Страница 4 из 6 · 50%

Düşərgə rəisinin yanaqlarına qızartı çökdü:

– Təhqir niyə, bacı? – deyə o, şəxsən özünün nə isə ciddi bir səhv buraxdığını, ancaq bu səhvi hələ də dərk eləməkdən aciz qaldığını büruzə verdi. – Mən ki, sizə elə təhqirli bir söz demədim...

Mən indi çəkinə-çəkinə yox, cəsarətlə, kirpiyimi bir dəfə belə qırpmadan onun üzünə baxdım.

– Tək sizin yox, bir çoxlarının da qadınlar haqqında təsəvvürü köhnəlib. Belə görünür ki, şəhərdə, kənddə ən ağır işlərin öhdəsindən gələn qadınlardan xəbəriniz yoxdur. Lap sizin respublikanızda belələri azdırmı?

– Aaa... – deyə o, indi artıq rəngdən-rəngə girməyə başlayıb kəkələdi. – Sizinlə ehtiyatlı davranmaq lazımdır, bacı... Əgər könlünüz varsa, buyurun, o biri qadınlara nümunə göstərin.

– Mən tək özümü nəzərdə tutmuram, – dedim, – mən də işləməyə hazıram, ancaq mən ümumiyyətlə burdakı qadınları nəzərdə tuturam.

Niyazov çətin vəziyyətdən belə asanlıqla çıxdığına sevinmiş kimi gülümsündü:

– Buyurun, buyursunlar, – deyə mənim töhmətli baxışlarımdan yaxa qurtarıb, o biri qadınlara üz tutdu. – Gəlin, vətəndaş qadınlar... Ancaq əliniz qabar olsa, şikayətinizi dinləyən deyiləm!

O, kişilərin dəstəsi ilə bərabər uzaqlaşdı və bayaqkı yerdən bir az bəridə, ikinci çadır üçün ayırdığı sahəni göstərdi.

Bu anda kim isə mənim qolumdan yapışdı. Dönüb baxdım: qadın idi. Ağır və yabançı gözləri ilə az qala məni yeyəcəkdi:

– Buyurun, – dedim,

– Buyurmağım yoxdur, – dedi, – qadınlar səni vəkil eləməyiblər. Elə biri mən!.. Nə vaxt demişəm ki, mənim də adımdan danış?

– Siz haqlısınız, – dedim, doğrudan da məni vəkil eləməmisiniz, ancaq mən belə düşünürəm ki, bundan sizə yalnız xeyir gələ bilər.

– Qadın onun şişmanlığına işarə vurduğumu dərhal anlayıb, azca qızardı.

– Adam hərəkətsiz qalanda yaman piylənir, bunun da ki, ürəyə çox ziyanı var. Bir də axı, kənarda oturub kişilərə tamaşa eləsək, işsizlikdən bağrımız çatlamaz?

– Yox, mənim bağrım çatlamaz. Ona görə də deyirəm ki, öz adından danış. Mən ömrümdə əlimə lapatka götürməmişəm. Bəlkə sən nökərçilikdə böyümüsən, onu bilmirəm. – O, hirsli-hirsli əlimi əlinə aldı və deyəsən təxmininin doğru çıxmadığını görüb tutulan kimi oldu.

– Sən ki, nərmə-naziyin birisənmiş, bu əlnən yer qazmaq istəyirdin?

– O, mənimlə artıq hər şeyi açıq danışa biləcəyini kəsdirib nə isə çox intim bir əda ilə dedi: – Ay qız, mən sənə də acıyıram, görünür, nəcib ailədənsən, naz-nemət içində böyümüsən. Evindən-eşiyindən didərgin saldıqları bəs deyil, hələ bir qara fəhlə kimi lapatka götürüb torpaq da qazıyasan? Sən bunların dədəsinin nökərisən?

Əlimi onun əlindən çəkdim:

– Mən də öz adımdan heç kəsi vəkil eləməmişəm, – dedim, – bəli, nəcib ailədənəm. Fəhlə ailəsindən!.. Siz çox nahaq yerə məni özünüzə tay bilirsiniz!

