Birinci məclis
Страница 1 из 3
Hacı Həsənin evi. İskəndərin otağı, küncdə dəmir kravat, qabağında köhnə miz, üstündə bir-iki kitab; mizin yanında iki köhnə stul.
C ə l a l və M ü ə l l i m diz üstə qabaq-qabağa oturub dərs oxuyurlar.
C ə l a l (qabağında kitab, duruxa-duruxa oxuyur). Mara çe töhfə adərdi.
M ü ə l l i m (ucadan). Avərdi!
C ə l a l. Avərdi. Küft. Bəxatir. Bəxatir daştəm ki, çün bədər xət….
M ü ə l l i m (ucadan). Bədirəxt!
C ə l a l. Bədirəxt gül rəsmi daməni, daməni pər künəm….
M ü ə l l i m (ucadan). Pür künəm.
C ə l a l. Pür künəm hədiyeyi əshabra, əshabra çün rəsidəm buy güləm çəndan məst gərd ki, damənəm, damənəm öz dəst bərfət.
M ü ə l l i m (ucadan). Berəft!
C ə l a l. Əz dəst berəft, ey mürği səhər, eşqi zipərvanə, zipərvanə….
B i r k i ş i (məşədi paltarında tələsik girir içəri və tövşüyə-tövşüyə ucadan). Hacı Həsən əmi evdə?…
C ə l a l (kişiyə). Ağam gedib bazara.
Kişi çıxıb gedir. Müəllim təəccüb ilə baxır onun dalınca.
C ə l a l (yenə oxuyur). Zipərvanə beyamu, beyamuz … ganə … suxtəra….
M ü ə l l i m (ucadan). Düz oxu, kon suxtəra … şeri qələt oxumazlar.
C ə l a l. Kon suxtəra can şüd, can şüd avaz nəyaməd….
İskəndərin səsi gəlir: "Mars, Mars! Mars!" deyib iti çağıra, çağıra girir içəri.
C ə l a l (oxuyur). Kon suxtəra, kon suxtəra … (İskəndərə) Dadaş, çıx get, qoy dərsimi oxuyum.
İskəndər itin qulaqlarından yapışıb, istəyir çəkə içəri. İt dartınıb gəlmir.
C ə l a l (İskəndərə). Sən allah, dadaş, iti çağırma içəri; qoy dərsimi oxuyum.
İskəndər itdən əl çəkib, çox həvəsli və kefli, şlyapasını kravatın üstünə çırpıb, başlayır papiros eşməyə.
M ü ə l l i m (İskəndərə). Xudahafiz. İskəndər bəy. Yaxşı oldu təşrif gətirdiniz. Təvəqqe eləyirəm mirzə Cəlala nəsihət eləyəsiniz ki, dərslərinə can yandırsın.
İ s k ə n d ə r (oturur kravatın üstündə). Baş üstə, baş üstə, nəsihət elərəm. Amma bunu de ki, mənim sözümə qulaq asan kimdi? Odu, allahın iti də mənim sözümə baxmır; nə qədər elədim, içəri girmədi. Xa … xa … xa … (qah-qah çəkib gülür).
M ü ə l l i m. Yox, elə buyurma. Mirzə Cəlal ağıllı oğlandı; mirzə Cəlal sənin sözünə baxar; ondan ötrü ki, bu qədər zəhməti ki, mən onun yolunda çəkirəm, atası çəkir, gərək bu da elə rəftar eləyə ki, bu zəhmətlər səmərəsiz qalmayalar. Məgər mirzə Cəlal görmür ki, elmsiz insan bir qəpiyə dəyməz? İnsanın ki, elmi olmadı, onun nə qədr-qiyməti ola bilər və nə hörməti ola bilər.
İ s k ə n d ə r (ucadan qah-qah çəkib gülür). Məgər mirzə Cəlal görmür ki, elmli insan bir qəpiyə dəyməz? Xa … xa … xa … hər kəsin ki, elmi var, onun hörməti yoxdu; hər kəsin ki, hörməti var, onun da elmi yoxdu. Xa … xa … xa…. İnsan ona deyərlər ki, nə elmi ola, nə hörməti ola. Xa … xa … xa….
