“İttihad” mədrəsəsində elmi-musiqi xəbərini bakılı qardaşlar, söz yox, oxudular və bildilər ki, keçən cəmadiəl-əvvəl ayında “İttihad” əncüməni-xeyriyyəsində əksəriyyət ara ilə təlimi-musiqi təsdiq olundu.

Qəzetdə bu müjdəni verəndən sonra, “İttihad” mədrəsəsinin müdiri mədrəsənin şagirdlərini təbrik edir və deyir ki, musiqi kimi ali və vəsi elmin təhsilinə çatıb xoşbəxt olacaqlar. Müdir cənabları təəssüf edir ki, musiqinin həqiqi və dünyanın məişətində əlzəm ləvazimdən olduğu bizim üçün indiyədək aşkar olmayıb və islam ədibləri və fəlasifələri o qədər bu elmdə çalışıblar ki, heç millətdə bu qədər zəhmət çəkən yoxdur. Və hətta Avropa tarixi sübut edir ki, elmimusiqi Avropaya islamdan və İrandan sirayət eləyib.

Müdir cənablarının bu cür tərifi qəzetin bir uzun sütununu doldurub.


Biz indi burada nə deyək? Əgər mən biləm ki, hacılar, məşədilər və kərbəlayılar mənim yazdıqlarımdan inciməyəcəklər, – burada mən də bir-iki söz danışardım.

Pənah Allaha, başlayaq söhbəti:

O ki, müdir həzrətləri buyururlar ki, elmi-musiqi Avropaya islamdan və İrandan keçib, – bu vaqeən belədir və mən yəqin edirəm ki, Ərəbistanda bir vaxt musiqi elmi həqiqətdə var imiş. Amma elə ki, müfəssirlərin, müctəhidlərin və şarihlərin təfsirləri və risalələri gəldi ortalığa, – musiqi elmi qaçıb getdi işinə; necə ki, artistlərin biri Tiflisdə iyunun 9-da tamaşa axşamı məvacibini alan kimi xəlvətcə mindi maşina və çıxdı getdi Bakıya və teatrda əyləşən camaatı məəttəl qoydu, yoldaşlarını da əcnəbilər içində xəcalət elədi.

Müdir cənabları buyurur ki, “islam ədibləri və fəlasifələri o qədər bu elmdə çalışıblar ki, heç millətdə bu qədər zəhmət çəkən yoxdur”.

Müdir cənablarının bəxti o yerdə kəsib ki, bakılılar özgə millətlərin musiqi elmindən və hər bir şeyindən bixəbərdilər. Amma elə qanıram ki, italiyalılar bu sözləri eşitsələr, elə bilərlər ki, müdir cənabları zarafat eləyir.


Xudavəndi-aləm yuxarıda tamaşa eləyib görür ki, öz yaratdığı millətlərin içində müsəlman milləti kimi heç bir millət yoxdur ki, onun üdəba və fəlasifələr min-min cild kitablar yazıb, musiqi elminə minmin lənət oxusunlar.

Bu kitablardan və risalələrdən nə qədər istəyirsən yığıb göndərim Bakıya.


Bəli, tarixə əgər əl vursaq, çox şeylər görərik: görərik ki, vaqeən bir vaxt Ərəbistanda kəmənçə musiqisinin şöhrəti aləmə yayılmışdı; amma haman tarixi başlasaq vərəqləməyə, axırda görərik ki, İtaliyada katolik kilsəsində hətta ibadəti də musiqi səsi ilə əmələ gətirirlər; görərik ki, Almaniyada bethovenlər, motsartlar, qaydnlar, Şuman və şubertlər, mendelsonlar və qeyriləri musiqi elmini övci-əlayə yetiriblər; görərik ki, Rusiyada qlinkalar rus mujikləri oxuduqları milli məqamatlarını elə bir məharət ilə gözəlləndiriblər ki, bütün yer üzündə musiqi söhbəti düşəndə rusların Qlinkasına rəhmət oxuyurlar.

Haman tarixin axırıncı səhifələrində Ərəbistanda və İranda nə görərik? Bunu görərik ki, cənab studəadab Ağa Məhəmməd və onun bəradəri-ərciməndi Ağa Qulam Hüseyn minbərə çıxıb, üzünü müsəlmanlara tutub buyururlar: “Bəli, bir gün həzrət Süleymana xəbər verdilər ki, div şəklində bir adam tar çalır. Həzrət buyurdu: “Gətirin onu hüzuruma”. Gətirdilər. Həzrət Süleyman soruşdu: “Sən niyə bu günə düşmüsən?” Div cavab verdi: “Biz əvvəl Allahın mömün bəndələrindən idik; elə ki, başladıq tar çalmağa, hamımız birdən div şəklinə düşdük”. Həzrət buyurdu: “Əgər gedib şəhərinizi dalına alıb gətirsən mənim hüzuruma, mən səni azad elərəm”. Div gedib şəhəri aldı dalına, gətirdi və Süleyman peyğəmbər vurub şəhəri dağıtdı”.