Qadın görünür, nə qədər cəsarətli olduğunu ətrafındakı adamlara da göstərmək üçün səsinə güc verdi:

– Bunlar səni də, məni də özlərinin əlibağlı qulu kimi işlətmək istəyirlər, mən lap qəzəmətdə çürüməyə razı ollam, amma bu zülmə yox!.. Ay bədbəxt, mənim sənə də yazığım gəlir, çünki pis-yaxşı sən də bizdənsən...

Mən dözmədim:

– Axı, siz kimsiniz?

– Necə yəni kim? Hələ bizim kim olduğumuzu da bilmirsən?

– Yox, bilmirəm.

– Biz – yəni azərilər!..

– Mən azərbaycanlı olduğumu danmıram. Mən bununla həmişə fəxr eləmişəm, – dedim, – ancaq mən özümü sizdən saymıram. Çünki azərbaycanlılar mənim mənsub olduğum xalqdırsa, – o, heç vaxt sizin kimi zəhmətə bu cür nifrət gözü ilə baxmayıb!

– Mən zəhmətə zidd deyiləm, ancaq bu şərtlə ki, bu zəhmətdən mənim millətimə bir xeyir gəlsin. Başa düşdün? Millətimə...

Adamlar yavaş-yavaş ətrafımıza toplaşır və bizim mübahisəmizi dinləməyə başlayırdılar. Yanaqlarından az qala qan daman, enli gərdənli, danışdıqca bədəni ləngər vuran bu qadın Sədi Kamalın bayaq dediyi millətçiləri mənim yadıma saldı.

– Bilirsən nə var, xanım? – deyə mən ona nə isə çox tutarlı bir cavab vermək istədim.

– Nə var?

– Məni yandıran odur ki, məni sənin kimilərinə yoldaş eləyiblər! Bu, doğrudan da böyük təhqirdir!.. – deyə onu yumruqlamaq arzusundan özümü güclə saxlayıb, Niyazovla bərabər bizdən aralanan dəstəyə sarı getdim.

Bu anda ovcuna tüpürüb günəşdə parıldayan lapatkanı torpağa düz bir qarış dərinlikdə batıran Sədi Kamal mənim nə məqsədlə gəldiyimi başa düşüb dedi:

– Ay bacı, rəis haqlıdır, sən bizə baxma, bərkə-boşa düşüb öyrənmişik. Bir də sən özünü pambıq becərən arvadlarla müqayisə eləmə. Sənin üçün çətin olar. Cılız, nərmə-nazik bir qadınsan...

– Çətin niyə olur? Müharibə başlanan günlərdə iki metr dərinliyində xəndək qazanlardan biri də mən deyildim? – deyə mən kişilərin neçəsindən lapatka istədimsə də heç biri vermədi.

Niyazov da mənə baxıb, boy-buxunumu istehza ilə süzdü:

– Görürsənmi, bacı, – dedi, – bax, bunlar da mənim sözümü təsdiq eləyir... Ancaq tələsməyin. Burda hamı üçün iş tapılacaq. Biz sizi başqa yerdə, kolxozda, sovxozda da yerləşdirə bilərdik. Ancaq görünür yuxarıda rəis yoldaşlardan hansısa belə məsləhət görüb. Demək istəyirəm ki, əzab-əziyyətiniz olacaq. Sizin sənətiniz nədir?

– Elmi işçiyəm, – dedim. – İnşaat mühəndisi.

Rəisin istehzalı təbəssümü bir an içində yox oldu, özündən böyük bir rəisin qarşısında rəsmi-təzim eləyirmiş kimi ehtiramla dartındı.

– Bu daha gözəl.. Mənim belə bir sənətim olsaydı, dünyada özümü xoşbəxtlərin xoşbəxti sayardım! Deməli, sizi gərək gözümüzün üstündə saxlayaq.

Mən onun sözlərində kinayə axtardım, ancaq bu, əbəs idi: o, mənə heyrətlə baxır və tamam ciddi danışırdı.

