Toy
Mənim adətimdir: bir yerdə dustaqxana adı gələndə gərək iki ağaclığından qaçam, yox olam.
Mən dustaqxanadan çox qorxuram. Və əgər keçən vaxtlarda mənim başıma gələn qəzavü qədəri nağıl eləsəm və siz də hövsələ ilə oxuyub başa çıxsanız, o vədə görərsiniz ki, dustaqxanadan qorxmağa mən çox haqlıyam.
Bir neçə il bundan əqdəm xalam qızı Məhbubənin toyu idi. Qızı vermişdilər Əkbər Ağa adlı bir qalalıya. Və çün oğlan qərib idi, bizim şəhərdə onun bir kəsi yox idi, toyu da xalamgilin öz evində eləyirdilər və hətta toydan da sonra oğlan həmişəlik xalamgildə qalacaq idi.
Bəli, nişan qoyuldu, kəbin kəsildi, toy tədarükü görüldü, qonaqlar çağırıldı, plov qazanları asıldı və cahıl-cuhul xalamdan bixəbər gedib çalğıçı da gətirdilər. Gecəni yatıb səhər durdum gördüm ki, xalam evində qiyamətdir: çalan, çağıran, oynayan, deyən və gülən.
Xalamın böyük qızı toyun arvad hissəsini idarə edirdi. Kişi hissəsinə də məni təyin etdilər və mən bu işə hər halda artıq həvəslə yapışdım; səbəb budur ki, xalam qızı Məhbubənin xətrini mən çox istərdim.
Günorta hələ olmamışdı. Həyət-baca doldu adamnan və mən qonaqların qabağına çıxıb, sidqi-ürəkdən onları pişvaz edirdim və onlara “xoş gəldin” deyirdim.
Bu arada mənə dedilər xalam məni çağırır və hər işimi buraxıb, qaçdım gördüm ki, arvad çox pis haldadır. Məlum oldu ki, xalam, oğlu Əbdülkərimdən yana bərk qüssə eləyir.
Xalam oğlu Əbdülkərimə beş-altı ay bundan qabaq o taydan kondrabat şevyot gətirib dərzi Cavadla bir yerdə xəlvətcə satmaq üstə bir il iş kəsmişdilər. Biçarə arvad gözlərinin yaşını elə tökürdü ki, mənim xalama nəhayət yazığım gəldi. Heç insaf deyil qız ərə verəsən, evində toy eləyəsən, bütün şəhər sənin xeyir işində iştirak edə və sənin doğma balan dustaqxanadan sənin belə şadlıq gününü görə, eşidə və cürəti olmaya ki, oradan çıxıb gələ və bacısının toyunda oynaya.
Dedim:
– Xala, səni and verirəm Əbdülkərimin canına, ağlama; mən ölüm ağlama. And olsun Əbdülkərimin əziz canına ki, mən bu saat gedəcəyəm və Əbdülkərimi dustaqxanadan çıxardıb gətirəcəyəm.
Xalam bu sözləri eşitcək:
– Buy, sənə qurban olum! – deyə-deyə gəldi məni qucaqladı.
Böyük xalaqızım da, dayıcanım da töküldülər mənim üstümə və onlar da başladılar mənə yalvarmağa ki, əgər bir yol bilirəmsə, gedim heç olmasa bir günlüyə də olsa Əbdülkərimi azad elətdirim gətirim.
Yazıq xalam gör necə yalvarırdı:
– Qadan mənə gəlsin, Cahangir, heç olmasa bir günə, heç olmasa yarım günə. Nə deyirəm, bir saata Əbdülkərimi buraxdır, qoy gəlsin bacısının toyunu eləsin, genə çıxsın getsin, nə deyirəm.
Arvad-uşaq da xalamın dalıyca başladılar deməyə:
– Nə deyirik, heç olmasa, bir günlüyə buraxsınlar, gəlsin bacısının toyunu eləsin, genə getsin.
“Pənah Allaha” deyib çıxdım küçəyə.
