Страница 9 из 12 · 67%

– Mən? Təklif edirəm ki, hər iki briqada, həm təmir, həmdə neftçıxarma briqadası əvvəldən-axıra kimi hər bir quyunun vəziyyətinə cavabdeh olsun. Bunun üçün nə lazımdır? Mən bu qərara gəlmişəm ki, gərək kompleks briqada düzəlsin.

Paşa onun fikrini aydın başa düşmədi:

– Bu nə deməkdir?

– Yəni təmir briqadası ilə neftçıxarma briqadası birləşdirilsin, bir adamın ixtiyarına verilsin. Daha onda təmiratçılar işlərini qurtarıb, məsuliyyətdən yaxalarını kənara çəkə bilməzlər. Onlar da mənimlə bərabər hər şeyə can yandırarlar. – Dadaşlı, təklifinin Paşaya müsbət bir təsir bağışladığını hiss edib, yenə eyni hərarətlə sözünü tamamladı:

– Elə düşünməyin ki, mən burada ixtiyar sahibi olmağa can atıram. Xeyr. Mən görürəm ki, dövlətimizə külli miqdarda ziyan dəyir. Fəhlələrin qiymətli əməyi lazım olan səmərəni vermir.

– Yaxşı, belə çıxır ki, təmirçilər vicdansızlıq eləyirlər?

– Xeyr, mən elə demirəm. Mən deyirəm ki, harada məsuliyyət hissi olmasa, orada işin keyfiyyəti həmişə pis olacaq. İnsanların hamısı qanunun tələbinə uyğun hərəkət eləsəydi, onda biz məhkəməni də, cəza məcəlləsini də çoxdan ləğv eləməli idik. Ruslar demişkən, belələrini manatla döymək lazımdır. Yəni onlar gördükləri işin keyfiyyətinə görə də pul almalıdırlar. İndiki halda onların cibinə zərər dəymir. Amma kompleks briqada olsa, zərər dəyəcək və bu da məsuliyyət hissini artıracaq. Bundan başqa, neft ustası istədiyi vaxt quyunu təmir etdirəcək. Daha əli qoynunda dayanıb yeraltı təmirçiləri gözləməyəcək. Deməli, mənim fikrimcə külli miqdarda vaxt qazanılacaq.

Dadaşlı ağıla batan sözlər deyirdi.

– Yəni bu cür olsa, məhsulun qədəri artar, hə?

– Bəs necə, yoldaş İsgəndərzadə?! Ona mənim heç şübhəm yoxdur. Qoyun nümunə üçün əvvəlcə mənim briqadamdan başlasınlar. Nəticəsini yoxlasınlar. Mən inanıram ki, bu yolla bir çox “ölü” quyuları da dirildib işə salacağıq. Deyirlər ki, ölməsinə səbəb guya neftin yoxluğudur. Xeyr, bu doğru fikir deyil. Çox vaxt diqqətsiz təmirat nəticəsində yaxşı quyular da korlanıb gedir. Axı doktor var ki, naxoşu diqqətlə müalicə eləyir, doktor var ki, heç nəyi vecinə almır, xəstə öləndə də min dənə bəhanə gətirir. Biz nə üçün pis doktorların yolu ilə gedək? Nə üçün həm dövlətə, həm də bizə ziyan dəysin?

Paşa bu gənc ustaya artıq fəxrlə baxırdı. O, açıq-aydın hiss edirdi ki, Dadaşlının hər bir sözü, dəfələrlə yoxlanılmış, uzun haqq-hesabdan sonra əldə olunmuş bir fikrin nəticəsidir.

– Çox gözəl, yoldaş Dadaşlı, mən bu məsələni trestdə qaldıraram. Gəlib orada da danışarsan. Əgər mənim rəyimi bilmək istəyirsənsə, mən bu barədə sənin dediklərinə tamamilə şərikəm. Ümidvaram ki, sənin ideyan tez bir zamanda bütün neftçilər arasında yayılacaq.