– Sizin içərinizdə mühəndislər olduğunu mənə demişdilər, fikirləşirdim ki, bunlar yəqin neft mühəndisləridir.

– Yox, – dedim, – nahaq elə fikirləşmisiniz. Bakıda da həmişə tikinti işləri aparılır! Hələ mən gözəl memarlarımızı demirəm, yüzlərcə inşaat mühəndisimiz var.

– Ona görə də siz nahaq tələsirsiniz. Siz burda kənd salmağa yaxşıca kömək elərsiniz, – deyə Niyazov işləyənlərə baxdı və kimə isə xəndəyi o qədər də dərin qazmamağı tapşırıb, yenə mənə üz tutdu:

– Görürəm ki, siz bura göndərilməyinizdən o qədər də qəzəblənməmisiniz...

– Yox, haqlısınız, qəzəblənmişəm, – dedim, – ancaq məsələ burasındadır ki, buralar da mənim nəzərimdə qürbət deyil.

Niyazov, deyəsən, mənimlə söhbət eləməkdən xoşhal olurdu. Nə isə deməyə hazırlaşırdı ki, birdən Rəcəb kişi lapatkasına söykənərək, şəhadət barmağı ilə alnının tərini siyirərək, düşərgə rəisini səslədi:

– A yoldaş nəçənnik, susuzluqdan bizi niyə qırırsınız?

Niyazov ona bir söz demədi, maşınlar gedən yola tərəf boylandı və dodağının altında kimi isə söyüb yamanladı.

Rəcəb kişidən sonra Sədi Kamal, onun da dalınca o biri kişilər deyinməyə başladılar: – Aclığa birtəhər dözmək olur, amma susuzluğa...

– Vətəndaş rəis, əgər mümkünsə özümüz gedək su gətirək. Nə olar, üstümüzə keşikçi də qoyun!

Birdən Niyazovun sifəti dəyişdi:

– Nə keşikçi?! Mən axı dedim ki, siz dustaq deyilsiniz. Neçə kərə demək olar, birdəfəlik başa düşün ki, bəzi mülahizələrə görə sizin ancaq yaşayış yeriniz dəyişdirilib. Aydındır? Qaldı su...

Rəcəb kişi ona qulaq asa-asa mızıldanırdı:

– Dəyişməyinə çox şey dəyişib, ay nəçənnik. İntaası sənnən çənəbazar eləməyə hövsələm yoxdur, lap ürəyim yanır. Heç qəzəmətə düşənlərə də bu əzabı vermirlər...

Bizim söhbətimizdən elə bil bütün düşərgə xəbər tutdu. Gün günorta yerinə qalxdıqca, hava istiləşdiyindən, susuzluq çox adamı əldən salırdı.

Düşərgədən böyük bir dəstə adam ayrılıb Niyazova sarı yönəldi. Onların içərisində bayaqkı qadın da gözümə dəydi. Ancaq o, özünü rəisə göstərməmək üçün ucaboylu kişilərin dalında gizlənirdi.

Niyazov bir az əvvəl söydüyü adamın adını, familiyasını çəkib ucadan deyindi: – Günah ondadır. Görürsən yaramazı? Hardasa veyllənir. Gərək indi çoxdan qayıtmış olaydı... – O, sağ əlini havaya qaldırdı:

– Vətəndaşlar, bir az səbir eləyin!

– Nə vaxta qədər? – deyə qadının qabağını kəsmiş caydaq kişi zil səsi ilə qışqırdı. – Bizi dilsiz-ağızsız görmüsünüz?

– Vətəndaşlar, – deyə Niyazov izdihamı sakitliyə çağırdı. – Vallah, mən özüm də bərk susamışam. Su dalınca göndərdiyim adam nə üçünsə gecikib...

İzdiham sakitləşmək əvəzinə daha da zəhmli bir uğultu qopartdı:

– Su, su, su!..

