Bakıya lazımdır bir çarə qılmaq, dəxi bundan sonra səbr eləmək mümkün deyil. Heç mümkün deyil səbr eləmək. Bakının üfunəti dünya və aləmə dağılıb qoymur nəfəs almağa.

Nə qədər Bakı bu halətdədir, Qafqaz müsəlmanlarının tərəqqisi mümkün deyil, o səbəb ki, hamı gözünü dikib Bakıya və o Bakıdan nicat yolu gözləyir, amma nicat əvəzinə şəhərin müzür həşəratı vilayətlərə dağılıb camaatı puça çıxarmaqdadır. Bakının şöhrəti müsəlmanların fikrini çaşdırır. Cavanlarımız özlərini Bakı qoçularına oxşadırlar, milyonçularımız Bakı milyonçularına oxşadırlar, müəllimlər özlərini Bakı müəllimlərinə oxşadırlar.

Bakı özü də yavaş-yavaş inşallah üz qoyub puça çıxmağa. Amma Bakı cəhənnəm – qeyri-şəhərləri də öz gününə salacaq. Bu işə bir çarə! Aman günüdür, bir çarə!

Bakının əlacı bir neçə şeylə bağlıdır.

Əvvəla lazımdır ki, Bakı bir az kasıblasın. Pulun çoxluğundan camaat bir az beistilahi –türk, məsələn, necə ki, müsəlman arasında deyərlər, “filankəs qudurub”. Doğrudan, Bakıda pulu saxlamağa yer tapmırlar, odur ki, bir milyonçu bir cavana yüz min manat verib deyir ki, “get filankəsi öldür”. Yüz min nədir, yüz manat mənə versinlər, hər kəsi deyirlər gedim o qədər döyüm ki, Molla Yusif də şagirdləri elə döyə bilməsin.

Bakını şişirdən məlumdur ki, neft mədənləridir. Lazımdır cəmi neft mədənləri köçürtmək, yarısını İrəvana və yarısını da Gəncəyə və mədənlərin mədaxilini vermək məktəblərin rəisinə ki, ac kənd müəllimlərini məvacibsiz qoymasınlar (Yoxsa, vallah, acından ölərlər).

İkinci əlacı budur ki, lazımdır Bakının cəmi qoçularını göndərmək, gedib düzülsünlər Cavad mahalına və qoymasınlar ki, İran quldurları Arazı keçib fəqir müsəlmanların kəndlərini dağıtsınlar.

Üçüncü əlacı budur ki, Bakının mollalarının bir parasını lazımdır köçürtmək İrəvan quberniyasında Yelenovka adlı malakan kəndinə, çünki oranın havası çox sərindir və özü də gözəl yaylaqdır. Hacıların da bir parasını lazımdır göndərmək Rəştə ki, gedib hacı Hümam cənablarını ziyarət etsinlər.

Dördüncü əlacı budur ki, lazımdır Bakıdan cəmi itbazları göndərmək Naxçıvan mahalına, Nehrəm kəndinə, uşaqbazları göndərmək Varşava şəhərinə, arvadbazları göndərmək Xorasana, qumarbazları Nuxaya, çaxırbazları Salahlı kəndinə və mütrübbazları Peterburq şəhərinə.

Beşinci əlacı budur ki, lazımdır Bakının cəmi şəhər məktəblərini bağlamaq və müsəlman müəllimlərini göndərmək Firəngistana Monte Karlo şəhərinə. Bunun səbəbi öz yanımızdadır və burada açmaq istəmirik.

Altıncı əlacı budur ki, lazımdır İran hammalları bir yekə arx qazsınlar ki, mühit dəryası gəlib qarışsın Bakı dəryasına və su o qədər qalxsın ki, bakılılar atılıb minsinlər gəmilərə və 365 gün suyun üzündə qalsınlar.

Əgər bu saydığımız əlacların hamısı mümkün olsa, demək olar ki, Bakı düzələr.

