Türkoloji qurultayından bir ay yarıma qədər keçibdir. Bununla bərabər həmin qurultayın çağırılması və qurultay tərəfindən təsdiq olunmuş yeni türk əlifbası məsələsi türklərin istiqbalı üçün o qədər əhəmiyyətli bir tarixdir ki, bu ay yarımın ərzində ruznamələr bizim həmin milli bayramımızı səmimi qəlbdən alqışlamaqdadırlar.

Mən, yəni Molla Nəsrəddin əmi, aşağıda söylədiyim məsələlərə əbədən əl vurmaq istəməzdim və qabaqlarda da əl vurmamışam. Amma bu dəfə ürəyimdə bircə söz var ki, onu da burada söyləmək istəyirəm.

Mən onu deyirəm ki, bir tərəfə baxanda, bu Şura hökumətinə mənim lap yazığım gəlir. Məsələn, onun zaqranitsada bir neçə “rəqibi” vardır. Onlar qulaqlarını qırpıdıblar ki, görsünlər Şura hökuməti nə qayırır. Fikirləri də budur ki, Şura hökuməti hər nəyə qədəm qoysa, hər bir iş tutsa, onlar o işə bir qulp qondarsınlar, bir “kələk” tapsınlar, bir eyb çıxartsınlar.

İstər yaxşı, istər pis, – onlar üçün təfavütü yoxdur.

Şura hökuməti cəmi sərvətlilərin sərvətini alıb kəndli və əmələyə təqsim edibdir: bu pis işdir (mülkədarlar yazıqdır).

Şura hökuməti Şərq qadınlarını adam cərgəsinə çıxartdı; bu da pisdir (naməhrəmçilik məsələsi var).

İndi də Şura hökuməti elə bir vəziyyət yaradıbdır ki, cəmi yer üzünün türk-tatar qövmü imkan tapa bilirlər ki, bir yerə cəm olsunlar, birbirilə görüşsünlər və dərdlərini bir-birinə söyləsinlər. Halbuki, keçən vaxtlarda iki doğma qardaş küçədə bir-birilə danışan vaxt çar hökuməti məmuru gəlib bunları aralardı.

Bəli, Bakıda çağrılan türkoloji qurultayı qurtardıqdan sonra, mən qəzetləri güdürdüm ki, görüm bu qurultay məsələsinə və yeni türk əlifbasına “rəqib”lər yenə də qulp qondaracaqlar. İndi də “Yeni fikir” qəzetində oxuyuram ki, İstambulda yaşayan bir neçə “vətəndaşlarımız” bu qurultay məsələsinə və yeni əlifbaya kəmiltifat nəzərlə baxırmışlar.

Demək bu da belə.

İndi mən bir şey üstündə mərc gələ bilərəm: Yer üzündə hər bir yerdə qatığın rəngi ağdır və hər bir millət də bunu deyir ki, qatığın rəngi ağdır. İndi məsələn, qatığın rəngindən bir yanda söhbət düşə və Şura hökumətindən sual edələr, bu da cavab verə ki, qatıq ağdır. Xəta elə burasındadır ki, Şura hökuməti də deyə qatıq ağdır. Güman edirəm o saat yenə qiyamət qopacaq, “rəqiblər” yenə işə düşəcəklər ki:

– Vay dad, vay bidad, qatıq qara olduğu halda Şura hökuməti deyir ki, “qatıq ağdır”!

Mən bunun üstündə mərc gələ bilərəm.

Molla Nəsrəddin

“Molla Nəsrəddin”, 17 aprel 1926, №16

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · Сатира