Səkkizinci fəsil
Страница 10 из 12 · 75%
Oğlan uşağı çalıb qurtaranda, salondan qopan alqış səsləri dənizdəki tufanı xatırladırdı. Sonra səhnədə həmin oğlanı bir qız, qızı da başqa bir oğlan əvəz elədi. Onların hansının daha yaxşı çaldığını söyləmək çətin idi: hamısı gözəl çalırdı! Xüsusən qızın ağ dillər üzərində sürətlə gəzən barmaqlarında nə qədər fövqəladə bir güc vardı!
Konferansye yenə səhnədə göründü. Şirmayının adını çəkdi. Qüdrətin ürəyi qeyri-adi bir həyəcanla çırpındı. İxtiyarsız olaraq bir addım irəli gəldi.
– Royalda Şopenin etüdü! – deyə konferansye qadın əlavə edib səhnədən çəkildi.
Bu dəmdə yeni açılmış çəhrayı gülü xatırladan Şirmayı səhnəyə çıxdı. O gələ-gələ gözlərilə kimi isə axtarırdı. Qüdrət də onun baxdığı səmtə gözünü zillədi. Lalə ilk cərgədə Sədəflə yanaşı oturmuşdu. Yanlarında boş kürsü vardı: “Mənim üçün saxlayıblar” – deyə Qüdrət gec gəldiyinə təəssüf elədi. Qızının kimi axtardığını o indi yaxşı bilirdi: “Mən buradayam qızım!” deyə ucadan səslənmək istəyirdi.
Şirmayı royala yanaşdı. Kresloya oturdu. Onun ayaqları yerə çatmırdı. Qüdrətin yeni aldığı qısa dabanlı tuflini geymişdi. Onun barmaqları dillər üzərində gəzməyə başlayanda, salon yenə sükuta daldı.
Şirmayı inam və məhəbbətlə çalırdı. Dinləyənlərin üzündə səmimi və sadə bir təbəssüm vardı. Analar və atalar hər bir uşağın məharətinə sevinirdilər.
Qüdrət özü də heyrət içində donmuşdu. İlk dəfə idi ki, Şirmayının çalmasına belə diqqətlə qulaq asırdı: “Afərin, qızım!” deyə dodaqaltında onu tərifləyirdi.
– Bu qız sizindirmi? – deyə yan tərəfdən bir qadın soruşdu.
Qüdrət dönüb baxdı. Qadını tanımadı. Balkonda da boş yer qalmamışdı.
– Bax, bu qızdan gözəl pianoçu çıxacaq! – deyə həmin qadın, yanında durmuş başqa bir qadına baxdı. – Mən onu məmnuniyyətlə öz sinfimə götürərəm!
Qüdrət qadından soruşdu:
– Yaxşıdır, hə?
– Bəli, bəli, – deyə qadın heyranlıq əlaməti olaraq başını qaldırıb saldı. Qüdrət qadını yalnız indi tanıdı: məşhur musiqi müəlliməsi Şeyda xanım idi.
Şirmayı son akkordları vurub ayağa qalxdı və yüyürə-yüyürə səhnəni tərk elədi. Salondakılardan heç bir səs çıxmadı. Şirmayıya əl çalan yox idi. Qüdrətin alnını soyuq tər basdı. O, dinləyənlərə baxdı. Sükut davam edirdi.
Birdən sürəkli alqışlar qopdu. İndiyə qədər çalan uşaqlardan birini də bu qədər çox alqışlamamışdılar. “Bis, bis!” deyə qışqırırdılar.
Qüdrət yaylığı ilə alnının tərini sildi...
8
Bu zaman dənizdə tufan daha da şiddətlənmişdi. Hər tərəf zülmət içində idi. Əgər sahil boyunda Bakının xəfif və bozumtul bir dumana bürünmüş sayrışan işıqları görünməsəydi, Tahir də, briqada üzvləri də dünyanın sonu yaxınlaşdığını güman edərdilər. Bütün qurğu yerindən sarsılıb uçmaq dərəcəsinə gəlir, mexanizmlərin səsi tufanın qorxunc uğultusuna qarışırdı. Lakin qazıma işi eyni sürətlə davam edir, proyekt dərinliyinə yetişmələrinə çox az qalırdı.
Usta Ramazanın bütün varlığı elə bil diqqətdən yoğrulmuşdu. Fəhlələr də bunu görüb, bir dəqiqə belə öz postlarından ayrılmır, hər bir anın əhəmiyyətini hiss edirdilər. Gözlər bir nöqtəyə dikilmiş, əsəblər isə bərk köklənən sim kimi gərginləşmişdi.
Rotorun hərəkətini, dirillometrin əqrəbini Ramazan özü izləyir, boş təbəqələrə rast gəldikcə, balta üzərinə düşən təzyiqi çoxaldıb, qazıma sürətini artırırdı. O, yoldaşlarını nahaq yerə həyəcanlandırmamaq üçün zahiri təmkinini hifz edərək, eyni sakit və arxayın ədasilə əmrlər verir, yaxşı cərəyan edən gil məhlulundan ovcuna götürüb baxır, qoxulayırdı.
– Çox gözəl, çox gözəl, – deyə sanki yoldaşlarına deyil, hamıdan çox özünə təsəlli verirdi.
Birdən ildırım qüvvətilə buruğa çarpılaraq uğuldayan küləklə qarışıq hamıdan ah-uf səsləri ucaldı. Buruğun işıqları sönmüş, hər tərəf qaranlığa batmışdı.
– Bu nə qalmaqaldır, uşaq deyilsiniz ki? – deyə Ramazan səsləndi.
Rotorun hərəkəti yenə kəsilməmişdi, adətən işıq verən elektrik xətti ilə, mexanizmlərə enerji verən xətlərin ayrı olduğunu çoxdan öyrənmiş Tahir, bir anlığa özünü itirdi və bildiyi bu sadə şeyi unudub, qaranlıqda, gözlərilə usta Ramazanı axtardı.
Qoca usta dinmirdi. O, yalnız bir neçə anlıq sükutdan sonra:
– Bala, Qrişa, – deyə çağırdı: – tez mənim əl fənərimi gətir!
Həyəcandan ürəyi bərk-bərk döyünən Tahir isə qocanın sifətini görmür, hələ də özünə gələ bilmirdi.
– Bu da korlanmağa vaxt tapdı. Belə çovğunda briqada gələsi, bunu düzəldəsi...
Tahir Heydərdən eşitdiyi bu sözlərdən sonra fikrini topladı. “Mən niyə durmuşam?” deyə öz-özündən soruşdu. Axşamlar Lətifəni evlərinə ötürəndə, ehtiyac hiss edib aldığı cib fənəri yadına düşdü. O, əllərini qabağa sarı uzadaraq, yavaş və ehtiyatlı addımlarla, həmişə sazını asdığı dirəyə yanaşdı, brezent plaşının cibindən fənəri çıxarıb yandırdı.
– Usta, – dedi, – izin ver axtarım, xarab olmuş yeri tapım.
O, “tapım və düzəldim” demək istəyirdi, ancaq bu kəlmələri dilinə gətirməkdən qorxdu. Çünki bir həftə bundan əvvəl elektromontyorlar dərnəyinin məşğələsindən ümumi yaşayış evinə gələndə, öz biliyini təcrübədə sınamaq üçün dəhlizə qoyulmuş hesablayıcı maşını qurdalarkən, kontakt eləyib, az qala yanğın törətmişdi. Bunu görən yoldaşları hər yandan qışqıraraq:
– Tahir, dəlləkliyi bizim başımızda öyrənmə, – deyib, ucadan qaqqıltı ilə gülüşmüşdülər.
O, indi də bu vəziyyətə düşməmək üçün əvvəldən ustaya vəd vermədi, fənərinin dairəvi işığını onun üzərində dayandıraraq, cavab gözlədi. Usta Ramazan isə dinmirdi. Onun bütün diqqəti quyuda idi. Qrişa əl fənərini gətirib ona verəndə də, o, Tahirə baxmadı, deyəsən şagirdinin necə səbirsizliklə gözlədiyini hiss etmirdi.
Qoca usta zahirdə çox sakit idisə də, ürəyindən qara qanlar gedirdi. Belə qorxulu anlarda kiçik qəzalardan başlamış, ən böyük fəlakətlərə qədər hər şey ola bilərdi. O, təbiətin kor qüvvələrilə vuruşmada rast gəldiyi çətinlikləri, bəzən də baş verən qəza nəticəsində iki-üç aylıq əməyinin puça çıxdığını unutmamışdı. İndi də sadəcə bir səhv nəticəsində belə bir hal yenə təkrar oluna bilərdi. Odur ki, qoca hamıdan dəmir bir intizam tələb edir, hər şeyi yüz dəfə ölçəndən sonra bir dəfə biçirdi.
Tahir, səbri tükənmiş kimi, birdən soruşdu.
– Axtarımmı, usta?
– Tək yox, bala, uşaqlarla axtar, – deyə Ramazan gözlərini quyudan çəkməyərək cavab verdi.
Tahir Cəmilin qolundan yapışıb özünə tərəf dartdı.
– Gedək!
Onlar qaranlıqda gözdən itdilər.
Tahir boynuna necə qorxulu vəzifə götürdüyünü çox gözəl anlayırdı. O, dəniz buruğuna işıq verən məftilləri oğrun-oğrun da olsa gözdən keçirmiş, onların haradan başlanıb harada qurtardığını, necə əyri-üyrü yollardan keçib-gəldiyini görmüşdü. Kim bilir, bəlkə də xətt haradansa, suyun içində korlanmış və o xarab olan yeri nəinki onun kimi naşı bir oğlan, hətta avariya briqadalarının ən təcrübəli başçıları da tapıb düzəldə bilməyəcəklər? O:
– Cəmil, – dedi, – sən bilən haradan korlanmış olar?
Cəmil istehza ilə cavab verdi:
– Elektromontyor sənsən, mən deyiləm.
