od saldı. Çalğını götürüb, qapı-bacanı süpürdü. Ancaq içəri, Güləsərin yanına gedə bilmədi. Bir-iki dəfə ayaqlarının ucunda qapıya yaxınlaşdısa da, ürəyinin çırpındığını hiss edib geri qayıtdı. İndiyə qədər bir yerdo oynayıb güldükləri Güləsərin üzünə necə baxacağını təsəvvürünə gətirə bilmədi. "Axı mən ona nə deyəcəyəm? Qız gözümün qabağında duranda ətim çimçişir. İçəri getsəm danışmağa söz də tapmaram".
Güləsərin də səsi-səmiri gəlmirdi. Görünür, o da utandığından eşiyə çıxa bilmirdi.
Gün xeyli qalxdı. Sığırçınlar malları haylayıb apardılar. Salatın qaynatdığı çayı təzədən isitməli, düşürdüyü qazanı yenidən ocağa asmalı oldu. Şamxal gəlmədi. Qız darıxdığından, doqqaza doğru getdi və gözləmədiyi halda Şahnigarla qarşılaşdı.
– Səndən nə əcəb, ay bibi?
– Mən sizin kimi etibarsız deyiləm.
Şahnigar qucaqlayıb qızın yanaqlarından, alnından öpdü. Dinməz-söyləməz çardağın yanına qədər gəldilər. Arvad xeyli ocaqdakı qazana, hələ əl dəyməmiş stəkan-nəlbəkiyə, taxtın üstündəki yorğan-döşəyə, sonra da bağlı qapıya baxdı.
– A-a-a-z, bu viranın uşaqları hələ durmayıblar? Günorta olub, bu qədər də yatmaq olarmı?
– Kimi deyirsən, ay bibi?
– Necə yəni kimi, təzə bəylə gəlini.
– Bunu sən hardan bilirsən?
– Yerlər qulaqlıdır.
Salatın əli üzündəcə quruyub qaldı. Qorxu və həyəcanla bibisinə baxdı. Bu xəbərin belə tezliklə yayılacağını gözləmədiyindən özünü itirdi. Ona elə gəldi ki, bu saat bibisinin ardınca şenliyin camaatı bura töküləcək, hamı onları daşqalaq edəcək. Qız hamıdan çox atasından qorxurdu. Oğlunun tutduğu işdən kişinin qəzəblənəcəyini yaxşı bildiyindən, Salatının ürəyi uçurdu. Qızdırmalı adamlar kimi titrəyib saraldı. "Bəlkə bibim elə al dillə bir xəbər tutmağa gəlib? Əhvalatı öyrənəndən sonra hay-haray salacaq? Bəs Şamxal niyə ləngidi? Allah, sən özün saxla".
Qızın bu halı Şahnigarın gözündən qaçmadı.
– A-a-a-z, sənə nə oldu, rəngin niyə saraldı?
– Qurbanın olum, ay bibi, dədəm bilirmi?
– Biləndə nə olar?
– Qorxuram araya qan düşə.
– Heç nə olmaz. Bir də, bu sirri hələ məndən başqa heç kim bilmir.
– Bəs sən hardan?..
– Tapdıq dedi.
– Ağzından söz qaçırmaz ki?
– Tapşırmışam.
– Bilmirəm bu işlərin axırı necə olacaq?
– Bəd-bəd danışma. Get uşaqları qaldır, bəsdir yatdıqları.
– Qağam yoxdu.
– Haraya gedib?
– Kürün qırağına.
– Belə de... BƏ burada niyə durmuşuq, gedək.
„ Yazıqdı... Qoy qız yatsın.
Bıy-bıy, başıma xeyir, ay qız, deyəsən bizi bəxtəvərə salacaqsan, yatmaq nədi? Bəri gəl görüm.
Şahnigar incə bir şuxluqla qaş-gözünü oynadıb güldü. Yanaqlarında qırmızı ləkələr əmələ gəldi. Dingəsindəki qızıl pullar titrəyib cingildədi. Xırdaca çənəsi buxağın içində itdi. Sıx dişləri parıldadı. Salatın, həmişə deyib-gülməkdən xoşu gələn bibisinin yenə də şitlik edəcəyini bilib qızardı. İçəri getmək istəyən arvadı saxlamağa çalışdı.
– Yaxşı deyil, qoy qağam gəlsin.
– Belə dur görüm, qağan kimdir?
Şahnigar yenə qəhqəhə çəkdi. Sonra Salatını ehmalca kənar edib, qabağa düşdü. Ləngərlənə-ləngərlənə qapıya yaxınlaşdı. Onun zər baftalı, qırçınlı atlas donunun qırçınları dalğalandı. Arvad dəhlizdə ayaq saxlayıb, arxasınca gələn Salatına göz vurdu.
– Gedək görək nə qələt qarışdırıblar.
O, yenidən uğunub keçdi...
Güləsər yorğan-döşəyi yığıb, taxtın küncündəcə oturmuşdu. Elə bil kiçilib gözdən gizlənmək istəyirdi.
Şahnigar gözü alışana qədər qapının ağzında dayandı. Sonra səliqə ilə süpürülmüş evə, yük yerindəki yorğan-döşəyə, taxtın üstünə salınmış palaza baxdı. Təzə gəlinin tezdən durub evi yığışdırması onun xoşuna gəldi. Qapını taybatay açıb irəlilədi.
Güləsər nə edəcəyini bilmədi. Elə əvvəlki kimi büzüşüb otursunmu, yoxsa ayağa durub Şahnigarın qabağında dizmi çöksün? Görəsən arvad ona nə deyəcəkdi? Saçından tutub bayıramı atacaqdı, yoxsa qucaqlayıb öpəcəkdi?
Güləsər fikrini toplayana qədər Şahnigar onun başının üstünü kəsdirdi. Əlini belinə qoyub, daha da büzüşən gəlinə baxdı. Arvadın səsi qazma evin divarlarında cingildədi:
– Bir ayağa dur görüm, qardaşım oğlu sənin nəyinə aşiq olub? Güləsər sürüşüb taxtdan düşdü. Verilən sualın mahiyyətini anlamadığından başını aşağı saldı. Bundan daha ağır, təhqirli sözlər gözlədi. Şahnigar isə qızın ətrafında dolanıb, ağzını marçıldatdı;
– Hm... pis deyilsən. Bir belə fırlan görüm... Qəşəngsən. Vallah, düz sözümdür. Meymun ağzının dadını bilirmiş... ha...ha...ha... Başını niyə aşağı salırsan? Üzümə bax, utanma. Hamımızın başına gələn iş deyilmi? Eh, kaş qiz olub, təzədən ərə gedəydim.
– Ay bibi, bəsdi.
– Nə olub, ay qız, ərə getmək pisdir? Vallah, hamınızın ürəyi zoqquldayır. Bığı burma bir oğlan qabağına çıxsa getməzsən? Hə, niyə
İrişirsən? Deyəsən xoşun gəlir?
– Sən Allah, ətimizi tökmə.
– Tökülməz. - O, üzünü yenidən Güləsərə çevirdi. - Sən ona qulaq asma, qızım, cavanlıq gözəl şeydir. İllaha da ərin qəşəng olanda. Gecələr ki, qucaqlaşıb nəfəs-nəfəsə yatırsan, su da töksən ayırmaq olmur.
İstəyirsən ki, qollarıyın arasındakını beçe balı kimi sorub yeyəsən.
Amma neyləyim ki, mənim bəxtim gətirmədi... Hə, belə işığa gol görüm... Sir-sifətinə diqqətlə baxmaq istəyirəm. Bəy, gözləriyin altı nə yaman qaralıb? Yəqin qırışmal səni yamanca yorub, hə, eləmi? Qoy bircə qayıtsın, gör başına nə oyun açacam!
– Bibi, bəsdir, qızı utandırma.
– Nə utanmaq, ay bala, ərə getməyi bilən adam utanmaz. Şahnigar qəşş edib, taxtın üstündə oturdu. Güləsəri də çəkib yanında əyləşdirdi. Gəlinin utanıb büzüşdüyünü görəndə daha da şaqılldadı: -Niyə qısılırsan, pis oğlana gəlibsən? Yoxsa qorxursan?
– Vallah, nə bilim?
– Ürəyinə heç nə gətirmə, bir qız bir oğlanındır. Yaxşı eləyibsən.
– Kaş hamı sənin kimi olaydı.
