Bibiheybət ziyarətgahı
Bakının qiblə ilə günbatan tərəfində təxminən, 7 verstlikdə Bibiheybət kəndində İmam Muzeyi-Kazimin qızı və İmam Rza əleyhüssəlamın bacısı Hökümə xatun əleyhüssəlamın mübarək qəbri mövcuddur. Bu qəbri-mübarək Bakı qoçularının və oğlan uşaqları ilə haman Bibiheybət ziyarətgahına eşqbazlığa səfər edən islam lotularının ziyarətgahıdır; necə ki tarzənlər və xanəndələr həmişə çalıb oxuyurlar:
Getdim Bibheybətə, bişirdim aşı,
Çağırdım Allahı, tökdüm göz yaşı,
Xudaya, sən saxla bir cüt qardaşı
Ölürəm dərdindən, ay gözəl yarım!
Bu təsnifin 72 min təfsiri var, necə ki, bilatəşbih mollaların əqidəsində quranın hər kəlməsinin 72 min mənası; məsələn “Xudaya, sən saxla bir cüt qardaşı” – üləmanın bəzisinin kitabında bu iki qardaşdan murad Məhəmməd Sadıq ilə “Günəş” qəzetinin müdiridir ki, söz bir yerə qoyub, Bibiheybət ziyarətgahını Nəcəf uşaqlarının əlindən alıb, Bakı qazısının ixtiyarına versinlər.
Bir rəvayətə görə, iki qardaşlar ibarətdirlər “Günəş” qəzetilə Qafqaz şeyxülislamı cənablarından; çünki bunların hər ikisi zəmanəmizin indiki vaxtında dünya və aləm nəyə və nə işlərə məşğul ola-ola, vaxtlarını sərf edirlər, nəyə, nəyə, nəyə? – Bibiheybət ziyarətgahını uzun məqalələr ilə bir qat daha səsləndirib, məhərrəmlikdə bütün bakılıları üzləri palçıqlı… bilməm nəli, oraya doldurmağa!
Təəccüb buna edirik ki, “Günəş” qəzeti şeyxülislamımız cənablarını tanımır. Çox təəccüb!
Pişnamazzadə qabaqlarda da müsəlmanların yolunda az-çox zəhmətlər çəkib, şeyxülislam məqamında da xüsusən məktəblər barəsində hədsiz yazılar yazıb, sözlər danışıb və Qafqazın cəmi qazı və mollalarını ayaq üstə durğuzub ki, kəndlərdə gərək məktəb açılsın. Bunu cəmi Qafqaz müsəlmanları bilir. Əgər “Günəş” qəzeti bilmir, təqsir özündədir; bundan sonra bəzi adamların sözlərinə qulaq asıb, mühüm səhvlər eləməsin. “Günəş” qəzeti Bakıda otura-otura heç olmasa, bunu gərək duyaydı ki, bu işlərin cəmisi Bakı qazısının tədbiridir ki, bir tərəfdən Bibiheybət ziyarətgahının mədaxilinin ixtiyarını əlinə alsın, bir tərəfdən də Pişnamazzadəni camaat nəzərində töhmətləndirsin.
Az qalır on doqquz il tamam olsun ki, Bibiheybət məsələsi “Günəş”in səhifələrindən əskik olmur. Bibiheybət ziyarətgahı, Bibiheybət ziyarətgahı, Bibiheybət ziyarətgahı!..
Bəli, söz yox, bu məsələ çox əhəmiyyətli məsələdir. Aya görək Bibiheybətdə dəfn olunan kimdir? Həzrət Muzeyi-Kazim əleyhüssalamın qızı Hökümə xatundur, ya xeyr?!
Xudanəkərdə, birdən Hökümə xatun olmaya, onda dəxi cəmi müsəlmanların beli qırılacaq, İran əldən gedəcək, yerlər dəyəcək göylərə, göylər dəyəcək bir-birinə, ildırım şağıyacaq, zəlzələ olacaq!
Vaqeən, dürüst ərz edirəm, bəlkə indi xudanəkərdə Bibiheybət ziyarətgahında dəfn olunan Hökümə xatun olmadı? Onda bəs biz biçarə müsəlmanlar başımıza nə çarə qılaq?
İnsaflı oxucularıma yalvarıram ki, mənim bu iki kəlmə sözümü də oxusunlar: Məhəmməd Sadıq və “Günəş” qəzeti 83-cü nömrədəki məqalənin ikinci sütununda ağlaya-ağlaya yazırlar ki: “Əcəba, sair dini moqufatımızı, bu ümuri-daniyyələrimizi öz əlimizə alıb, şəriətimizin təhti-nəzarətindən çıxartmaq əvəzində şeyxülislamımız nə iş görür? Flan və flan”. – Və haman məqalənin qabaqkı sütununda haman Məhəmməd Sadıq özü deyir ki: “Keçən ildə Bakı vilayət qazısı Bakı qradonaçalnikinə rücu edib orada (Bibiheybətdə) olan müfsid şəxslərin kənar olunmalarını təklif etmişdi”.
