Bir neçə dəfə qəzetlərdə oxudum ki, “Füyuzat”ın bağlanmağına səbəb “Axund Çəyirtkə” olubdur. Amma oxudum və çox təəccüb elədim; ondan ötrü ki, axund Çəyirtkə bir balaca, məzlum, zəif və mülayim çəyirtkədir və bu çəyirtkəni biz çoxdan tanıyırıq. Bu bir qulluqçu çəyirtkədir və ixtiyarı özündə deyil: ağa buyurur “sür dərəyə – sür dərəyə!”, vəssəlam.

İndi görək niyə “Füyuzat” bağlandı.


Raviyani-əxbar və naqilani-şəkkər-şirin göftar belə rəvayət edirlər ki, bir gün var idi, bir gün yox idi, yer üzündə Allahdan başqa heç kəs yox idi; ancaq bir Osmanlı hökuməti var idi, bir də İran hökuməti. İran hökumətində məşrutə var idi, amma Osmanlı hökumətində yox idi. Osmanlı hökuməti baxıb gördü ki, İranın məşrutəsi camaatı bir az yoldan çıxardır; məsələn, imam cümlələrin anbarlarını boşaldırlar, min illik xanları yerindən oynadırlar, Urmiyanın müctəhidi Hüccətül-islamı şəhərdən qovurlar, padşahdan hesab-kitab istəyirlər və qoymurlar vəzirlər məmləkəti özbaşlarına satsınlar, – bu işləri görəndən sonra Osmanlı padşahı öz-özünə fikirləşdi və dedi ki, vallah, bunun heç çarəsi yoxdur, gərək qoymayam İranda məşrutiyyət başa gələ və bizim məmləkətə keçə.

Günlərin bir günü Osmanlı qoşunu naqafil, gecənin yarısı, xəlvətcə, hamıdan bixəbər, dinməz-söyləməz İran sərhəddini keçib, töküldü Urmiya vilayətinə və başladı yetim-yesir, ac-uc, lüt-üryan, zəif və məzlum və biçarə İran rəiyyətini qırmağa.

Mətləb qalsın burada, biz keçək Bakıya.


Bakı padşahı da, Osmanlı padşahı kimi, İran məşrutiyyətindən çoxdan bəri ürkürdü. Bəli, qorxurdu ki, İran məşrutiyyəti Bakıya sirayət edib, bunu da padşahlıq taxtından sala yerə; elə ki, Osmanlı padşahının İrana hücum çəkdiyini eşitdi, dəxi bilmədi ki, şadlığından nə eləsin. Bir-iki gün fikirləşib, xas müşavirini çağırdı yanına, onunla məsləhətləşdikdən sonra quranı qoydu axund Çəyirtkənin başına və dedi:

– Durma, bu saat yetir bunu Osmanlı padşahına (çünki bilirdi sultanın yanında quran tapılmaz).

Axund Çəyirtkə baş əyib, götürdü quranı, çıxdı neft vışkasının başına, üzün çöndərdi Osmanlıya tərəf və “ya Allah!” – deyib, düz hoppandı, düşdü “Yıldız”ın üstünə və gətirdiyi quranı yetirdi sultanın hüzuruna və kimin tərəfindən gətirdiyini sultana ərz elədi. Sultan quranı alıb qoydu kənara və Çəyirtkəyə dedi:

– Buyur, əyləş.

Çəyirtkə əyləşdi. Sultan baş katib Təhsin paşaya dedi:

– Axund Çəyirtkəyə qəlyan gətir.

Axund Çəyirtkə məşğul oldu qəlyan çəkməyə və sultan başladı söhbətə və soruşdu:

– Ağa Çəyirtkə, Bakıda nə var, nə yox?

Çəyirtkə cavab verdi:

– Heç zad, sağlığın! – Sultan yenə soruşdu:

– Yenə azdan-çoxdan nə var, nə yox?

Çəyirtkə cavab verdi:

– Sultan sağ olsun, Bakıda çox neft var, qarpız var, qəssab var, yaxşı qəzetlər yazılır, yaxşı mollalar var…

Sultan qəzet adı eşidən kimi, əcələ dedi:

– Hələ dayan, dayan! Mənə de görüm, o “Füyuzat”ı çıxardan kimdir?