– Olmurlar olmasınlar. Ağrım ürəklərinə. Təki məni ərim çox istəsin... hə... ürəyini sıxma, yeməli şeysən, Şamxal səndən əl çəkməz.
Ancaq sən də gərək bir az usta olasan, kişini əldə saxlaya biləsən. Kişi ki, var, pişik kimi şeydir, sığallayıb qılığına girdin, qıırtardı. Olmaya-bilməyə kəcinə çəkəsən, eşitdinmi?.. Yaxşı, de görüm qardaşım oğlu naz-zad qanırmı? Sənin kimi telli-toqqalı gəlinin işvəsinə dözə biləcəkmi?
– Ay bibi, sən Allah, üzümüzün suyunu tökmə.
– Üzünüzün suyunu niyə tökürəm, ay bala, düz sözümdür. Kişi ki, naz-qəmzə bilmədi, ondan bir uzunqulaq yaxşıdır. Bircə qulaq as.
O, çiyninin üstündən sürüşüb düşən hörüyünün ucunu əlinə aldı. Sinəsinə basıb saz kimi çaldı. Evin ortasında aşıqsayağı tirlana-fırlana astadan, lakin məlahətli səslə oxumağa başladı:
İşvə bilməz, qəmzə bilməz, naz bilməz,
Sevgi bilməz, söhbət bilməz, saz bilməz.
Söz eşitməz, qaş anlamaz, göz bilməz,
Ana, məni bir nadana verdilər,
Günahıma, babalıma girdilər.
Qoyun deyil qoyunlara qatam mən,
Öküz deyil çodarlara satam mən,
İgid deyil qucaqlaşam, yatam mən,
Ana, məni bir nadana verdilər,
Günahıma, babalıma girdilər.
Kitabxana.az · https://kitabxana.az/ru/works/ismayil-sixli-deli-kur-birinci-hisse-11
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
O, yuxudan ayılan kimi əlini yaslığın altına uzatdı və naqanın dəstəyini ovcunda hiss edib sakitləşdi. Yorğanı üstündən atıb çarpayıda oturdu və ayaqlarını salladı. Paçasının arasına və dizlərinə qara dəri tikilmiş qalife şalvarını soyunmamışdı, corablarını da çıxartmamışdı. Tələsik uzunboğaz xrom çəkmələrini geyindi, naqanı şalvarının cibinə qoyub gərnəşdi. Otağın küncündəki əl-üz yuyulana yaxınlaşdı, lüləyi açıb möhkəm yuyundu. Dəsmalla qurulandıqdan sonra gəlib frenç pencəyini geyindi. Yaxasının düymələrini, iri döş və yan ciblərinin ağzını bağladı, kəmərini qurşadı, çalın-çarpaz qoltuqaltılarını çiynindən aşırdı, patron daraqlarının yerində olub-olmadığını yoxladıqdan sonra naqanı qoburuna qoydu, onaçılanı isə yanından salladı. Adəti üzrə mauzerin taxta qoburuna bərkidilmiş qızıl lövhənin üstündəki yazıları oxudu. Bu onaçılanı ona Zaqataladakı qaçaqlarla döyüşlərdə göstərdiyi şücaətə görə vermişdilər. Onun göy gümüşü və şabalıdı rəngli buxara papaqları olmasına baxmayaraq iri, dəyirmi, boz saçaqlı papaq geyinərdi. İndi də elə elədi. Bu papağı geyinəndə elə bil çiyni bir az da enlənir, qan sağılmış gözləri adamı qılınc kimi kəsir, qarşısındakıları vahimələndirirdi. Çox vaxt saçaqlı papağın altından baxan baxışların nə ifadə etdiyini ayırd etmək olmurdu.Qapı astaca aralandı. Növbətçi milisioner əlində səhər yeməyi içəri daxil oldu. Küncdəki stolun üstünə yeməkləri səliqə ilə düzdü. Növbətçi getdikdən sonra o, söseyə yaxınlaşdı: soyutma yumurtanı, bal ilə qaymağı bir göz qırpımında yeyib üstündən bir stəkan südlü çay içdi. Üst-başını səliqəyə salıb iş otağına keçdi.
