Страница 2 из 12 · 8%

“Aha, radionu yoxlamağa gəlibmiş” deyə Lətifə sürətlə düşünüb, cavab verdi:

– Yoxlamışam. Sizdən bir az qabaq yoxladım. Yaxşıdır. Telefon korlansa, o dəqiqə işə salarıq.

– Əlbəttə, əlbəttə! Sən bizim qoçaq qızımızsan.

– Hayıf biletimdən... Bu gün “Oneginə” gedəcəkdim.

– Onun ömrü uzundur, çox görəcəksən.

– Neçə gün tufan olar, usta? Dörd, ya beş?

– Bəlkə daha çox...

Sükut oldu. Lakin budkanın dirəklərini döyəcləyən dalğaların şırıltısından başqa bir səs eşidilmədi.

– Ramazan İsgəndəroviç zəng eləmişdimi?

2

Bu zaman qoca usta telefonda Aslanovla danışırdı. Paşa ilə Nailə də evdə idi. Nisa qarı əl-ayağa düşüb dərdini ürəyinə salıb kədərlənsə də, ailənin bu cür bir yerə toplanmasını o çoxdan gözləyirdi. Sevinc kədərlə qarışmışdı.

– Axı-danışan kimdir, ata?

Telefonun dəstəyini ikiəlli tutmuş qoca, bu sualı eşitmədi. Aslanovun təklifi qəribə, qocanın fikri isə qəti idi. Katib onu mərkəzi muzeyin Bakı filialına çağırır, gündə bir-iki saat muzeyə gələn uşaqlara öz xatirələrini danışmağı məsləhət görür; “daha bəsdir, yorulmusan, buruqdan çəkil” deyirdi. Usta Ramazan isə:

– Yox, – deyib dururdu. – Nə vaxt, harda istəyirlər, gəlim danışım, amma məni buruqdan ayırmayın. Əgər tez ölməyimi istəmirsinizsə, elə onu da bacararam, bunu da.

Qocanın inadı katibə xoş gəlirdi. O, nəhayət razılaşıb dəstəyi asdı. Bu anda telefon zəngi yenə səsləndi. Ramazan yerinə qayıtmamış dəstəyi götürdü.

– Hə, hə, mənəm, qızım... Vasilyevə de ki, bu saat gələcəyəm. Elə hazırlaşırdım gəlim.

– A kişi yenə hara? – deyə Nisa qarı qapı ağzından soruşdu. – Sən getməsən dünya dağılar? – Qarı oğluna üz tutub şikayətləndi: – Sən bunun başına bir ağıl qoysana, qocaldıqca xərifləyir. Bu çovğunda dənizə ayaq basmaq olar?

Paşa dinmədi. O hər şeyin faydasız olduğunu bilirdi. Bundan sonra atasını ağıllandırmağa onun gücü çatmazdı.

– O nədir orada cızıldadırsan? Bəri gətir, yeyək! – deyə usta düz oğlunun qabağında oturdu. – O biri gəlin haradadır?

– Dərsdədir. Bura gəlib səndən nə ləzzət aparacaq? – Nisa artıq dodağının altında mızıldanmağa başlayırdı. Elə bil bundan başqa buruq qazan yoxdur.

Paşa ilə Nailə bir-birlərinə baxıb gülümsəyirdilər: “Bunlar köhnə söhbətdir”.

– Hə, danışan kim idi?

– Yoldaş Aslanov...

– Nə deyirdi?

– Deyir ki, gəl muzeydə otur, uşaqlar sənə tamaşa eləsinlər. Bilmirəm məndə nə görüb? Əvvəllər çox istədi məni böyük eləsin, razı olmadım. Dedim ki, elə bu saat da padşah kimi dolanıram.

Ailə üzvlərinin sevinci artıq başqa dərdləri unutdururdu. Nisanın buğlanan xörəyi balaca otağı öz ətrilə doldurdu. Amma onlar söhbətə yenə də ara vermədilər. Paşa Aslanovun tərəfini saxladı:

– Kişi düz deyir, ata. Daha bəsdir! Axı sən yorulmusan. Mən gələndən sonra sən niyə işləyəsən?

Bu sözlər qocanın fərəhini artırırdı. Onun gözlərində qürurla bərabər, güclə sezilən bir təbəssüm vardı. Ancaq o Paşanın dediklərinə bir cəhətdən haqq vermirdi: “Axı mən pul qazanmaqdan ötrü işləmirəm ki? Bir mənəm, bir də qarım. Artıq pul nəyimə gərək?”

– Yox, oğul, – dedi, – bu baş tutmayacaq. Ürəyimdə çox arzum var.

– Nədir axı?

– Hım... Nədir? Guya bilmirsən? Arzum odur ki, dənizdə təzə bir Abşeron olsun. Öləndə arxayın ölüm. Bilim ki, Bakı yenə nöyütün padşahıdır.

– O uzun məsələdir, ata. Ona bir insan ömrü kifayət eləməz.

– Elər, elər... – qoca, Nisanın boşqaba çəkdiyi göyərti çığırtmasını qabağına qoydu və onun içərisindəki bütöv yumurta sarısını əzdi.

