Şamaxıda pristav Cəbrayılov sahibsiz və fəqir bir müsəlman övrətinin evini viran edir, amma bunun əvəzində Şamaxı ruhanilərindən birisi mənim üstümə elə bərk çığırır ki, səsi Tiflisə gəlir. Buna iktifa etməyib götürüb mənə yazır: ey Molla Nəsrəddin! Gör sənin başına nə iş gətirəcəyəm!

Qardaş, vallah mən Cəbrayılovun üzünü də görməmişəm. Aprelin 7-dən Tiflisdə Varansovski küçədə nağıl deyirəm və ömrümdə Şamaxıya getdiyim yoxdur.

Naxçıvanda naçalnik Enkel müsəlmanların qarnını yumruğu ilə dəlik-dəlik eləyib. Binəva müsəlmanlar gedib mollalara dərdlərini söyləyən vaxt mollalar cavab verirlər ki, naçalnikdə heç günah yoxdur, Allah Molla Nəsrəddinə lənət eləsin!

Yaxşı, burada mənim günahım nədir?

Zəyəm pristavı Oğarişşev, Seyid Hənifəni heç bir təqsiri olmadığı yerdə tövləyə qatıb, o qədər onun burnuna çalır ki, bir vedrə qan axır.

Naçalnik Raut Qazaxda müsəlmanların börklərini başından götürüb, tikan kollarını çırpır yazıq müsəlmanların mərmər kimi qırxılmış başlarına və bunun əvəzində Gəncədə ruhani ağalarımızın birisi hər gün sübh tezdən birinci hissə pristavının didinə gedir. Amma məni küçədə görən vaxt salamımı da almır.

İrəvan qubernatoru müsəlman adı çəkiləndə ficətən azarlayır və qazılarımızla görüşən vaxt əl-ələ vermir ki, onlar evə gedəndən sonra zəhmət çəkib əllərini yumasınlar.

Amma cənab mollalar qubernatorun acığını çıxartmaqdan ötrü camaata deyirlər ki, oxumayınız o mürtədin məcmuəsini!

Bakıdan naməlum bir şəxs (amma burasını bilirəm ki, ya xandır, ya İran mollası) götürüb mənə föhş yazır və sübuta yetirir ki, dünyada şöhrətli və əzəmətli şəhərlərin əvvəlincisi Təbrizdir, çayların əvvəlincisi Araz çayıdır və kəndlərin əvvəlincisi Danabaş kəndidir və bunu da yazır ki, İran hökumətinin az-çox tənəzzüldə olmağına bais məhz Molla Nəsrəddindir.

Tiflisdə … görüm nə istəyirdim deyim … yadımdan çıxdı…

Qərəz!..

[Bu] sözləri yazan vaxt hatifdən belə bir səda gəldi:

– Dərd eləmə, ay Molla Nəsrəddin, bunlar hamısı migüzərəd.

Molla Nəsrəddin

“Molla Nəsrəddin”, 26 may 1906, №8

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Novruz

“Tərəqqi” qəzetinin 86-cı nömrəsini oxuyanlar əlbəttə Vladiqafqaz konsulunun məktubunu yadlarında saxlayıblar. Mən “əlbəttə” sözünü ondan ötrü deyirəm ki, belə məktublar bir neçə günün müddətində adamın yadından çıxmaz.Konsulun məktubunu biz dəxi burada çap eləməyi lazım görmürük.Ancaq qısaca bunu deyə bilərik ki, beş-altı il bundan irəli Vladiqafqaz vitse-konsulu Davudxan cənabları çox zəhmətlərdən sonra Vladiqafqazda iranlılar üçün “Novruz” adında qaydalı və Avropa üsuluna müvafiq bir mədrəsə açıb.

3 мин
Xoş amədi

“Hər dəm əzin bağ bəri mirəsəd”.“Tərəqqi”nin bir neçə nömrəsində osmanlı ədiblərindən izmirli Xacəzadə Məhəmməd Abdulla bəy əfəndi öz barəsində ərəbcə yazdığı mədhnamələri oxuduq.

3 мин
Nə eləsin?

Məhəmməd Əmin Rəsulzadə cənabları ortalığa bir təzə söz çıxardır, amma indi mən ondan bir söz soruşam, lap məəttəl qalıb gözlərini döyəcək.M.Ə.Rəsulzadə qəzetədə yazıb Bakı camaatına təklif eliyir ki, “İttihad” və “Nəşri-maarif” cəmiyyətləri birləşsinlər. Yəni “Səadət”, “İttihad” və “Nəşri-maarif” cəmiyyətləri bir yerə yığışıb bir cəmiyyət olsunlar.

1 мин
Gələcək

Hərdənbir kənardan durub baxanda mən bir belə şey görürəm, görürəm ki, Qafqazda bir az rusca oxumuş müsəlmanlarımız həmişə rusca yazı-pozu eləyirlər. Əvvəl adam elə bilir ki, bunlar müsəlmanca oxumayıblar; sonra baxıb görürsən ki, çox əcəb oxuyublar, bəlkə on il dərs oxuyublar.Hər kəs istəyir ki, mənim yalanımı tutsun, təvəqqə edirəm bu yazdığıma yaxşı diqqət eləsin; əgər diqqət eləməsə, dəxi ixtiyarı yoxdur mənə yalançı desin.

4 мин

Стихи других поэтов · Сатира