II fəsil, 2Qəza firqə özəyinin qapısında dayanan keşikçilər Kəsəmənlini görən kimi gülümsünüb ona yol verdilər. Kabı kişi üst-başını düzəltdi, saçaqlı papağını gözünün üstündən azca geri itələdi və şax addımlarla dəhliz boyu getdi. Üstünə qəza firqə özək katibinin adı yazılmış qapını aralayıb içəridəkilərə salam verdi. Firqə özək katibi Abdal kişi qaş-qabaqlı idi. Telefonda kiminləsə acı-acı danışırdı. O, dilucu salamı aldı və Kəsnmənliyə oturmaq üçün yer göstərdi. Kəsəmənli neçə aydan bəri qəzaya təhkim olunmuş Çekanın nümayəndəsilə qabaq-qənşər oturası oldu. O, adəti üzrə ayağını ayağının üstünə aşırmışdı. Biləkləri didilmiş qara tumac gödəkçəsinin ortasını enli qalın kəmərlə boğmalamışdı. Bir yandan naqanı, bir yandan da çantası sallanırdı. Başındakı papaq da nimdaş idi. Bircə ulduzdan başqa. Elə bil ulduzu qəsdən seçmişdi; hər gün tozunu alıb papağının alnına yapışdırırdı.Onların baxışları ani olaraq toqquşdu. Kəsəmənliyə elə gəldi ki, Fətullayevin gözlərində qıvrılıb yatan ilan fısıldayıb ayıldı və qarşısındakı adamın üstünə atılmağa hazırlaşdı. Fətullayev də Kəsəmənlinin gözlərində ildırım kimi şaxıyan amansız baxışları gördü. Lakin özlərini çox sakit apardılar. Kəsəmənli başa düşdü ki, onu buraya boş-boşuna çağırmayıblar.
II fəsil, 3Qapının ağzında domuşuqlu oturan uşaq Kəsəmənlini görən kimi ayağa durdu və hörmətlə ona salam verdi. Kabı kişi bu üstü-başı cırıq uşağın mərifətinə heyran qaldı. Ayaq saxlayıb onun tükü tökülmüş papağına, çiyinləri yamaqlı köynəyinə və didik-didik olmuş şalvarına baxdı. Uşağın ayağındakı çarığın burnu deşilmişdi. Çirkli corabı görünürdü. Amma özünü əkə-bükə kişi kimi aparırdı.– Kimi istəyirsən, bala?
III fəsil, 1Son vaxtlar Ömər koxanın yuxusu ərşə çəkilmişdi. Mal-qara tövləyə, xalxala salındıqdan, əl-ayaq yığışdırılıb kənd camaatı qapı-bacasına çəkildikdən sonra eyvanda xeyli oturardı. Qapı-bacalarda ləngiyən mal-qaranın mələşməsinə qulaq asar, Kürün bəri üzündəki tülkülərin, çaqqalların vaqqıltısını dinləyərdi. Çaqqal- tülkü yaman çoxalmışdı. Günün qulağı yaxıb qaranlıq düşməmiş cələyə yığışır və kəndə doluşmağa hazırlaşırdılar. Ömər koxa onlara sakitcə qulaq asır və görürdü ki, kənd itləri nəyisə qabaqlarına qatıb cələyə qədər qovurdular. "Bu qırılmışlar yaman çoxalıb. Az qalırlar evlərə doluşsunlar. Eh, zamana yaman dəyişib. Əvvəllər bizim kəndin həndəvərində ağzı qatılı canavarlar dolaşardı. İndi də çaqqal-maqqal dolaşır. Belə getsə, camaat özü də çaqqala dönəcək".Ömər koxa qaratikan kolundan düzəldilmiş gümüş örtüklü qəlyanını közərdir, fikrində dağı arana, aranı da dağa köçürürdü.
Стихи других поэтов
Soruşmamış bir aşığın halınıDilin açıb həcv, hədyan danışma!
Mürəbbe: Gəldi qasid dedi mən biqərarəGəldi qasid dedi mən biqərarə,Şux dilrubanın izdirabı var,
Gəraylı: Bir məst olmuş yağıya mənBir məst olmuş yağıya mən,Oldum yalvara yalvara
OynasınSürmə çəkmiş siyah çeşmi-mestinəSəhab altdan çıxıb mahım oynasın