Страница 2 из 2 · 50%

– Bəsnə?!

– O taydakı meşə də?

– Hamısı.

– Su da?

– Zarafatı burax, bildirçini bəri ver!

Əhməd quşu Əşrəfə uzatdı. Oğlan cəld bildirçinin qanadını gərdi. Tüklərini aralayıb, hardan yaralanmasına baxdı. Onun sifətindəki qəzəb yox oldu. Əhməd uşağın tutqun çöhrəsini məsum bir təbəssümün bürüdüyünü, gözlərində həm sevinc, həm də hüznlü bir kədərin olduğunu gördü. O, ovçudan çox, bir uşaq marağı ilə quşu süzürdü.

– Acığın soyudumu?

Əşrəf gülümsündü. Onun hərəkətlərində maraqla bərabər bir peşmançılıq da vardı. Ancaq onun quşu vurduğunamı, yoxsa Əhmədin əlindən almasınamı peşman olduğunu təyin etmək çətin idi.

– Bəs mən indi harada ov edim? Görürəm bunların hamısı sizindir.

Yəqin Kürdən də balıq tutmağa qoymayacaqsan, Əşrəf Əhmədin səsindəki mənanı, onun zarafat etdiyini başa düşmədi.

– Kürün suyu mənim ha deyil, Allahın balığında nə işim var?

– Bəs quş da Allahın deyildimi, əlimdən aldın?

– Onu mən vurmuşdum.

– Yəni deyirsən mahir ovçusan, məndən də ustasan?

Əhməd onu şitəndirmək istəyirdi. Əşrəf isə deyilən sözləri ciddiyyətlə qəbul edirdi. Birdən-birə onda bu yaşlı kişi ilə bəhsə girmək həvəsi doğdu. Oğlanın gözləri oynadı. Yanaqları qızardı. Mərcə hazırlaşan höcət uşaqlar kimi səsini ucaltdı.

– Mənim ovçuluğuma inanmırsan?

– Yox.

– Onda gəl mərcləşək. Görək kim yaxşı güllə atır.

– Axı bu çəmənlik sizindir, mənim ixtiyarım yoxdur.

– Heç nə olmaz, mən izn verirəm.

– Yaxşı, olsun.

Onlar qaranlıq qarışana qədər Kürün yaxası boyu dolaşdılar. Əhməd qəsdən ala-toranda nişana yaxşı gələn quşlara güllə atmır, ilk ovçuluq həvəsi ile alışıb-yanan Əşrəfin qabağa düşməsinə imkan yaradırdı. Dizinə qədər şehə batan oğlan isə hər şeyi unutmuşdu. Hər dəfə vurub saldığı quşun qanadından yapışıb yuxarı qaldırır və qürurla "hə, necədir?" – demək istəyirdi. Əhməd cavan dostunun sevincinə şərik olmaq üçün gülümsünürdü.

Onlar hiss etmədən kənddən xeyli uzaqlaşmışdılar. Əşrəfin geri qayıtmaq istədiyini görən Əhməd ayaq saxladı.

– Daha bəsdirmi, xallı oğlan? İndi inandım. Doğrudan da ovçusan.

– Sən də pis atmırsan, ay urus...

Onun səsi titrəyib qırıldı. Əhməd Əşrəfin qürubun son şəfəqində necə qızardığını, pis iş tutmuş adamlara məxsus peşmançılıqla boyunu büküb dayandığını aydınca gördü.

– Utanma, hamı mənə rus Əhməd deyir, sən də de.

O bir qədər susdu. Ov yoldaşını birinci dəfə görürmüş kimi dayandı.

– Sənə niyə belə ad qoyublar?

– Nə bilim?!

– Şapka geydiyinə görə?

– Yəqin.

– Axı sən niyə papaq geymirsən?

– Öyrənmişəm.

– Harada?

– Peterburqda.

– Peterburq haradır?

– Uzaq bir şəhərdir.

– Sən oraya nəyə getmişdin?

– Oxumağa.

– Bəs niyə qayıtdın?

– Eh, neyləyirsən onları. Bu, uzun əhvalatdır. Bir gün yanıma gələrsən, hamısını danışaram. Oxumaq bilirsənmi?

– Yox.

– Bəs öyrənmək necə, istəyirsənmi?

– Çətindir?

– Sənin kimi oğulun əlində nəmənədir, bir aya öyrənərsən.

Əşrəf nə deyəcəyini yəqinləşdirə bilmədi. Mat-mat Əhmədin üzünə baxdı.

– İstəsən lap rusca danışmağı da öyrədərəm. Razısanmı?

– Nə bilim? - deyə o, çiynini çəkdi.

Onlar dikdirə çıxdılar. Artıq göz-gözü görmürdü. Kəndin solğun işıqları titrəşirdi. Əşrəf cığırdan sola burulub Əhməddən aralanmaq istədi.