Bilmirəm bu tədbir haradan mənim fikrimə gəldi. Dustaqxananın nə yolunu tanıyırdım, nə orada xidmət edən qulluqçuları tanıyırdım. Ancaq uzaqdan görərdim, bax, haman o böyük, iki mərtəbəli tikili dustaqxanadır. Düz oraya yol tutub getdim. Uzaqdan görürdüm ki, hasarın künclərində burcların dibində əli tüfəngli rus saldatları var-gəl edir. Darvazanın qapısında da bir-iki nəfər vətəndaş durub, bir qulluqçu ilə nəsə danışırlar. Bir istədim qayıdam, çıxam gedəm; heç ümidim yox idi ki, bu baş tuta. Axı əgər orada bir dustaq qalırsa, əlbəttə ki, o orada qalmalıdır, qalmalı olmasa, mənsiz də onu azad elərlər; yoxsa, mən nəçiyəm və nə ixtiyarın və nə böyük hörmətin sahibiyəm ki, mənim sözümnən kondrabatçı dustağı vaxtı yetişməmiş azad eləyələr.
Mən bu fikirdə idim, bir də gördüm ki, darvazadan mənə tərəf bir qulluqçu vəravürd eləyə-eləyə gəlir mənim yanıma. Bu adam bir az da diqqətnən mənim üzümə baxandan sonra qabaqca bunu məndən soruşdu:
– Ədə, sən Həsənəli deyilsən?
Mən təəccüblü və bir az ehtiyatlı cavab verdim:
– Necə Həsənəli?
Mənim bu sualımın qabağında bu adam keçdi mənim dal tərəfimə və təkidlə bir az acıqlı hökm elədi:
– Yeri dustaqxanaya.
Mən təəccüblü bir halda çöndüm buna tərəf və dedim:
– Qardaş, deyəsən sənin səhvin var. Mən Həsənəli deyiləm, mən Cahangirəm; mən Kəblə Vəli oğlu Cahangirəm.
Bu nainsafa mənim bu bəyanatım bir zərrəcə təsir eləmədi. Məni zornan apardı qatdı dustaqxananın həyətinə. Darvazada mən istədim dayanam, amma zalım belindən tapançasını çıxardıb elə bir halda mənim üstümə tutdu ki, mən təəccüb elədim niyə tapança atılmadı.
Bu şəxs darvazadan məni içəri ötürəndə bir ayrı özü kimi qulluqçuya məni elə qələmə verdi ki, guya mən qarakəmərli Həsənəlibəyəm və dustaqxana həyətində bu gün arx qazdığım yerdə işdən qaçmışam və gedib şəhərdə gəzib indi gəlirəm.
Mən çox and-aman elədim ki, mən qarakəmərli Həsənəli deyiləm, mən şirvanlı Cahangirəm, atamın adı Kəblə Vəlidir, sənətim flandır, flan və flan.
Heç başa gəlmədi. Həyətdə bir-iki dustaqxana qulluqçusu məni əhatə edib apardılar, uca pilləkanları çıxartdılar və qatdılar dustaqların içinə.
Bir az keçdi, qaranlıqladı, çıraqları yandırdılar və dustaqların hərəsinə bir yekə qara çörəklə bir stəkan dişləmə çayı gətirdilər; mənə də habelə.
Çaydan sonra yatışdıq. Mən də qeyri dustaqlar tək içi küləşli döşək üstə uzandım, üstümə yorğan kimi bir şey saldım və yatdım.
Səhər çayından sonra məni çağırdılar dustaqxananın kantoruna.
Əmoğlu Məşədi Fərzəli, əlində bir kağız, durmuşdu dustaqxana nazirinin yanında və danışırdılar. Nazirin qabağında genə kağız-kuğuz var idi. Və məni görəndə nazir məndən rusca adımı və atamın adını soruşdu. Mən cavab verdim. Məşədi Fərzəli də öz tərəfindən əllərini ölçə-ölçə dedi:
– Ay kişi, vallah, bu mənim əmoğlum Cahangirdir, Həsənəli-zad deyil.
Bu arada dustaqxananın qulluqçularından bir-iki nəfəri və habelə dünən məni küçədə tutub həyətə qatan qulluqçu gəldilər nazirin yanına və başladılar bir-birilə pıçıldaşmağa. Ondan sonra nazir üzünü mənə tərəf tutdu və dedi:
– Gedək.
İkimiz də sevincək çıxdıq çölə.