M ü ə l l i m (Cəlala). Yox-yox, İskəndər bəy zərafət eləyir; əlbəttə, zərafət eləyir.
C ə l a l (müəllimə). Mirzə, vallah dadaşım genə keflidi.
İ s k ə n d ə r (tez durub gəlir Cəlalın yanına). Mən? Mən? Mən kefliyəm?
Ağzını Cəlalın ağzına tutub, "hu, hu, hu" eləyir. Hanı? Mən kefliyəm?
C ə l a l. (başını kənara çəkib üzünü turşudur). Vallah, dadaş, genə çaxır içmisən.
İ s k ə n d ə r (gülə-gülə ucadan). Yalan deyirsən, vallah yalan deyirsən! Çaxır içməmişəm araq içmişəm! Gördün yalan deyirsən! Xa … xa … xa!…
M ü ə l l i m (ayağa durub, Cəlala). Çünki bu gün dərsini yaxşı bilmirsən, dəxi mən də sənə təzə dərs vermirəm. Haman dərsi sabah soruşacağam.
B i r k i ş i (məşədi paltarında qapıdan tələsik girib, tövşüyə-tövşüyə ucadan). Hacı əmi evdə?
C ə l a l (kişiyə). Evdə deyil.
Kişi gedir. Həyətdə it hürür kişinin üstünə.
İ s k ə n d ə r (qapıya tərəf gedib). Küş, küş, küş! Xa … xa … xa! Küş, küş, küş! Xa … xa … xa! Mars, Mars, Mars! Fut, fut, fut! (İti muşqurur).
C ə l a l (İskəndərə). Vallah, dadaş, ağam gələndə deyəcəyəm ki, dadaşım iti küşkürürdü adamların üstünə.
İ s k ə n d ə r (bir qədər Cəlala baxandan sonra). Mən də deyəcəyəm ki, Cəlal dərsini bilmirdi. Xa … xa … xa! (Gülüb qurtarandan sonra bir az baxıb, gəlir Cəlalın yanına). Yox, yox, demənəm, demənəm. Sən bilirsən ki, mən səni çox istəyirəm (üzünü əlləyir). Amma dadaşının sözünə baxmamaqda bir az yaxşı eləmirsən. İndi məsələn, bu kitabı qoyubsan qabağına, oxuyursan (Kitabı götürür əlinə). İndi yəqin ki, ağan bu kitaba üç abbası, bəlkə hələ dörd abbası, ya bir manat verib, alıb, sən axmaq qabağına qoyub oxuyursan. Amma o pulları aparıb Karapetə versəydin, sənə iki şüşə Smirnov arağı verərdi. Sən də gətirib verərdin İskəndər dadaşına. Mən qoyardım cibimə. Birini səhərdən içərdim axşama kimi sənin sağlığına, birini də axşamdan içərdim səhərə kimi mirzənin sağlığına. Siz sağ olardınız, mən də kef elərdim (müəllimə tərəf). Mən ölüm, mirzə, doğru demirəmmi? Xa … xa … xa!…
M ü ə l l i m. Bağışlayın, İskəndər bəy, hərçənd bəndənin tərəfindən küstaxlıqdır sizə nəsihət eləmək, amma uşaq tayfasına o cür sözləri deməyiniz bir az bicadır. Siz qardaşınıza deməkdən ki, səy elə, elm dalınca get, başlayırsız ona lazım olmayan nəsihətləri eləməyə.
Cəlal istəyir kitabı onun əlindən ala, o da vermir.
İ s k ə n d ə r. Xa … xa … xa!… (Cəlala). Elm dalınca get. Xa … xa … xa! Elm dalınca get. Yavaş, yavaş, qulaq as, gör nə deyirəm.
B i r m ə ş ə d i (tövşüyə-tövşüyə içəri girib, ucadan). Hacı Həsən əmi evdə?
İ s k ə n d ə r. Evdədi, evdədi.
C ə l a l (məşədiyə). Dadaşım yalan deyir, ağam gedib bazara.
M ü ə l l i m (məşədiyə). Nə var, nə xəbərdi?
Məşədi dinməyib gedir.
