Eydi-rəməzan
Şükür və süpas haman pərvərdigari-aləmə ki, dünyanı altı günün ərzində xəlq etdi: iki günün ərzində yeri, iki gündə göyü və iki günün müddətində də yer üzündə yaşıyan və göydə uçan heyvanları.
Mənim bu şükür və sənama əlbət bir illət var ki, bu barədə möhtərəm oxucular ilə bir qədər söhbət etmək mənim indiki məqaləmin mövzu və məqsədidir.
Pənah aparıram o xaliqi ləmyəzələ ki, bu eydi-rəməzanəlmübarəkin əziz günündə bəndeyi-həqiri məyus etmədi, zira o qədər dərd və kədər, o qədər naümidi və diltənklik ki, həmin mahi-mübarəkin iyirmi doqquz günündə aciz bəndəyə üz verdi – bunların cümləsinin ağırlığı və acısı bu günkü eydi-şərifi – rəməzanın səadətli gününün səadətli səatində məndən həmişəlik rəf oldu və pərvərdigari-aləmdən təmənnam budur ki, öz birliyi xatırına digər mənim kimi əmi mömin bəndələrinə də öz lütf və mərhəmətini müzayiqə buyurmasın.
Amin ya rəbbilaləmin!
Vaqiən, bu mahi mübarəkin iyirmi doqquz gününün ərzində bəndənin dad və fəryadı yerə və göyə sığışmırdı; çün baxırdın şəhərin müsəlmanlarına: xah müslimlərinə, xah müslimələrinə, yəni – necə müslimlər? Cümləsi binamaz və oruc yeyən? Yəni necə müslimələr? Cümləsi Şərq qadını adı ilə başlayıblar guya nə bilim bu nədir? Məktəb, bu nədir? Qlub Əli Bayramov, bu nədir? Mamalıq dərsini təhsil etmək və halon ki, mamalıq üçün bir təhsil lazım deyil, çox da dərin oxusalar, axırda qorxuram uşağın anadan olan günü və bir həftə də ondan sora haman otağa daxil olan adamın başının üstünə Quran tutmağı bilmərrə nəzərdən salalar və beləliklə pak islam ümmətinin balalarını qırğına verələr.
Xülasə.
Mən biçarə və mən bəxtıqara həmin mahi-mübarəki-rəməzanın o gözəl günlərində küçəyə çıxıb gedirdim məscidə və rəməzanın yomiyyə nəmazını orada əta edirdim və rəməzanın hər gününə məxsus duasını orada yerinə yetirirdim:
Ya Əliyyü, ya əzim,
Ya qəfurü, ya rəhim
Əntərrəbbül əzim…
Amma kimi görürdüm mən bəxtıqara o məsciddə? Baqqal Məşədi Ağanı və onuntək bir neçə baqqılı, bəzzaz Hacı Abdulqafarı və onun kimi hacıları, bir çoxlu pinəçi və bir neçə əmələyi-motanı. Məscidin o biri tərəfində də gördüyüm çəharşolu övrətləri, vəssəlam. Pəs belə olar? Pəs hanı bizim oxumuşlarımız, hanı bizim maarifpərvərlərimiz? Hardadır bizim ziyalı müslimələrimiz ki, adlarını “Şərq qadını” qoyub naməhrəm kişilərin içində guya maarifdir, nədir – belə-belə övrət xəlayığına yaraşmıyan peşələrə özlərini veriblər? Hanı bizim müəllim və müəllimələrimiz? Və idarədə xidmətdə bulunan cavanlarımız. Əgər onların gündüzlər vaxtları iqtiza etmir, pəs axşamlar niyə məscidə təşrif gətirmirlər? Və əlbəttə ki, məscidə gəlmiyənlər oruc da tutmurlar, zira orucağız bir şəxsin qiraətxanada nə işi ola bilər? Oruc tutan müsəlmanın ədəbiyyat cəmiyyətində nə işi ola bilər? Oruc namaz əhlinin leksiya məclisində nə karı ola bilər. Və min-min bədbəxt müslimə ki, adını “Şərq qadını” qoyub hələ qazet-mazet də çıxardırlar, bunlar əgər oruc tutandırlar nəyə pəs məscidi buraxıb Əli Bayramov qlubuna cəm olurlar? Məgər oradan insana bir nicat hasil ola bilər, səvayı naməhrəm kişilər içində şəri-şərif mən etdiyi söhbətlərdən?
Ax! Vay!..