Yoxsa bundan savayı bir çarə bilmirik.

Dəli

“Molla Nəsrəddin”, 20 avqust 1907, №31

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Papaq

73-cü nömrəli cənab “Təzə həyat”ın xoşuna gəlmir ki, rus qızları bizim papaqlara gülürlər və papaqlı müsəlmanla bir yerdə gəzmək istəmirlər. Cənab “Təzə həyat” təəccüb edir ki, ruslar papağı bir verstlikdən görüb qaçırlar.“Təzə həyat”ın yazmağından mən belə başa düşdüm ki, cənab “Təzə həyat” burada rus qızlarını və xam rusları günahkar edir, nəinki papağı.

3 мин
Bizim işlərimiz

Məlumdur ki, bu il çox yerlərdə quraqlıq keçir və əkinlər susuzluqdan yanıb puça çıxırlar. Və bir para yerlərdə camaat müsəllaya çıxıb Allahdan yağış istəyib. Və axırda bu da məlum oldu ki, Allahtaala müsəllaya çıxanların duasını qəbul eləməyib və heç bir yana yağış göndərməyib, necə ki, məsələn, Ağdamda və sair yerlərdə.Ədibi-biəvəz Mirzə Melkum xan “Qanun” ruznaməsində başdan belə yazır ki: “Mən sözümü o kəslərə yazıram ki, adamdırlar”.

4 мин
Təbriz işləri

İndi şükür olsun Allaha, Təbriz sakitlikdir. Bir müddət bundan irəli, Allah göstərməsin, çox şüluğ idi. Amma indi, Allaha şükür olsun, bir qiylü qal-zad yoxdur. Allah bir də keçən günləri göstərməsin. Yəni məşrutənin xasiyyətindəndir: hər yerə ki, məşrutə gəlir, dünya guya ki, az qalır bir-birinə dəysin. Təbrizdə həmçinin, nə qədər ki, bu zəhrimar məşrutə yox idi, qoyunlar qurdlar ilə otlayırdılar və hərçənd ki, qurdlar acanda qoyunları tutub yeyirdilər, amma genə elə bir qarışıqlıq olmurdu. Amma bu məşrutə çıxan kimi əhali neçə tirə oldu: mollalar ayrılıb bir dəstə bağladılar, Ağa Seyid Haşım bir dəstə bağladı, Ağa Şeyx Səlim bir dəstə bağladı, bir dəstə Ağa Mirzə Əlinin dəstəsi, bir dəstə Xiyaban dəstəsi, bir dəstə Leylaabad dəstəsi, Sürxab dəstəsi, Dəvəçi dəstəsi, Bağmeşə dəstəsi, İsmayıl dəstəsi, Hacı Səməd dəstəsi, Qələbanbaşı dəstəsi, Kərbəlayı Həsən, nə bilim, qurd dəstəsi, meymun dəstəsi və genə bilmirəm nə dəstəsi.Hələ bunlar kifayət edər, sözüm burada deyil. Sözüm burasındadır ki, bu dəstələrin heç biri özgə arzuları və niyyətləri yox idi, məhz istədikləri bir-birini yox eləmək idi. Zalımların gözləri elə qızmışdı ki, ədavətlərinin şiddətindən məşrutə-flan yaddan çıxıb getmişdi Rusiya vilayətinə, yəni getmişdi orada verilən məşrutənin yanına.

2 мин
Cəfərin anası

Dünən özümü soyuğa vermişdim, heç keyfim yox idi və kürəklərim ağrayırdı. Ayıb olmasın, bizim Cəfərin anasına dedim: “ay arvad, sən Allah gəl çıx mənim dalımı bir yaxşıca ayaqla”.Əvvəl nainsaf arvad acıqlı-acıqlı yavaşca öz-özünə dedi: “başına daş düşsün”. Mən eşitdim və bildim ki, mənə deyir.

2 мин

Стихи других поэтов · Сатира