Страница 5 из 5 · 80%

Sən demə, özümü xoşbəxt sandığım bu günlərdə mənim fəlakətim başlanırmış.

Opera və balet teatrında verdiyimiz böyük konsertin sonunda, filarmoniyanın direktoru mənə yanaşıb xəbər verdi:

– Saat on birdə Mollayev yoldaşın evinə qonaqlığa çağırılırsan!

Əlbəttə, sevindim. Konsertdə altı-yeddi nömrə oxumağa məcbur eləmişdilər. Yenə də əl çəkmirdilər. Mən isə oxumaq istəmirdim (həmişə bir qədər az oxumağı, həddindən çox oxumaqdan üstün tuturam). Hökumət lojasında qonaqlarla birgə oturmuş Mollayevdən əmr gəldi:

– Oxusun!..

Bundan sonra qonaqlığa çağırılmaq da xüsusi hörmət nişanəsi idi. Getdim. Trio ilə xalq mahnıları oxudum. Amma çox yorulmuşdum. Fürsət tapıb evə qaçmağa çalışırdım. Bu vaxt tənəffüs verdilər. Saat birdi. Kino-film göstərəcəkdilər. Mollayev məni yanına çağırtdırdı, özü ilə yanaşı oturtdu. Bu da, şübhəsiz, ehtiram əlaməti idi. Film göstəriləndən, tez-tez qulağıma sarı əyilib, bəzi eyhamlar vurmağa başladı: guya mən ona qarşı etinasızam. Başqaları onun təklifindən məmnun olduğu halda, mən asanlıqla boyun qaçırıram. Ancaq nahaq. Ehtirama qarşı ehtiramsızlıq heç də məziyyət sayıla bilməz.

– bu gün qəsdən sifariş yolladım ki, ən yaxşı nəğmələrindən birini oxuyasan, bu yoldaş, – o, sağ tərəfində oturmuş moskvalını deyirdi, – sənin mükafat almağına kömək eləyə bilər.

Mən soruşdum:

– Nə mükafat?

– Ölkəmizdə ən yüksək mükafat!.. – deyə o, kiməsə eşitdirmək üçün ucadan səsləndi, tamaşa salonunda işığın sönməyindən istifadə eləyib və yəqin ki, sərxoş olduğu üçün hər növ etikanı unudub, mənim açıq çiynimdən öpdü.

– Yaxşı deyil, – dedim.

– Sənin üçün, yoxsa mənim üçün?

– Elə hər ikimiz üçün.

Görünür, o, özünü iyirmi-iyirmi beş yaşlarında gəncə bənzətməyin nə qədər gülünc olduğunu hiss eləyib, bir daha o cür açıq-saçıq hərəkətə yol vermədi və qulağıma sarı əyilib heç nə demədi, yalnız axırda, qonaqlar dağılışıb getməyə hazırlaşanda, məni bayaq yanında oturmuş moskvalıya təriflədi:

– Özü öz qiymətini bilmir, bu cür müğənni bütün Sovetlər İttifaqında iki, ya üçdən artıq olmaz, deyilmi?

Qonaq, deyəsən, onun cəhalətinə kinayə ilə gülümsəyərək üzünü başqa səmtə çevirdi. Mən özüm də onun tərifinə şərik deyildim. Mənim kimi oxuyanların sayı Mollayevin düşündüyündən qat-qat çox idi və məni kimin isə nəzərində ucaltmaq üçün həqiqəti belə gülünc şəklə salmağa da heç bir ehtiyac yox idi.

Bu qonaqlıqdan iki gün sonra Elman qastroldan gəlib çıxdı və onun yanında məni təkrar Mollayevin bağına çağırdılar.

– Xəstəyəm, gələ bilməyəcəyəm, – dedim.

Elman soruşdu:

– Kim idi, hara çağırırdı?

Mən Mollayevin məqsədini Elmana söyləyib ürəyinə şübhə salmaq istəmədim.

– Konsertə çağırırlar, – dedim.

Yekəpər kişi qapının ağzında görünəndə Elman onu tanıdı:

– Yoldaş Mollayevin mühafizəçisidir, – dedi. – Xeyir ola, görəsən niyə gəlib? Buyurun, yoldaş Soltanəli, sizə kim lazımdır?

O, muştuluq almaq üçün şad xəbər söyləməyə hazırlaşır kimi fərəhlə dedi:

– Xozeyin Ceyran xanımı çağırır! Qonağı var...

– Mən dedim ki, getməyəcəyəm Boğazım xəstədir, soyuqlamışam.