Darvazadan küçəyə çıxanda və biçarə xalamı görəndə ancaq indi xalam oğlu Əbdülkərim yadıma düşdü və əhvalım elə dəyişildi ki, xalam mənim burada gecə yatmağının səbəbini soruşanda mən biçarə arvada heç bilmədim nə cavab verəm; çünki mən onu dustaqxanada nə gördüm, nə də o orada mənim yadıma düşdü. Sonra məlum oldu ki, dünən toy camaatı bir-iki saat gözləyiblər ki, bəlkə mən Əbdülkərimi də dustaqxanadan çıxardım gətirəm və xalamın xətri xoş ola. Amma axşamdan iki saat keçənə kimi gözləyib, axırda gəlini gətiriblər və hər bir şey öz qaydası ilə ötüşübdür.
Demək, Əbdülkərimi azad eləmək əvəzində mən özüm də o gecəsi dustaq oldum.
Qəribə burasıdır ki, dustaq olmağımın səbəbini heç indiyədək bilmədim. Onunçun daxı bir yanda dustaqxana görəndə üç ağaclığından qaçıram.
Kitabxana.az · https://kitabxana.az/ru/works/memmedquluzade-toy
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Çoxdandır səndən xəbərim yoxdur. Qışda mən naxoş olmuşdum, amma indi yaxşıyam.Sən necəsən, uşaqlar necədirlər? Dərslərin necədir?
Həmidə! (Şuşa, 7 iyul 1931)Dərmanı aldım. Sənin çaydanını itirmişik, amma söz verirəm ki, Bakıya gələn kimi sənə eynilə o cür bir çaydan alım. Biz hələ sahmana düşməmişik. Buranın sahibi Rəhim sabah Şuşaya gələcək ki, sizin Şirin xanımdan alaçıq üçün vədə verdiyi keçəni alıb gətirsin. (Əsədzadə bilir).Mənim halım pis deyil və elə bilirəm ki, dağlıq yerdə ilk günlər keçirdiyim ağır hal keçib gedib. Elə ki, sahmana düşdük, sən də gəlib bizimlə bir yerdə istirahət edə bilərsən. Bura təbiətin gözəl bir guşəsidir. Suyu İsa bulağının suyu kimidir. Tut boldur, mənə də elə bu lazımdır.
Əziz oğlum Midhət! (Şuşa şəhəri, 13 avqust 1931)Bu kağızı sənə Şuşadan yazıram. Bakıdan iyulun 7-də çıxıb Kürdəmirə gəldim. Orada bir həftə Münəvvərin yanında qaldım. Müzəffər və Münəvvər mənə çox mehribanlıqla qulluq edirlər.İyulun 13-də Münəvvərlə birlikdə Kürdəmirdən çıxıb, Yevlaxa, oradan da Ağdama gəldik. Üç gün Əliş Əmirovgildə qaldıq və iyulun 16-da Şuşaya, ananın yanına gəldik. Anan da Şuşaya iyulun 7-də gəlmiş imiş.
Həmidə! (12 yanvar)Torpaq komissarı Şuşaya gedib və bütün su sahibləri onun qayıtmağını gözləyirlər. Mən ona təcili teleqram göndərib, cavabını gözləyirəm. Odur ki, kəhrizlər və torpaqlar məsələsi həll olunana qədər burada qalacağam. Bizim Ələkbər də Əfəndiyevlə birgə gəlib və dünən o mənə Əfəndiyevin gəlməyi barədə kiçik bir kağız göndərib. Amma bu kağızı mənə Ağdamda verdilər. Ələkbər Bakıda yaşayırdı. Hamımız sağ-salamatıq. Uşaqların sifarişlərinin hamısını alacağam. Çox güman sabah gəlim. Qalan şeyləri sənə Cəmil danışar.Cəlil
Стихи других поэтов
Əlay, cümlətən məzlum olub məhbus olan canlar,Xüsusən aliciahlar, hacılar, bəylər, müsəlmanlar,
Qadasın aldığımSəndən ötrü tərk-i-vətən olmuşam,Ey bimürvət yar, qadasın aldığım,
Təcnis: Nazlı yara dərdi-dilim yazmağaNazlı yara dərdi-dilim yazmağa,Nə bir kağız tapdım naqaləmindi,
KəklikCanım kəklik gözüm kəklikYerişin yarıma bənzər