Möhtərəm qariləri artın dərdi-sərdən xilas etmək istəyirəm və sözümü müxtəsərcə o yerə gətirirəm ki, həmin mübarək rəməzanın iyirmi doqquzuncu gününü mən fələkzədə və mən siyahbəxt küçə və bazarı orucağız sərgərdan gəzib tamam islam aləmini iki parçaya bölünmüş görərdim: bir məhəlləsi dindarlar və orucağızlar məhəlləsi, yəni şərq məhəlləsini, bir məhəlləsi də qərb məhəlləsi, yəni idarələrdə, mədrəsələrdə və mətbəələrdə çalışan oruc yeyənlər məhəlləsi. (Lənətullahi əla qovməzzalimin!) və islam aləmini belə parçalanmış gördükdə mən qədimdə bir məşhur və sabit qədəm “İttihadi islamçı”, yəni tamam islam aləminin tək bircə “mənbər” baydağı altında toplanmağı tərəfdarı, mən bəxtiqara, həmin qərb məhəlləsində “ürəfa”lar tərəfindən orucun belə həyasızlıq ilə, yəni bəistilahi-rus belə “naxalni” orucun yeyilməyini görəndə və digər tərəfdən möminlər tərəfindən haman orucun bərk-bərk tutulmağını (5 yaşdan 95 kimi) görəndə ürəyimin dərin bir guşəsindən ah çəkib arzu edərdim ki, ey ovsafi-bəşəriyyətdən-bəri və münəzzəh olan həqqi-sübhanə və taala, mənə əcəldən aman verəcəksənmi ki, elə bir gün olaydı – haman qərb məhəlləsinin sirati-müstəqimdən azan bədbaxt müsəlmanları sənin dərgahında istiqfar edib dini-mübini islama qayıdalar.
Ax şükür bihəd edirəm cənabi – Allaha ölmədim və haman arzuma nail oldum.
Belə ki:
Bu gün yəni şəvval ayının qürrəsi eydi – mübarəki-rəməzan, yaxud eydi-fitrdir. Sübh namazımı qılıb getdim bazara. Cəmi müsəlman və əsnaflar cümləsi bazar və dükanda və cümləsi öz sənətində və öz kəsbkarında. Cümləsi bu gün bayram saxlayır; çünki cümləsi bu gün dəxi səhərdən axşama kimi ağzı bağlı deyil. Və məhz bu səbəbə rəməzan bayramı islam ümməti üçün əziz bir bayramdır, o səbəbə ki, bundan da artıq xoşbəxtlıq ola bilərmi otuz gün səhərdən axşamadək ac qalandan sora birdən xəbər verələr ki, “dəxi bəsdir, indi dəxi ac qalma”.
Xülasə:
İslam məhəllələrini gəzdim dolandım və həmin bu gün mömin və dindar müsəlmanları bazar və dükanda öz məşğələlərində, öz kəsbkarlarında gördüm.
Və buradan gəzə-gəzə getdim çıxdım müsəlmanların qərb məhəlləsinə, yəni maarif idarələri və mədrəsələr olan məhəlləyə, yəni qlub və qiraətxana və nəşriyyat və fənni mühazirələr tərtib verilən ürəfa məhəlləsinə.
Amma hər yer qapalı. Niyə? Bu gün eydi-rəməzanəl-mübarəkdir.
Demək bu gün eydi-rəməzanəlmübarək namına cəmi islam mədrəsələrimiz, cəmi darülmüəllimatımız (“darülmüəllimat” deyirəm ha!), cəmi nəşriyyat müəssisələrimiz və şura idarələrinin cəmi müsəlman şöbələri bağlıdır, yəni eydi-fitr münasibətilə tətil edirlər.
Allah şahiddir ki, bunu görəndən sora mənim ürəyim o dərəcədə fərəhnak oldu ki, bugünkü bayram mənim üçün ikiqat bayram hesab olundu. Bir bayram – haman eydi-mübarəki-rəməzan bayramı. Bir bayram da odur ki, cəmi maarif, mədrəsə və nəşriyyat və qeyri dairələri eydi-fitr münasibətilə bağlı gördüm, yəni eydi-şərifi-rəməzan təsdiq eləyən gördüm. Yəni lap açığı bu islamın həmin bu məarif məhəlləsini nəinki möminlərə tərəf yavuq çəkmiş gördüm, hətta onlara bir neçə təpik vurduqlarını gördüm, -yəni möminləri də qabaqladıqlarını gördüm. Zira ki, əsnaflar və məşhədilər eydi-fitr günü dükan bazarı açdıqları bir gündə ziyalılarımızın idarə və müəssisələrini rəsmi surətdə bağlanmış gördüm.
Min-min təşəkkür və süpas olsun haman pərvərdigari –aləmə ki, dünyanı altı günün ərzində xəlq edəndən sora o qədər də yoruldu ki, cümə gününü istirahətə möhtac oldu.
Mən də yoruldum.