Elman bu cavabımdan razı qalmadı.

– Ceyran, o cür adamın təklifindən boyun qaçırmaq olmaz, axı.

– Niyə olmur? – dedim. – Mollayev yoldaş mədəni adamdır, bilir ki, bu cür xəstə boğazla oxumaq mənə çox ziyan vura bilər.

– Hər halda get, Ceyran, hörmət üçün, özü də görər ki, doğrudan da xəstəsən.

– Yox, o mənim sifarişimə də inanar, – dedim, – qoy məclisinə başqa bir oxuyan çağırtdırsın.

– Ağəz, sən tək özünü yox, Elman qədəşi də bədbəxt eləyirsən, – deyə Soltanəli öz şefinin neyləyəcəyini əvvəldən bilirmiş kimi, kədərdən qəddi bükülmüş halda çıxıb getdi və mən ilk dəfə yalnız indi başa düşdüm ki, xalq demişkən, mənim ələyim, xəlbirim də göydə fırıldayıb.

O günün sabahısı tanımadığım bir adam gəlib Elmanı apardı. Bir saat gözlədim, gəlmədi, iki saat gözlədim, xəbər çıxmadı. Axşam oldu. Şər qarışdı. Nəhayət qapı döyüldü. Elman, o bahadır oğlan, cücə kimi büzüşüb qayıtmışdı. Hər ikimiz – mən və qayınanam ona eyni sualı verdik?

– Hardaydın? Sənə neyləyiblər?

O, mənim gözlərimə düz baxa bilmirdi. Sualıma cavab vermək istəmirdi.

– Niyə dinmirsən, Elman? Hardaydın?

– Sonra, sonra... – dedi, paltarlı-paltarlı divanda uzandı və əllərini başının altına qoyub gözlərini yumdu, ancaq bir dəqiqə belə yatmadı.

Gecədən xeyli keçmiş, yazıq anasını da intizarlı qoyub, yataq otağına getdi. Başına gətirilən müsibətləri heç kimə, hətta ailə üzvlərinə də danışmayacağını vəd elədiyi aydın idi.

Üst paltarını çıxaranda, özümü saxlaya bilməyib qışqırdım. Kürəyinin, çiyninin, qollarının yumşaq ətində gördüyüm qara zolaqlar, əfi ilanlar kimi qorxunc və heybətli idi.

– Dəniz qırağına aparmışdılar, – dedi, – bax, bir daş altda, bir daş üstdə. Bir mən bilirəm, bir də sən. Dedilər ki, “bu günlərdə əxlaqsız qadınların gizli mənzilini tapmışıq. Arvadın Ceyran xanımı da orda tutmuşuq”. Əlbəttə, o dəqiqə bildim ki, böhtandır, amma yenə də soruşdum: “Nə vaxt?”. Dedilər ki, “bu ayın dördündə”. Mən güldüm. Soruşdular: “Niyə gülürsən?”. Dedim: “Ağlamayacağam ki? Bu ayın dördündə Ceyran xanım doğum evində idi. Əgər onu böhtana salmaq lazımsa, heç olmasa günahını ağıllı uydurun”. Dedilər: “O qəhbəni boşa getsin”. Dedim: “Hər nədir, məqbuldur”; dedilər: “ yoldaş Mollayev də belə məsləhət görür”. Dedim: “Mollayev böyük adamdır, ixtiyar sahibidir, onun ayağı biləni, bizim başımız bilməz, ancaq mənim ailə məsələmə nahaq qarışır”. Quduz it kimi töküldülər üstümə. “Onu boşamağa söz verməyincə, səni bax beləcə əzişdirəcəyik” dedilər. Əlacım kəsildi, razı oldum. Dilimdən kağız alıb buraxdılar... Hazırlaş, Ceyran, sabahdan gərək başımıza bir çarə qılaq. Köçüb bir yana əkilək...

Sabahısı biz əkiləncən üstümü aldılar. Qabaqlarına qatıb, dəniz qırağına gətirdilər. Sonrasını özünüz gördünüz...”

Ceyran xanımın dedikləri əvvəlcə mənə yuxu kimi göründü, yəni düşündüm ki, belə hadisələr, yalnız röyada ola bilər, ancaq bir azca sonra gəlib düşərgəyə çatdıq, yeni tanışlarımızı gördük. Bu vaxt müğənni qadından eşitdiyim hekayətin acı və qorxulu bir həqiqət olduğunu yəqin elədim...

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов