Axır vaxtlarda “Molla Nəsrəddin” idarəsinə bəzi yerlərdən bəzi şikayətlər gəlir. Şikayətçilərin içində bakılı da var, irəvanlı da var, göyçaylı da var və hələ bəlkə bir özgə yerli də var. Şikayətçilərin şikayət etdikləri mətləb əhəmiyyətsiz deyil. Nə danışırsan, necə əhəmiyyətsiz deyil, bəlkə çox vacib məsələdir. Əgər bu məsələ bu tez vaxtda açılmasa, biz müsəlmanlar üçün yaxşı keçməz.

Məsələ budur:

Şikayətçilər yazırlar: inqilab üz verdi, – dinmədik, din azadlığı elan olundu, – dinmədik, bir para yerdə axundlarımızın üzünə sərin baxıldı, – dinmədik. Amma hər şeyin bir qaydası var; yoxsa, iş ki, qaydadan çıxdı, insan ki, öz təklifini anlamadı, qəbahət ki, həddən aşdı, – dəxi, doğrusu, səbir eləmək çətindir.

Məsələ arvad məsələsidir.

Şəhərlərin birindən şikayətçilər belə yazırlar:

Bir həftədir ki, bizim mahala Tiflisdən hökumət tərəfindən bir vəkil göndəriblər ki, rusca adına “upolnomoçenni” deyirlər. Özü də bir cavan, buğuburma müsəlmandır. Özünə görə rusca yaxşı dərsi də var; biz ilə də yarı rusca, yarı müsəlmanca danışır. Çox əcəb, bunlar ötüşən şeydir. Amma çətin məsələ haman məsələdir ki, ərz eləyirəm: Vəkil ağa xəbər verdi ki, camaatın ağsaqqalları bir yerə cəm olsunlar. Bəli, cəm olduq. Vəkil ağanın bizə əvvəlinci sözü bu oldu ki, bu gün komitet seçiləcək, gərək cəmi arvadlar da buraya cəm ola; necə ki, kişilər cəm olublar.

Biz vəkil ağaya belə cavab verdik, dedik ki, “cənab vəkil (adı flan bəydir), bəli, cənab, vəkil, bizə üç gün möhlət ver.

Soruşdu:

– Niyə üç gün?

Dedik:

– Üç gündə ancaq başa gələr.

Soruşdu:

– Nə başa gələr?

Biz mətləbi açdıq. Biz cənab vəkilə ərz etdik ki, şükür Allaha, biz müsəlmanıq və razı ola bilmərik ki, övrətlərimiz buraya cəm olsunlar. Bizim qeyrətimiz bunu qəbul edə bilməz. Amma bir surətdə ki, onlara da ixtiyar verilib seçgiyə dursunlar və səs versinlər, onda biz qabaqca gərək övrətlərimizə talaq verək. Bu da üç günə ancaq başa gələ bilər; çünki prixod mollamız bircə nəfərdir. Ancaq macal edə bilər.

Sözün müxtəsəri budur ki, bu məsələdən biz özümüz də heç baş aça bilmirik. Şikayətçilər bu məsələyə bir yaxşı ad qoyurlar, onlar deyirlər ki, bu “arvadbazlıqdır”.

Mən özüm iqrar edirəm ki, arvad olmayan yer – xaraba, arvad səsi gəlməyən yer biyabandır; amma insafən bu özü elə “arvadbazlıq”dır. Yoxsa nə dəxli var: sən inqilab eləyirsən, – elə, komitet seçirsən, – seç; kim sənə deyir seçmə? Dum seçirsən, – seç və əgər düz adamsan, arvadlarnan nə işin var?

Vallah, bu özü elə “arvadbazlıq”dır.

Molla Nəsrəddin

“Molla Nəsrəddin”, 14 iyun 1917, №14

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Qatıq ağdırmı, qaradırmı?

Türkoloji qurultayından bir ay yarıma qədər keçibdir. Bununla bərabər həmin qurultayın çağırılması və qurultay tərəfindən təsdiq olunmuş yeni türk əlifbası məsələsi türklərin istiqbalı üçün o qədər əhəmiyyətli bir tarixdir ki, bu ay yarımın ərzində ruznamələr bizim həmin milli bayramımızı səmimi qəlbdən alqışlamaqdadırlar.Mən, yəni Molla Nəsrəddin əmi, aşağıda söylədiyim məsələlərə əbədən əl vurmaq istəməzdim və qabaqlarda da əl vurmamışam. Amma bu dəfə ürəyimdə bircə söz var ki, onu da burada söyləmək istəyirəm.

2 мин
Siyasət

Siyasət cürbəcürdür.Hər şeyin özünə görə siyasəti vardır. Bu siyasətlərin içində bir də ticarət siyasəti vardır.

1 мин
Xəstəxanaya

Dağıstan mətbuatında bu axır vaxtlarda bir qəribə əhvalat üz vermişdir ki, onu biz də məcmuəmizdə qeyd etmək istəyirik.Necəki oxucularımıza məlumdur. Dağıstanda bir neçə ay bundan qabaq ərəb dilində “Bəyan ül həqayiq” adında bir məcmuə çıxmağa başlamışdır. Məcmuəni çıxardan altı nəfər Dağıstan üləmasıdır. Şüar və məsləkləri dünyanın mömin bəndələrini pak olan İslam dininə hidayət etməkdir. Keçən nömrələrimizdə bu barədə yazılmışdı. Ona görə mətləbə keçirik.

2 мин
Kifayət deyil

O idarə qulluqçuları ki, eydi-mübarəki-rəməzanda qulluqdan azad olub, bütün gün gəzməklərinə getdilər, yainki səhərdən axşama kimi evlərində yatdılar, onlar güman etməsinlər ki, onların boynunda dəxi başqa bir təklif yoxdur.Eydi-şərifi-rəməzanda məktəblərdən, nəşriyyat idarələrindən, maarif müəssisələrindən azad olub tətilə qalmış və bayram şəraitini əmələ gətirməmiş müsəlman və müslimələr şəriət sahibinin yanında müşğüzümmə ola bilərlər.

1 мин

Стихи других поэтов · Сатира