Содержание
  1. Yeddinci şəkil
  2. Səkkizinci şəkil
  3. Doqquzuncu şəkil

Страница 3 из 5 · 40%

Fərhad

Mənim qeydimə qaldığınız üçün təşəkkür eləmirəm, vətəndaş Bəxtiyarov. Mən öz vicdani vəzifəmi yerinə yetirəndə, həmişə mənəvi zövq alıram. Bu mənə bəsdir!.. Siz bəzəkli bir pərdə arxasında daldalanıb, əsl simanızı məharətlə gizlətmisiniz. İndi bu pərdə yoxdur!..

Bu anda pəncərədən kağıza bükülmüş bir şey atırlar.

Kərim

Xuliqanları görürsünüz? Nə isə atdılar.

Fərhad (cəld pəncərəyə yanaşır. Baxır)

Heç kəs yoxdur. (Şeyi yerdən götürüb, kağızını açır) Deyəsən məni yenə hədələyirlər... Yox, burda qutu var. (Qutunu açır. Bizim tanıdığımız boyunbağı çıxır) Eyni xətlə bir sətir yazıblar. Oxuyummu?

Əmin

Mənə dəxli yoxdur.

Fərhad (kağızı səssizcə gözdən keçirir)

Yox, mən yanılmışam. İndi hədələmirlər, rüşvət verirlər... Qəribədir, deyilmi? (Kağızı oxuyur) “Özünə bu qədər əziyyət vermə. Fabriki yandıran həbsdədir. Boyunbağını götür, üzüsulu ikən rədd ol!..”. (Əlbəyaxa vuruşda qalib gəlmiş bir bahadır kimi ucadan qəhqəhə ilə gülür) Hara rədd olum, hə? Düz yolumdan dönüb hara rədd olum, vətəndaş Bəxtiyarov? (Boyunbağının üstünü oxuyur) “Victoria”! Bu, latın sözüdür, azərbaycanca qələbə deməkdir. Mən qələbə çalandan sonra nə üçün rədd olum?

Əmin

Görürsünüzmü? Amma siz boyunbağını məndən istəyirdiniz. Bütün ittihamlarınızı rədd edirəm, vətəndaş müstəntiq!

Fərhad

Tələsməyin. (Rəhimliyə) Xahiş edirəm, telefonla öyrənin görün qızınız xəstəxanadan qayıtdımı?

Kərim

Gərək ki, o bu axşam evə gəlməyəcək.

Fərhad

Nə eybi var? Mən xəstəxanaya gedərəm. Mən getməliyəm!

Səkkizinci şəkil

Şəhər xəstəxanasında kiçik və işıqlı bir palata. Pəncərənin bərabərində görünən meyvə ağaclarının nazik budaqlarından palatanın ikinci mərtəbədə yerləşdiyi bilinir. Dibdə tək çarpayı. Çarpayıda uzanmış Cəlalı saqqal basmış, qeyri-adi bir ziya ilə parıldayan iri gözlərindən hələ də yüksək hərarət içində yandığı hiss olunur. İlk baxışda onu tanımaq çətindir. Çarpayının ayaq tərəfində dayanmış Rəfiqə termometrə baxır. O nə qədər sakitdirsə, Cəlal bir o qədər həyəcanlıdır.

Rəfiqə

Sən bunu kimdən bildin?

Cəlal

Adını soruşma. Mən ona söz vermişəm, xəbər alan olsa deməyim... Amma sən nahaq məndən gizlədirsən. Bu günü mən düz il yarım gözləmişəm. Özü də böyük səbirsizliklə. Nəhayət, mənim də sosimi eşidiblər.

Rəfiqə

Bunu sənə deyən adam yaxşılıq eləmək istəyib, amma pislik eləyib. Bax, hərarətin bir xal da artıb.

Cəlal

Yox, artmayıb. Mən özümü çox gümrah hiss eləyirəm. Rəfiqə, əgər mənim taleyimlə az-çox maraqlanırsansa...

Rəfiqə (inciyərək)

Çox sağ ol... Bu da yəqin hərarətin artmağındandır.

Cəlal

Mən elə demək istəmirdim. Sən bir şahid kimi orda olmalısan. Müstəntiqə əsil həqiqəti deməlisən!

Rəfiqə

Bu saat nə mən şahidəm, nə də sən dustaq. Bura xəstəxanadır!