– Mənə lağ eləmə, ən çətini oranı tapmaqdır. Gör düzəldərəm, ya yox. Gərək əvvəlcə yoxlayaq görək mərkəzdən kəsilməyib ki?.. Haradan yoxlamağa başlayaq? – O, Cəmildən cavab almamış, pilləkənlə yuxarı dırmandı. Tahir ilk dəfə buruğa gələndə usta onu imtahan eləmək üçün həmin pilləkənlə buruğun qülləsinə çıxarmışdı. Tahir artıq o günü xatırlamırdı. Belə tufanlara sinə gərmiş bir yerdən keçib-getmək indi onu zərrə qədər də qorxutmurdu.
O, gedə-gedə Cəmilin səsini eşitdi:
– Məftil suyun içində korlanıbsa, heç. Ora düşməyə təhərim yoxdur. Bu soyuqda sətəlcəm olaram.
Külək müdhiş bir səslə vıyıldadı. Tahir şapkasını aşağı basdı, qulağının üstünə endirdi. Fənəri yuxarı qaldırıb havada yellənən məftilləri diqqətlə gözdən keçirdi.
– Buralar sağ-salamatdır, – dedi və yenə yuxarı dırmandı.
Cəmil onun dalınca gəlir, o da Tahirin fənərlə işıqlandırdığı nöqtələrə baxırdı.
– Buralar da salamatdır, – deyə Cəmil Tahirlə nəfəs-nəfəsə dayandı. – Qayıdaq. Bizim əlimizdən gələn iş deyil.
– Qayıdaq, – deyə Tahir geri dönmək istəyirdi ki, zəhmlə əsən külək onu itələyib pilləkənin ağac məhəccərinə çırpdı. – Bu tufandan qan iyi gəlir aşna. Buradan sağ-salamat çıxsaq yüz yaşarıq.
Onlar yenə aşağı endilər. Buruğun yanında fənər işıqları qaranlıq havanın qoynunda səkir, o biri fəhlələr də elektrik xəttinin korlandığı yeri axtarırdılar.
– Buradadır, buradadır! – deyə Qrişa ucadan qışqırdı. – Yoldaş mantyor gəl, öz bacarığını göstər, – deyə o, Tahiri səslədi.
Doğrudan da çətin ağıla gələn bir yerdə, sudan bir metr hündürdə xətt qırılmış, məftilin bir ucu havada yellənirdi. Tahir cəld rubilniki açıb, toku kəsdi, brezent plaşının cibindən bir parça məftil götürdü, yanındakı cavanlara döndü.
Kitabxana.az · https://kitabxana.az/ru/works/mehdi-huseyn-sekkizinci-fesil
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
I**Onun arvadı, sağ tərəfdəki böyük taxtın üstündə oturub, namaz qılan ərinin üzünə baxırdı. Süleyman kişi tez-tez əyilib qalxır, dodaqlarını yavaşcadan qımıldadıb nə isə oxuyurdu...
Bahar sularıI**Qeysər, oğlunun ölümündən iki il sonra belə ağır və iztirablı düşüncələrdən ayrıla bilmədi. Qadın nümayəndələri iclası, savad kursu, əl işi dərnəyi, klub məşğələsi – bunlar hamısı onu gələcək həyatında baş verə biləcək bütün fəna hallara dair düşünməkdən saqındıra bilmədi. Çox zaman, maraqlı məruzələr eşitdikdə də, sevimli oğlu gözləri qarşısında canlanır, bütün xəyalını uzaqlara, ucsuz-bucaqsız dərinliklərə çəkib aparırdı. Qeysər, sifətdən çirkin idi. O, adamları yalançı baxışlarla aldada bilən iri qara, cazibəli gözlərdən məhrum olduğunu hələ oğlu ölməmişdən bilirdi. Qeysər, çirkinliyini özü üçün bir nöqsan saymır, hətta qadınlarla bu xüsusda söhbət edərkən, heç bir işdə gözəllərdən geri qalmadığını söyləyirdi.
QayıtmadıI**Surxay kənddə menşevik ordusunun sınıq körpünü tutması xəbərini eşitdi, osmanlı əsgərləri qayıdan zamandan bəri mal damında saxladığı tüfəngini götürdü, cəbhəyə getdi. Bu zaman onun arvadı Şirmayı sağ-salamatdı. O, pendir-çörəyi də heybəyə öz əlilə qoymuş, titrək dodaqları arasından yalnız bu sözləri deyə bilmişdi.
QuzuŞəhərin ucqar küçələrindən birində, hər zaman saralan kərpic evin qabağında gözəl bir bağça vardı. Yaz fəsli gələndə, bu bağçanı görən hər kəs azı bir neçə dəqiqə hərəkətsiz durub, yeni açılmış güllərə, çiçəklərə heyran-heyran baxardı. Oradan səhərdən axşama kimi əlləşən qoca bağban, kənarda duran tamaşaçılara nəzər salmasa da, qızların və oğlanların bu bağçaya daha ürəkdən vurulduğunu bilirdi.Qoca bağban sərt təbiətli, əsəbi və daima savaşan, uzun, arıq bir kişi idi. Kənardan baxanlara sevindiyi halda, bağçaya girənləri söyüb qovardı.