Страница 3 из 3 · 67%

Kəndlilər cərgə ilə kərənti çəkirdilər. Göy otlar yəhrələnib uzanırdı. Elə bil dağların döşü zolaq-zolaq olmuşdu. Ovxarlanmış kərəntilərin ağzı parıldayırdı.

Aleksey atını çapıb, ot yığan qızların, gəlinlərin yanından ötürdü. Onların çoxu başına qırmızı qıymaça çəkmişdi. Bellərinə ağ işləməli önlük bağlamışdılar.

Havanın gözəlliyi Alekseyi sevindirirdi. Görünür, biçinçilər də ruzigarın xoş keçməsindən razı idilər.

Aleksey atasını tapdı. Gətirdiyi xörəyi ona verdi. Özü isə kənardaca oturub, onun necə iştaha ilə çörək yeməsinə tamaşa etdi. Kişi lap arıqlamışdı. Çirkli və tərli köynəyi kürəyinə yapışmışdı. Açıq yaxasından tüklü sinəsi görünürdü.

O, xörəyini yeyib qurtarandan sonra əli ilə ağzını sildi. Bığını, saqqalını Sığallayıb, ayağa durdu. Boynundan sallanan zəncirli mis xaçı öpdü.

– Çox sağ ol, Aleksey Osipoviç.

– Nə üçün mənə belə deyirsən, mən ki, Alyoşayam.

– Yox, sən daha böyümüsən, Aleksey Osipoviçsən.

Atası onunla xeyli zarafat etdi. Sonra da göyün üzünə baxdı.

– Yaman bürküdür. Yağmasa yaxşıdır. Yaxşı, Aleksey, atını çap, get evə. Bir qucaq da göy ot apar. Anana da de hamamı qızdırsın, gəlib çiməcəm...

Amma o, arvadının hazırladığı hamamda çimə bilmədi. Elə həmin axşam selləmə yağış yağdı. Osip cücə kimi islanmış halda evə gəldi. Yer saldırıb birbaş yorğan-döşəyə uzandı. İki gün titrətdi. Bir həftədən sonra isə davasız-dərmansız sətəlcəmdən öldü.

... Ani fikrə gedən Aleksey Osipoviç gözünü faytonçunun üzündən çəkmədən köksünü ötürdü.

– Siz mənim atama yaman oxşayırsınız. O da Sizin kimi beləcə saç-saqqal qoyardı.

İvan Filippiç həyalı uşaq kimi qızardı. Nə deyəcəyini bilmədi.

– Cənab Aleksey Osipoviç, mən faytonçu babayam. Sizin atanız yəqin ki...

– Xalis kəndli idi. Bir parça torpaqdan və iki atdan başqa heç nəyi yox idi. Siz faytonçusunuz, o, furqon sürərdi.

– İnana bilmirəm, - deyə kişi təəccübləndi və süfrənin kənarında yerini rahatlayıb əyləşdi.

Aleksey Osipoviç onun bəbəklərində oynayan sevinc qığılcımını aydınca gördü. Elə bil kişini birdən-birə dəyişdilər. Qaşqabağı açıldı. Dodaqlarının yanı azca əyildi. Parlaq dişləri göründü. Atası da belə idi. O da sevinəndə bu cür qımışardı.

– İçin, - deyə Aleksey Osipoviç stəkanı onun qabağına qoydu. İvan Filippiçsə birdən-birə şüşəni başına çəkdi. Qırmızı şərabın damlaları saqqalına süzüldü. Stəkandakı şərabı Aleksey Osipoviç özü içməli oldu.

– Neçə uşağınız var?

– Allah verəndən çoxdur. Üçü evdədir. İkisini köçürmüşəm.

– Oxuyanı varmı?

– Hardan olsun? - deyə İvan Filippiç yanıqlı-yanıqlı söhbətə başladı. Artıq o çəkinmir, Özünə həmdərd tapmış adam kimi ürəyini boşaldırdı. - Özünüz görürsünüz ki, qocalmışam. Külfət çox, faytondan başqa da bir şeyim yoxdur. Bununla da indiki zəmanədə arvad-uşaq saxlamaq çətindir. Kim istəməz balası oxusun? Amma neyləyim, kasıblığın üzü qara olsun, oxuda bilməmişəm. Bircə kiçik oğlum dörd il məktəbə getdi.

– Bəs indi nə işdədir?

– Heç nə. Özünü ora-bura vurur, amma əlindən bir şey gəlmir. Bir həftə bundan qabaq Bakıya iş axtarmağa getmək istədiyini mənə dedi. Deyirlər orda, neft mədənlərində iş çoxdur. Amma uşaqdır, gözümdən qoya bilmirəm.

– Neçə yaşı var?

– Bu yaz on altıya keçəcək.

– Adı nədir?