Sevincindən Dadaşlının gözləri par-par parıldayırdı:

– Çox sağ olun, yoldaş İsgəndərzadə – deyə o, ayağa qalxdı. – Mən daha ürəyimi boşaltdım. İndi gedim quyulara baş çəkim. Hələlik! – O, Paşaya əl verdi. – Əgər mənim təklifim keçsə, birinci sizə təşəkkür eləyəcəyəm.

Paşa ayağa qalxdı. Dadaşlını gözlərilə ötürüb, Qüdrətə zəng elədi. “Bu saat gəlirəm” deyib eşiyə çıxdı. yenə də eyni qüvvətlə külək əsir, onu yeriməyə qoymurdu. Mədənlərin üzərini qatı toz dumanları bürümüşdü. Qaralan buludlar havanı çulğalamışdı. Hər tərəfdə qışın soyuq nəfəsi duyulurdu.

Paşa güc-bəla ilə yeriyib maşınına mindi və Qüdrətin trestinə yola düşdü.

Bu zaman o, qayıqları dənizə yola salıb qayıtmışdı. Paşanı gülər üzlə qarşıladı:

– Yeni vəzifəni təbrik edirəm, – dedi.

Yol uzunu Dadaşlının təklifi haqqında düşünmüş Paşa, indi divanda oturub papiros çəkə-çəkə Qüdrətlə söhbət edir, amma yenə də cavan ustanın dediklərini unuda bilmirdi: “O danışdıqca, elə bil gözlərindən od tökülürdü. Ona mütləq kömək eləmək lazımdır!” deyə düşünürdü.

– Qüdrət, sənin trestində Dadaşlı adlı cavan bir neft ustası var.

– Hə, hə, komsomol təşkilatçısıdır. Tanıyıram. Yaxşı oğlandır. Necə məgər? İkinci mədən hələlik onun hesabına yaşayır. Nə olub ki?

Paşa, Dadaşlının dediklərini qısaca təkrar edib, öz tərəfindən də onun təklifini bir xeyli təriflədi:

– Məncə, çox ağıllı, çox səmərəli təklifdir, – dedi, – sən onu mütləq müdafiə eləməlisən.

Qüdrət yazı cihazının böyründəki kalendara nə isə yazdı.

– Doğrudan da çox ağıllı fikirdir. Ondan belə şeyləri gözləmək olar, – dedi. – Sən bilirsənmi, ümumiyyətlə bizim bu fəhlə sinfində nə qədər zəngin bir fikir xəzinəsi var! – Qüdrət qürurunu gizlətməyib, mənalı-mənalı Paşanın üzünə baxdı. – Ən sadə bir fəhləni də yoxlasan, görərsən ki, hər şeyə bizdən dərin baxmağı bacarır. Mən özüm Dadaşlını yanıma çağırıb ətraflı danışaram. – Qüdrət ayağa qalxdı, bir az əvvəl yola saldığı qayıqları xatırlayıb, düşüncəli bir görkəm aldı.

– Hamısı belədir. Əgər pisi varsa, bil ki, buraya təsadüfi gəlib düşüb.

Paşa yarı ciddi, yarı zarafat dedi:

– Amma, Qüdrət, bir fikrinə şərik deyiləm ha...

– Hansı fikrimə?

– Sən deyirsən ki, fəhlə sinfi bizdən dərin düşünməyi bacarır. Məgər fəhlə ayrı, biz ayrıyıq? Bəs biz özümüz kimik? Şəxsən mən fəhlə balası olmağımla fəxr edirəm. Hara getsəm, nə vəzifədə olsam, mənən ondan heç zaman ayrılmayacağam. Əlbəttə biz bütün xalqımızın oğluyuq. Xalqımız doğrudan da böyük və nəcib xalqdır. Amma mən fəhlə sinfini ölkəmizin fəxri sayıram. Bu sinif inqilabın da, quruculuğun da, müharibənin də ən böyük ağırlığını öz qadir çiyinlərində daşıdı. Nə üçün mən bunlarla fəxr etməyim hə?

