Mən həmişə Məkkəyə gedən hacıların karvanını heyvan sürüsünə oxşatmışam. Bunların bir-birinə oxşarı o babətdəndir ki, hacı sürüsünün də qabağına bir çavuş düşüb bunları çəkə-çəkə aparır, heyvan sürüsünün də qabağına bir çoban düşüb heyvanları çəkə-çəkə aparır.

Bunların bir-birinə bir oxşarı da budur ki, necə ki, heyvanlar çobanın dalına düşüb gedəndə bilmirlər ki, haraya gedirlər, habelə hacılar da Məkkəyə kor gedib, kor gəlirlər.

Üçüncü oxşarı budur ki, nə bu heyvanlar, nə o heyvanlar bilirlər ki, nə üçün gedirlər və nə üçün gəlirlər?

Bu balaca müqəddimədən sonra ağamın qulluğuna ərz etmək istəyirəm ki, İranın Rəşt şəhərində çıxan “Məişəti-milli” qəzeti Məkkə ziyarətinə getmək əleyhinə uzun bir kompaniya açıbdır. Qəzet yazır ki, məmləkətin hədsiz paralarını qeyri bir məmləkətə aparıb səpməyin böyük bir iqtisadi zərəri var; bir surətdə ki, cəmi bu qism ziyarət dəstgahları səfahətin səfahətidir. Qəzet bu səfahətin qabağını almağı təkid edir.

Molla Nəsrəddin əmi bunu çoxdan deyir: həmin məsələ çox asan da həll oluna bilər və çox çətin də həll oluna bilər; o da baxır millətin özünə: əgər millət qədim zamandakı adətlərini tərk etməyib, yenə həmişəki kimi məscid və minbər dibində behişt və huri qılman axtarmaq dalınca olacaq, o millətin hacı və heyvan dəstələri əskik olmayacaq.

Elə ki, iranlı konsullarımız bir qədər də şimal tərəfə nəzər salıb suri-İsrafilin səsini eşidib gözlərini açdılar, onda hacı dəstələri özözünə yaddan çıxıb yox olacaqlar.

Molla Nəsrəddin

“Molla Nəsrəddin”, 2 may 1929, №18

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Molla

Bir gün yolum düşdü Malıbəyli kəndinə. Kəndi gəzdim və elə şeylər gördüm ki, qeyri müsəlman kəndində onları görmək olmaz.Əvvəla, burada bir məktəb var, bu məktəbdə çox oğlan uşağı oxuyur. Uşaqların ataları ilə danışıb gördüm ki, hər bir kəs ki, oğlunu oxumağa qoyub, çox razıdır ki, onun övladı elm oxuyur. Bu da görsənməyən bir işdir, çünki özgə müsəlman kəndlərində çox adamlar uşaqlarını məhz o səbəbə məktəbə göndərirlər ki, evdə bikar qalıb anasından çörək istəməsin.

1 мин
Bibiheybət ziyarətgahı

Bakının qiblə ilə günbatan tərəfində təxminən, 7 verstlikdə Bibiheybət kəndində İmam Muzeyi-Kazimin qızı və İmam Rza əleyhüssəlamın bacısı Hökümə xatun əleyhüssəlamın mübarək qəbri mövcuddur. Bu qəbri-mübarək Bakı qoçularının və oğlan uşaqları ilə haman Bibiheybət ziyarətgahına eşqbazlığa səfər edən islam lotularının ziyarətgahıdır; necə ki tarzənlər və xanəndələr həmişə çalıb oxuyurlar:Getdim Bibheybətə, bişirdim aşı,

3 мин
Nə olardı?

“Günəş” qəzetini 101-ci nömrəsində “Erməni katalikosu” sərlövhəsi altında axund Pişnamazzadənin imzası ilə imzalanmış bir neçə sətri oxuduq. Burada şeyx cənabları üzünü ölən katalikosa tutub onun ölməyinə çox təəssüf edə-edə bir neçə söz deyir. Bu sözlər hətta rus qəzetinə də tərcümə olunmuşdur.Biz bilmirik bu nədir? Əgər bilən varsa bizi başa salsın.

1 мин
Qəzetlərimiz

Möhtərəm oxuculara məlumdur ki, Bakıda hamı müsəlman qəzetləri bağlandı. Ancaq möhtərəm oxucularımıza bir şey məlum deyil ki, aya qəzetləri hökumət nə səbəbə bağlayıb və yazanlarını düstaq edib?!Səbəbini biz bilirik və özümüzü borclu bilirik ki, müsəlman qardaşlara da bildirək.

1 мин

Стихи других поэтов · Сатира