Tiflisdə bizim məhəllədə bir bağ var, adı Botaniçeskidir. Kişilər deyirlər ki, bu bağ bahar vaxtı cənnətin bir guşəsinə oxşayır. Amma mən yazıq hələ indiyə kimi bu bağı görməmişəm; ərim qoymur ki, mən oraya gedəm, ərimdən izinsiz də getsəm, yaxşı olmaz; əvvəla ərimi aldatmış olaram, ikinci də ki, ərim xəbərdar olsa, gəlib məni vurub öldürər.

Bu bağ bizim evimizin yanındadır. Bahar daxil olan kimi küçəmizdə iynə salmağa yer olmaz. Elə adamdır ki, dəstə-dəstə gəlib qapımızın qabağından keçirlər Bataniçeski bağa. Gedənlərin çoxusu da bizim kimi arvadlardır. Amma müsəlman arvadı deyillər, rus arvadlarıdırlar, erməni, gürcü, yəhudi, firəng arvadlarıdırlar, müsəlman arvadı yoxdur, çünki kişilərimiz bizə izin vermirlər.

Bir gün evdə oturmuşdum, gördüm ki, kişi hazırlaşır getsin Bataniçeski bağa, dedim:

– Ay kişi, bir məni də aparaydın orada qəribə-qəribə gül və çiçəklərə tamaşa edəydim. Axır deyrilər ki, dünyanın hər tərəfindən bura qəribə-qəribə ağaclar gətirib salıblar. Nə olar ki, mən yazıq da bir oraya gedib tamaşa edəydim.

Kişi üstümə elə çığırdı ki, az qaldım özümdən gedəm.

İndi daha bilərəm Bataniçeski bağlar biz müsəlman arvadlarının yeri deyil. Həmişə axşamlar camaat yığışıb dolanan vaxt, mən gedirəm qonşumuzda Səkinə bacını götürürəm, gedirik qəbristana, orada qəbrlərin dalına çöküb, bağa tamaşa edirik.

Pəh, pəh, pəh, bağ necə bağ! Qüdrətinə şükür ilahi! Ağacların yarpaqları hərəsi bir rəng çalır, güllərin ətri insanı bihuş edir.

Belə fikirdə oturub bağa baxanda bir də görürük ki, orada gəzən camaatın içində müsəlman kişisi də görünür. Çox vaxt o kişilərin içində mənim ərim də olur.


Axşam qayıdıb evə gələndə deyirəm:

– Ay kişi, bir mənə de görüm, niyə bizi qoymursunuz ki, gedək orada gəzək? Biz ki, çarşablıyıq, bizi kim tanıyacaq?

Kişi mənə cavab verir:

– Çox danışma! Elə onu istəyirsən ki, bir yolluq el içində mənə biqeyrət desinlər?

Odur ki, axşamlar Səkinə bacımı götürüb qəbristan bəhanəsi ilə gedirik qəbirlərin dalına çöküb, xəlvətcə bağa tamaşa eləyirik. Pəh, pəh, nə gözəl bağdır.

Dünyada nə qədər övrət ki, xəlq olub, cəmisi gəlib ərləri ilə bu bağı gəzib gedirlər. Amma bizim məhlədə ola-ola, biz həsrət qalmışıq və cümə axşamlar qəlbimiz sıxılanda gedirəm Səkinə bacını götürüb gedirik qəbristana it baxandan tamaşa edirik ki, ərimizə biqeyrət deməsinlər..

Amma nə gözəl bağ! Nə xoşbəxt insanlar!…

Dəli

“Molla Nəsrəddin”, 13 iyun 1910, №23

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Məclisi-milli

Cənab Molla Nəsrəddin! Nömrə on səkkizdə məclisi –məşvirətdə – olan cənabların şəmayili-mübarəkini çəkib nişan vermisiz və zimnidə əcəlli-mərifətləri dəxi məlum olunub. Vəli bəzi əşxas çoxdan çox talibdir ki, siz o məclisin əczasının ismi-mübarəklərini yazıb və söhbətü məşvərəti-məclisi dəxi bəyan buyurasız məclisdə olan məşvərətlər bu vəz ilə idi. Cənab əczanın ismləri: Cənab Ximyazətül-üləma,Ağa Cəfər Dəbbağ, Ağa Məhəmmədhüseyn Səbbağ, Ağa Məhəmmədtağı Xəbbaz, Ağa Nəcəf Əttar və Ağa Sadıq Dəllak.

