Ey Gəncə mollaları!

Mən sizdən çox artıq təvəqqe eləyirəm ki, öz təklifinizi biləsiniz və cızığınızdan kənara çıxmayasınız.

Siz görürsünüz ki, indiyədək mən sizə bir söz deməmişəm. Amma siz mənim qədrimi bilmədiniz. İndiyədək çox vaxt məclislərdə mollalardan söz düşəndə bəziləri deyirdilər ki, bizim Qafqazda üləma yoxdur, amma mən onlara deyirdim ki, “yox, elə danışma, şayəd bir para yerlərdə ülamamız ola” və bu sözləri deyə-deyə mən bu bir para yerlərə könlümdə Gəncəni də daxil eləyirdim.

Heyif, heyif mənim ümidimə və xəyalıma!

İndiyədək molla məsələləri barəsində biz “Gəncə” sözü məcmuəmizdə yazmamışıq və bu xüsusda çox yerdən kağızlar almışıq ki, “nə səbəbə Gəncə üləmasından söhbət açmırsınız?”.

Biz genə səbr edirdik, ondan ötrü ki, indiyədək danışmağımıza bir səbəb yox idi.

Ey Gəncə mollaları! Həqq -səyimiz sizi tutsun!

Vaqeən, mən indi öz-özümə fikirləşirəm ki, niyə görəsən biz bu günlərə qaldıq? Sonra öz-özümə deyirəm ki, bəlkə biz o səbəbə bu günlərə qalmışıq ki, bizim üstümüzdə üləma yoxdur? Öz-özümə deyirəm ki, bəlkə elə doğrudan bizim içimizdə üləma yoxdur? Sonra genə öz-özümə deyirəm ki, əgər bizim içimizdə üləma var, di pəs hardadılar ki, görsənmirlər? Sonra deyirəm bəlkə Bakıda, İrəvanda, Şamaxıda, Naxçıvanda, Salyanda, Danabaş kəndində, Karsda var? (Buradan haşiyə çıxıram və Kars qazisindən llotu-lotuyana təvəqqe edirəm ki, sünnişiə söhbətini aradan götürsün. Bax, mən ölüm deyəndə su durar. Mən ölüm lotu-lotuyana aradan bu cür söhbətləri götür).

Hə, gələk söhbətimizə.

Ey Gəncə mollaları! Mən indiyədək elə bilirdim ki, sizin təklifiniz xalqı məscidə yığıb onları vəz və nəsihət ilə Allah yoluna dəvət etməkdir və mən elə bilirdim ki, haman təklifinizi əmələ gətirməkdən savayı dəxi sizin özgə işiniz yoxdur.

Amma maşallah, maşallah, belə məlum olur ki, sizin özgə bir peşəniz də var imiş.

İndi məlum olur ki, siz biçarə avam camaatı yığırsınız başınıza, sonra ortalığa bir meşok pul qoyursunuz və əvvəl özünüz düşürsünüz səcdəyə və möhür əvəzinə haman qızıl pulu öpürsünüz, sonra da çönüb avam camaatı zor ilə yıxırsınız yerə ki, onlar da sizin kimi üzü üstə yerə düşüb qızılları öpsünlər.

Ey Gəncə mollaları? Budurmu ibadət?

Mən elə bilirdim ki, siz minbərə çıxanda camaata deyirsiniz: camaat, gözünüzü açın, öz qədrü-qiymətinizi bilin, dövlətli görəndə baş əyməyin. Amma indi, ey Gəncə mollaları, siz özünüz bir qızıl torbası görəndə, uşaq qırmızı alma görən kimi düşürsünüz iməkləməyə.

Budurmu mollalıq?!!

“Molla Nəsrəddin”, 5 aprel 1907, №18

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Oyun-oyuncaq

Yox vallah belə olmaz! Axı, yuxarıda Allah var, axır dünyada bir haqq-hesab var, axır hər bir işin bir qaydası var, yoxsa adam başına deyil ki, hər nə bilir elə də eləsin.Bir il bundan qabaq siz mənə kağız yazıb yalvardınız ki, ay Molla Nəsrəddin, sən Allah biz gəncəlilərə sataşma, biz özgə şəhərlərin camaatı kimi bikar oturmamışıq, biz “Drama cəmiyyəti” açmışıq, bizim “Nəşri-maarif”imiz var, biz “Cəmiyyəti-xeyriyyə” tikmişik.

3 мин
İran işləri

Bu gün İrandan gələn məktubları oxudum və qəzetlərdə yazılan İran əhvalatını gördüm – dərin fikrə getdim.Öz könlümdə bu saata qədər İranın vüquatını nəzərimə gətirib fikirləşdim, fikirləşdim ki, biləm nə səbəbə İran bu halətə çatdı.

3 мин
Məsləkimiz

Əvvələn, hər kəs deməsin ki, mən dünyada az bilirəm. Zira ki, hər nə qədər az bilsə, yenə hamıdan çox bilir.Saniyən, çalışıb-vuruşmaq ilə, zəhmət və məşəqqət ilə heç bir işdə qabağa getmək olmaz; çünki hər iş öz qaydası ilə gedəcək və hər nə ki olacaq – elə də olacaq və hər nə ki olmayacaq, – olmayacaq.

1 мин
İlin axırı

1907-ci il axıra çatdı. İndi lazımdır ki, həmin ilin ərzində dünyada hər bir böyük iş ki, vaqe olub, hamısını yazaq ki, oxucularımız bilsinlər.Həmin 1907-ci ilin müddətində şöhrətli vüquatın lap şöhrətlisi rus və ingilis əhdnaməsidir. Dəxi burada təfsilat lazım deyil; çünki bu iş hamıya məlumdur.

3 мин

Стихи других поэтов · Сатира