Cəlal

Daha mənmi qorxum yoxdur. Ölümdən belə qorxmuram! (Ağrıdan üz-gözü əyilir) Mən artıq kəfəni yırtıb çıxmışam. Görünür bu dəfə də ölüm mənə yaxın düşə bilmədi... Yəqin ki, eşitmisən, qədim, çox qədim bir əfsanə var...

Rəfiqə

Cəlal, əzizim...

Cəlal

Rəfiqə... Bu sözü sənin dilindən eşitdiyim o aylı-ulduzlu axşamı heç bir zaman unutmayacağam. (Sükut edərək, nəfəsini dərir) Qulaq as, o qədim əfsanəyə görə Səməndər adlanan bir quş var. O daim alov içində yanır, amma yenə də ölmür. Hey yanır, yanır, amma əbədi odlara təslim olmur... Bəlkə onun canı dəmirdəndir, hə?

Rəfiqə

Yox, dəmirdən də olsa, yanıb külə dönərdi.

Cəlal

Doğru deyirsən, dəmirlə Səməndərin fərqi çoxdur. Mənim tankım da dəmirdəndi, o məhv olub getdi, ancaq mən...

Rəfiqə (qəmgin bir təbəssümlə)

Adam özünü bu qədər tərifləməz, Cəlal.

Cəlal

Bax, bunu düz deyirsən. İnsan gərək özünü tərifləməsin... Sən getməlisən, mütləq getməlisən!.. O vaxt mən ölsəydim, yad bir ölkədə, tənha bir guşədə basdırardılar. Bu mənə şərəf gətirərdi, deyərdilər ki, bu adsız-sansız əsgər ülvi bir məqsəd yolunda həlak olub... Amma həbsxanada bir cani adı ilə ömrü başa vurmaq?.. Yox, bu ölüm mənim həyatımın ağ vərəqində qapqara bir ləkə olardı... Yoxsa sən də bu ittihama inanırdın, hə?

Rəfiqə (daha da inciyərək)

Cəlal!.. Səni yaxşı tanımasaydım... Sən nələr düşünürsən, Cəlal?

Cəlal

İndi gedib hər şeyi müstəntiqə deyəcəksən, eləmi?

Rəfiqə

Yox, getməyəcəyəm. Mən inanıram ki, gec də olsa, əsil müqəssir tapılacaq.

Cəlal (qəhərlə)

Əsl müqəssir... əsl müqəssiri o zaman da tapa bilərdilər... Yalançı şahidlərə inandılar, lakin mənə inanmadılar.

Rəfiqə

Cəlal, əzizim, bəsdir. Axı, sən həyəcanlandıqca, özünə ziyan verirsən.

Tibb bacısı gəlir.

Tibb bacısı

Doktor Rəhimli, atanız zəng eləmişdi.

Rəfiqə (Cəlala, rəsmi)

Vətəndaş Qaşqay! Bir kəlmə də danışmaq olmaz. (Tibb bacısına) Bir söz demədi ki?

Tibb bacısı (Rəfiqəni kənara çəkir)

Xəstənin halını soruşurdu. Çox köyrək danışırdı. Deyəsən ağlayırdı.

Rəfiqə (həyəcanlanaraq)

Ağlayırdı? Atam? Ola bilməz!

Tibb bacısı

Nə deyim, bəlkə mənə belə gəldi? Hə, bir nəfər də orda sizi gözləyir. Deyir vacib işim var.

Rəfiqə (tələsik addımlarla gedə-gedə)

Xəstənin yanında ol. Mən bu dəqiqə gəlirəm.

Cəlal (son dərəcə məyus)

Doktoru hara çağırdılar?

Tibb bacısı

Evlərindən zəng eləmişdilər.

Cəlal

Evlərindən? Yaxşı ki, getdi. Səhərdən ac-susuzdur.

Tibb bacısı

Yox, getməz. Siz onu tanımırsınız. Doktor Rəhimlinin nəzərində naxoş, ya bacı-qardaş, təfavütü yoxdur. Üzünə baxanda deyirsən, nə yaman hirslidir, amma bir ürəyi var, brilyant kimi. Sizi operasiya eləyəndən sonra otağına qapanıb uşaq kimi ağlayırdı.

Cəlal (həyəcanını boğmağa çalışaraq)

Niyə ki?