– Vaska. Vasili.

– Onu ver mənə. Düz sözümdür, niyə təəccüb edirsiniz, özümlə apararam.

– Hara?

– Qoriyə, oxumağa.

– Vallah nə deyim, bunun xərci-xəracatı var.

– Heç nə lazım deyil. Mən onu pansiona düzəldərəm. Hər şey mənim boynuma.

İvan Filippiç eşitdiklərinə inana bilmirdi. Ona görə də cavab verməkdə çətinlik çəkirdi.

– Demək, danışdıq. Tiflisə çatan kimi məsələni həll edirik.

– Olsun, - deyə faytonçu sakitcə cavab verdi.

Onlar yola düşəndə artıq qaranlıq qarışmışdı. Qarşıdakı kənd evlərinin titrək və solğun işıqları görünürdü.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Ölüləri qəbristanda basdırın

Şəhərin mərkəzindəki bağ Rəşidin ürəyinə hər yerdən çox yatırdı. Dörd yolun kəsişdiyi və bütün küçələrin birləşdiyi bu bağda həmişə qış-yay adam olurdu. İsti günlərdə ağacların kölgəsində sərinləməyə bura gəlir, soyuq havada evdə darıxan yaşlılar özlərinə həmsöhbət tapmaq üçün yenə buraya çayxanaya toplaşırdılar. Elə cavanların çoxu da burada görüşürdülər. Rəşidə şəhərin kənarında, çay sahilində güllü-çiçəkli bağlarda yer təklif etmişdilər, amma razı olmamışdı. Keçmiş təcrübəsindən bilirdi ki, belə yerlərə yaz-yay aylarında müştəri çox gəlsə də, hava soyuyub göyün üzü bozaran kimi seyrəlirdi. İki-üç saatdan bir altında maşın olan kefi kök adamlar görünür, onlar da bir-iki saat oturub gedirdilər. Sonra sükutdan qulaq cingildəyirdi. Amma Rəşid istəyirdi ki, hamıya qulluq eləsin, atlıya da, piyadaya da. Dəqiq bilirdi: kooperativ restoran şəhərin mərkəzində olsa, bütün fəsillərdə hamı axışıb bura gələcəkdi, heç bircə saat da müştərisiz qalmayacaqdı. Fikrini rayonun rəhbər işçilərinə də demişdi, razı olmuşdular. Üstəlik də söz vermişdilər ki, əllərindən gələni əsirgəməyəcəklər. Rəşid özünə köməkçilər tapmış və hər şeyi ölçüb-biçmişdi. Restoran ikimərtəbə olacaqdı. Ümumi salonu, ayrıca otaqları xüsusi planda tikiləcəkdi. Onun fikri bu idi ki, həm də yeməkxana açsın, orada nisbətən ucuz xörəklər satsın. Tənəffüsə çıxanlar, işə tələsənlər, yol adamları vaxt itirmədən nahar etsinlər. İkinci mərtəbədə xüsusi kabinələrdə isə ayrı dəmdəsgah olsun. Hətta rayonlarına yeni bir dəb də salmaq istəyirdi. Arvad-uşaqları ilə gələnlərə gözdən uzaq yerdə ayrıca otaqlar düzəldəcəkdi. İçərisini lap ev kimi sahmana salacaqdı. Hər şey ölçülüb-biçilmişdi: restoranın yanında çayxana düzəldəcəkdi. Özü də çayı bütün dəmdəsgahı ilə verəcəkdi. Səhər-səhər bal, yağ, qaymaq salma çayla. Mixəyi, darçını, kəkotusu, löyün-löyün mürəbbələri də böyründə. Elə eləyəcəkdi ki, şəhərdəki bütün çayxanalar bağlanacaq, kişilərin çoxu səhər yeməyini evdə yox, Rəşidin çayxanasında yeyəcəkdilər. Amma bir məsələ qanını yaman qaraltmışdı.Bağın ortasında köhnə bir qəbir vardı. Görünür vaxtilə bu qəbrin ətrafına dəmir mühəccər çəkiblərmiş. Sonradan paslanıb çürümüş, yağışın-qarın altında qalıb ovxalanmış, bağ-bəndi qırılıb yerə tökülmüşdü. O da hiss olunurdu ki, qəbrin dörd yanında qızılgül kolları əkilibmiş. İllər keçdikcə baxımsızlıqdan quruyub solmuş, tapdalanmış və yerləyeksan edilmişdi. Kolların kökü çürümüşdü. Amma hərdən torpaq şirələnib bahar havası ilə nəfəs alanda çürümüş kotüklərin ora-burası cücərir, tezcə də solurdu. Qəbrin özü də dağılmışdı. Nə sinədaşı vardı, nə də başdaşı. Suvağı tökülmüş, ağ daşları isə quzulayıb ovxalanmışdi. Bir-iki il də keçsəydi, bu sahibsiz qəbir torpağın altında qalıb tamam itəcəkdi. Bağa gəlib-gedən qocalardan, saymazyana, bu qəbrin kimin olduğunu soruşmuşdu. Amma düz- əməlli cavab verən olmamışdı. Hamı çiynini çəkib uzaqlaşmışdı. Rəşid niyyətini heç kəsə açmadan beş-on gün sual-cavab apardı, axırda yəqin etdi ki, qəbrin sahibi yoxdur. Restoranın himini qoyanda qəbri dövrəyə alıb, səssiz-səmirsiz, döşəmənin altına salar, beləliklə də hər şey bitər, nə dil bilər, nə də dodaq. Amma ürəyində bir səksəkə vardı. Bilirdi ki, şəhərlərdə, xüsusən də rayon mərkəzlərində, hər adamı bağda basdırmırlar...