Dəxi sözün nədir, gözüvə dönüm? Əgər ümuri-diniyyəmizi hökumətə mühəvvəl etmək sənin xoşuna gəlmir, Bibiheybət ziyarətgahını hökumətin əvvəl yadına salan Bakı qazısıdır ki?!
İndi gələk Pişnamazzadə cənablarına. Bu yazıq da baxıb görür ki, iş işdən keçib, görür ki, indiyə kimi ziyarətgahın mədaxilini Nəcəf uşaqları yeyəndən sonra indi də Bakı qazısı dişlərini itilədib. Və bu işləri bu halda görəndən sonra, şeyxülislamın təklifi dəxi o imiş ki, eləyibdir. İndi hər kəs bizə isbat eləsə ki, Mir Məhəmməd Kərim ağanın tamahı Nəcəf uşaqlarının tamahıdan əskikdir, biz “minavat” olarıq.
Amma torğ məsələsinə gəldikdə, dəxi bir sözümüz yoxdur. Doğrudan, məgər Bibiheybət ziyarətgahını da torğa qoymaq olar? A kişi, vallah, dünya “kun-fəyəkun” olar. Vallah, zəlzələ Bakını dağıdar. Sən Allah, bir insaf elə! Bu da Bakı qəzavatxanası deyil ki, siğələr torğa qoyulsun?!
A kişi! Bir Allahdan qorx, yazıqsan!
Molla Nəsrəddin
“Molla Nəsrəddin”, 5 yanvar 1911, №1
Kitabxana.az · https://kitabxana.az/ru/works/memmedquluzade-bibiheybet-ziyaretgahi
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Dünyada Təbrizdə olan qafqazlı müsəlmanlardan xoşbəxt adam yoxdur. Kişilər yaxalarını çəkib oturublar evlərində və hərçənd ki, “qarın”dan bir az kasıbdırlar, amma bununla belə, nə Zəngəzur və Qarabağ acları ilə işləri var, nə də Təbriz acları ilə. Səbəbi də budur ki, Zəngəzur və Qarabağ söhbəti ortalığa gələndə bunlar deyirlər ki, “pəh, biz ki, İranda qalırıq, biz iranlıyıq, bizə nə dəxli var qafqazlıların işinə qarışaq?” İran aclarına da ianə eləmək məclisi olanda bunlar genə yavıq düşmürlər və cavab verirlər ki, “bizə nə dəxli var, biz qafqazlıyıq”Vaqeən dünyada bunlardan xoşbəxt adam yoxdur İrəvan dövlətlilərindən savayı.
UstalipinNeçə dəfə idarəmizə kağız yazıb soruşublar ki, Rusiyanın baş vəzirinə niyə Stolıpin deyirlər, yəni “Stolıpin” nə deməkdir?Cavab: bizim lüğətimizdə “Stolipin” iki mənanı göstərir. Biri budur ki, həmin baş vəzir bir qanun çıxartdı ki, hər kəs qonşusunun toyuğunu oğurlasa dar ağacından asılsın. Məlumdur ki, əvvəl günahkarı çıxardırlar stulun üstünə və boğazına kəndiri keçirəndən sonra ayağının altındakı stulun ipini çəkirlər, stul yıxılır və günahkar başlayır havada seyr eləməyə, Bu səbəbdən də həmin baş vəzirin adı “Stolıpin”dir, yəni “stolun ipin”.
LeontiyevMəlumdur ki, uşaqlar yumurta döyüşdürəndə əvvəl bir dadışırlar, yəni yumurtalarını dəyişib vururlar dişlərinə və sonra qaytarıb verirlər bir-birinə. Sonra başlayırlar oynamağı; məsələn, Əli bunu qanır ki, yumurtası Vəlinin yumurtasından bərkdir, əvvəl deyir:– Tut!
Quli-biyabanlarEy quli-biyabanı! Gəl apar bu heyvanı*Bilmirəm nədəndirsə, Zəngəzur və Qarabağda aclıq məsələsi düşəndən bəri bizim müsəlmanların içində dövlətlilərin hörməti bir az da artıb. Hər kəsdən soruşursan ki, “şəhərinizdə nə var, nə yox?” – cavab verir ki, “bir elə təzə əhvalat yoxdur, ancaq şəhərimizin əhli flan dövlətlinin təziyəsinə ya toyuna məşğuldurlar”. Soruşursan ki, “haman dövlətli Zəngəzur və Qarabağ aclarına nə qədər pul göndərib?” Cavab verir ki, “heç yarım qəpik də göndərməyib”. Deyirsən: “Bəs niyə ona bu qədər hörmət edirsiniz?”. Lotu dinməyib, gözlərini bərəldir.
Стихи других поэтов · Сатира
Görüm olsun o qamışlar sənə peykan, a səbət!Verməyirsən mənə göz açmağa imkan, a səbət!
Zurnaçılar işə başladıZurnasın molla Qəni köklədi saz etdi yenə,Çaldığı nəğməsini dur diraz etdi yenə.
Bərdə xərabələriO viladə bir mehriban görmədim,Gəlmişəm indi də mehriban gəzim;
Canın çıxsın! ("Canın çıxsın gözündən qanmayaydın!")Canın çıxsın gözündən qanmayaydın!Qanıb da hər işi odlanmayaydın!