starıe skazki

Dili qurusun mədinəlilərin!

Əlləri qurusun Əbuləhəbin!

Haqqı inkar etmək – o məlunlardan qalıbdır. Çünki Qurani-mübarək ayati-gövhər-misalini eşidəndə Əbuləhəb büsbütün inanmadı, mədinəlilər də cavab elədilər ki, eh, biz bu sözləri çoxdan eşitmişik; bunlar əsatiri-əvvəlindirlər, bunlar qədim nağıllardandır.

(Lənətüllah əla qövməz-zalimin!)


Qəribə burasıdır ki, min üç yüz il bundan qabaq qaranlıq Mədinənin cahil əhalisi indiki əsrimizin içəri şəhərlilərinə nisbətən gör nə dərəcədə azadə fikir idilər ki, Məhəmməd peyğəmbərin qabağına çıxıb onun Quranını “əsatiri-əvvəlin” adlandırdılar.

Amma hal-hazırda, Oktyabr inqilabının onilliyində, Bakının İçərişəhərində bir nəfər Ət ağa adlı müqəddəsin zibilli qapısı qara camaat üçün ziyarətgah qərar verilib və “ağa”nın qabağına bir nəfər adam cürət eləyib çıxmır ki, desin:

– Ay biçarə camaat, bu ət parçası bir diri cənazənin özu nədir ki, ondan siz gözlədiyiniz nicat da nə ola?!

Bu il yenə “ağa”nın qapısında cəlal var idi: heç indiki əsrin şah və krallarını da camaat belə təntənə ilə şəhərdən yaylağa aparıb və yaylaqdan şəhərə gətirməmişdi. Köç karvanının bir ucu burada idi və bir ucu orada.

Və belə bir mənzərəyə tamaşa edə-edə mən öz könlümdə deyirdim: Doğrudur, Oktyabr inqilabı çox dağları deşdi və qayaları sındırdı ki, öz məqsədinə çatsın və elə bilirəm ki, çatdı da. Amma bu İçərişəhərin şarlatanlarının qalasını uçurmaq, onların “əsatiri-əvvəlinini” pozub dağıtmaq və İçərişəhərin qara müsəlmanlarını bu şarlatanlardan azad etməkdə deyəsən Oktyabr inqilabı bir az təxirə düşdü.

Molla Nəsrəddin

“Molla Nəsrəddin”, 27 oktyabr 1927, №44

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Həmidə! (12 yanvar)

Torpaq komissarı Şuşaya gedib və bütün su sahibləri onun qayıtmağını gözləyirlər. Mən ona təcili teleqram göndərib, cavabını gözləyirəm. Odur ki, kəhrizlər və torpaqlar məsələsi həll olunana qədər burada qalacağam. Bizim Ələkbər də Əfəndiyevlə birgə gəlib və dünən o mənə Əfəndiyevin gəlməyi barədə kiçik bir kağız göndərib. Amma bu kağızı mənə Ağdamda verdilər. Ələkbər Bakıda yaşayırdı. Hamımız sağ-salamatıq. Uşaqların sifarişlərinin hamısını alacağam. Çox güman sabah gəlim. Qalan şeyləri sənə Cəmil danışar.Cəlil

1 мин
Həmidə! (2 fevral)

Bakı*Həmidə xanıma, Münəvvər və Müzəffərə dostluq salamı! Poçtla göndərilən quşları alıb ləzzətlə yedik. Jurnalın taleyi yaxın günlərdə həll olunacaq və nəticəsini biləcəksiniz. O zaman Həmidə xanımın Bakıya köçüb gəlməyi məsələsi də həll olunacaq.

1 мин
Həmidə! (Bakı, 17 sentyabr)

Padaqranın müalicəsi haqqında məktubunu aldığım zaman bilmədim sənə necə cavab verim. Bakıda gətirilmə palçıq var, amma onun barəsində rəylər yaxşı deyil. Müalicəni gərəkdir əməlli-başlı eləmək. Buna isə həm pul, həm də başqa şeylər lazımdır. Ona görə də mən belə hesab eləyirəm ki, hələlik gözləyib dözə bilirsənsə, gərək gözləyəsən. Mən sənə kömək eləyə bilərdim, amma, əvvəldən, yayda var-yox pulumu xərcləmişəm, ikincisi, indi [məktəblərdə] məşğələlər başlandığına görə xərc-xiracatım xeyli artmışdır, maddi vəziyyətim ağırlaşdığı üçün hətta qəpikləri də saymaq və çox ehtiyatla tərpənmək lazım gəlir.Sənə Şuşada söz vermişdim ki, müalicədə sənə kömək eləyəcəyəm və hətta Tiflisə də gedəcəyəm. Mən vədimə əməl eləməyə hazıram, amma yuxarıda izah elədiyim səbəbə görə indi yox, çünki belə bir səfərə başlamaq üçün müəyyən miqdarda məbləğ gərəkdir. Bir də indi heç cür yola düşə bilmərəm, çünki indi Bakıda jurnalla və başqa məsələlərlə bağlı çoxlu işim var.

1 мин
Münəvvər! (20 iyun)

Şüşə qabdakı pambığı ehtiyatla çıxart ki, içində dərman var.Qlazomer tapılmadı, həqiqi ayna yoxdur, şüşə və çinidən var ki, onları da doktor Mehmandarov məsləhət görmədi sənə göndərim. Axtaracağam, tapan kimi göndərərəm. Sizdən bircə dənə də kağız almamışam, nigaranam, bilmirəm Həmidə xanımın və uşaqların kefi necədir. Adamların [həbsdən] azad olmaları barədə əlləşirəm.

1 мин

Стихи других поэтов · Сатира