Страница 4 из 4 · 75%

Bir yaz gecəsi idi. Hər tərəfi əsrarəngiz bir sükut bürümüşdü. Gediş-gəlişdən bir əsər yox idi.

Nazlı hamını yuxuda qoyub paltarını geyindi və səssiz addımlarla dişarı çıxdı: “Mən haraya gedirəm?” – deyə öz-özünə danışmağa başladı: “Atamın yanına gedə bilərəmmi? Yox, mən ancaq anamın yanına gedəcəyəm!” – dedi.

Nazlı, evin böyründən uzanan cığırla yüyürdü. Cığırın hər iki yanından uzanan yaşıl otlar Nazlının nəzərində böyüyür, nərəsi bir adam kimi onu qorxudurdu. O, gözlərini qaranlığa zilləyərək dörd yanını nəzərdən keçirirdi, qulağını şəkləyib ətrafı dinləyirdi.

Nazlı zəif bir yarpaq kimi titrəyirdi, onun dodaqları əsir, ürəyi də şiddətlə döyünürdü. O, elə bil öz içindən belə bir səs eşidirdi: “Nazlı, yaxşı iş görürsən, qaç qurtar, əzizim!”.

Nazlı evlərinə yaxınlaşdı. Səssiz addımlarla içəri girdi.

Evdə hamı yatmışdı. Yatanların zəif hənirtisindən başqa heç bir səs eşidilmirdi. Nazlı bu ailənin, əskidən, çox əskidən ən mehriban, ən istəkli bir üzvü idi. Onun buraya girməyə və istədiyi yerdə yatmağa ixtiyarı vardı. Ancaq o, atasının qorxusundan yenə də titrəyirdi. Nazlı bu qorxunu güclə unudaraq irəlilədi və anasının yanında oturdu. Titrək bir səslə:

– Ana! – dedi.

Çox sayıq yatan qarı bu səsə diksinərək qalxdı və qızını tanıdı.

– Bala! – deyə onu bağrına basdı. Bir müddət qolları arasında sıxdı, üzündən bir neçə dəfə öpdü. Nazlını yenə də buraxa bilmədi. O, qızını yırtıcı bir canavar pəncəsindən zorla almış kimi idi. Hisli çırağı yandırıb, yanında qızı üçün yer saldı. Bunların söhbətinə Abdulla kişi də oyandı. O, Nazlını görər-görməz özünü itirdi. Qocanın zəif vücudu titrədi; dişləri qıcırdadı; əvvəlcə Nazlını boğub parçalamaq istədi. Lakin... övlad məhəbbəti buna yol vermədi. O, qəmgin gözlərilə qızına baxdı:

– Nazlı, səndə təqsir yoxdur, bala! Müqəssir Həmzə kimi baş kəsən quldurlardır.

Nazlının kiçik qardaşı və bacısı da oyandı. Nazlı onları qucaqlayıb üzlərindən öpdü. Ailəni qaplayan kədər, elə bil bir an içində silinib getdi. Onlar sanki yenicə yaşamağa, yenicə şənlənməyə başlayırdılar.


Həmzə bu həqarətə dözə bilmədi. “Nazlının boğazını sərçə kimi üzəcəyəm” – deyə öz-özünə mırıldandı. Lakin o, düşmənçiliyin yenidən başlanacağını bildiyi üçün bu işə soyuqqanlı yanaşdı. O indi Nazlını sevmirdi. Ancaq onu ələ gətirmək üçün bütün kəndə çaxnaşma salmışdı. Sabah tezdən, Nazlının gecə vaxtı, ərinin qoynundan durub qaçdığını söyləyənlərə o nə cavab verəcəkdi?

Eşikdən Həmzəni çağırdılar. Yaxın yoldaşlarından bir neçə nəfər, onu görmək istəyirdi.

Həmzə onların yanına gedib, nə üçün gəldiklərini soruşdu. Onlar Həmzənin kefsiz olduğunu görüb, heç bir şey demədilər. Ancaq əziz yoldaşı belə ağır bir vəziyyətdə qoyub getmək olmazdı. Dəliqanlılardan biri:

– Həmzə! İndi nə cür tədbir görmək fikrindəsən? – deyə soruşdu.

Həmzə bir müddət dinmədi, yalnız çiynini çəkdi və sonradan-sonraya:

– Nazlını zorla alıb gətirməliyik! – cavabını verdi.