Doğrusu Niyazovun sözlərinə mən ürəkdən inanırdım. O, tez-tez yaylığını çıxarıb alnının və boynunun tərini silir, nəfəsi daralmış halda az qala ləhləyirdi. O qadın bir də gözümə sataşdı. Mənə elə gəldi ki, o, yanındakı adamları tovlaşdırır, amma özü irəli yeriyib, bir söz deməkdən çəkinirdi. Mən də “su!” deyə fəryad eləyənlərə qoşulmaq istədiyim halda, bu narazılığa onun istiqamət verdiyini görüncə fikrimdən daşındım. Sədi Kamal rəisin köməyinə gəldi:

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Sabir – novator

Deyilənə görə XIX əsrdə Azərbaycan ədəbiyyatı meydanına yüzdən artıq “şair” gəlmişdir. Bunların da çoxusu tamamilə unudulmuşdur. Bunda xalqı taqsırlandırmaq olarmı? Yox. Müqəssir yalnız şairlərin özüdür. Xalqımız gözəl şairlərini sevməyi bacarır. Buna bir neçə misal da göstərə bilərik. Budur, dindarların, molla və axundların tələbi ilə böyük bir insan, dərin bir filosof, gözəl bir şair işgəncə ilə öldürüldü. Onu ölümlə xatirələrdən silmək istədilər, lakin xalq, avamlıq dünyasının qatı qaranlığı içində parlayan bu məşəli sönməyə qoymadı, bəlkə, tərsinə, onu günəş kimi daha da yüksəklərə qaldırdı, onun nurunu içdi, *lakin yenə də yuxulu gözlərini aça bilmədi, yalnız aşıqların qəmli səsi* ilə uzun əsrlər boyu dərdli-dərdli inlədi:Nəsimini dabanından soydular!..

19364 мин
Böyük aşıq

Azərbaycan aşıqları içərisində ən görkəmli yeri Göyçə mahalının xalq aşıqı Ələsgər tutur. Bir əsrdən artıq yaşamış bu böyük aşıq, elə bir bədii səviyyəyə yüksəlmişdir ki, bu gün biz onu Vaqif, Vidadi kimi şairlərimizlə yanaşı tədqiq edib öyrənsək, ona ədəbiyyat tariximizdə olduqca fəxri bir yer versək, məktəblərimizin ədəbiyyat dərsi proqramlarına belə salsaq heç yanılmarıq. Çünki Aşıq Ələsgərin qoşmaları, təcnisləri, dodaqdəyməzləri, həcvləri yüksək mündəricə ilə yanaşı ən zəngin şeir formalarını da qavrayır. Aşıq Ələsgər böyük bir talantdır. Heç də təsadüfi deyildir ki, bu günkü aşıqlarının çoxu onu öz müəllimi hesab edir.Ələsgər şüurlu olaraq öz yaradıcılığı qarşısında müəyyən vəzifələr qoyur. Dünya filosoflarının estetik görüşlərindən tamamilə xəbərsiz olan bu böyük sənətkarın özünə məxsus müəyyən ədəbi kodeksləri də vardır. Görün o, aşıqdan nə tələb edir:

19385 мин
M.F.Axundovun dramaturgiyası haqqında bəzi qeydlər

Deni Didro “Dramatik poeziya haqqında”kı kitabında yazır: “Əsər barəsində düzgün mühakimə yürütmək üçün onu başqa əsərlərlə müqayisə etmək lazım deyildir”.Bu fikir müəyyən dərəcədə doğrudur. Müəyyən dərəcədə deyirik, çünki bəzən yerli müqayisə xeyir verə bilər. Lakin Didro bu fikri söylərkən bitkin sənət əsərlərini nəzərdə tutur. Xüsusən dramlardan bəhs edildiyi zaman, müqayisə, tədqiqatçıdan böyük risq tələb edir.

194026 мин
Dahi sənətkar

I**Molla Nəsrəddinin ölümü günündən on il keçir. Biz bu “ölüm” sözünü şərti olaraq işlədirik çünki o özündən sonra da əsrlər boyu yaşayan ölməz, dahi sənətkarlar qəbilindəndir.

194210 мин

Стихи других поэтов