Əhməd bəy Ağayev cənablarına

(Müştəri məsələsi)

Cənab Əhməd bəy! Möhtərəm “İrşad” kaspisində “Həyat”ın bağlanmağından söhbət açıb, müsəlmanlardan giley edirsən ki, qəzet oxumağa meyil etmirlər. Yazırsan ki, mədəni millətlərin hədsiz qəzetləri və məcmuələri var və hər bir qəzetin hədsiz və hesabsız müştərisi var. Yazırsan ki, bütün İran aləmində bir dənə gündəlik ruznamə yoxdur və Qafqaz müsəlmanları iki dənə qəzeti saxlaya bilmirlər və bunların hamısından sonra yazırsan ki, bu əhvala səbəb, əvvəla, mollalardır və saniyən “Molla Nəsrəddin”.

Mən öz tərəfimdən və əgər mollalar da istəyirlərsə, onların da tərəfindən və mollalardan savayı, hətta, hacı, məşədi, xan, bəy – ta nə başını ağrıdım, – cəmi müsəlmanların tərəfindən lazım gördüm sənə cavab verim.

Deyirsən ki, müsəlmanlar qəzet oxumağı özgə millətlər kimi xoşlamırlar. Qardaş, müsəlmanlar başlarına nə daş salsınlar? Siz qəzetdə nə yazırsınız ki, müsəlmanlar oxuyub xoşlasınlar? Bax, elə bu saat “İrşadı”ın köhnə nüsxələrinin birini əlimə alıb, diqqətlə mütaliə edirəm. Görək nə yazılıb? Bəli, nömrə flan. Sonra abunə olmaq şərtləri, flan (əlbəttə, pul söhbətidir, bunu hamıdan başda yazacaqsan). Sonra iri xətlə yazırsan: “İrşad”. Hürriyyət, müsavat, ədalət”.

Hələ hürriyyət və ədalət qalsın, bu barədə danışmayaq; çünki indiki zəmanədə eyibdir belə sözləri danışmaq. Müsavatdan bir qədər söhbət eləyək.

Hələ “müsavat” nədir? Yəni sənin sözündən bu çıxır ki, bir kəndli ilə bir xan qabaq-qabağa gələndə kəndli xana baş yendirsə, xan da kəndliyə yendirsin? Sənin sözündən bu çıxır ki, bir gün rəiyyət ağanın ayağına duranda, o biri gün də ağa rəiyyətin ayağına dursun?

Di cavab ver!

Əgər desən “hə”, onda mən gərək elə başa düşəm ki, zarafat eləyirsən. Əgər desən “yox”, onda ta nə “müsavat”bazlıqdır?

Əhməd bəy, vallah, zarafat eləyirsən!

Heç, bir mənə de görüm, bircə dəfə ömründə görübsənmi ki, bir kəndli dalında bal küpəsi, bir əlində bir dəstmal yumurta, o biri əlində beş-altı toyuq-cücə qan-tərin içində, cırıq-mırıq paltarda, piyada, ayaqyalın gələ mülkədarın qapısına, balı və yumurtanı qoya xanımın qabağına, toyuqları verə nökərə və bir dənə qırmızı xoruz tuta balaca ağanın qucağına və bu heyndə xan çıxa balkona və kəndli xanı görcək ikiqat əyilib salam verə…

Mən ölüm, Əhməd bəy, lotu-lotuyana mənə bir de görüm, heç görübsən və eşidibsən ki, xan kəndlinin salamının cavabında ona deyə: əleykəssəlam?

Mən bu cür işləri çox görmüşəm. Mən görməmişəm ki, bal, yumurta, xoruz – bunlar öz qaydası ilə, amma həmişə kəndli salam verəndə, xanlar və ağalar deyiblər: “Cəhənnəm ol!”

Bu belə.

Sonra keçək qəzetin məzmununa.

Başdan bir neçə elandır (əlbəttə, pul olan yerdə elan da başa keçər; hələ bəlkə ilan da başa keçər).

Elanların biri, məsəla, budur; Peterburq ünas tibb darülfunundan ikmali-təhsil etmiş təbibə Əminə xanım Bahadırşahzadə naxoşları qəbul edir: flan, flan…

Belə şeyləri qəzetdə yazmağın bəs deyil, hələ deyirsən müsəlmanlar qəzet oxumurlar. Çox əcəb! Elə bircə qalmışdı ki, övrətlər gedib, həkimlik dərsi oxuyub, naxoşlara müalicə etsinlər!

Bir yandan deyirsən “Əminə xanım”, bir yandan da “darülfünun”. Vallah, başa düşmürəm. Müsəlman arvadının adı çəkiləndə həmişə mənim yadıma saqqız çeynəmək düşür.

Qərəz. Hələ keçək o üzə.

Teleqraf xəbərləri: Paltava. Kəndlilər müttəfiq olub, Vasilyev adlı mülkədarın imarətinə od vurub yandırdılar.

