Kənara çıxmaqdı işin çətini,Çıxar, yollarına qarğış ələnər.Alar damağına siqaretini,Gümüşü saçında dərd tüstülənər.

Qoymaz ki sahibsiz qala dünyadaUzaqdan gördümü tez əl eyləyər.Qoymaz ki çevrilib üz tutsun yada,Dərdi çəkib çəkib gözəl eyləyər.

Qürbət yeri deyil hər üzü bərkin,Düşmək istəsə də qəm qatarından,Zaman kotan açar alnında hər gün,Sonra dərd göyərər qırışlarından..

Görər ki dərd gəlib ona əl açdı,Dərdi ürəyinə heyran eyləyər.Yalan söhbətiymiş dərman əlacdı,O, dərdi dərdinə dərman eyləyər...

Ah səni, geriyə işləyən təkər,Alın yazısının mechul xəbəri!Mizan tərəzidir, çəkdikcə çəkər,Vətənlə qürbəti, xeyirlə şəri..

Bir ömür ikilik içində nöqsan,Bədənmi ruhda,ruhmu bədəndə?Qürbətmi? Onsuz da qürbətdə yoxsan,Hələ görməzlikdən gələr vətən də...

Günəş qədəmiylə düşər israraÇəkir gözlərinin gürub yerini.Axşamın birində qansız misralarTapar ürəyinin qərib yerini...

Qalıb aralıqda yaşayar hər günSağında, solunda solaxay qədər;Fürsətin birində ölər, ölümünGözünün odunu almağa gedər..

Ara günlərini dərdlə bölüşər,Sonra da şənbəsi, bazarı gələr.Qürbətə düşənlər tarixə düşər,Gəlsə də vətənə məzarı gələr...

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О разлуке