Millətimiz savadsızdır.

Çarə lazım!

Dünyada dəxi qeyri bir vəhşi xəyalıma gətirə bilmirəm ki, bizim kimi, vəhşi olsun.

Çarə lazım!

Yazımız yox, oxumağımız yox, mətbuatımız yox.

Çarə lazım!

Və ətrafımızı sağdan və soldan bürüyən cəmi millətlərin mədəniyyəti bizi mürur ilə basıb, sıxıb xırdalatmaqdadır.


Ən qabaq biz gərək bu həqiqətləri təsdiq edək və inanaq, əgər inansaq bu özü yenə bir işdir.

Gərək biz buna qayil olaq ki, biz maarifcə heç bir şeyin sahibi deyilik: gərək inanaq ki, bizlərdə savadın, maarifin şöhrəti və hörməti yoxdur. Avstriyanın, Almaniyanın, Firəngistanın, İngiltərənin bir qəsəbəsində olan kitabların sayınca cəmi İran məmləkətində kitab yoxdur.

Saydığım məmləkətlərin tək bircə qəsəbəsində dərs oxuyan minlərcə şagirdlərin miqdarınca bizim Azərbaycanda əli qələm tutan müsəlman qardaş tapılmaz.

Nədir bunun səbəbi? Səbəb budur ki, bizlərdə savad mod deyil. Mədrəsə və kitaba şövq və həvəs yoxdur.

Millət bilmərrə özündən əl çəkib. Və bunun da yenə səbəbləri var. Bə hər hal çarə lazım.


Bəs, nə etməli?

Lazımdır yamsılamaq.

Lazımdır təqlid etmək o millətlərə ki, maarif və mədəniyyətcə bizdən çox qabağa keçiblər. Lazımdır onlar əxz etdikləri maarif və mədəniyyət yollarını tutub getmək, lazımdır onları qana-qana təqlid etmək, çün bundan savayı bizim üçün qeyri bir çıxacaq, qeyri bir nicat yolu nəzərə gəlmir.

Biz onsuz da məişətin cürbəcür əmrlərində onlara möhtacız. Gündə yediyimiz çörəyin və içdiyimiz suyun xasiyyətini onların məharətli professorlarından öyrənirik. Vətənimizdə hürufat karxanası və karxana qurmaq istəsək onların elminə qayil olacayıq. Əzizlərimizin əksini kağıza götürəndə yenə onların hünərinə və məharətinə pəh-pəh söyləyirik.

Yazmaq və oxumaq səliqəsinə gəldikdə heç təəccüb yeri yoxdur ki, axtarıb görək onlar nə tövr yazırlar və oxuyurlar.

Aşkardır ki, dünyanın bu tərəfindən o tərəfinə hava ilə danışanlar və göydə quş kimi uçanlar yazıb oxumaq fənnində gərək bir qüsur qoymamış olalar.

İşləri bu halda gördükdə bizim iki eşşəyin arpasını bölmüyənlərimiz bilmirəm hələ nə danışırlar.

Sözün müxtəsəri: iki şeyin biridir. Ya mədəni millətlərin məqamına özümüzü yetirmək niyyətindən bilmərrə əl çəkək, ya onlar əxz etdiyi maarif və təməddün vəsilələrindən onlardan təlim alaq. Məlumdur ki, haman ən birincisi yazıb-oxumaq dəsgahıdır.

Tərəqqi və təməddünün yolu birdir. Əgər özgə yolları tutub getsək, həmi nahaq zəhmətlərə düşəcəyik, həmi bir şeyin sahibi olmayacayıq.

“Yeni yol”, 28 sentyabr 1922, №2

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Məmmədəli! (1911)

Göndərdiyin povestkaları – ki, pulu eləsin 33 manat 70 qəpik, – üstünü yazıb Məşədi Ələsgər Bağırovun adına göndərdim. Bunu mən qəsdən belə elədim ki, Üzeyir sənə kağızları və povestkaları yetirən kimi get Bağırovun yanına, povestkaları ona verib əlli manat al, haman saat yetir Mərdanova ki, eyibdir, mən səndən də artıq utanıram.Özün də bilirsən ki, indi Təbrizdən və çox yerdən pul gözləyirik. Gələn kimi Bağırovun pulunu verərik ki, eləsin 14 manat 20 qəpik.

1 мин
Məmmədəli! (1911)

İki səhifə yarım da şəkil göndərdim. Az olsa, qalanını özün düzəlt.Rotterdən nigaran oldum. Bilmədim otuz manata razı olub şəkil çəkirmi? Hər halda burada pulum yoxdur.

1 мин
Əzizim Məmmədəli! (1911)

Az qaldı ha: iki həftəyə yəqin orada olarıq və görüşərik. Sən Allah, “Tiflisski listok”un nömrələrini oxuyub qurtaran kimi hər gün sal poçta gəlsin və “Günəş” də göndər, çünki hələ bizə gəlmir. “Russkoye slovo”nun da nömrələrini orada saxla. Sən Allah, Həmidə xanımın çekini göndər geri. Əgər pulu alıb, borca vermiş olsan, yerini doldur: barı yanvar ayında öz borcumuzu özümüz verək.Bunu sənə qabaqlar da istəyirdim yazam ki, Faiq əfəndi bundan sonra orada sahib-ixtiyardır, hər barədə: xərclər və pullar barəsində, habelə jurnalın məzmunu barəsində. Ondan sonra sənsən. Sözsüz, sən özün də bunu bilirsən.

1 мин
Əzizim Məmmədəli!

Mən hələ burada, Xankəndindəyəm.Kağızın yetişdi, razı oldum ki, işləri yerbəyer eləyirsən. Ancaq Manya səndən giley eləyir ki, onu axşamlar tək qoyursan. Yazır ki, bizim köhnə qaravaşımız Olqa hərdənbir Semyonun yanına, yəni bizə gəlir. Semyona de ki, bir də o qız bizdə görsənsə, onu çıxardıb məvacib vermənəm. Xocaya de Olqa bizə gələndə qoymasın. Vera Akimovnadan mənə yaz görüm hardadır və nə qayırır? Bir neçə günə gələrəm. Bu gün yenə material və şəkil göndərirəm. Bir şəxs dünən mənə yazır ki, guya, sən hər gün keflənirsən, mən inanmıram.

1 мин

Стихи других поэтов · Сатира