Birinci məclis
Страница 2 из 3 · 33%
C ə l a l (başını qapıdan uzadır içəri). Dadaş, vallah, ağam gələndə deyəcəyəm.
İ s k ə n d ə r (stəkaşı və şüşəni qoyur cibinə) Cəlal, Cəlal, bura gəl, gör sənə nə deyirəm.
C ə l a l. Gəlmirəm, sən keflisən.
İ s k ə k d ə r. Cəlal, bilirsən Sokrat nə deyirmiş?
C ə l a l. Sokrat kimdi?
İ s k ə n d ər. Sokrat bir adam idi; çoxdanın adamı idi. Çox, çox çoxdanın adamı idi. Sokrat deyərmiş ki, "mən dərs oxumamış elə xəyal elərdim ki, dünyada bir zad bilirəm; amma elm oxuyandan sonra yəqin elədim ki, heç zad bilmirəm". Xa … xa … xa! Yəni araq içməyi də bilmirəm! Cəlal, ay Cəlal! İndi sən məndən qaçırsan, deyirsən ki, mən kefliyəm; amma and olsun Qara ağac pirinə ki, sən də mənim kimi dərs oxuyub qurtarandan sonra, başlayacaqsan İskəndər dadaşın kimi küplərin dibində yatmağa. Xa … xa … xa!…
N a z l ı (qapıda görsənir). Dadaş, sən allah az iç bu zəhrimarı!
İ s k ə n d ə r. Baş üstə, bax, mənim bu gözlərim üstə (əlini qoyur gözünə).
N a z l ı. Vallah, yalan deyirsən.
İ s k ə n d ə r. Vallah, yalan demirəm. Nə qədər ki, sən burada durubsan, bir tikə də içmərəm, amma doğrudan doğrusu elə ki, buradan gedibsən, içəcəyəm.
N a z l ı (gəlib yapışır İskəndərin əlindən). Mən də sənin yanından getmənəm.
İ s k ə n d ə r (Nazlını qucaqlayır). Ey mənim gözəl bacım Nazlı. Səhərdən axşama kimi oturubsan evdə, anandan bozbaş bişirmək dərsi alırsan, amma mənim yanıma gəlmirsən ki, gəzdiyim şəhərlərdən sənə nağıl eləyim, görəsən dünyada nə var, nə yox! Bax, həyətdə gün çıxıb; sən ki, o günü görməyəcəksən, nəyə lazımdır onun işığı? Çöldə otlar göyərib, ağaclar çiçək açıb, amma nəyə lazımdır sənsiz o çiçəklər, o çəmənlər? Sənin burnu fırtıqlı balaca qardaşların (Cəlal və Nazlı gülür) gedirlər arxların kənarında yonca yığıb yeyirlər, amma sən evdə oturub, saqqız çeynəyirsən. Evdə bitli bacılarınnan əl-ələ verib, atılıb-düşürsən və deyirsən: haquşka ha haquşka! Bir yarım var haquşka, uzun ətək haquşka! Xa … xa … xa!… (Cəlal və Nazlı gülürlər). Mənim istəkln Nazlı bacım! Gəl yapışım əlindən, baş alıb bu vilayətdən çıxıb, qoyub gedək. Dəm qənimətəst. Dəxi niyə durubsan?
Dəxi nə yaşınmaq, nə bürünmək, nə utanmaq?
Bəsdir bu dayanmaq!
Allaha şükür, lalə yanağında eyib yox,
Qaşında, dəhanında, dodağında eyib yox,
Bir zərrəcə zülfündə, buxağında eyib yox,
Dəxi nə yaşınmaq, nə bürünmək, nə utanmaq?
Bəsdir bu dayanmaq!
Hacı Həsən çox havalı və ləhləyə-ləhləyə girir içəri. Nazlı və Cəlal gedirlər.
İ s k ə n d ə r. Ata, nə xəbər?
H a c ı H ə s ə n (bir az fikir eləyəndən sonra başını qalxızıb). Deyirlər Kərbəlayı Fətullah dirilib.
İ s k ə n d ə r (təəccüblə başını atasına tərəf əyib). Necə?
H a c ı H ə s ə n. Deyirlər Kərbəlayı Fətullah dirilib.
İ s k ə n d ə r (təəccüblə). Necə Kərbəlayı Fətullah?
