Biz nəyik?

Bəzi vaxt mən öz-özümdən soruşanda ki, biz nəyik? Öz-özümə cavab verirəm ki, “biz heç bir şeyik”. Amma qəribə burasındadır ki, özgələr bizi bir şey hesab edirlər və hesab edib başlayırlar qorxmağa. Bəlkə elə belə də lazımdır; bəlkə elə lazımdır ki, bizi bir şey hesab edib, bizdən ehtiyat eləsinlər?!

Söz yox ki, belə lazımdır və bizim məsləhətimizdir; amma yenə biz özümüz öz əlimizlə öz işimizi xarab eləyirik. O yerdə ki, biz görürük bizi bir şey hesab eləyib bizdən qorxurlar, – başlayırıq astarımızı göstərməyə ki, baxın, görün, bizim qiymətimiz on dörd şahı üç qəpikdir.


“Russkoye znamya” qəzeti Krım tatarlarından belə qorxur ki, elə bil yapondan qorxur. Keçən nömrələrinin birində həmin qəzet yazmışdı ki, “Baxçasaray şəhəri İstambul ilə münasibətdədir, İstambuldan göndərilmiş siyasi agentlər yuvasıdır. Qəhvəxanalarda, məktəblərdə sultanın şəkli divarlara asılır, dəri qalpaq əvəzinə osmanlı fəsləri geyirlər, xülasə, xəyanət tədarükü görülür”.

Bu rəhmətliyin oğlu İsmayıl bəyin də iş-gücü qurtarıb, “Tərcüman”ın 14-cü nömrəsində başlayıb “Russkoye znamya”nın yazdıqlarını yalana çıxarmağa. Və lakin Qasprinski cənabları bunu bilməli olsun ki, “Russkoye znamya” və onun cəmi sarıbaşlı firqədaşları indiyə kimi Baxçasaray tatarlarını bir şey hesab eləyirdilər; amma “Tərcüman”ın 14-cü nömrəsini oxuyub gördülər ki, bu millətin içi boşdur. Məsələn, bir camaatın ki, ticarət sinfinin rəisi ola S.M. Toppuzov, – o camaatın içi boşdur. Bir millətin ki, üləmasının başçısı ola Xəlil, Əbdürrəhman, Hacı Əmir, Həbibulla, Mustafa, Seyid İbrahim, Ağa Mir Kərim, Axund Məhəmməd Bağır, – o millətin içi boşdur.

Gələk bələdiyyə rəislərinə. Süleyman Mirzə Krımtayev oxumaq və yazmaq bilməz və qəzetləri görmək istəməz.

Qafqazın hər nə qədər xanzadə və dövlətli mülkədarı var, – hamısının cavan uşaqları dərslərini yarımçıq qoyub, hökumətə ixlas ilə qulluq eləməkdədirlər ki, on üç ildən sonra bir nişana sahib olsunlar. Bəylərimiz və xanlarımız mülklərindən hər il on min manat mədaxil ola-ola, naçalnik divanxanasında mirzəlik eləyirlər ki, bir kokardalı böyük görəndə baş yendirsinlər.


Budur bizim işlərimiz; biz buyuq. Amma özgələr bizi bir şey hesab edir.

Mən ölüm, üstünü açma.

Molla Nəsrəddin

“Molla Nəsrəddin”, 16 aprel 1911, №4

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Yamaq

Çürümüş parçanın dəxi faydası yoxdur: bir yandan yamadın, o biri yandan cırılacaq.Bu gün görürəm ki, yetim iranlılar sevincək qaçırlar konsulxanaya ki, Məhəmmədəlişah tərəfindən məşrutənin təzə elan olunmağı barəsində konsula mübarəkbadlıq versinlər.

4 мин
Dörd yüz qız

Oxucularımıza ərz olsun ki, bu axır vaxtlarda əcnəbi mətbuatı və xüsusən Parijdə çıxan qəzetlər Əbdülhəmidin hərəmxanasını əldə bəhanə eləyib başlayırlar nalayiq sözlər ilə biz müsəlmanların abırına toxunmağa. Abır varmı, ya yoxmu – bu bir özgə məsələdir; amma söz burasındadır ki, aya nə səbəbə onlar öz gözlərində qılı görməyib bizim gözümüzdə tiri görürlər?Oxucularımızın izni ilə və millətpərəstlik vəzifəmi yerinə yetirmək qəsdi ilə mən də lazım bilirəm avropalılara, necə ki, lazımdır cavab verəm; elə cavab verəm ki, bir də haramzadalar cürət eləyib müsəlman adı çəkməsinlər.

3 мин
İstifta

Bakı qəzetləri həzrət üləmadan soruşurlar ki, hal-hazırda Bakıdakı “kür” suyuna camaatın ehtiyacları var; aya bu su pakdırmı ki, camaat içə bilsin, yainki yox?Bu istiftaya belə cavab verilib: “Mövzuatı təşxis və təyin etməkdə üləmaya ehtiyac yoxdur: avamlarda təşxis edə bilərlər. Məəzalik… suyun üstündə açıq yer var, bilfərz, mütənəccis olubsa da, yağış vasitəsilə qətiyyən və yəqinən pak olub, heç bir şəkk və şübhə yeri yoxdur. Hər kəs istəsə, gedib təhqiq edə bilər”.

4 мин
Məscidlər

Hamıya məlumdur ki, bu axır vaxtlarda Qafqazın müsəlmanları gözlərini açıb başlayıblar hey bir ucdan məktəb binası qoymağa və indiyədək üç ilin müddətində bütün Qafqazda dörd və bir rəvayətə görə, beş yerdə məktəb açılıbdır. Bu beş məktəbin üçünü iranlılar və ikisini qafqazlılar açıb və bundan savayı hələ eşidirik ki, bəzi şəhərlərdə yenə təzə məktəb söhbəti var.Aşkardır ki, bu qədər məktəbin varlığı qafqaz müsəlmanlarının tərəqqisinə bir böyük dəlildir. O səbəbə ki, bir yerdə ki, iki il bundan irəli bircə dənə də məktəb yox idi – bu beş məktəbi biz gərək çox və çoxdan da çox hesab edək; çünki necə olsa, yenə beş, heçdən çoxdur.

3 мин

Стихи других поэтов · Сатира