Axır vaxtlarda qəzet və jurnal sütunlarında bir məsələ ətrafında çox yazılar yazılmaqdadır: həmin məsələ də bundan ibarətdir ki, nə yol ilə və nə vasitə ilə kəndlilərin qəzet oxumağını artıraq və onlar üçün nə cür, nə tipdə qəzet icad edək ki, kəndlilərə hal-hazırda çıxan qəzetlərdən artıq əlverişli olsun.

Bu məsələ barəsində məndən heç bir söz soruşan yoxdur, amma mən öz üzümə salıb, özümü ortalığa atıb, öz sözümü deyəcəyəm: oxuyan və qulaq verən olar-olar, olmaz-olmaz...

Əgər birisi Quranı ala əlinə və ona and içə-içə deyə ki, ərəb hürufatlı millətlər arasında kəndlilərin, yaxud şəhərlilərin içinə çox miqdarda qəzet və jurnal yeritmək üçün bir çarə tapa bilər, – eşit inanma! Çünki dünya yaranandan indiyə kimi bir belə şey heç bir yerdə görünməyibdir. Onunçün də bizim kəndlilərin içində də görsənə bilməyəcək.

Yoxsa bundan savayı qalan söhbətlər mənim qulağıma girməz...

Mən sənə vəsiyyət edirəm ki, xəyalını xam etməyəsən və çox şeylərə fikir verməyəsən və çox-çox xəyalplovlara ümid bağlamayasan, yoxsa amal və arzularının balü pəri qırılıb səni xarab edər.

Kəndlilər üçün, ya şəhərlilər üçün dünyada ən əlverişli qəzet gərək ən asan hürufat ilə yazılmış olsun.

Bir belə hürufat – Azərbaycan kəndliləri üçün tək bircə latın hürufatıdır ki, biz ona “yeni hürufat” adı qoymuşuq.

Zamani ki, kəndlilərin uşaqları, indidən həmin yeni hürufat ilə savadlanmağa başlayıb və ərsəyə gəlib savadlı oldular, – ondan sonra, məhz ondan sonra sən, arzu etdiyin kəndli qəzetini yarada biləcəksən və məhz o vədə də həmin qəzeti kəndlilərin hamısı oxuyacaqlar. Amma indi kəndlilər hələ savadsızdırlar.

Yoxsa bu söhbətdən hər kəs kənara çıxıb bir özgə söhbət başlasa, qoy başlasın. Amma sən eşit, inanma!

Molla Nəsrəddin

“Molla Nəsrəddin”, 19 mart 1927, №12

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · Сатира