– Mən dənizdə ilk buruğu qoyanda qulağıma səs dəyirdi ki, “səksənində öyrənən gorunda çalar”. Amma indi onuncunu təhvil verirəm. Cəmisi beş gün qalıb... Deməli, qəbirdə çalmadım.

– Mən onu demirəm, təzə Abşeronu deyirəm.

– Olsun da... Mən əlimdən gələni eləyəcəyəm. Demirsən beş illik plan? Allah qoysa üç aydan sonra mən əllinci ilin planını dolduracağam.

Qoca yeməyə cumdu. İşləyəndə də, yeyəndə də əjdaha idi. İki şapalaqda payının yarısını ötürdü.

Muzey yaxşı şeydir. Gedib baxmışam. Onu mənsiz düzəldiblər. Amma burada mənsiz bir iş olsa, bağrım çatlar.

– Elə bu nefti də sənsiz bacararlar.

Bax, Ramazan bunu heç təsəvvürünə gətirə bilmirdi:

– Mənsiz?! – deyə o, əsəbi bir tərzdə yerində qurcalandı və tezcə də yumşaldı. – Mən demirəm ki, bacarmazlar. Mənim dediyim odur ki, arzum ürəyimdə qalmasın.

Telefonun zəngi cingildədi. Dəstəyi Nailə götürdü.

– Bəli, evdədir. Bu saat?

Ramazanı çağırdılar. O, ütü altından yenicə çıxmış ağ salfetlə dodağını silib ayağa qalxdı. Dəstəyi qulağına tutan kimi gözləri böyüdü:

– Gəlməyim? Bu nə sözdür?

Danışan Vasilyev idi. Lətifədən qocanın buruğa gəlməyə hazırlaşdığını biləndə narazı qalmışdı: “Bu saat linkora da minsən, batarsan” deyirdi.

– Bah, batarsan!.. Həştərxana benzin aparanda dəniznən buludu bir-birindən seçmək olmurdu, bəs onda niyə batmırdım?.. İndi qocayam? – Ramazan əlini havada tovladı: – Heç uşaqlara demisənmi beş gün qalır? Bir də de!.. Baxım, görüm... Hə, sağ ol!..

O yenə öz yerində oturdu. Paşa onu fikrindən daşındırmaq xəyalına düşmədi. Atasını inadından döndərməyin nə qədər çətin olduğunu yaxşı bilirdi.

– Ata, – dedi, – getməyinə sözüm yox, amma qayıq olmayacaq.

– Onun dərdini çəkmə, taparam.

Qoca, boşqabda qalmış payını yeyib-qurtaran kimi ayağa qalxdı, iş paltarını geyindi və cəld qapıya yanaşdı:

– Arvad, – dedi, – o biri gəlinin könlü qırıqdır, bir onun yanına dəysənə!

Bu halda külək pəncərəni vurub taybatay açdı.

– A kişi, heç olmasa uşaqlardan utan, sənsiz dünya dağılmayacaq ki? – deyə Nisa pəncərəni örtüb bərk-bərk bağladı.

Ramazan otaqdan çıxıb, gözdən itdi.

3

Qüdrət yan divardan asılmış barometrə tez-tez baxırdı. Əqrəb “fırtına” sözü üzərində möhkəm dayanmışdı. Pəncərə şüşələrinin cingiltisindən aydın hiss olunurdu ki, külək get-gedə şiddətlənir. Qüdrətin üzünü isə donuq bir ifadə bürüyürdü. O əsəbiləşirdi. O, hər günkü adi tədbirlərindən əlavə, yeni bir tədbir də düşünməyin zərurətini hiss edirdi. Nə üçünsə Qüdrətə elə gəlirdi ki, trestin taleyi yalnız bu tufanlı günlərdə həll olunacaqdır. O, birdən mühəndis Fikrəti xatırladı və onu tez yanına çağırtdırdı:

– Əzizim, – dedi, – mən istəyirəm ki, hər birimiz özümüzü bir buruğa təhkim edək.

– Bu tufanda?

– Bəli, bu tufanda!

– Nə üçün?

– Mən hiss edirəm ki, burada oturduqca, adam həddindən çox həyəcanlanır. Axı durduğumuz yerdə nə üçün əsəbiləşək? Hər şey adam üçün qeyri-müəyyən olanda, daha çox həyəcanlanırsan.

Fikrət əlilə saçını sığallayıb Qüdrətin üzünə baxanda, onun nə üçün bu fikrə gəldiyini başqa bir səbəblə izah elədi: “Mənim etirazlarıma cavab verir. Demək istəyir ki, stixiya ilə mübarizə eləmək mümkündür. Nə olar ki? Mən heç nədən qorxmuram”.

– Elnən gələn qara gün toy-bayramdır, – yoldaş Qüdrət, – dedi, – əgər məni imtahana çəkirsinizsə, mən hazır!

– İmtahan? Nə imtahan? Mühəndislər işin üstündə olsalar yaxşıdır. Bəlkə təzə buruqlarda bizim köməyimizə ehtiyac var?