199024 мин
I fəsil, 1

Həsən ağa eyvanı Kürə baxan evlərinin həyətində odun yarırdı. Havanın sazaq, ətrafın qırov olmasına baxmayaraq enli kürəyinin ortası tərləmişdi. Ələddinin səsini eşidəndə baltanı kötüyə sancıb dikəldi. Gödəkcəsini çiyninə saldı, ağır-ağır doqqaza doğru addımladı.– Niyə orda durubsan?

19959 мин
I fəsil, 2

Həsən ağa ətrafa səpələnmiş quru budaqlardan bir qucaq yığdı, gətirib meyitin yanında yerə tökdü. Əlləri əsə-əsə ciblərini axtardı. Kibrit çıxardıb ocaq qaladı. Meşəyə qızıl dilli alovun işığı yayıldı. Sonra iri bir kötüyü sürüyüb ocağa qoydu. Bir xeyli çartıltıyla yanan odunlara baxdı.Alan yerə yatdı. Qabaq ayaqlarının üstündə, xəzəli xışıldada-xişıldada, zingildəyə-zingildəyə meyitin bərabərinə qədər süründü. Onu imsilədi və birdən dik atılıb geri sıçradı. Həsən ağa dolmuşdu. Başını əlləri arasına alıb, için-için, korun-korun ağladı. Elə bil Alan bunu başa düşdü. Ulamasına ara verib təzədən yerə yatdı. Bu dəfə sürünə-sürünə Həsən ağaya yaxınlaşdı. İtin zingiltisini eşidən kişi əlini onun başına çəkdi. İt özünə həyan tapmış kimi sivişib ona lap yaxınlaşdı. Quyruğunu buladı, Həsən ağanın bədəninə qısıldı. Hər ikisi titrəyirdi. Həsən ağa itin bu hərəkətindən ürəkləndi, özünə həmdərd tapmış kimi oldu. Bədəninin titrəməsi azaldı. Əlini əsim-əsim əsən Alanın başına çəkdi. "İndi nə eləyək, Alan, bu dərdi kimə söyləyək? Özün gördün ki, məndə günah olmadı, bədbəxt oğlunu əcəl çəkib bura gətirdi! Özünün də evini yıxdı, mənim də. İndi mənə kim inanacaq?". Kişinin yanaqlarından yaş yuvarlandı. Elə bil Alan da ağlayırdı, ocağın işığında gözləri parıldayırdı.

19954 мин
I fəsil, 3

Şəmiddin ağa meyitə yaxınlaşdı. Diz çöküb ocaq işığında ala-bula görünən sifətinə baxdı. Əlini meyitin üzünə çəkdi. Onun təzə pencəyini, təzə şalvarına, təzə çəkmələrinə təfərrinc etdi. "Zalım balası elə bil toya yox, ölümə hazırlaşırmış", - deyə ürəyindən keçirdi. Düz bir ay qabaq Ələddini özü şəhərə aparmışdı. Gəlinə də, Ələddinə də paltarları özü almışdı. Elçiliyə də özü getmişdi. Ələddin onun gözü qabağında böyümüşdü, onu doğma balası kimi istəyirdi. Düz bir həftədən sonra toyunu edəcəkdilər. Çıraq uşağı da, Alqazaxlılar da məsləhətləşmişdilər ki, mahalın ən mahir zurnaçısı Hümməti gətirsinlər, hətta beh də vermişdilər. Aşıq Qarnet də bığını eşə-eşə sazını kökləyib gözləyirdi. Qohum-əqrəba, kəndin bütün qız-gəlini əllərinə xına yaxıb oynamağa hazırlaşırdılar. Şəmiddin ağa kövrəldi. Ayağa durdu. Atın cilovundan yapışdı. Büzüşən qardaşına baxdı.– Sən burda qal.

19954 мин

Стихи других поэтов