Dağıstan mətbuatında bu axır vaxtlarda bir qəribə əhvalat üz vermişdir ki, onu biz də məcmuəmizdə qeyd etmək istəyirik.

Necəki oxucularımıza məlumdur. Dağıstanda bir neçə ay bundan qabaq ərəb dilində “Bəyan ül həqayiq” adında bir məcmuə çıxmağa başlamışdır. Məcmuəni çıxardan altı nəfər Dağıstan üləmasıdır. Şüar və məsləkləri dünyanın mömin bəndələrini pak olan İslam dininə hidayət etməkdir. Keçən nömrələrimizdə bu barədə yazılmışdı. Ona görə mətləbə keçirik.

Məzkur müqəddəs məcmuənin axır növrələrinin birində Dağıstanda maarif tərəfdarı bir hörmətli ədib bir belə məqalə dərc etmişdir:

“Heyət və hikmətlə məşğul olmaq cayizmi, ya cayiz deyil?”.

Bu sualın cavabında məqalə sahibi deyir:

Heç də cayiz deyil. Səbəb də budur ki, bu beş günlük dünyada xəllaq ül-aləmə ibadət və sitayişdən savayi müsəlman üçün heç bir təklif yazılmayıbdır.

Elmi-hikmət, elmi-heyət və sair ümumi-tərbiyyənin cəmisini əgər biz qərblilərə buraxaq, biz dünyanın nə sərvətini istəyirik, nə çiçəkli gülüstan və bustanlarını istəyirik. Bunlar hamısı qoy qərblilərə qalsın.

Bizə ancaq ibadət və ibadət...

“Dağıstan füqərası” qəzetəsi səkkiz apreldə çıxan nömrəsində belə rəvayət edir:

“Elə ki, yuxarıdakı məqalə “Bəyan ül-həqayiq” məcmuəsində intişar tapdı, məqalə sahibini tanıyanlar xeyli təəccüb elədilər ki, maarif tərəfdarları olan bir ədib nə cür ola bilər ki, cahil axundlara uyub, bir belə müzəxrafat ilə özünü dostları arasında bədnam eləsin. Təəccüb burasıdır ki, məqalə sahibi özü Türkiyədə təhsil edib, hətta keçənlərdə Mustafa Kamalın inqilabını həmən “Dağıstan füqərası”nın keçən ilki nömrələrinin birində bu sözlər ilə alqışlamışdır:

“Şükür Allaha olsun, yeni türklər əski və çürük adətlərə hücumda qayət böyük cəsarət göstərdilər. Bütün tikyələri qapayırlar, lüzumsuz əski mədrəsələri məhv edirlər. Lüzumsuz, müftəxor mollaları işdən kənar edirlər. Bütün sərvəti məktəb və maarifə sərf edirlər”.

Axırda nə məlum olur?

“Bəyan ül-həqayiq”də “heyət və hikmət lazım deyil” yazan biçarə məqalə sahibi əsəbi xəstəliyə mübtəla imiş və təbiblərin qərarına görə onu xəstəxanaya göndərirlər.

Heyif! Biz yazıçıların bu da axır günü.

Lağlağı

“Molla Nəsrəddin”, aprel 1926-cı il, №16

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

“Molla Nəsrəddin” məcmuəsinin ən yavuq əməkdaşlarından

ElanƏbdürrəhim bəy Haqverdiyevin 35 illik ədəbi fəaliyyətini qeyd etmək üçün Tiflisdə bu yanvarın 28-də, Rustaveli teatrosunda, “Yeni fikir” qəzetəsi binagüzarlığı ilə tərtib yubileyi axşamı veriləcəkdir.

1 мин
Müdafiə həftəsi

Oxucularımıza məlumdur ki, həmişə Şuralar İttifaqı əleyhində olan İngiltərə hökuməti bu axır vaxtda da cidd-cəhdlə bıçaq işlətməkdədir ki, bəlkə bir vəsilə ilə kəndçi-əmələ hökumətimizi aradan götürüb, özünü kommunizm ehtiyatından həmişəlik xilas etsin.Bu qara niyyətini yerinə yetirmək məqsədi ilə Çemberlen hökuməti dünyada daha məmləkət qalmayıb ki, oraya əl uzatmamış olsun və oradan özünə kömək istəməmiş olsun. Bu yolda İngiltərə hökuməti böyük-böyük paralar sərf etməkdədir ki, Şuraların düşmənlərini bir yerə toplayıb onları qüvvətləndirsin və kəndli-əmələlərin üstünə küşkürtsün və beləliklə dünyanı çalxalayıb öz məramına çatsın.

1 мин
Məşədi Sicimqulu “Kefsiz”

Keçmiş günlərdən*“Molla Nəsrəddin”in birinci ilinin birinci nömrəsində “Molla Nəsrəddin” şivəsinə yarayan məzhək şeirlərdən bir nümunə çap olunmuşdu: “Lisan bəlası”.

14 мин
İdarədən

Naxçıvan ictimai şura cümhuriyyəti xalq ədliyyə komissarı yoldaşın cavabını burada dərc və öz tərəfimizdən təsdiq edirik ki, cavabın “məhkəmələrdə süründurmə” və “ali təhsil görməyən hakimlər” məsələləri barəsində irad etdiyi qismləri sübutludur və bu barədə idarəmiz də komissar yoldaşa şərikdir.Və lakin “üzük” məsələsi o surətdə həll oluna bilməz, necə ki, komissar yoldaşın cavabında rəvayət olunur.

2 мин

Стихи других поэтов · Сатира