– Sözüm yox. Gedək!

Doğrudan da Fikrət getməyə hazırdı. Onun heç bir tərəddüd göstərmədən verdiyi cavab da Qüdrəti təəccübləndirmədi. O vaxt müşavirədə ürəyindəkiləri gizlətmədən açıb söylərkən də, Qüdrət onu qorxaqlıqda təqsirləndirməmişdi.

– Ancaq mən yalnız bir saatdan sonra dənizə çıxa bilərəm, – deyə Fikrət xəbərdarlıq elədi.

– Niyə ki?

– İkinci mədəndə 814 nömrəli buruq deşiləcək. Söz verdim ki, gələcəyəm. Onu qurtaran kimi mən hazır!

– Olsun. Oradan bir şey çıxar?

– Gündə minimum yüz əlli ton. Hələ bəlkə daha da artıq. 402-dən gözüm su içmir. İki təbqəni güllələdik, su verdi. Sabahdan yarış nəticələri yoxlanır. Komissiya düzəldiblər.

Qüdrət azca səksənən kimi oldu. Gözlərini Fikrətə dikib qaldı. Ona elə gəldi ki, gənc mühəndis müşavirə zamanı özünün nə qədər haqlı olduğunu xatırlatmaq məqsədilə bu sözləri deyir. Qüdrət ayağa durub fikirli-fikirli otaqda var-gəl etməyə başladı, sonra yenə müsahibinə zənnlə baxdı. Ancaq Fikrətin üz-gözündən heç bir istehza oxunmurdu.

– Yoldaş Qüdrət, – deyə yenə Fikrət dilləndi, – elə düşünməyin ki, trestin geriliyi mənim qeyrətimə toxunmur. Köhnə quyuların təmirini əvvəlkindən iki dəfə yox, üç dəfə sürətlə aparırıq. Məncə, başqa trestlərdə köhnə quyuların hesabına bu qədər neft alan yoxdur. Dünən planımız üç faiz artmışdır. Bu da həmin quyuların hesabınadır. Mən o zaman dənizdəki quyuların çətinliyini nəzərdə tuturdum. Bu tufandan sağ-salamat çıxsaq, yüz əlli dördüncü, yüz əlli beşinci quyunu istismara buraxsaq, Lalə bacı bayrağı əldən verməli olacaq.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Qan intiqamı

I**Onun arvadı, sağ tərəfdəki böyük taxtın üstündə oturub, namaz qılan ərinin üzünə baxırdı. Süleyman kişi tez-tez əyilib qalxır, dodaqlarını yavaşcadan qımıldadıb nə isə oxuyurdu...

27 мин
Bahar suları

I**Qeysər, oğlunun ölümündən iki il sonra belə ağır və iztirablı düşüncələrdən ayrıla bilmədi. Qadın nümayəndələri iclası, savad kursu, əl işi dərnəyi, klub məşğələsi – bunlar hamısı onu gələcək həyatında baş verə biləcək bütün fəna hallara dair düşünməkdən saqındıra bilmədi. Çox zaman, maraqlı məruzələr eşitdikdə də, sevimli oğlu gözləri qarşısında canlanır, bütün xəyalını uzaqlara, ucsuz-bucaqsız dərinliklərə çəkib aparırdı. Qeysər, sifətdən çirkin idi. O, adamları yalançı baxışlarla aldada bilən iri qara, cazibəli gözlərdən məhrum olduğunu hələ oğlu ölməmişdən bilirdi. Qeysər, çirkinliyini özü üçün bir nöqsan saymır, hətta qadınlarla bu xüsusda söhbət edərkən, heç bir işdə gözəllərdən geri qalmadığını söyləyirdi.

10 мин
Qayıtmadı

I**Surxay kənddə menşevik ordusunun sınıq körpünü tutması xəbərini eşitdi, osmanlı əsgərləri qayıdan zamandan bəri mal damında saxladığı tüfəngini götürdü, cəbhəyə getdi. Bu zaman onun arvadı Şirmayı sağ-salamatdı. O, pendir-çörəyi də heybəyə öz əlilə qoymuş, titrək dodaqları arasından yalnız bu sözləri deyə bilmişdi.

2 мин
Quzu

Şəhərin ucqar küçələrindən birində, hər zaman saralan kərpic evin qabağında gözəl bir bağça vardı. Yaz fəsli gələndə, bu bağçanı görən hər kəs azı bir neçə dəqiqə hərəkətsiz durub, yeni açılmış güllərə, çiçəklərə heyran-heyran baxardı. Oradan səhərdən axşama kimi əlləşən qoca bağban, kənarda duran tamaşaçılara nəzər salmasa da, qızların və oğlanların bu bağçaya daha ürəkdən vurulduğunu bilirdi.Qoca bağban sərt təbiətli, əsəbi və daima savaşan, uzun, arıq bir kişi idi. Kənardan baxanlara sevindiyi halda, bağçaya girənləri söyüb qovardı.

19385 мин

Стихи других поэтов