2 мин
Bir adam lazımdır

Rusiyada və Yevropada nəşr olunan qəzetələr ha yazırlar ki, müsəlmanlar çalışırlar “ittihadi-müslimin” düzəldib birləşsinlər və əcnəbi millətlərə zor edib, bütün yer üzünə sahib olsunlar.Bir adam lazımdı ki, gedə yapışa bu qəzetləri yazanların əlindən və gətirə Qarabağa və Qarabağın bir para vaizlərini nişan verə; haman vaizləri ki, camaatı yetmiş iki tirəyə bölməkdən savayı özgə bir işləri yoxdu.

1 мин
Meymunlar

Hürriyyət və hüquq davası düşəndən indiyədək heç bir müsəlman məclisi olmayıb ki, orada bir obrazovannı müsəlman ayağa durub deməsin: “Hökumət qoymayır məktəblərdə ana dilimizi öyrənək”.(Hələ məzəsi budur ki, bu nitqləri hamısı urus dilində söylənir və niyə urus dilində söylənir? – bu sirdən də indiyədək heç kəs baş aça bilməyib).

2 мин
Danabaş kəndindən

Axund dadaş, o bir məsəl var… deyərlər, filankəs çox bicdi… indi… xa xa xa xa … əgər gülmək qoysa deyərəm… ha ha ha ha… ay vay, qarnımın dərisi az qaldı yırtılsın… xa xa xa xa xıx xıx xıx ə ə ə, vah, vah, vah, vah vay dədəm vay… lənət şeytana. A kişi, zəhirmar gülmək gələndə adam az qalır ağlasın, hə, istərəm onu deyəm ki, zaddı o nədi… Görüm nə deyəcək idim… Yadımdan çıxdı… Hə… yadıma düşdü… Bu yaponiyalılar nə bic adam imişlər… Dünən qəzetdə oxudum ki, bir yaponiyalı Milan şəhərindən bir qızı zornan çığırdaçığırda, bağırda-bağırda götürüb qaçıb, xa xa xa xa, xıx xıx xıx, ha ha ha ha…vay dədəm vay… A başına dönüm, bilmirsən nə qədər gülməyim gəlir…Bu yaponiyalılardan haramzada millət yer üzündə gərək ki, olmasın. Xa xa xa xa, qoymayın, canım çıxdı, bağrım çatdadı… Görüm nə deyəcək idim…Hə, qızı çığırda-çığırda aparır Almaniya torpağına və Almaniya keşişlərinə bir torba qızıl verir ki, qızın kəbinini kəssin. Xa xa xa xa…A başına dönüm gülmək qoymur ki, sözümü tamam eləyim, keşiş razı olmur və deyir ki, qızın razıçılığı olmayan yerdə Allah da razı olmaz, insaf da razı olmaz. Xa xa xa xa… Sonra qızı gətirir Rusiya torpağına, burada da rəfiqin işi tutmur… Hı… necədi, indi başına nə çarə qılacaqsan? Xa xa xa xa, yazıq kişi yaxşı kələyə düşdü. Müxtəsər, yeddi cür məmləkətə və yeddi cür millətlərin içinə qızı apardısa hər yerdə keşişlər dedilər ki, qız çığıra-çığıra ona kəbin düşməz. Xa xa xa xa. İndi canını hara qoyacaqsan? Xıx, xıx, xıx, lotunun işi xarabdı… Xa xa xa, vay dədəm vay… Yaman dərddi, Allah heç kəsə göstərməsin. Yazıq nə eləsin, əgər qızı çığırda-çığırda dalına alıb Yaponiyaya aparsa, Yaponiya keşişləri nəinki kəbin kəsməzlər, hələ bəlkə tutub onu boğarlar, ondan ötrü ki, bütpərəst ola-ola yaponiyalılar qızı zornan bir kişiyə arvad eləməzlər…Xa xa xa… İş nə yaman yerdə dayandı!..

2 мин

Стихи других поэтов · Сатира