İ s k ə n d ə r (əlində kitab, qaçır məşədinin dalınca). A kişi, getmə, hacı evdədi, getmə. Mars, Mars, Mars! Küş, küş, küş! Qoyma getdi. Fut, fut, fut! Aha, aha, fut! Küş, küş, küş! (Ayaqlarını yerə döyür).
M ü ə l l i m (istəyir çıxıb gedə). Hələ ki, xudahafiz (Çıxıb gedir).
İ s k ə n d ə r (gülə-gülə müəllimin dalınca). Mirzə, getmə! Mən ölüm getmə, gəl Cəlala elm öyrət. Oxusun alim olsun.
C ə l a l (İskəndərə yavıq gəlib). Dadaş, ver kitabımı.
İ s k ə n d ə r (çox ucadan və hirsli). Cəhənnəm ol!
Cəlal qorxub qaçır eşiyə.
(İskəndər bir az onun dalınca baxandan sonra, gedib oturur kravatın üstündə və bir cibindən araq şüşəsini və o biri cibindən bir balaca stəkan çıxarıb, başlayır töküb içməyə, sonra kitabı açıb baxır).
İ s k ə n d ə r (kitaba). Tanıyıram səni. Mən də səni bir az oxumuşam. On beş il bundan irəli həmin otaqda mən də səni oxumuşam (oxuyur). "Məlikra on nəsihət sudmənd aməd və əz səri-xuni-u dər güzəşt". Mənim də müəllimim mənə nəsihət elərdi ki, bala, səy elə, dərslərini yaxşı öyrən. Amma bu dılğırların heç birindən eşitmədim ki, desin: bala, adam ol. Hər kəsə rast gəlirsən, elə bunu eşidirsən ki, elm oxu, alim ol. Amma məni bir başa salan yoxdur ki, axır, bu elm, elm nə deməkdir? Elm ona deyərlər ki, indi birisi bu şüşəni çəkə başına, hamısını içə, (içir). Pah! Puf! (üzünü turşudur). Bax, elm--buna deyərlər.
Kitabxana.az · https://kitabxana.az/ru/works/memmedquluzade-oluler-birinci-meclis
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
“Yeni fikir” yoldaş!Keçənlərdə barəmizdə, yəni “Molla Nəsrəddin” haqqında bir tənqid yazmışdınız.
“X” hərfi“Ölmək ölməkdi, xırıldamağa nə var”Atalar sözü Bakıda köhnə müəllimlərimizdən mənim bir məzəli və adam güldürən dostum var. Özü də hərdən bir qəzetələrdə məqalə də yazar. Dünən mənim görüşümə gəlmişdi. Çünki eşitmişdi ki, azarlıyam.
Ərəb əlifbasıBiz türklər burada əyləşib ərəb əlifbasını tənqid edənlərin qabağına çıxıb, bu tənqidçiləri pisləyirik və başlayırıq ərəb əlifbasının yaxşı tərəflərini üzə çıxarmağa və pis tərəflərini də inkar etməyə.Amma pis olmazdı ki, bu barədə sahibkarların özlərindən də bixəbər olaq və ərəblərin özlərinin əlifbaları barəsində rəylərini bilək.
Biblioqrafiya (Ziya Paşa və Derjavin)Moskva qəzetlərində oxuduq ki, oranın nəşriyyat idarəsi on səkkizinci əsr miladinin məşhur şairlərindən Derjavinin əsərlərinin hamısını çapa verib, kəndli və əmələ içində intişar etmək xəyalındadır.Bu məsələ Rusiya mətbuatı dairəsində xeyli danışıqlar törədib; belə ki, “Pravda” qəzeti nəşriyyat idarəsi ünvanına bir para tənəli sözlər yazıb soruşur:
Стихи других поэтов
Dedim: Ey nazənin, qaşların yayıdırDedi: Qövsi-qüzeh kamanıdır bu
Di gəlsinSənə qurban olum, səadətli xoca,Qərib xan dadaşıma di gəlsin,
Rəhm edib atmaz oxun yar ürəgim yarəsinəRəhm edib atmaz oxun yar ürəgim yarəsinə,Bumudur xubların çarəsi biçarəsinə.
Gəraylı: Xalxalın göy çəmənindəXalxalın göy çəmənində,Bir qara tel pəri gördüm,