Tutqun havalı bir yaz gecəsi... Məhəmmədlilər tərəfindən Abdulla kişinin evinə doğru gedən üç-dörd qaraltı görünür. Onları daxmaya doğru dünənki əhdləri çəkib aparır. İndi Nazlını zorla gətirməyə gedirlər.

Həmzə dodağını çeynəyir, arvadına qarşı ürəyində düyüm bağlayan ədavəti boğub məhv etməyə çalışır.

– Kərim! – deyə yoldaşını səsləyir, – aşağıdan gedin, görən olar!..

– İndi hamı yuxudadır, kim var, kim görə?

Onlar irəliləyirlər... Ancaq Nazlını evdə tapa bilməyib kor-peşman geri qayıdırlar. Nazlı tövlədə kiçik qardaşı ilə qucaqlaşıb yatır. O, rahat yuxuda, bu adamların gəlməsindən xəbər tuta bilməz ki?..

Abdulla kişi də bu gəzintidən xəbərsizdir. O da yatır. Heç oyanmaq fikrində də deyil. Çünki insan oğrularını heç gözləmir...


– Yenə bizdən nə istəyirlər? Kişi kimi barışıb əhd-peyman eləmədikmi? Nə üçün yenə də bizim çobanları incitməyə başlayıblar? – deyə Əhməd dünən olmuş hadisəni öz yoldaşlarına söyləyir.

Dəliqanlılardan biri:

– Canım baş tutmaz, bu barışığın axırı yoxdur! Onlar qandan əl çəkən məxluq deyillər, – deyə əlavə edir.

Əhməd:

– Yox, yox! Buna cavab vermək lazımdır. Gedək Həmzəni çağıraq deyək! Görək bu nə əhvalatdır? – deyir.

Hamı bu məsləhətə razı olur, kəndin ortasına doğru gedirlər. Xəncər və tüfəngləri yanlarındadır. Onlar hər zaman ehtiyatlı tərpənirlər. Əhməd tüfəngini doldurub, xəncərini də sağ tərəfdən asmışdır. Başındakı qıvırcıq tüklü papağını gözünün üstünə basıb, ağır addımlarla gedir, Həmzəgilə yaxın bir yerdə durur, onu səsləyir. Kəndin başqa dəliqanlıları da yavaş-yavaş toplaşırlar. Əhməd gülərüzlə Həmzəyə:

– Sizin, – deyir, – çobanlarınız bizim qoyduğumuz şərtdən deyəsən xəbərsizdirlər, uşaqları döyüb qoyun aparıblar.

– Əhməd! Sən öləsən bizim xəbərimiz yoxdur. Mən onlara tapşırmışam, görünür nəyin üstə isə dalaşıblar, – deyə Həmzə onu qarşılayır.

Əslində bu Həmzənin işidir. O, çobanlara sifariş göndərib, aranı qarışdırmağı tapşırmışdır. Ancaq hər kəs razılıq edib, evə qayıdır. Məsələ sülh yolu ilə həll olunur.

IV

Qış girmək üzrədir. İki gün əvvəl seyrək-seyrək qar düşməyə başlamış, havalar soyumuşdur. Ancaq kənddən dava-dalaş, səs-küy azalmır. Kəndin ortasında yenə qalmaqal qopmuşdur.

Vəli Hacı oğlu adında bir qolu zorlu, əhmədlilərdən olan bir kəndlinin üstünə bağırır:

– Dörd ay gəldi keçdi verdiyim on manatı niyə geri qaytarmadın? Mən bu pulu divan gücünə sənin qabırğandan çıxardaram.

Dəliqanlılardan bəziləri də buradadır. Əhməd yenicə odun gətirib, çörək yedikdən sonra tez yığıncağa gəlmişdir. İndi Hacı oğlu dinmir. Kəndlinin cavabını dinləyir:

– Vəli dayı! Axır biz o qədər də etibarsız adam deyilik, uşaqlar şəhərə heyvan aparıblar, satıb pulunu gətirəcəklər. Sənin on manatını günü sabah verərəm.

Bu halda aşağıda hay-küy qopur. Bir tüfəng səsi eşidilir. Hamı söhbəti buraxıb o tərəfə yüyürür. Əhmədin əmisi oğlunu məhəmmədlilər öldürmüşlər. Onun meyiti kəndin ortasında qalmışdır.