Tibb bacısı

Nə bilim? Yəqin sizə yazığı gəlirmiş... Həmişə belədir. Xəstə ağır olanda, ölüb-ölümdən qayıdır... Cavan qız olasan, dünyanın hər nemətinə göz yumasan. Elə bil zəmanə uşağı deyil. Teatr bilməz, kino bilməz. Bir yol qaş-qabağı açılıb, üzü gülməz. Boş vaxtı olanda bir kitabdır, bir də o... Deyirlər istəklisi varmış, tutub qəzəmətə salıblar... Mən buraya keçən ay gəlmişəm. Özüm buralı deyiləm... Nə bilim, vallah, bəlkə ara söhbətidir, mənim də ki, bu cür söhbətlərdən xoşum gəlməz.

Cəlal (yerində dirsəklənərək)

Yəqin günahı varmış ki, tutublar də.

Tibb bacısı

Nə bilim, vallah? Deyirlər ki, böhtana düşüb. Doktorun özündən soruşmağa cürət eləməmişəm. Mən də elə ondan-bundan eşitmişəm. Bəlkə ara söhbətidir, mənim də ki, belə söhbətlərdən xoşum gəlməz.

Pauza

Soruşmaq ayıb olmasın, sizin üz-gözünüzə nə olub?

Cəlal

Demək istəyirsən ki, niyə belə eybəcərəm, hə?

Tibb bacısı

Yox, eybəcər niyə? Deyirəm yəni harda yandırıbsınız?

Cəlal

Əhvalat uzundur... Yerimdən tərpəndim, yaram məni incidir... Ufff!..

Tibb bacısı (təlaşla)

Günah məndə oldu. Deyəsən çox danışdım... Doktoru çağırım?

Cəlal

Lazım deyil. Qoy getsin, nahar eləsin. Yazıq səhərdən ac-susuzdur.

Fərhad Kamalov və Rəfiqə gəlirlər.

Rəfiqə

Amma şərtim var, yoldaş Kamalov. Gərək çox incitməyəsiniz.

Fərhad

Yalnız iki sual. (Cəlala yaxınlaşaraq) Vətəndaş Qaşqay, sizdən çox rica eləyirəm ki, suallarıma mümkün qədər sakit cavab verəsiniz. Rəfiqə xanımla mən şərt bağlamışam: sizə əziyyət verməməliyəm.

Cəlal

Axı siz kimsiniz?

Fərhad

Müstəntiq.

Cəlal

Mən sizi hər gün gözləmişəm. Heç vaxt ümidimi itirməmişəm. Ən ağır dəqiqələrimdə belə inanmışam ki, ədaləti məhv eləmək Səməndər quşunu öldürmək qədər çətindir!

Fərhad

İpək fabrikinin yanmağında sizi günahlandırıblar.

Cəlal (tutqun)

Bu təzə xəbər deyil.

Fərhad

Bilirəm. Soruşmaq istəyirdim ki, Bəxtiyarovun sizə göstərdiyi boyunbağı yadınızdadırmı?

Cəlal

Mən bu xüsusda ərizəmdə yazmışam. Oxumamısınız?

Fərhad

Oxumuşam. Onu təsvir eləyə bilərsinizmi? Qısaca. İki sözlə. Əsas nişanələrini.

Cəlal (xatırlamağa çalışaraq)

Beş parça brilyantı var. Ortadakı hamısından böyük idi.

Fərhad

Platindən, yoxsa qızıldan?

Cəlal

Platindən... Elə deyilmi, Rəfiqə? Mən ay işığında görmüşdüm, amma sənə gün işığında göstərib.

Rəfiqə

Cavab verim, yoldaş Kamalov?

Fərhad

Buna ehtiyac qalmadı. (Cibindən qutunu çıxardaraq) Bu qutunu necə, tanıyırsınızmı?

Cəlal

Xeyr, görməmişəm. Əmin Bəxtiyarov mənə qutu göstərmədi.

Fərhad (boyunbağını çıxardır)

Budurmu?

Cəlal

Özüdür ki, var.

Fərhad (Rəfiqəyə)

Siz də təsdiq edirsinizmi?

Rəfiqə

Bəli.

Fərhad

İkinci sualıma lüzum qalmadı, vətəndaş Qaşqay. Üzr istəyirəm. Sizə əziyyət verdim. Sağalın, qalxın. (Cəld addımlarla qapıya sarı yönəlir)

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов