“Darvin”çilik və kommunistlər
Xudavəndi-aləmin varlığına şəkk gətirmək barəsində biçarə kommunistlərin adı o qədər “bədnam” olubdur ki, indi bir kəsə söyləsən ki, hələ kommunistlərdən də çox qabaq zamanlarda cənab Allahı dananlar var imiş, çoxları ola bilər ki, bu sözə inanmaya. Amma əgər tarix kitablarını bir yüngülcə vərəqləsək, baxıb görəcəyik ki, Allahın varlığını inkar eləmək üstə çox-çox alimlər və filosoflar edam cəzası ilə cəzalanıblar. Doğrudur, öz fənni kəşfiyyatı ilə üluhiyyata ən güclü zərbə yetirən Darvin, nə tövr oldusa, öz əcəli ilə bu dünyadan getdi; amma o qədər ki, onun və onun müridlərinin başına müsibətlər gəlibdir, – onu burada yazmaqla qurtarmaq olmaz.
Qəribə burasıdır ki, Allahsız Darvinə hücum edənlər bir tərəfdən mütəəssib xristian papaları və fazil ruhaniləri və o biri tərəfdən də hökumətlərin baş məmurları və sansorları olubdur və bunun səbəbi budur ki, – necə məlumdur – Allahın kölgəsi əgər bir anda ortalıqdan götürülsə, dünyada fənaya gedən də ancaq ruhani silsiləsi ilə padşahlar olacaqdır; onunçün də Rusiyada axırıncı padşahın sağ müqərriblərindən beççəbaz məşhur knyaz Meşşerski Rusiyada darvinizmin cani bir düşməni hesab olunurdu.
Ancaq – bir tərəfə baxanda – darvinizmin düşmənləri də bir növ haqlıdırlar; zira ki, əgər doğrudan da biz əgər duraq Darvin məsləkini tamamilə qəbul edək, onda da biz gərək cəmi kütübi-müqəddəsəni də və o cümlədən Quranı da büküb qoyaq kənara və bunların əhkamının cümləsini bir əfsanə hesab edək.
Hələ qabaqlarda, 1809-cu ildə fransız elmi-həyat alimlərindən bir nəfər dinsiz Lamark insanla heyvanlar barəsində bir para pərpuçat sözlər danışanda xalq elə güman edirdi ki, bu Lamark bəlkə dəli olub; çünki bu şəxsin sözündən belə anlaşılırdı ki, insanla heyvanlar arasında cəzri heç bir təfavüt yoxdur; bütün heyvanlar aləmi ümumi bir zəncir təşkil edir və insan da bu zəncirin həlqələrindən biridir və bütün heyvanlar aləmi kimi insan da heç bir vaxt yaradılmamışdır: bunlar uzun inkişaf təamilləri nəticəsində meydana gəlmişlərdi.
Pəh! pəh! Maşallah söz danışana!
Bəs, Adəm peyğəmbər necə oldu? Bəs, Həvva haraya getdi? Bəs, peyğəmbərlər necə olsun? Bəs, müqəddəs kitabları hara tullayaq? Bəs, mübarək ayələr və hədislərə nə deyək?
Xülasə, buradan yüz il keçməmişdi ki, bu başıdaşlı Darvin çıxdı. Bu rəhmətliyin oğlu nəinki Allahsız Lamarkı təsdiq etdi, bəlkə hələ... – dilim qurusun – murdar meymunu da biz insana yavıq qohum və əmoğlu qərar verdi.
Va şəriəta! Vay yüz iyirmi dörd min peyğəmbər! Vay əimmeyiəthar! Vay pənctəni-ali-əba!.. (Mabədi bəlkə ola).
Molla Nəsrəddin
“Molla Nəsrəddin”, 10 may 1928, №19
Kitabxana.az · https://kitabxana.az/ru/works/memmedquluzade-darvin-cilik-ve-kommunistler
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Bizim şeyxin qırx səkkiz arvadı varMolla Nəsrəddin heç vaxt yalan söz danışmayıb və danışmaz. Bəlkə də qırx səkkiz olmaya, otuz səkkiz ola, otuz ola – söz burada deyil, söz buradadır ki, bizim şeyxin hər kənddə iki arvadı var.
AhənrübaAhənrüba – yunanca miqnatis, rusca maqnit; bu bir cövhərdir ki, dəmiri cəlb edir, yəni özünə tərəf çəkir.Təmsil gətirsək – dəxi də açıq söyləmiş olarıq:
Evi yıxıldıNaxçıvanda şəhər idarəsindən dörd min manat pulu aparanların evi yıxıldı.Məlumdur ki, indi Naxçıvanda heç kəsin xəyalına gələ bilmir ki, dörd min manat bağlı dəniz sandığın içindən necə olub və kim aparıb. Bir rəvayət budur ki, pulları suçqan yeyib. Bir rəvayət də budur ki, pullar dura-dura birdən özləri yox olub. Xülasə, bir yana güman getmirdi.
Xeyirxahlıqİrəvan məclisinin sədri və seminariyada şəriət dərsinin müəllimi qazı axund Molla Məhəmmədbağır ağaya bu bir neçə sözü bəndə məhz həmşəhərlik münasibəti ilə deyirəm; məhz xeyirxahlıq yolu ilə ərz edirəm.Əgər qazı cənablarını yad adam hesab eləsəydim, əgər cənabialiyə məhəbbətim olmasaydı, bu aşağıdakı ərizəni bica hesab edib, bir söz danışmazdım.
Стихи других поэтов · Сатира
Təsir eləyib millətə röyası axundun,Xülyası, müəmması, təmannası axundun.
NifrətGündə bir cildə girən simasız adamlaraHeyrət etmədiyinçin heyrət edirəm sənə.
Şeir yaxud merŞerin nə demək olduğunu qarelərimizin bilməyinə şəkk və şüb-həmiz yoxdur. İndi biz merin nə demək olduğunu bildirmək istəyirik.
BilməsəydiDövran edərdi dövrün, rəftar bilməsəydi,Gündə günah edərdim, qəhhar bilməsəydi.