Mən yetəndə taleyimin son döngəsinə,Sənə verrəm bu dünyanı günəşli, aylı.Nə fərqi var – haray salıb, vursan dizinə,Ya qəlbində pıçıldasan: gözlərim aydın!..

Bir sapanda beş-on illik qoyulan daşdım,Düyümlənib yönəlmişdim bəd əməllərə.Nə fəqri var – doğulmuşdum,doğulmamışdım,Qoşulmuşdum ulduzlardan süd əmənlərə...

Mən arzumun zirvəsinə qalxa bilmədim,Sən arzunun sərhədini yüz yol tapdala.Son ayaqda dönüb geri baxa bilmədim,Qorxdum, baxam, əluzalı günahım qala...

Sənə verdim bu dünyanı, dümdüzdü dünya,Nə dərəsi, nə dağı var gözünü yumsan;Elə bil ki, ana səsli dənizdi dünya,Qucağında tək əylənir, tək uyumusan.

Görmüsənmi ana dönüb əjdaha ola?Dünya olur, özü də ki, min ilin acı.Belə anda qurtarmağa bir anın qalar,Bir də qəfil ələ düşən ümid qırmacın...

Sən üfüqə yönələsi düz yolları seç,Mənim artıq sərt yollarım qalır yarıda.Bir insan ki, öz bəxtini yarıtmadı, heçİki qəlbi, bir sevgini çətin yarıda.

Yüyür mənsiz dağlaracan, buludlaracan,Haray çəksən, qayalarda səslənər adım.Bu torpağa səpilməyə dən kimi acam,Bu torpağın dan yerində dəfn olunaydım...

Qoyma ötən xatirələr aça qapını,Ünvanından iz-tozumu tamam yuyarsan.Tək bircə yol mənsiz necə yaşadığınıMəzarımın qulağına pıçıldayarsan...

4 avqust 1975

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов