Rəbbiyəl-əvvəl ayının on ikisində bütün Ərdəbil camaatı, oğuluşaqlı, qoca və cavan Bərna və Piriətəbatdan təşrif gətirən Mirzə Ələkbər ağanın pişvazına çıxıblar.

Və haman rəbbiyəl-əvvəl ayının on ikisində Amerikada, Ərdəbil böyüklükdə Samson adlı bir şəhərdə on altı min tələbənin üç ədəd müxtəlif darülfünunlara getməyini bir əkkas kağıza götürübdür.


Rəbbiyəl-əvvəlin on ikisində Ərdəbil şəhərində bir nəfər Əli şiəsi, ziyarətdən təşrif gətirən Ərdəbil lotusu axund Mirzə Ələkbər ağanın ayağı altında qurban kəsmiş və haman rəbbiyəl-əvvəlin on ikisində Almaniyada, Allahsızlar cəmiyyətində məşhur professor Quntabe fənni dəlillərlə sübuta yetirirmiş ki, insanların İsa, Musa və Məhəmməd dalicə düşməkləri və Allahı axtarmaqları məhz haman insanların nadanlığından törəyir.


Rəbbiyəl-əvvəl ayının on ikisində Ərdəbil şəhərinin əmmaməli juliki Axund Mirzə Ələkbər ağa seyyidi-şühədanın ziyarətindən təşrif gətirdiyi günü Ərdəbil möminləri tərəfindən axıdılan gözyaşları çeşmə kimi cari olurdu və rəbbiyəl-əvvəlin haman on ikisində bütün yer üzündə yaşayan insanlar Ərdəbil camaatının bu növ ağlamağın radio vasitəsilə eşidəndən sonra, bircə bunu başa düşə bilməyiblər ki, ərdəbillilər aya Mirzə Ələkbər ağanın vüruduna şad olmaq babətindən ağlayırlar, yainki o məlunun gəlməyini özləri üçün bir bədbəxtlik hesab edirlər.


Bu sözlərin hamısını yazandan sonra, mən papağımı qabağıma qoyub bir qədər fikrə getdim və ağlıma belə gəldi: axır, bu qədər oyunbazlığı ki, Ərdəbil fazili Mirzə Ələkbər ağa Ərdəbil axmaqlarının başına gətirir, axır vaqeən bunun axırı pis ola bilər. Və bu fikri mən bu gün yoldaşlarımın birinə söylədim. Yoldaşım sual etdi ki, “aya nə ola bilər?”.

Dedim:

– Vallah, axırı pis ola bilər.

Dedi:

– Axır nə ola bilər?

Dedim:

– Bir gün ola bilər ki, haman sən axmaq saydığın ərdəbillilər birdən gözlərini açallar və ağanın oyunbazlığını zaiqəyə tapşırallar. Yoldaşım yenə soruşdu:

– Onda nə olar?

Dedim:

– Onda camaat bir gün hücum çəkib ağanın evini yandıra bilər.


Yoldaşım qısaca mənə belə dedi:

– Eşit inanma!

Dedim:

– Niyə?

Dedi:

– Hələ çox çəkər!..

Molla Nəsrəddin

“Molla Nəsrəddin”, 24 oktyabr 1926, №43

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Tap görüm

Oxucularımıza məlumdur ki, indi osmanlılar və italyanlar dava edirlər və bu da məlumdur ki, italyanlar osmanlılara güc gəlirlər. Axırıncı teleqraf xəbərlərindən aşkar olur ki, Trablisdə osmanlı zabiti və əsgəri tələf olubdur.İdarəmizə axır vaxtda kağızlar gəlir və kağız sahibləri bizdən soruşurlar ki, nə səbəbə osmanlıların başına belə iş gəldi və nə səbəbə osmanlılar italyanlara basılırlar.