Məqaləmin başında mən qəsdən üzümü hacılara və məşədilərə tutdum; mən bilirəm ki, onların hər birinin taxçasında “Əbvavül-cinan” kitabı tapıla bilər. Hər kəs istəyir, açsın bu müqəddəs kitabın 93-cü səhifəsini və oxusun.

Məgər vaizi-şəhir Molla Fətullah müsəlman ədiblərinin ən şöhrətlisi hesab olunmur?

Musiqi elmi barəsində “Əbvabül-cinan” belə yazır:

“Hər neyi musiqa dər kriftəne rəg xab qəflət səri əngüşti, çənbəri dəf hədqeyi kəməndi səyyadiyi şeytanəst və tarü qəval rəsəni bidari gərdən iman, naleyi ney bəsuxtəni xirməni səlah səd ca kəmərbəstə və məddi kəmənçə bəəfruxtəni atəşi şəhvəti nəfsani bər səri zanu nişəstə…”.

Oxucularım bağışlasınlar ki, bir neçə sətir zehni qaşıyan sözlər ilə mömün bəndələrin övqatını xarab etdim.

Bu əfsanənin mənası budur ki, musiqi, tar qaval-kəmənçə və bunlara oxşayan çalğıların hamısı şeytan işidir və günahi-kəbirlərin ən böyüyüdür.


Müdir cənablarına təklif edirəm iki əmrdən birinə razı olsun: ya yazdıqları sözdən əl çəksin və “Əbvabül-cinan”a iman gətirsin, yainki dediklərini təsdiq eləsə, bizə xəbər versin ki, bu kitabın 93-cü vərəqini cırıb tullayaq.


Şam çırağı yanan zaman get hər bir müsəlman məmləkətinə və tamaşa elə: küçələr qaranlıq, evlər sakit! Bircə bayquş səsi gəlir.

Çox desən, götürək İstambulu.

Qəbrin də bir deşiyindən içəri baxsan, qaranlıqdan savayı bir özgə şey görməzsən; çünki ölüdən səs gəlməz.

Fərda zi tö müşkilat həll mitələbənd.
Əz tö nə təranəvü ğəzəl mitələbənd.
Avazə fikəndeyi ki kar in sanəst
İnha həmə sövtəst, əməl mitələbənd.

Molla Nəsrəddin

“Molla Nəsrəddin”, 21 iyun 1909, №25

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Manifest

Qayda belədir: həmişə manifest çıxanda ruznamələr onun məzmununu və mənasını camaata bildirirlər ki, hər bir kəs baxəbər olsun. Kiminin qohumu və qardaşı dustaqdır, – gərək azad oluna, kiminin nidamkası var, – bağışlanacaq, kiminin sudda işi var, – bilmir nə tövr qurtaracaq.Amma çox heyif olsun ki, Bakıda çıxan müsəlman qəzetlərimiz bu barədə bir şey yazmırlar. Bu səbəblərə görə biz lazım görürük oxucularımıza bir qədər məlumat verək.

2 мин
Dərd

Dərdi mara nist dərman, əlqiyas!Mənim tək bircə qardaşım var, dünyalarca istərəm və əgər lazım olsa, onun yolunda özümü ölümə verərəm. Atamın yadigarı, anamın yadigarı, atabir, anabir, doğma qardaş, canım, ciyərim, ətim, qanım, ruhum və iki gözümün işığı.

2 мин
Baş

Elm sahibləri, fənn sahibləri bir dəqiqə bikar deyillər; gecə və gündüz çalışmaqdadırlar ki, təzə bir elm, təzə bir fənn kəşf eləsinlər. Elm və fənn sahiblərinin bu növ çalışmaqları, əlbəttə, nəticəsiz qalmır və qala da bilməz və görürük ki, hər il təzə bir iş, ağla sığışmayan bir xəbər, ağıl kəsməyən bir əməl qulağımıza çatır; ya həkimlik işlərindən, ya mexanika və elektrik dairələrindən, yainki xud kimya və təbiət aləmindən.Rahatlıq bilməyib çalışan alimlərin vücudları biz sadə bəndələr üçün çox bahadır; ondan ötrü ki, o alicənabların növ-növ ixtiraatının bərəkətindəndir ki, biz vaporun, teleqrafın, təbabətin nemətlərindən nəfbərdar oluruq.

2 мин
Kişi gəlir

Mən təəccüb edirəm bir para müsəlman qardaşlara ki, evlərinə kişi qonağı gələndə övrətlərini çıxardıb aparırlar qonaqların yanına və oturub bir yerdə söhbət eləyirlər. Doğrusu, belə bir əməli mən xoşlaya bilmərəm və heç razı ola bilmərəm ki, mənim övrətim dünyada məndən savayı bir kişini görsün, bir kişi ilə danışsın.Və bilirəm də ki, bu məsələ barəsində mənim tərəfdarlarım çoxdur və hədsiz şükürlər də edirəm ki, yer üzünün cəmi müsəlman qardaşları bu xüsusda mənnən yoldaşdırlar.

3 мин

Стихи других поэтов · Сатира