Kitabxana.az · https://kitabxana.az/ru/works/memmedquluzade-eydi-remezan
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
On yeddinci ildə, mart ayının səkkizində Piter, (Peterburq) şəhərində işçi qadınların küçəyə çıxıb çörək tələb etmələrindən və ərlərinin cəbhədən qayıtmalarını tələb etmələrindən on il keçir. On il bundan əvvəl qaniçici Nikolay milyonca əməkçilərin başına kefi istədiyi oyunu gətirirdi. O vədə Nikolayın rejimi sayəsində guruldayan qazi və şeyxülislamların qorxusundan Şərq qadınları pərdə altında yox kimi idilər və o vaxtlar qadın azadlığı sözünü danışmaq mümkün deyil idi və danışanda firqəyə bir fənd ilə soxulan Mir Bağırağalar, bazar və dükanı bağladıb bir məsuliyyət altına çəkirdilər. Çünki o vaxtlar fazillərimiz və şəriətmədarlarımız deyirdilər ki, qadın hara, azadlıq hara və məişət meydanında çalışmaq hara. Və dedikləri sözlərə də tarixdən dəlil-sübut gətirirdilər ki, dünya yaranandan cəmi peyğəmbərlər qadınlara məhz “məşğuliyyət” tərəfindən yanaşıblar; məsələn, lap bütpərəstlərin peyğəmbəri Buddadan başlamış, sonra İncili və Quranı şahid çəkirdilər. Guya Budda özü bir küçə ilə keçirkən bir evdə gözəl qadın olduğunu duyanda, evə daxil olmamış keçməzdi və guya İsanın həvariyunundan Petro deyirmiş ki, ancaq gözəl qadınlar axirətdə nicat tapacaqlar, nəinki çirkinlər. Məhəmməd peyğəmbər də ki məlumdur, bir gözəl qadına ki rast gəldi, “fətəbarəkəllahü əhsənül-xaliqin” deməyi kifayət idi ki, o övrəti özünə halal buyursun. Girəm övrət özgəninki də olmuş ola.Amma indi nələr görürük! İndi hər işçi qadın ölkəni idarə eləmək işini öyrənir, nə bilim seçkilərə qarışır, mədəniyyət və maarif dairələrində sayları gün-gündən artmaqdadır.
Oruc yeyənlərin və oruc tutanların hesabıRamazanın 3-cü günü şəhər məktəblərinin birində (adını yazmırıq) oruc tutanların və yeyənlərin adları siyahiyə götürülürdü. Bundan ötrü əlahiddə komisyon təşkil olunmuşdu. Həmin komisyon ibarət idi iki müəllimədən və bir nəfər müəllimdən. Ramazanın 3-də komisyon saat onda varid olur həmin məktəbə və birinci sinfin qız və oğlan şagirdlərini imtahana çəkməyə şüru edir. Qabaqda mizin üstə bir bardaq su və bir stəkan qoyurlar və qızları, oğlanları bir-bir çağırırlar qabağa və sudan stəkana töküb təklif edirlər ki, bir qurtum içsin.Birinci. Bir qız ortalığa gəlir – on yaşında. Bunun adını və atasının adını komisyon siyahiyə götürür (amma biz burada şagirdlərin adını yazmırıq). Bu qız sudan bir qurtum içir, gedir oturur yerində. Qızın atası da böyük məktəblərin birində müəllimdir. Demək, qız oruc tutmayıbdır.
Eşit, inanma!Axır vaxtlarda qəzet və jurnal sütunlarında bir məsələ ətrafında çox yazılar yazılmaqdadır: həmin məsələ də bundan ibarətdir ki, nə yol ilə və nə vasitə ilə kəndlilərin qəzet oxumağını artıraq və onlar üçün nə cür, nə tipdə qəzet icad edək ki, kəndlilərə hal-hazırda çıxan qəzetlərdən artıq əlverişli olsun.Bu məsələ barəsində məndən heç bir söz soruşan yoxdur, amma mən öz üzümə salıb, özümü ortalığa atıb, öz sözümü deyəcəyəm: oxuyan və qulaq verən olar-olar, olmaz-olmaz...
Yad edirəmKeçmiş fevral ayı, bundan qabaqkı fevral aylarını yada salır. Həmin keçmiş fevral aylarının biri mənim üçün xeyli əziz gündür. Həmin gün, Nikolay padşahın taxtdan düşən günüdür.Amma mən Nikolay deyəndə onunla da işim yoxdur, çünki o padşah idi və mən də bir mollayam. Amma Nikolay o səbəbdən mənə yavıqdır ki, o padşah Allah bəndəsi idi və ruhaniləri dost tutardı. Ta o dərəcəyə kimi ki, Rasputin kimi bir fazili həmişə öz yanında saxlardı və özü də bir yana səfərə gedəndə xatunimükərrəməsinə tapşırardı ona hörmət eləsin və qoymasın ki, fazilin ürəyi sıxılsın.