– Bunları da apar.

– Niyə ki? – Əşrəf təəccübləndi. Qaranlıqda iri gözləri parıldadı.

– Onları mən vurmamışam.

– Nə olar sən vurmayanda, bağışlayıram.

– Ovçu ovçunun şikarını əlindən almaz.

– Sən almırsan, mən özüm bağışlayıram. Bir də, onları kim bişirəcək?

– Evinizdə adam yoxdur?

Əhməd qəmli-qəmli başını buladı:

– Yox.

– Niyə ki?

– Yetiməm.

Əşrəf cingiltili səslə güldü:

– Sən boyda da yetim olar?

– Adam qəribliyə düşəndə olar. Di yaxşı, Əşrəf koxa, gecen xeyrə qalsın. Gözləyəcəyəm, havaxt könlün istəsə, gəl.

Elə həmin günün səhərisi poçtalyonun qapısı döyüldü. Əşrəf içəri girdi. Əlindəki böyük bağlamanı yavaşca pəncərənin qabağına qoydu. Stolun üstünə səpələnmiş kağızlara nə isə yazan Əhməd qanrılıb baxdı.

– Ay xoş gördük səni, demək gəldin. Çox yaxşı. Bəs bu nədir?

– Anam göndərdi, Əhməd lələ, dedi ki, adam qəribə hörmət edər.

Bir az pendir, yağdır. Bir də ki, bax bunlar. - O, bağlamanı açdı. Qızardılmış bildirçinləri çıxardıb stolun üstünə qoydu. - Sənin payındır, hər şeyi anama danışdım. Məni yaman danladı. Bu təndir çörəyi də yenicə bişib. Elə isti-isti götürüb gətirmişəm.

Əhməd təzə çörəyin ətrini ciyərinə çəkib gülümsündü. Balaca oğlanın qayğıkeşliyi onun qəlbini riqqətə gətirdi. İllərdən bəri yaxın və doğma bir adamın nəvaziş və mehribanlığını görməyən, həmişə yad, soyuq baxışlarla qarşılaşan, uzun gecələri öz xəyalları ilə tək yaşayan, taleyin gərəksiz bir taxta parçası kimi köpüklü dalğalarla vurub kənara atdığı bu adam, nəhayət qəlbinə yaxın bir insan tapdığına sevinirdi. O qəhərləndi. Əşrəf alnına yenicə iz düşmüş Əhmədin gözlərinin həlqəsinin yaşardığının, kirpiklərinin titrədiyinin fərqinə vardı. Doğrudan da o kövrəlmişdi. Başqa cür də ola bilməzdi. Bu kəndə gələli heç kəsin isti çörəyini kəsməmişdi. Hamı ondan uzaq gəzirdi. O isə yolun kənarındakı kimsəsiz daxmaya çəkilir, gecələr kürkünəcə bürünüb yatırdı. İndi birdən-birə kimsə onun halına acıyırdı. Əhmədin qulaqlarında "qəribə hörmət etmək lazımdır" deyən qadının səsi canlandı. Sonra da o, isti çörəkləri büküb oğluna verən adamın sir-sifətini xəyalən təsəvvürünə gətirməyə çalışdı.

– Çox sağ ol, qardaş, lap ürəyimi xarab elədin.

– Niyə ki, Əhməd lələ?

– Heç, - deyə o, köksünü ötürdü, sonra da çörəklərdən birini kəsdi:

– Nə gözəldir! Çoxdandır bu cür ətirli, təzə çörək yemirəm. Əyləş, sən dəyə.

– Toxam.

– Nə olar, bir yerdə yesək, sənin də iştahan açılar, mənim də.

Onlar yanaşı oturdular. Əşrəf gözaltı Əhmədi süzürdü. Onun bu qədər göyçək olduğunu dünən axşam sezə bilməmişdi. "Əgər o, saqqalını qırxdırsa, saçını vurdurub, bığlarını sahmana salsa, lap cavan görünərdi. Geyimini də dəyişsəydi pis olmazdı". Əşrəf dostlaşmağa başladığı bu adamın daha yaraşıqlı və cazibədar olmasını istəyirdi. Hətta onun evinin-eşiyinin de səliqəsi ilə qürrələnməyə çalışırdı. Əhməd oğlanın ürəyindən keçənlərdən xəbərsiz idi. İştaha ile çörək yediyindən, Əşrəfin hər şeyə gözaltı baxdığını, küncdəki taxtın üstünə atılmış boz kilimin bir tərəfinə yığılan yorğan-döşəyi, bir az da bəridəki iri sandığı, divardan asılmış qoşalüləni, pəncərə qabağındakı kitabları, dəhlizdəki qab-qacağı, mismara keçirilmiş iri kürkü necə diqqətlə süzdüyünün fərqinə vara bilmirdi.