Molla Çəyirtkə cavab verdi ki, “Füyuzat”ı çıxardan həmin quranı göndərən Bakı padşahıdır. Sultan qeyzə gəlib çağırdı baş vəzirini və dedi:

– De Cəlal Ünsizadəyə, gətirsin o “Füyuzat”ın 11-ci nömrəsini. Sultan “Füyuzat”ın 162-ci səhifəsini açıb, qoydu axund Çəyirtkənin qabağına ki, “oxu”. Axund Çəyirtkə gördü ki, həmin səhifədə bu sözlər yazılıb: “Rusiya inqilabından sonra küreyi-ərzin ən müxtəlif cəhətlərində mütləqiyyətlər bir-bir məşrutiyyətə münqəlib olmağa başladı: Avropada Balkan şibh cəzirəsində balaca Qaradağ prinçi balaca millətinə qanuni-əsasi və hürriyyət verib, şurayi-milliyyə üçün məclisi-məbusan güşad etdi. Asiyada İran ölkəsində daraların darati-mütləqiyyətlərinə xatimə çəkilib, məclisi-şurayi-milli ilə İran millətinin səadətinə geniş yollar açıldı. Hindistanda gərək brəhmən və buddilər, gərək müsəlmanlar hüquqi-müqəddəseyi-bəşəriyyətlərinin tövsii uğrunda ciddən mücahidəyə başlayıb, hürriyyəti-istiqlallarını tələb etmək üzrədirlər. Afrikanın ötəki başında dünən müharibə nəticəsində istiqlallarını qaib edən burlar bu gün ingilis bayrağı altında yenidən hürriyyətə nail olub, məclisi-məbusan üsulu ilə idarə olunmağa başlayırlar. Afrikanın bəriki başında Misir əhalisi axirül-əmr hürriyyətin qədrini anlayıb, Misir üçün bir məclisi-məbusan güşadını tələb edirlər… Görülür ki, haman Türkiyədən başqa heç bir yerdə mütləqiyyət payidar olmayır; çünki Rusiya hürriyyətinin zərbəsinə tab gətirəməyorlar. Bu surətlə Türkiyənin üzərinə hər tərəfdən bir seyli-xüruşani-hürriyyət hücum edərək, onu muhib bir girdabın içinə düşürüyorlar ki, o girdabda kəştiyi-mütləqiyyətin qərq və nabud olması ilə naxudasının da böyük təhlükələrə düçar bulunması mühəqqəqdir... Bunu sultan çox gözəl anlıyor. İştə anladığı üçündür ki, Rusiya duması dağıdılarkən qurbanlar kəsdiriyor”.

Axund Çəyirtkə oxuyub qurtarandan sonra dedi:

– Sultan sağ olsun, and olsun sənin əziz başına ki, bizim Bakı padşahının bu sözlərdən əsla və qətən xəbəri yoxdur. Çünki özü bisavad adamın biridir.

Sultan bir az hirsləndi, bir az atılıb düşdü, bir az qışqırdı, böyürdü, tüpürdü və bir qədər sakit olandan sonra götürdü qələmi, qoltuq cibindən bir tikə kağız çıxartdı və eynəyini mübarək burnuna taxıb, başladı Bakı padşahına kağız yazmağa. Kağızı dördqat büküb, verdi axund Çəyirtkənin əlinə və dedi ki, “bu fərmanımı tez yetirəsən səni buraya göndərən Bakı padşahına”.

Axund Çəyirtkə “hopp!” eləyib, oradan sıçradı Bakı vilayətinə (inşallah mabədi var).

Molla Nəsrəddin

“Molla Nəsrəddin”, 18 noyabr 1907, №43

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Bəlkə də qaytardılar

В Баку я провел два летних сезона.Каждому известно, что летом усидеть дома невозможно и потому всякий спешит на бульвар.

10 мин
Buz

Мне было лет четырнадцать или чуть больше, когда захворала моя тетка. К ней пригласили врача Гаджи-Мирза-Сатта-ра. Я решил, что тетка больна не очень тяжело. И сделал я такой вывод вот почему.В те времена, то есть лет сорок тому назад, в нашем городе практиковали два мусульманских врача: Гаджи-Мирза-Саттар и Мешади-Нурмамед. Слыли они мусульманскими врачами не потому, что были мусульманами. Их называли так потому, что медицинское образование они получили в мусульманских странах: Гаджи-Мирза-Саттар получил образование в Тебризе, а Мешади-Нурмамед изучил медицину, не выезжая из нашего города. Он прочитал пару-другую старых лечебников и набил руку на практике. Все врачевание их заключалось в том, что они щупали у больного пульс и назначали хину или слабительные пилюли, которые тут же извлекали из кармана.

192610 мин
Dəllək

У Мамед-Вели, десятилетнего сына дяди Садыха, болели глаза. Однажды мальчик сказал матери:— Мама, у Ахмеда, сына Кербалай-Гасыма, тоже болели глаза. Вчера мы играли с Ахмедом возле канавы. Ахмед сунул в нос колючую травку, и у него пошла кровь из носа. Покапало немного, и сразу поправились глаза.

4 мин
Hamballar

В 1921 году, на втором году большевистской революции в Баку, новое коммунистическое правительство прилагало все усилия и старания к тому, чтобы вывести страну из разрухи.Жил я тогда в доме одного из родственников. Прежде всего я решил подыскать себе квартиру. С помощью друзей и при поддержке властей квартира нашлась, но в трех комнатах, которые были мне предоставлены, не было ни стола, ни стула, чтобы присесть и заняться писаниной, ни какой бы то ни было другой обстановки.

7 мин

Стихи других поэтов · Сатира