Mənim bir nəfər dostum var, adı Məşədi Ələsgərdir. Mənim həmişə ona bir işim düşəndə və mən ondan bir şey təvəqqe edəndə o mənə deyər “inşallah”, amma burası var ki, çox vaxt dediyi sözə əməl eləməz. Məsələn, deyərəm: “Məşədi Ələsgər, Kərbəlayı Həsənə de ki, bu gün gəlsin bizə, çox vacib işim var”. Dostum mənə cavab verər “inşallah” deyərəm. Amma gedib gözlərəm, Kərbəlayı Həsən gəlməz. Məlum olar ki, dostum kərbəlayı Həsənə mənim sifarişimi yetirməyib.

Məşədi Baxşəliyə bir gün dedim: “oğlunu göndər getsin məktəbdə oxusun”. Dedi “inşallah”, amma bir neçə gün keçdi, göndərmədi. Bir də görəndə dedim, genə mənə dedi “inşallah”. Bir neçə gün keçəndən sonra genə dedim, genə mənə cavab verdi “inşallah”. Bir də görəndə dedim, genə dedi: “inşallah göndərərəm”.

Üç aydan sonra gücnən oğlunu göndərdi məktəbə.


Kərbəlayı Qasım bir gün mənə dedi: “Gedirəm Tiflisə”. Dedim: “nə vaxt gedirsən?”. Dedi: “İnşallah iki gündən sonra”. Beş-altı gündən sonra gördüm Kərbəlayı Qasım küçədə durub bir kişiynən danışır. Dedim: “Bə niyə getməyibsən Tiflisə?” Dedi: “İnşallah iki gündən sonra gedəcəyəm”. Beş-altı gündən sonra gördüm Kərbəlayı Qasım gedir hamama. Dedim: “Bə nə vaxt gedirsən Tiflisə?”. Dedi: “İnşallah iki gündən sonra gedəcəyəm”.

Dəxi sonra bilmədim ki, nə vaxt Kərbəlayı Qasım getdi Tiflisə.


Bir fayton kirayə eləyəndə və səfərə çıxanda müsəlman faytonçusuna deyirsən ki, “sən Allah çamadanı faytonun dalına bərk bağla ki, yolda düşməsin”, deyir, “inşallah düşməz”. Bir qədər yol gedib baxırsan ki, kəndir boşalıb az qalır çamadan düşsün, faytonçuya yalvarırsan ki, “sən Allah, bunu bərkit ki, düşməsin”. Faytonçu cavab verir ki, “inşallah düşməz”.

Yainki yolda görürsən ki, yavaş gedir, hava soyuqdur, qaranlıq düşür və faytonçuya deyirsən ki, “qardaş, bir az iti sür ki, tez gedib çıxaq mənzilə”. Faytonçu sənə cavab verir ki, “ inşallah gedib çıxarıq”.

Əmim Kəlbəlayı Zülfüqarın övrəti azarlı olanda mən həmişə ona deyərdim ki, “əmi, əlbəttə gərək bu gün azarlıya həkim göndərəsən”. Əmim mənə deyər “ inşallah”. Bir gün keçər, azarlının kefi dəxi də xarab olar və genə əmimdən təvəqqə elərəm ki, həkim gətirsin. Əmim genə mənə cavab verər “inşallah”. Üç gün keçər, genə deyərəm, genə əmim cavab verər “ inşallah”.

Əmim “inşallah” deyə-deyə biçarə övrətini Allahın rəhmətinə göndərdi (əlbət əcəli tamam imiş).


İnşallah, bu il hava yaxşı olacaq, inşallah bu il çörək ucuz olacaq, inşallah bizim şəhərdə bu il qiraətxana açacaqlar, bu il inşallah məscidi təmir edəcəyik, inşallah bu il çəyirtkə əkinləri yeməyəcək, inşallah bu il yağışlı il olacaq, mən inşallah istəyirəm bu il gedən “Ağdaşdan alma ağacı gətirib əkim, inşallah sabah Heydəri göndərəcəyəm dayısı evinə, inşallah bir neçə ildən sonra həyətin bu tərəfindən bir imarət salacağam və burda inşallah bir məktəb bina eyləyəcəyəm ki, inşallah yetim uşaqlar gəlib burada dərs oxusunlar və ac toyuq yuxusunda inşallah darı görəcək və genə inşallah nə bilim nə eləyəcəyəm və genə inşallah bilmirəm nə eləyəcəyəm və genə inşallah, inşallah, inşallah, inşallah, inşallah Bakıdan müsəlman camaatı aclara buğda göndərəcək ki, yesinlər və yerə səpsinlər inşallah...

Mozalan

“Molla Nəsrəddin”, 18 noyabr 1907, №43

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Cümhuriyyət

(Respublika)Vətəndaşlar!

4 мин
Vətəndaşlar

Şükür Allaha, qurtardıq!Qurtardıq Peterburq vəzirlərinin zülmündən, qurtardıq qubernatorların zülmündən, qurtardıq naçalnik və pristavların və bunlardan aşağıkı pillə qurdlarının zülmündən.

1 мин
İdarədən

Axır vaxtlarda məcmuəmizin vaxtından gec çıxmağı barəsində bir çox yerlərdən kağızlar və teleqramlar alırıq. Dünən Batumdan bir çox müştərilərimizin imzası ilə idarəmizə bir məktub gəlib. Məktub sahibləri jurnalın təxirinə darıxmaqlarını bildirirlər və təvəqqə edirlər ki, Mollanın vaxtdan vaxta nəşr olmağına artıq dərəcədə səy edək.Möhtərəm oxucularımıza məlum edirəm ki, doğrudur, jurnalın yubanmağına rəncidə olmağa hər bir abunə sahibinin haqqı var, bununla bərabər ərz olunur ki, bu xüsusda bizim əslən və qətən təqsirimiz yoxdur. Biz jurnalın builki nəşrinin əvvəllərində işarə eləmişdik ki, bu zəmanəmiz çox aralıbdır və həqiqətdə Tiflisdə müstəqil və münəzzəm müsəlman mətbəəsinin olmamağı və bir tərəfdən də əmələlərin azadlıq tətilləri indiki dava əsrində bizi nəhayət, çətinliklərə düçar eləyir.

1 мин
İdarədən bir neçə söz

Səfeh şamaxılı vətəndaşa ərz olsun ki, Şamaxının quraqlıq xəbərini yuxarıdakı məqalədə oxuyub diltəng oldum. Həqiqətdə də gör nə bədbəxt əsrə gəlib çatmışıq ki, göydən bir qətrə yağışın üzünə həsrət qalmışıq və nəinki Şamaxı, habelə Qarabağ, İran və Naxçıvan və Tiflis və Kars mahalları quraqlıqdan yanıb közə dönüblər. Amma hanı o keçən günlər, o səadətli zamanlar ki, fazillərimizin mübarək vücudlarının varlığından nə quraqlıq tanırdıq, nə qeyri bir belə bədbəxtliklər üz verərdi.Niyə, nədir bunun səbəbi?

2 мин

Стихи других поэтов · Сатира