Qüdrət sadə və səmimi bir təbəssümlə güldü:

– Bəs mən kiməm? Yoxsa mən bu sinifdən deyiləm? Mən o sözləri deyəndə ayrı şeyi nəzərdə tuturdum. Yəqin ki, istehsalatın taleyini bilavasitə həll edən bu adamlar, həyat və təbiətə də, öz işlərinə də çox dürüst baxmağı bacarırlar. Belə insanlara arxalanan bir dövlət hansı çətinliyə duruş gətirə bilməz? Fəhlə sinfinin gücü yalnız qollarında deyil, həm də mənəvi zənginliyindədir.

– Qüdrət, – deyə Paşa telefon aparatını göstərdi: – Laləyə zəng elə görək o vışka əhvalatı nə oldu?

Bu hadisədən Qüdrətin də xəbəri vardı. Lalədən soruşdu. Ərlə arvadın söhbətini dinləyəndə, Paşa nəfəsini belə çəkmirdi. Elə bil onun taleyi cavabın müsbət və ya mənfi olacağından asılı idi.

– Dikəltdilər? Nə danışırsan? Bu tezlikdə?

Paşa kəsik-kəsik gülür, balaca uşaq kimi sevinirdi. O, ayağa qalxaraq:

– Əhsən, əhsən! – deyə sərt bir qol hərəkətilə havanı yardı. – Sən haqlısan, Qüdrət. Doğrusu, mən inanmırdım ki, o vışkanı bu küləkdə, özü də o uşaqlar dikəldə bilsinlər. Deməli, mənimlə fəhlə arasında müəyyən bir fərq varmış. Mən getdim. Burada mənim təbliğatıma ehtiyac yoxdur, hələlik!

O, Qüdrətə əl verib çıxdı. Qapı ağzında trest müdirinin katibəsi göründü:

– Yoldaş İsmayılzadə, – dedi, – qızcığazınız Şirmayı zəng eləmişdi. Yadınızdan çıxmasın, bu gün onun konsertidir.

Qüdrət, hərəkətsiz dayanıb, hara isə, məchul bir nöqtəyə baxırdı:

– Görəsən qayıqlar sağ-salamat gedib çata bildilərmi?

Qayıqların buruqlara sağ-salamat çatdığını biləndən sonra, Qüdrət kefi kökəlmiş halda evinə yola düşdü. Lakin Şirmayı artıq evdə deyildi. Lalə ilə Sədəf onu çoxdan konsertə aparmışdılar.

Vaxta yalnız on dəqiqə qalırdı. Tükəzban qarı oğlunun həyəcanlandığını görüb səbəbini soruşduqda, Qüdrət ata qürurunu gizlətmədi:

– Mən ondan ötrü gəlmişdim. Deyəsən gözləməkdən yorulub axırda gediblər.

– Ay oğul, – Tükəzban da oğlunun sevincinə şərik oldu, – gərək özün burda olaydın, görəydin özünə nə bəzək-düzək verirdi. Elə gözü qapıda idi. “Atam gəlmədi” deyib dururdu. Sən də gedəcəksənmi?

– Gedim, ana can, gedim, axı onlar məni gözləyəcəklər... – Qüdrət xörəyini ayaqüstü yeyib çıxdı. Filarmoniya binasına çatanda, konsertin başlandığını söylədilər. Qapıda durmuş ağ saçlı qadın, nəzakətlə onun qabağını kəsdi:

– Yalnız balkondan baxa bilərsiniz, – dedi.

– Eybi yoxdur, eybi yoxdur, – deyə Qüdrət qadının göstərdiyi pilləkənlə ikinci mərtəbəyə qalxdı.

Konsert başlanmışdı. Səhnədə Şirmayı yaşında bir oğlan uşağı kaman çalırdı. Qüdrət gah ona, gah da salona baxırdı, Laləni axtarırdı. Buraya toplaşanların çoxusu analar və atalardı. Salonda yer tapmayıb ayaq üstündə durmuş adamların sayı-hesabı yox idi. Hamı sükuta dalıb balaca oğlanın çaldığı havanı dinləyirdi.

Qüdrət də ayaq üstündə dinləyirdi. Bəlkə də onu yanındakı boş yerdə oturmağa qoymayan balaca ustanın məharəti idi? Yox, bu Qüdrət üçün gözlənilməz bir şey deyildi. İndi onu həyəcana gətirən və beləcə ayaq üstündə dayanıb dinləməyə məcbur edən daha böyük, daha ülvi bir hiss idi: “Balaca uşaqların taleyini bütün xalq düşünür!” – Qüdrət öz yetimliyini xatırladı, yoxsulluq və ehtiyac içində keçən məşəqqətli həyatını gözləri önündən keçirdi. Atasının, özünün və yoldaşlarının nahaq yerə zəhmət çəkmədiyini indi daha böyük bir qüvvətlə duyub, həyəcanının çoxluğundan qəhərlənən kimi də oldu. Elə bil o buraya Şirmayı üçün yox, məhz bu həqiqəti bir daha duymaq üçün gəlmişdi.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Qan intiqamı

I**Onun arvadı, sağ tərəfdəki böyük taxtın üstündə oturub, namaz qılan ərinin üzünə baxırdı. Süleyman kişi tez-tez əyilib qalxır, dodaqlarını yavaşcadan qımıldadıb nə isə oxuyurdu...

27 мин
Bahar suları

I**Qeysər, oğlunun ölümündən iki il sonra belə ağır və iztirablı düşüncələrdən ayrıla bilmədi. Qadın nümayəndələri iclası, savad kursu, əl işi dərnəyi, klub məşğələsi – bunlar hamısı onu gələcək həyatında baş verə biləcək bütün fəna hallara dair düşünməkdən saqındıra bilmədi. Çox zaman, maraqlı məruzələr eşitdikdə də, sevimli oğlu gözləri qarşısında canlanır, bütün xəyalını uzaqlara, ucsuz-bucaqsız dərinliklərə çəkib aparırdı. Qeysər, sifətdən çirkin idi. O, adamları yalançı baxışlarla aldada bilən iri qara, cazibəli gözlərdən məhrum olduğunu hələ oğlu ölməmişdən bilirdi. Qeysər, çirkinliyini özü üçün bir nöqsan saymır, hətta qadınlarla bu xüsusda söhbət edərkən, heç bir işdə gözəllərdən geri qalmadığını söyləyirdi.

10 мин
Qayıtmadı

I**Surxay kənddə menşevik ordusunun sınıq körpünü tutması xəbərini eşitdi, osmanlı əsgərləri qayıdan zamandan bəri mal damında saxladığı tüfəngini götürdü, cəbhəyə getdi. Bu zaman onun arvadı Şirmayı sağ-salamatdı. O, pendir-çörəyi də heybəyə öz əlilə qoymuş, titrək dodaqları arasından yalnız bu sözləri deyə bilmişdi.

2 мин
Quzu

Şəhərin ucqar küçələrindən birində, hər zaman saralan kərpic evin qabağında gözəl bir bağça vardı. Yaz fəsli gələndə, bu bağçanı görən hər kəs azı bir neçə dəqiqə hərəkətsiz durub, yeni açılmış güllərə, çiçəklərə heyran-heyran baxardı. Oradan səhərdən axşama kimi əlləşən qoca bağban, kənarda duran tamaşaçılara nəzər salmasa da, qızların və oğlanların bu bağçaya daha ürəkdən vurulduğunu bilirdi.Qoca bağban sərt təbiətli, əsəbi və daima savaşan, uzun, arıq bir kişi idi. Kənardan baxanlara sevindiyi halda, bağçaya girənləri söyüb qovardı.

19385 мин

Стихи других поэтов