Üçüncü nömrəmizdə yazmışdıq ki, Mərv naçalnikinin dəftərxana mütərcimi aşqabaddan gələn tərəqqipərvər cavanlarımızı incidib. İndi mərvlilər yazırlar ki, bu yalandır.

Məlum şeydir ki, Mərv əhli işin həqiqətini necə ki, lazımdır, bilir: biz yazdığımız yalandırsa da bilir, doğrudursa da bilir. Amma bu var ki, qeyri yerin oxucuları əhvalatı bilmir və bəlkə də bəzinin fikrinə gələ ki, doğrudan da, biz böhtan yazmışıq və tanımadığımız bir müxbirin sözünə etibar eləyib möhtərəm bir şəxsin barəsində iftira söyləmişik.

Allah şahiddir və mərvli qardaşlarımız da bilir ki, Aşqabaddan gələn tərəqqipərvər cavanlarımız Mərvdə “Müsibəti-Fəxrəddin” faciəsini teatr tamaşasına qoyan vaxt cənab mütərcim truppa cavanlarını incidib. Amma incidəndən sonra onları nə cürsə razı edib və ortalıqda mehribanlıq əmələ gədib, cavanlar hətta mütərcimdən qəzetə razılıq da yazıb göndəriblər.

Çox əcəb və biz bu barədə minlərcə şükr edirik ki, yenə axırda hər iki tərəf razı olub. Və biz axtardığımız elə budur.

Burada biz sözümüzü tamam edərdik, əgər mərvlilərin ikinci rəddiyyəsi gözümüzə sataşmasaydı.

İkinci cavablarında mərvli qardaşların bir neçəsi bizə yenə təkidlə böhtançı və iftiraçı adı qoyub və üzünü müxbirimizə tutub soruşurlar:

Aya gedib naçalnikdən izn alan kim idi, aya, nə bilim, nə eləyən kim idi?.. Və axırda da soruşurlar ki, “aya qapıçılıq vəzifəsini görən kim idi?..”.

Əgər mərvli qardaşlar izn versələr, biz də üzümüzü teatrda əyləşən tamaşaçı qardaşlara tutub, bircə söz soruşarıq: Yadınızdadırmı, qardaşlar ki, əvvəlinci, ikinci, üçüncü və dördüncü cərgələr tamaşaçılarla dolu idi; beşinci, altıncı və yeddinci cərgələr boş idilər? Və dal cərgələr yenə tamam dolu idilər və lap dalda çox adam ayaq üstə durub, bir-birini basırdı. Bu ortada olan üç boş cərgələrin orta cərgəsində bir nəfər əlli-əllibeş yaşında adam oturmuşdu. Amma düz oturmamışdı: yəni üzü səhnəyə deyildi, üzü akuşkalara idi və elə də oturmuşdu ki, guya balışa təkyə edib: qıçı qıçının üstündə, bir əli qabaq cərgənin stulunun üstündə idi, bir əli də dal cərgənin stulunun üstündə.

İndi də növbə bizimdir; indi də biz mərvli qardaşlardan soruşuruq ki, aya bu cənab kim idi? Aya kim idi teatr oynamadan qabaq: “meymun oynadanlar gəldilər” – deyib, oyunçuları təhqir edən? Yoxsa bunun elə bir zərəri yoxdur? Yoxsa biz müsəlman içində belə işlərə “adamı incitmək” demək olmaz? Yoxsa belə şeylər bizim içimizdə ötüşər?

Özgə millətlərin içində vilayətin sərdarı da teatra gələndə özünə bir stul götürüb, ədəblə oturar və onun sağ və sol tərəfində olan stulların biletini hər kəs pul verib alıb, o da gəlib sərdarın yanında ədəblə oturar.

Bəlkə bizlərdə hər kəsin boynunda qırmızı yaxa olsa, müsəlman məclisinə həqarətlə baxmağa ixtiyarı var?

Biz bəlkə bilmirik? Bəlkə elə, doğrudan da, belədir?..

İkinci dəfə cənab mütərcimin barəsində danışmağa bizi mərvli qardaşlar vadar etdi. Məhz bu barədə üzr istəyirik.

Lağlağı

“Molla Nəsrəddin”, 17 fevral 1908, №7

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Oruc yeyənlərin və oruc tutanların hesabı

Ramazanın 3-cü günü şəhər məktəblərinin birində (adını yazmırıq) oruc tutanların və yeyənlərin adları siyahiyə götürülürdü. Bundan ötrü əlahiddə komisyon təşkil olunmuşdu. Həmin komisyon ibarət idi iki müəllimədən və bir nəfər müəllimdən. Ramazanın 3-də komisyon saat onda varid olur həmin məktəbə və birinci sinfin qız və oğlan şagirdlərini imtahana çəkməyə şüru edir. Qabaqda mizin üstə bir bardaq su və bir stəkan qoyurlar və qızları, oğlanları bir-bir çağırırlar qabağa və sudan stəkana töküb təklif edirlər ki, bir qurtum içsin.Birinci. Bir qız ortalığa gəlir – on yaşında. Bunun adını və atasının adını komisyon siyahiyə götürür (amma biz burada şagirdlərin adını yazmırıq). Bu qız sudan bir qurtum içir, gedir oturur yerində. Qızın atası da böyük məktəblərin birində müəllimdir. Demək, qız oruc tutmayıbdır.

2 мин
Eşit, inanma!

Axır vaxtlarda qəzet və jurnal sütunlarında bir məsələ ətrafında çox yazılar yazılmaqdadır: həmin məsələ də bundan ibarətdir ki, nə yol ilə və nə vasitə ilə kəndlilərin qəzet oxumağını artıraq və onlar üçün nə cür, nə tipdə qəzet icad edək ki, kəndlilərə hal-hazırda çıxan qəzetlərdən artıq əlverişli olsun.Bu məsələ barəsində məndən heç bir söz soruşan yoxdur, amma mən öz üzümə salıb, özümü ortalığa atıb, öz sözümü deyəcəyəm: oxuyan və qulaq verən olar-olar, olmaz-olmaz...

1 мин
Yad edirəm

Keçmiş fevral ayı, bundan qabaqkı fevral aylarını yada salır. Həmin keçmiş fevral aylarının biri mənim üçün xeyli əziz gündür. Həmin gün, Nikolay padşahın taxtdan düşən günüdür.Amma mən Nikolay deyəndə onunla da işim yoxdur, çünki o padşah idi və mən də bir mollayam. Amma Nikolay o səbəbdən mənə yavıqdır ki, o padşah Allah bəndəsi idi və ruhaniləri dost tutardı. Ta o dərəcəyə kimi ki, Rasputin kimi bir fazili həmişə öz yanında saxlardı və özü də bir yana səfərə gedəndə xatunimükərrəməsinə tapşırardı ona hörmət eləsin və qoymasın ki, fazilin ürəyi sıxılsın.

2 мин
Dəyirman

Vallah, billah, bu ingilislərin qanı artıqlıq eləyir. Kişilərin gözü gör necə qızıb ki, bir-iki nəfər ingilis təbəələrini Çində mühafizət etmək bəhanəsilə milyon nüfuslu şəhərləri topa tutur, neçə minlərlə günahsız fəqir-füqəranı tələf edirlər.“Mədəni” amerikalılar da ingilislərlə bu işdə əlbirdilər. Amma, mollalar demişkən, bu işin axırı yoxdur; çünki yenə mollalar demişkən, dünya belə qalmaz.

1 мин

Стихи других поэтов · Сатира