2 мин
Ad

Sən çalış adın bədnam olmasın.Görürsən, Bakı artistlərini? Heç biri özünə müsəlman adı qoymur; biri adını qoyur Çaraparski, Həsən özünə deyir Qaraxarski, Hüseyn yazır Maranarski, Əli adını qoyur Kirmanşaxski, bircə Vəlinin ağlı yoxdur ki, ona elə bircə Vəli deyirlər; Allaha şükür olsun ki, bu da cəhənnəm oldu artistlikdən çıxdı getdi.

1 мин
Qan hamamı

Bu gün mən eşitdim ki, italyanlar Tripolidə osmanlılara basılmaqlarının əvəzini çıxartmaqdan ötrü o qədər günahsız ərəb uşağı qırırlar ki, frəng qəzetləri bu qırğının adını qoyublar “Qan hamamı”.A kişi, Allah xatirinə, başımı ağrıtma, mənim öz dərdim özümə bəsdir. Sən görürsən ki, mənim evim yıxılıb, belim qırılıb, mənim Seyid Məhəmməd ağa kimi ağam əlimdən gedib. Sən hələ mənə deyirsən ki, nə bilim, italyanlar osmanlı və ərəb qanı ilə hamamlar qayırıblar. Sən deyirsən ki, Avropa şəhərlərində sosialist firqələri mitinqlər əmələ gətirib, nitqlər söyləyirlər, italyanlara nifrət eləyirlər və hökumətlərinə ariz olurlar ki, vəhşi italyanların namərdliklərinə sədd çəkilsin. Sən deyirsən ki, Praqa şəhərində indi neçə min çex milləti ki, özləri də katolik məzhəbində ola-ola, bir yerə cəm olub, osmanlılara mərhəba, italyanlara min lənət göndəriblər. Mən də deyirəm ki, bizim Qafqaz müsəlmanlarına dolaşma. Sənin xəbərin yoxdur ki, bir nəfər Seyid Məhəmməd dari-fənadan dari-bəqaya rehlət buyuranda nə qədər hammal, qəssab, dəllək, mismarçı, qatıqçı, qatırcı ağanın həyətinə yığışırlar. Bitli molla küçədən cındırlı uşaqları yığıb, hərəsinin əlinə bir şaqqıldaqlı baydaq verib; əztərəfi-digər “Müzəffəri-məktəbi” bağlanıb, keçəl, bitli uşaqlar ağlaya-ağlaya və başlarına vura-vura gəlirlər ağanın həyətinə. Əz yek tərəf molla xoruzulla və ağanın həmşəhriləri qaçıb məsciddən Qasim otağını bəzəyib gətirdilər; küçədə su boçkaları hazır. Qərəz nə başını ağrıdım, iki palan camaat ilə ləbaləb. Əli kəsik dərviş bir yanda, molla qarpızəli bir yanda, sair dərvişlər bir yanda. Neçə yerdə camaat toplaşıb, mərsiyəyə ağlaşırlar, tainki Qasim otağı hazır oldu, nəşi-mübarəki həyətdən çıxarıb, mollalar düşdü qabağa və başladılar quran oxumağa. Daldan şkol uşaqları müdirin sərkərdəliyi ilə və camaat növhə deyə-deyə, sinə vura-vura cənazəni gətirdilər Təkə meydanına (sən axmaq hələ İtaliya və Osmanlıdan danışırsan), haman Təkə meydanına ki, türkmənlər orada at, eşşək, dəvə və flan bağlayırlar. At-eşşəkləri açıb buraxdılar bir yana, nəşi qoydular onların yerinə və başladılar haman müqəddəs yerdə namazı (mən ölüm ürəyini sıxma).

4 мин
Fındıq

Keçən vaxtlarda bu barədə yazmışıq, necə ki, məsələn, iki uşaq güləşirmiş, biri o birini basıb, basılan özünü sındırmamaqdan ötrü cəld durub ayağa və yalandan xəbər verib ki: “bay bir fındıq tapdım”.Dava qanunlarının içində biri də budur ki, bir hökumət dava edib, bir qeyri torpağı ələ gətirəndə bir gün rəsmi surətdə qeyri hökumətlərə məlum edir ki, “mən flan torpağı bu gündən daxil elədim öz məmləkətimə”

1 мин

Стихи других поэтов · Сатира