H a c ı H ə s ə n. Hacı Rüstəm əmivin oğlu Kərbəlayı Fətullah.
İ s k ə n d ə r. O ki, Xorasanda ölmüşdü?
H a c ı H ə s ə n. Hə, hə … haman Kərbəlayı Fətullah.
İ s k ə n d ə r. Yəni lap dirilib, qəbirdən çıxıb eşiyə?
H a c ı H ə s ə n (hövsələsiz). Hə, hə, dirilib.
İskəndər düzəlib, üzünü çöndərir kənara və istəyir gülməyini saxlasın, amma tab gətirə bilməyib, birdən qah-qah çəkib gülür və qaçır eşiyə.
H a c ı H ə s ə n (təəccüblə onun dalınca baxa, baxa). Allah sənə lənət eləsin! Budu, bu da bizim oxumuşlarımız! Yəqin ki, genə keflidir. Yəni heç kefli də olmasa, belə şeylərə inanmaz. Heç bir şeyə inanan deyil; nə allahı tanıyır, nə peyğəmbəri tanıyır. Öz ağırlığı qədərincə oxumağına pul qoymuşam, on il gedib, nə bilim, hansı cəhənnəmin dərəsində dərs oxuyub; indi gör axırı nə günə qalıb? Hələ bir para namərdlər müsəlmanlara məzəmmət eləyirlər ki, uşaqlarını dərsə qoymurlar. Bu da sənə dərs! İndi qoy gəlib, dərs oxuyanları görsünlər. Allah mənə min dəfə lənət eləsin, əgər bir də mən uşaq göndərəm gedə uzaq yerdə kafirlər içində dərs oxumağa! Yəni mən başı küllü bilirdim ki, axırı belə olacaq. Amma qoymurlar; vallah, billah bu adamlar qoymurlar ki, xalq başını salsın aşağa öz bildiyini eləsin. Yapışırlar yaxamdan ki, hacı, uşağına yazığın gəlsin, allaha şükür, məqdurun var, qoy getsin dərs oxusun, gəlib bir qulluq sahibi olsun; incinar olsun, həkim olsun, silitçi olsun, nə bilim nə zəhirmar olsun. Bəli, göndərdik. Maşallah, oxudu gəldi; indi gör nə olub; səhər kefli, axşam kefli. Divanxanalarda heç mirzəliyə də götürmürlər. Allah baisin evini yıxsın.
H a c ı B ə x ş ə l i (tövşüyə-tövşüyə girir içəri). Hacı, Kərbəlayı Fətullah dirilib?
H a c ı H ə s ə n (durur ayağa). Bəli, bəli, dirilib; hətta öz əliynən kağız da yazıb. Məəttəl qalmışam.
H a c ı B ə x ş ə l i. Allahın qüdrətindən heç bir şey uzaq deyil və bir də, ay hacı, ölü öz başına dirilməz ki? Əlbəttə, onu bir dirildən var.
H a c ı H ə s ə n. Yəni, ay hacı, bu bir qəribə iş deyil ki! Odu, keçən il Kabla Xəlilin arvadı, xəbər çıxdı ki, ölüb. Amma səhər dedilər ki, dirilib. İndi odura gəzir.
İ s k ə n d ə r (qapıdan başını içəri uzadıb). Əlbəttə, axşam elə biliblər ki, arvad ölüb, amma demə sən diri imiş! Xa … xa … xa!…
H a c ı H ə s ə n (çox ucadan və hirsli İskəndərə tərəf) Cəhənnəm ol!
H a c ı K ə r i m (tövşüyə-tövşüyə girir içəri). Hacı, deyirlər Kərbəlayı Fətullah dirilib?
H a c ı H ə s ə n. Bəli, belədir, doğrudur. Hacı, əyləş. Hacı, əyləş.
Otururlar.
H a c ı K a z ı m (tövşüyə-tövşüyə girir içəri). Hacı, Həsən ağa, deyirlər Hacı Rüstəm dadaşın oğlu dirilib?
H a c ı H ə s ə n (durur ayağa). Bəli, hacı ağa, belədir, doğrudu.
M ə ş ə d i O r u c və onun dalınca bir dəstə adam tövşüyə-tövşüyə girirlər içəri.