Belə-belə yalan xəbərləri yaza-yaza, hələ müsəlmanlardan da giley edirsən ki, qəzet oxumurlar. Belə sözlərə necə inanmaq olar? Bizim rəiyyəti inandırmaqmı olar ki, bu xəbər doğrudur? Barı yazırsınız, elə bir xəbər yazınız ki, ağla sığışsın. Əgər yazsanız ki, mülkədarlar müttəfiq olub, kəndlilərin evlərini dağıtdılar – o vaxt, bəli, mən də inanaram, bizim kəndlilər də inanarlar. Çünki belə işlər bizim vilayətlərdə hər gün ittifaq düşür.

Keçək xarici xəbərlərə.

Şimali Amerikanın müttəfiq məmləkətlərinin cümhur rəisi… flan, flan…

Sən Allah, insaf elə, Əhməd bəy: biz hara, Amerika hara? Və bizə nə dəxli var cümhur rəisi nə elədi ya nə eləmədi?

Bunlar qurtarandan sonra axırda yenə elanları düzübsən bir-birinin yanına. Məsəla, elanların biri bu məzmundadır:

Elan

(Məmaliki-osmaniyyə üçün)

Təbrizdə satılır ucuz qiymətə xəfiyyələr (yəni hökumət şpionları). Xahiş edənlər Təbrizdə Nasir Nizam idarəsinə müraciət buyursunlar. Ax, ax! Yazığım gəlir gününüzə, ay müsəlmanlar! Belə-belə yalan-palanları qəzetlərdə yazıb, hələ sizdən giley edirlər ki, qəzet oxumursunuz.

Elanların biri də budur:

Elan

Cəncədə flan küçədə müsəlman içində əvvəlinci şərabçı dükanı.

Ax, ax, ay müsəlmanlar!

Can cilvələnir qaməti-mozunu görəndə,
Dil tazələnir arizi-dilcunu görəndə.

Zənciri-cünuna bir-yüz rəğbətim artar –
Dərviş Ağabaladəki əfsunu görəndə.

Pərpiç oluram hər dəm oda düşmüş ilan tək
Ol arizi-murdardə geysunu görəndə.

Gəlmişdim edəm sürməli çeşmində müdara,
Ağzım sulanır qarpız-qavunu görəndə.

Xunxarlığı eyb deyil nərgisi-məstin,
Hər kim ola qaynar qanı meymunu görəndə.

Ey əhli-hünər, cəm deyil şair həvası,
Eyb eyləmə şeirindəki məzmunu görəndə.

Molla Nəsrəddin

“Molla Nəsrəddin”, 22 sentyabr 1906, №25

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Əzizim Sidqi! (11 dekabr 1910)

Nə tövr oldusa, bu dəfə adını Sidqi yazdım, çünki “Sidqi” çox şirin düşür. Bəlkə ondan ötrü ki, mərhum Sidqini yada salır. Heyf ki, Sidqinin axırına “zadə” qondarırsan və məşhur olan Sidqinin ləzzətini azaldırsan. Xülasə.Yazırsan ki, tez cavab yazmıram sənin kağızlarına. Bunun səbəbi ikidir; biri budur ki, mən əslində kağız yazmağa tənbələm, bir səbəbi də budur ki, qıçlarım gecə və gündüz ağrıyır. Qoymur rahat olam. İki aydır sağ əlimin baş barmağına yara çıxıb, qoymur qələmimi əlimə alam.

2 мин
Əzizim Məmmədəli! (2 yanvar 1911)

Genə bir az kefim yoxdur. Bəlkə bir neçə günə gələm. Gələn poçt ilə sənə məqalə və şəkil göndərərəm.Abunə pullarını poçtdan al, ver poçtxanadakı sbereqatelni kassada qalsın jurnalın adına. Kassanın kitabçası mənim stolumun sağ qutusundadır, götür.

1 мин
Əzizim Məmmədəli! (29 yanvar 1911)

Mənim Manyanın bacısına yüz manat borcum var. Neçə il bundan qabaq məvacibi qalıb, qəbz vermişəm. Qəbzin tarixi 7 iyun 1907-ci ildir. İndi borcunu istəyir. Abunə pullarından haman qıza yüz manata kimi düzəlt ver. Verəndə qəbz al ki, filan tarixdə olan borcu babətindən filan qədər pul yetişib. Əgər birdən versən, qəbzi al saxla.Faiq əfəndi yəqin ki, gedib. Getməmiş olsa, salam söylə. Manyaya, Əbilə və Əziz ilə Əhmədə de ki, mənə kağız yazsınlar.

1 мин
Əzizim Məmmədəli! (1 mart 1911)

Dünən ittifaqən Həmidədən bildim ki, mən Tiflisdən buraya gələndən sonra jurnalı litoqrafiyada tək-tək çap etdirmisən, nəinki iki nömrəni bir daşda. Guya material olmamağı buna bais olub. Heyf ki, mənə bu əhvalatı heç yazmıyıbsan. Əgər bilsəydim, razı olmazdım, çünki belədə çap baha oturur. Bu xüsusda mənə müfəssəl yaz görüm əhval nə cürdür və nə səbəbə mətbəə buna razı olub, görə-görə ki, belədə çox təfavütü var. Bundan sonra nə qayda üzrə qabaqlarda idi, helə də çap etdir ki, iki nömrə birdən çap olunsun.Sabirin əhvalından mənə hər dəfə yaz.

1 мин

Стихи других поэтов · Сатира