İlxı otaran, xam atları sulamaqdan gətirərkən, bir neçə at biçənəyə düşür. Bir qədər yeri ayaqlayır. Ona görə at otaranı döyüb başını yarırlar. Əhmədin əmisi oğlunu öldürən ilxı otaranın qardaşıdır.

Bu hadisə köhnə düşmənçiliyin yenidən başlanmasına səbəb olur. Əhmədin qanı coşur, xəncərini çıxarıb onun dalınca yüyürür.

Çox keçmir, ətrafı gurultu bürüyür. Əhmədi tutub evlərinə aparırlar. O, adamların arasından çıxaraq əmisi oğlunun intiqamını almaq istəyirsə də, mümkün olmur.

– Mən bu binamusluğu qəbul edə bilmərəm. Siz məhəmmədlilər öz nəslinizin tərəfini saxlayırsınız, – deyə onu aparmaq istəyənləri hədələyir.

Həmzə ona qarşı durub nəsihət vermək istəyirsə də, qızmış adama bu sözlərin zərrə qədər də təsiri olmur.

– Burax deyirəm, canım! Burax! – kimi əmrlər verir, yenə də bir nəticə çıxmır. Onu dörd tərəfdən əhatə edib əllərini tutur və evinə aparırlar.

Kənd üzərini çulğayan axşam qaranlığı hər tərəfi sükuta qərq edir.


Kəndə göndərilmiş müəllim çox həvəslə uşaqları toplayıb dərsə başlamaq arzusu ilə hazırlıq görürdü. O hələ gənc və təcrübəsizdi. Lakin düşüncəli və ciddi bir adam olduğu üçün, kəndliləri avamlıqdan qurtarmaqla, bu kimi hadisələrin qarşısını alacağına əmindi. Ona görə gəldiyi gündən işə başlayıb, çalışırdı.

Ancaq bu zavallı da çox davam edə bilmədi. Kənddə açılan məktəb, iki düşmən nəsli maraqlandırmadığı üçün müəllimi birdəfəlik qovmaq və xalqın canını “qurtarmaq” üçün çalışırlar. Onlar məqsədlərinə də çatdılar.

Məhəmmədlilər bir adam göndərib onu hədələdilər.

Müəllim tutqun havalı bir gündə şəhərə yola düşdü. Onunla bərabər Əhmədli mollası da gedirdi. Müəllim bir daha kəndə qayıtmayacaqdı.

Gənc müəllim molladan utanmayıb sözünü açıqdan-açığa deyirdi:

– Xalqın avamlığı, səninçün əlverişlidir, deyilmi?

Molla dodaqaltı gülür, gözlərini tez-tez qırparaq cavab verirdi:

– Xalqı avamlıqdan qurtarmaq mənim vəzifəmdir. Bu riyalı sözlər, müəllimin yalnız acı-acı gülməsinə səbəb oldu.

İndi o həm avamlığın, həm də mollanın qarşısında məğlub olub şəhərə qayıdır, ağır düşüncələrdən ayrıla bilməyib tez-tez köksünü ötürürdü...


Günlər keçirdi. Yaz açılmaq üzrə idi. Əhməd ata-anasının təşviqilə Nazlını almaq fikrinə düşmüşdü. Ona “binamus” deyənlər olacaqdı. Ancaq Əhməd bu sözlərə bir daha fikir verməyəcəkdi!..

Əhməd Nazlını alıb evinə gətirdi. Bu günlərdə Nazlı çox düşünür, Həmzəni gün işığına həsrət qoymaq üçün bir vasitə arayırdı. Ancaq o, heç vəchlə çıxış yolu tapa bilməyir, kədərlənirdi. Bir gün Süleyman kişi taxt üstündə oturub təsbeh çevirirdi. Bu halda onu çağırdılar. Həmzənin və qardaşı oğlunu öldürən Şəmiddinin evə gəlmək istədiyini söylədilər. O, həyətə çıxıb:

– Buyurun! – deyə qonaqları qarşıladı və Əhmədi səslədi.

Onlar gəldilər və iki nəsil arasında yenidən başlanan ədavəti yatırmaq üçün məsləhətləşdilər.

Əhməd də içəri girib, yan tərəfdən o biri otağa keçdi. O, həyəcanla, silahını hazırladı. Bundan yaxşı bir fürsət tapa bilməyəcəkdi. Söhbətin şirin yerində otağı gurultu bürüdü. Yıxılan Şəmiddin idi.