M ə ş ə d i O r u c (bir əlində kağız, hər iki əlini göyə qalxızıb, allahı çağırır). Bari pərvərdigara, sənin qüdrətini tərif eləməyə dilim laldır. Min şükürlər olsun kərəminə, ilahi!
Adamların bir parası qabağa yeriyib, kağıza baxırlar və deyirlər.
"Budurmu Kərbəlayı Fətullahın kağızı? Oxu görək nə yazıb?"
H a c ı H ə s ə n (Məşədi Oruca). Məşədi Oruc, yaxşısı budur ki, kağızı oxuyasan, camaatın hamısı eşidə; çünki çox qəribə işdir; insan məəttəl qalır.
M ə ş ə d i O r u c (yenə hər iki əlini yuxarı qalxızıb, başlayır ağlamağa və gözünün yaşını arxalığının ətəyi ilə siləndən sanra başlayır kağızı oxumağa).
"Ey mənim əziz və mehriban qardaşım Məşədi Oruc! Bu kağız sənə çatan kimi, əvvəl qabaqca Hacı Həsən əmimə müjdə ver.
Hacı Həsən ağlayır.
Ondan sonra, həyə anam sağdır, get anamı bas bağrına və deginən: "Ay ana, yazıq ana, dəxi qüssə eləmə, oğlun Kərbəlayı Fətulah dirilib. Sonra mənim oğlum Məhəmmədhəsəni al qucağına və deginən: "Ey yazıq bala, ürəyini sıxma, sən dəxi yetim deyilsən, atan dirilib və bir neçə gündən sonra sənə Xorasandan qırmızı başmaq gətirəcək". Və ayıb olmasın Məhəmmədhəsənin anası,--əlbəttə indi gedib ərə və işdi, əgər getməmiş olsa,--gəlin bacımı göndər, ona xəbər versin (ağlayır). Ey mənim əziz və mehriban qardaşım Məşədi Oruc! Ola bilər ki, mənim dirilmək xəbərim sənə və bir para qəlbi-qara adamlara təəccüblü görsənə. Min lənət olsun o kəslərə ki, xudavəndi-aləmin hikmətinə şəkk gətirələr!
Kitabxana.az · https://kitabxana.az/ru/works/memmedquluzade-oluler-birinci-meclis
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
“Yeni fikir” yoldaş!Keçənlərdə barəmizdə, yəni “Molla Nəsrəddin” haqqında bir tənqid yazmışdınız.
“X” hərfi“Ölmək ölməkdi, xırıldamağa nə var”Atalar sözü Bakıda köhnə müəllimlərimizdən mənim bir məzəli və adam güldürən dostum var. Özü də hərdən bir qəzetələrdə məqalə də yazar. Dünən mənim görüşümə gəlmişdi. Çünki eşitmişdi ki, azarlıyam.
Ərəb əlifbasıBiz türklər burada əyləşib ərəb əlifbasını tənqid edənlərin qabağına çıxıb, bu tənqidçiləri pisləyirik və başlayırıq ərəb əlifbasının yaxşı tərəflərini üzə çıxarmağa və pis tərəflərini də inkar etməyə.Amma pis olmazdı ki, bu barədə sahibkarların özlərindən də bixəbər olaq və ərəblərin özlərinin əlifbaları barəsində rəylərini bilək.
Biblioqrafiya (Ziya Paşa və Derjavin)Moskva qəzetlərində oxuduq ki, oranın nəşriyyat idarəsi on səkkizinci əsr miladinin məşhur şairlərindən Derjavinin əsərlərinin hamısını çapa verib, kəndli və əmələ içində intişar etmək xəyalındadır.Bu məsələ Rusiya mətbuatı dairəsində xeyli danışıqlar törədib; belə ki, “Pravda” qəzeti nəşriyyat idarəsi ünvanına bir para tənəli sözlər yazıb soruşur:
Стихи других поэтов
Dedim: Ey nazənin, qaşların yayıdırDedi: Qövsi-qüzeh kamanıdır bu
Di gəlsinSənə qurban olum, səadətli xoca,Qərib xan dadaşıma di gəlsin,
Rəhm edib atmaz oxun yar ürəgim yarəsinəRəhm edib atmaz oxun yar ürəgim yarəsinə,Bumudur xubların çarəsi biçarəsinə.
Gəraylı: Xalxalın göy çəmənindəXalxalın göy çəmənində,Bir qara tel pəri gördüm,