Oğlan hər şeyi, hətta küncdəki süpürgəni, oraya yığılmış kağız qırıntılarını belə nəzərdən keçirdikdən sonra divardan asılmış şəklə baxdı. İri, çal papaqlı bir kişi qalın çatma qaşları altındakı gözlərini zilləyib Əşrəfə baxırdı. Onun bəbəklərinin işıltısı aydınca görünürdü. Oğlana elə gəldi ki, şəkildəki kişinin bir-birinə kip qapanmış dodaqları bu saat aralanacaq və nə isə mehriban bir söz deyəcəkdir. Şəkil Əşrəfin nəzərində böyüdü. O, kişinin eşmə bığlarının və sinəsinə düşən saqqalının tərpəndiyini zənn etdi. Onun vəznəli çuxası, belindəki sallamalı kəməri, xəncəri necə də yaraşıqlı idi! Əşrəf her şeyi aydınca təsəvvür edirdi; hətta xəncərin ağ şirmayı dəstəsi üzərindəki gümüş düymələri belə sanki görünürdü. Bəs onun yanında oturan, başına ağ yelənli qara kəlağayı örtmüş arvad kim idi? Onların çiyni üstündən boylanan uşağın gözləri nə qədər tanışdır! Əşrəf onu harada görmüşdü?

Əhməd çörəyini yeyib qurtardı. "Çox sağ ol, ovçu qardaş", - deyə zarafatyana təşəkkür etdi. Ancaq Əşrəf onun sözlərini eşitmədi. Oğlanın diqqətlə şəklə baxdığını və hər şeyi unutduğunu görəndə əlini onun çiyninə qoyub astadan dilləndi.

– Xoşuna gəlir?

Əşrəf yad təmasdan diksinib fikirdən ayrıldı. Onun nəzərində böyümüş adam kiçildi, yenə də ətrafi qara çərçivəli şüşənin altındak: balaca şəklə çevrildi. Onun dodaqları qaçdı. Gözlərində günah qarışıq bir maraq oyandı.

– Çox yaxşı kişidir. Sənin nəyindir?

– Atamdır.

– Niyə təəccüb edirsən?

– Bəs sən rus deyilsən?

– Bəs bu arvad kimdir?

– Anamdır. O da mənəm, oxşayırmı?

– Yaman oxşayır.

Əşrəf bu söhbətlərin xoşa gəlmədiyini, bir az bundan əvvəl qaşqabağı gülən, mehriban çöhrəli Əhmədin sifətinə qışın boz, çovğunlu ruzigarını xatırladan bir kədər çökdüyünü hiss etsə də, marağım boğa bilmədi. Bir uşaq sadəlövhlüyü ilə:

– Bəs onlar indi haradadırlar? - deyə soruşdu.

– Şuşada.

– Sənin yanına niyə gəlmirlər.

– Küsülüyük.

– Niyə küsülüsünüz?

Əhməd pis və acı bir xatirəni qovurmuş kimi əlini yellədi, zorla gülümsəməyə çalışdı.

– Keçənləri yada salmasaq yaxşıdır.

Onlar susdular. Əşrəf nəzərlərini divardakı şəkildən çəkib kitablara baxdı.

– Bunların hamısını oxumusanmı?

– Oxumuşam. Səni də öyrədəcəyəm. Rusca yazmağı da, oxumağı da biləcəksən.

– Mənim bir-iki dostum var, onları da öyrədərsənmi?

– Niyə öyrətmirəm, qoy gəlsinlər. Mən sizə hər şeyi: xəritəni də, şəkil çəkməyi də, şəhərlərin adını da, hesabı da öyrədəcəm. Ancaq gəlin. Elə otağın birini boşaldıb sinif edərik. Özümüzün məktəbimiz olar. Düz demirəmmi?

– Lap yaxşı olar. Molla Sadığın acığına hamımız gələrik. Ancaq sən sözündən dönmə.

O xeyli dayandı. Balaca dostunu sınayıcı nəzərlə süzdü. - Əşrəf, bilirsən nə var, gəl əməlli-başlı dost olaq. Sən yaman xoşuma gəlirsən. Gəl mənə qardaş ol. Razısanmı, hə?

Əşrəf sevinclə:

– Razıyam. İki qardaş idik, indi olduq üç.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Üçüncü hissə, 12

Əşrəf pencəyini çiynindən götürüb geydi. Kitabı yan cibinə qoydu. Ağacların kölgəsindən kənarda, güneydəki qalın yarpaqların arasında qızaran çiyələkləri dərmək üçün dizi üstə çökdü. Çiyələklərin ətri dərhal onu vurdu. Əşrəf hər şeyi unutdu. Xallı kəpənək dalınca qaçan uşaq kimi yarpaqları aralayıb qırmızı çiyələkləri dərə-dərə meşənin dərinliyinə doğru irəlilədi. Onun başı qarışdı. Meşədə nə qədər qaldığını bilmədi.Qarşıdan səs gəldi. Cingiltili qız gülüşləri onu ayağa qalxmağa məcbur etdi. Əşrəf talaya yaxınlaşdığını başa düşdü. Budaqları aralayıb çəmənliyə baxdı.

195713 мин
Üçüncü hissə, 13

Salatın çətəni çəkib dəyənin qapısını örtdü. Küncə, yük yerinin yanına bir döşəkcə atdı. Ayaqlı duağı ortaya qoydu. Döşəyin altından dəftər-qələm çıxartdı. Bardaş qurab oturdu. Yaylağa gələndən bəri öyrənib yazdığı hərflərə xeyli baxdı. Onları səssizcə oxudu. Sonra da duağın üstünə əyilib iri, naşı hərflərlə sözlər yazmağa başladı. O, xəttinin gözəl olmasına çalışdığından qələmi kağıza daha möhkəm basırdı. Qız elə bilirdi ki, qələmi gücü gəldiyi qədər sıxsa hər şey düzələcəkdir.Salatın gün günorta yerinə gələnə qədər üç səhifə yazıb doldurdu. Sonra boynunu yana əyib diqqətlə yazdıqlarına baxdı. Əllərini boynunun arxasında çarpazlayıb bərkdən gərnəşdi. Onun sümükləri şaqqıldadı. Ayağa durub kağız-qələmi yığışdırdı. Döşəyin altında gizlətdi. Dəyədən çıxdı.

19579 мин
Üçüncü hissə, 14

Binələrin üst tərəfindən səs-küy qalxdı. İtlər çaxnaşıb bir-birinə dəydi. Dana, buzov böyrüşdü. Yenicə yuxuya gedən arvad-uşaq oyandı. Kimi isə vurdular. Sonra da it zingiltisi eşidildi. Hamı səksəkəli halda daha nə olacağını gözlədi.Gələnlər dəyəyə yaxınlaşdılar. Arvad qışqırtısı uşaq ağlamasına qarışdı. Kimi isə söydülər. Kimi isə itələdilər. Çətən şaqqıldadı. Birinci dəyədə baş verən hal eyni ilə ikinci, üçüncü dəyədə təkrar olundu.

19579 мин
Üçüncü hissə, 15

Cahandar ağa ayağının ikisini də yəhərin üstündən sağ tərəfə aşırıb, atın belində yanaşı oturmuşdu. O, papirosunu sümürür və qırçın-qırçın olub dalğalanan zəmilərə tamaşa edirdi. Dəmyədəki taxıllar kəhrəba kimi saralmışdı. Sünbüllər ağırlaşıb boynunu əymişdi. Üfüqlərə qədər uzanıb gedən zəmiləri arabir Kür tərəfdən əsən meh yerindən oynadıb dəniz kimi ləpələndirirdi. Çöllərə ahəngdar bir xışıltı yayılırdı. Qərb tərəfdəki dağların sinəsi belə saralmışdı. "Buranı da biçdirib, dərzləri qapıya daşıtdırsam, atın başını qanırıb yaylağa qayıdaram, – deyə Cahandar ağa düşünməyə başladı. – Oralar da yiyəsiz qalıb, aranda çox ləngimək olmaz, zamana əlləm-qəlləm zamanasıdır, sonra nə olar, nə olmaz. Şamxal zənnimi itirdi, Əşrəfdən isə ağlım bir şey kəsmir onlara arvad-uşaq tapşırmaq olmaz".Kişi axır vaxtlar baş verən hadisələri xatırladı, nəhayət, maralın öldürülməsini yadına saldı. Bunların hamısı düşmənçilik idi. Onu izləyir hər addımbaşı sataşırdılar. Cahandar ağa əvvəllər buna o qədər də əhəmiyyət vermək istəmirdi. Hər gəda-güdəyə baş qoşmağı şəninə sığışdırmırdı. Belə olmasaydı, düşmənin qapısına atını sürər, onu bayıra çağırar və gülləni sinəsinə sıxardı. Bir də, o, heç ağlına gətirmirdi ki cəsarət edib onun həndəvərinə hərlənən olar. Ancaq, görünür, zaman dəyişmişdi. Hər başına papaq qoyan özünü kişi hesab eləyir, əlinə tüfəng alıb camaat arasına çıxır. "Yox, bu işi belə qoymaq olmaz. Elə dağdan arana enən kimi o köpəkoğlunun izini itirmək lazımdır. Belə eləməsəm, bundan sonra da əl-ayağıma çox dolaşacaq".

195713 мин

Стихи других поэтов