Gurultunu eşidənlər Süleyman kişinin evinə tərəf yüyürdülər və bu halı görüb, məyus oldular.

Heç kim danışmaq istəmirdi. Süleyman kişi özünü saxlaya bilməyib oğlunu danlamağa başladısa da, çox gecikdiyini anlayıb o da susdu.

Həmzə öz köhnə arvadını görər-görməz yerindən sıçradı və Əhmədin bu hərəkətini bəhanə edərək belindəki xəncəri sıyırdı. Cəld Əhmədin üstünə şığıdı.

Ancaq xəncər, açılan güllə qarşısında çox tez məğlub oldu. Beşaçılanın səsi ikinci dəfə otağı bürüdü.

İndi yerə sərilən Həmzə idi...

1928 – aprel, Bakı

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Sabir – novator

Deyilənə görə XIX əsrdə Azərbaycan ədəbiyyatı meydanına yüzdən artıq “şair” gəlmişdir. Bunların da çoxusu tamamilə unudulmuşdur. Bunda xalqı taqsırlandırmaq olarmı? Yox. Müqəssir yalnız şairlərin özüdür. Xalqımız gözəl şairlərini sevməyi bacarır. Buna bir neçə misal da göstərə bilərik. Budur, dindarların, molla və axundların tələbi ilə böyük bir insan, dərin bir filosof, gözəl bir şair işgəncə ilə öldürüldü. Onu ölümlə xatirələrdən silmək istədilər, lakin xalq, avamlıq dünyasının qatı qaranlığı içində parlayan bu məşəli sönməyə qoymadı, bəlkə, tərsinə, onu günəş kimi daha da yüksəklərə qaldırdı, onun nurunu içdi, *lakin yenə də yuxulu gözlərini aça bilmədi, yalnız aşıqların qəmli səsi* ilə uzun əsrlər boyu dərdli-dərdli inlədi:Nəsimini dabanından soydular!..

19364 мин
Böyük aşıq

Azərbaycan aşıqları içərisində ən görkəmli yeri Göyçə mahalının xalq aşıqı Ələsgər tutur. Bir əsrdən artıq yaşamış bu böyük aşıq, elə bir bədii səviyyəyə yüksəlmişdir ki, bu gün biz onu Vaqif, Vidadi kimi şairlərimizlə yanaşı tədqiq edib öyrənsək, ona ədəbiyyat tariximizdə olduqca fəxri bir yer versək, məktəblərimizin ədəbiyyat dərsi proqramlarına belə salsaq heç yanılmarıq. Çünki Aşıq Ələsgərin qoşmaları, təcnisləri, dodaqdəyməzləri, həcvləri yüksək mündəricə ilə yanaşı ən zəngin şeir formalarını da qavrayır. Aşıq Ələsgər böyük bir talantdır. Heç də təsadüfi deyildir ki, bu günkü aşıqlarının çoxu onu öz müəllimi hesab edir.Ələsgər şüurlu olaraq öz yaradıcılığı qarşısında müəyyən vəzifələr qoyur. Dünya filosoflarının estetik görüşlərindən tamamilə xəbərsiz olan bu böyük sənətkarın özünə məxsus müəyyən ədəbi kodeksləri də vardır. Görün o, aşıqdan nə tələb edir:

19385 мин
M.F.Axundovun dramaturgiyası haqqında bəzi qeydlər

Deni Didro “Dramatik poeziya haqqında”kı kitabında yazır: “Əsər barəsində düzgün mühakimə yürütmək üçün onu başqa əsərlərlə müqayisə etmək lazım deyildir”.Bu fikir müəyyən dərəcədə doğrudur. Müəyyən dərəcədə deyirik, çünki bəzən yerli müqayisə xeyir verə bilər. Lakin Didro bu fikri söylərkən bitkin sənət əsərlərini nəzərdə tutur. Xüsusən dramlardan bəhs edildiyi zaman, müqayisə, tədqiqatçıdan böyük risq tələb edir.

194026 мин
Dahi sənətkar

I**Molla Nəsrəddinin ölümü günündən on il keçir. Biz bu “ölüm” sözünü şərti olaraq işlədirik çünki o özündən sonra da əsrlər boyu yaşayan ölməz, dahi sənətkarlar qəbilindəndir.

194210 мин

Стихи других поэтов