İkinci məclis
Страница 2 из 4 · 25%
Bir qız sevmişəm doqquz yaşında…
Sürmə gözündə, rasix qaşında.
Ay can! Ay can! Ay can!…
(Kərbəlayı Fatma xanım ikiəlli İskəndərə boğma çıxardıb gedir).
N a z l ı (ucadan). Dadaş, kəs səsini!
İ s k ə n d ə r (bir az fikir eləyəndən sonra gedib yapışır Nazlının əlindən və gətirir pəncərənin qabağına). Bax, bax, o kimdi?
N a z l ı. Nə bilim? Özün bilirsən kimdi.
İ s k ə n d ə r. Yaxşı bax! Bax, gör kimdi?
K ə r b a l a y ı F a t m a x a n ı m (gəlib durur qapıda). Ay balam, axı bir bəsdi! Utan, yorul! Axı bir özünə yazığın gəlsin. Axı bir həya elə. O sözləri ki, o kişiyə dedin, necə utanmadın? Yazıq kişi xəcalətindən dayana bilmədi, durub getdi. Necə olsa seyiddi, qohumdu. Məgər adamın ağzına nə gəlsə danışar? Axı o da yazıqdır, qəribdir; bizdən savayı onun bu şəhərdə kimi var?
İ s k ə n d ə r (çırtıq çalıb Nazlını göstərir). Belə bu şəhərdə onun Nazlı kimi nişanlısı var.
N a z l ı. Dadaş, and olsun allaha, mən Mir Bağır ağaya getməyəcəyəm. Mən heç kəsə getməyəcəyəm.
İ s k ə n d ə r. Xa … xa … xa!… (gedib yapışır Nazlının əlindən). Bacım, hələ sən uşaqsan. Get dolanginən, xamsən hənuz! Bir gün olar ki, gəlib görərəm sənin qabağına bir ayna tutub, çəkə-çəkə aparırlar. Onda tutaq ki, sən çəm-xəm elədin. (Özü də çəm-xəm, eləyən kimi burulur). Tutaq ki, sən istəmədin gedəsən. O vaxt bir də görəcəksən ki, səni daldan itələyib deyirlər ki, "Dayanma, tez-tez get!" Çönüb baxıb görərsən ki, itələyən sənin atan Hacı Həsəndir. Bəli, sonra bəlkə gedə-gedə bir də istədin ki, dayanıb getməyəsən; bir də görəcəksən ki, daldan genə bir adam səni dürtmələyir ki: "Dayanma, yeyin yeri!" Çönüb baxıb görəcəksən ki, bu da sənin anan Kərbəlayı Fatma xanımdı. Əgər, işdi, çox hay-huy eləsən, yanındakı, ətrafındakı bibilərin, xalaların, əmilərin, seyidlər, mollalar, qonşular, cicilər, bacılar--hərə bir yandan səni mizləyəcəklər ki: "Dinmə, kəs səsini! Xortdan gələr səni aparar!" Bəli, halla-hallaynan səni aparıb qatacaqlar bir kişinin yanına. Onda daha sən məni haradan tapacaqsan? (Çırtıq çalıb oxuyur).
Bir gün olar sən də məni atarsan,
Qurtlarınan aşnalığı qatarsan,
Balam, qatarsan,
Bacım, qatarsan!…
(Bir az dayanıb fikir eləyəndən sonra, baxır Nazlının və anasının üzünə). Ana, bəlkə mən kef havasına bu sözləri danışıram? (Kərbəlayı Fatma xanım dinmir. Nazlı gəlib İskəndəri qucaqlayır).
N a z l ı . Dadaş, kefli də olsan, mən sənin sözündən çıxmanam.
N ö k ə r l ə r (tövşüyə-tövşüyə girib, xəbər verirlər). Xanım, çıxın eşiyə, qonaqlar gəlir.
Xanım və Nazlı qaçırlar otaqdan.
H a c ı H ə s ə n (üstü-başı tozlu, girib tövşüyə-tövşüyə otağın o tərəfinə, bu tərəfinə baxır, uzaqdan salavat səsi gəldikcə ucalır). Allah-taalanın hər bar bəlası gərək bizim vilayətə nazil ola, Şeyx cənabları yolda bir az naxoş olub. Bari allah şəfa versin ki, xəcalət olmayaq. (İskəndərə). İskəndər, bu gün qonaqların yanında özünü yaxşı saxla. Ayıbdı, dost-düşmən var.
İ s k ə n d ə r. Dadaş, bu haman ölü dirildən şeyxdir ki, gəlir?
H a c ı H ə s ə n. Şeyx Nəsrullah cənablarıdır. Dəxi vaxtım yoxdur sənnən artıq danışmağa. (İstəyir çıxsın). Görüm evdə hər bir şeyi hazır eləyiblərmi?
İ s k ə n d ə r. Dadaş, elədə qonaqdan təvəqqe elə ki, əvvəl qabaqca məni diriltsin; çünki elə mən də ölü kimi bir şeyəm.
Hacı Həsən tez və dinməz gəlib yapışır İskəndərin qolundan və çəkə-çəkə aparır eşiyə. Salavat səsi, adamların hay-küyü yaxınlaşır. Tarap-turup, at kişnəməsi və qiylu-qal gəldikcə ucalır, H a c ı H ə s ə n bir tərəfdən və Ş e y x Ə h m ə d bir tərəfdən, Ş e y x N ə s r u l l a h ı qoltuqlayıb, gətirirlər içəri və oturdurlar döşəyin üstündə və özləri çəkilib, ədəblə dururlar kənarda. H a c ı B ə x ş ə l i, H a c ı K ə r i m, H a c ı K a z ı m, M ə ş ə d i O r u c, M i r B a ğ ı r a ğ a və h a c ı l a r, otaq tutduqca, c a m a a t üst-başları tozlu, tövşüyə-tövşüyə otağa girib, ədəblə dururlar kənarda. Şeyx Nəsrullah naxoş kimi heç kəsə baxmayıb, dayanır yastıqlara. İskəndər adamların içindən başını çıxardıb baxır. Hacı Həsən işarə eləyir ki, çıxıb getsin. İskəndər yox olur. Şeyx Əhməd yavaşca gəlir, çökür Şeyx Nəsrullahın qabağında və dizi üstə yavaşca soruşur.
Ş e y x Ə h m ə d (Şeyx Nəsrullaha). Şeyxəna, əhvalınız indi necədir?
Şeyx Nəsrullah bir söz deməyib, başını tərpədir.
H a c ı H ə s ə n (qorxa-qorxa Şeyx Əhmədə yavıq gəlib). Şeyx cənabları izin versin çay gətirsinlər.
Şeyx Nəsrullah başı ilə yox işarəsi eləyir.
H a c ı H ə s ə n (qorxa-qorxa). Bəlkə qəndab gətirsinlər?
Şeyx Nəsrullah yenə başı ilə işarə eləyir razı deyil.
H a c ı H ə s ə n. Bəlkə şeyx cənabları təam buyuralar? Yaxşı cücə-plov bişiriblər.
Ş e y x N ə s r u l l a h (heç kəsin üzünə baxmayıb yavaşca). Adəmi dər vəqti-mərəz iştəhayi-təam nəmibaşəd. Dil niz dər vəqti-ibtila bəilləti-həva və istilayi-mərəzi-hübbi dünya, rəğbət bəzikri-pərvərdigar nəmidarəd. Təam hərçənd ləziz başəd və lakin dər nəzəri-bimar ləzzət namidəhəd. Dil niz çün bəmərəz zatül-səfər vəsvəseyi-dünya mübtəla başəd, əz neməti-bəndəgiyi-xuda və təhsili-faideyi-üqba mütələzziz nəmigərdəd. Bəqədri-matəhzünü lid-dünya yüxrücühümül-axirətü min qəlbikə və biqədri matəhzünü axirətin yüxrücü hümmüd dünya min qəlbikə.
(Bir az fikir eləyib, baxır Hacı Həsənin üzünə və birdən dikəlib çığırır). Necə təam? Necə cücə-plov? (Şeyx Əhmədə). Şeyx Əhməd, məni hara gətirmisən? Bunlar necə müsəlmandırlar? Necə mömindilər? Bu nədir? (Otağın fərşlərini göstərir). Bu xalilər nədir? Necə təam, necə cücə-plov? Şeyx Əhməd, məgər sən bunlara deməmisən ki, mənim xörəyim gündə bir xurmadır?!
Şeyx Əhməd və adamlar qorxub titrəyirlər.
Ş e y x Ə h m ə d. Bəli, şeyxəna, demişəm.
Ş e y x N ə s r u l l a h (üzünü adamlara tutub çığırır). Bu nədir, vələdüzzina? Nə uymusunuz bu dünyaya? İnnə dünyaküm indi lahövlə min vərəqətin fixümmi cəradətin. Bu nədir? Nə istəyirsiniz? Nə axtarırsınız? Öləcəksiniz, əgərçi şah olasız. Dünyayi-şüma dər nəzdi-mən hər ayinə biqədrtər əst əz bərgi ki, dər dəhəni-mələx başəd. Sizin dünyanız ibarətdir altı cür ləzzətdən: mətum, məşrub, məlbus, mənkuh, mərkub və məşmum. Vəssəlam! Lakin təamların ən ləzzətlisi baldır ki, arının tüpürcəyindən əmələ gəlir. İçdiyiniz suyun içində minlərcə heyvanat cəmdəyi üzür. Ətirlərinizin əlası müşkdür ki, ahunun göbəyinin qanından ibarətdir. Mərkubatın əşrəfi atdır ki, onu minən həmişə xətadadır. Libasların nəfistəri ipəkdir ki, qurdun üfunətli ağzından çıxır. O ki, qaldı mənkuhatın müəzzəm faydaları burada mətləb bir az tuldur (bir az sakit olub, yavaşca deyir). Sudməndtər daruyi ki, cərəb xarxari-şahidan gülüzarra füru minişanəd, əmri-təzvic nikahi-mitəəst. Tədbirist mətin dər mühafizəti-şəhristani-iman əz taraci-türkan, qəmzəhayi canistan hisnisti-həsini dər təqlidi-xuni-fasid. (Çox ucadan). Mən təzəvvəcə əhrəzə nisfi dinihi. Yəni hər kəs ki, təzvic konəd nisfi-dini-xudra əz şərri-vəsvasi-şeytani və fəsadi və həvəshai-nəfsani eymən başəd. (Bir az dayanıb yavaşca), Şeyx Əhməd, bu camaatın içində bacılardan heç gözümə dəymir? Deynən ki, o biçarələrə xəbər versinlər ki, onlar da buraya gəlib və pərdə dalına cəm olub, allah-taalanın hökmlərini eşitməkdən bibəhrə qalmasınlar.
Adamlar hərəkətə gəlir. Çadraya bürünmüş övrətlər tək-tək otağa girib, kişilərin dal tərəfinə düzülürlər.
Ş e y x N ə s r u l l a h (ucadan). Əksərü əhlinnaril-əz-zəb; biştərin əhli-cəhənnəm əzabanənd (yavaşca Şeyx Əhmədə). Şeyx Əhməd, mənim taqətim yoxdur, sən bunları başa sal.
Kitabxana.az · https://kitabxana.az/ru/works/memmedquluzade-oluler-ikinci-meclis
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Hekayə*Bir gün var idi, bir gün yox idi. Bir xurcunla bir çamadan var idi. Xurcun çox köhnə və cındır idi, çamadan çox təzə və qiymətli idi.
Dinsizdirlərmi Azərbaycan kəndliləri?Bir para yoldaşlar yuxarıdakı suala “hə” cavabını verirlər. Hətta Göyçay firqə katibi öz məruzəsində bir vaxt deyirmiş ki, kəndlilər[i] dinsizliyə dəvət eləmək zəhməti hədərdir, çünki onlar, xüsusən cavanlar onsuz da din və etiqaddan uzaqlaşmışdırlar.Aya bu doğrudurmu?
Mədfən“Mədfən”–ərəb ləfzidir. Mədfən o yerə deyilir ki, orada ölü dəfn olunur, yəni ölü basdırılır. Biz ona türk dilində “qəbr” deyirik; “qəbr” də ərəb sözüdür.Bir də var “mədfəni-fikr”; yəni elə bir yerdir ki, orada fikir dəfn olunur, yəni fikir basdırılır.
Qarabağda aşuraBu il Qarabağda aşuraya rövnəq verən yenə qoçaq iranlılar oldular.Ağdamda aşura günü məscidin həyəti çadralı qadınlarla dolmağa başladı. Amma bu qadınların içində çoxluca iranlı qadınlar da var idi.
Стихи других поэтов
Mən kimi xəstəyə əlbəttə ki, həmam gərək,Necə kim aşiqə bir yari-güləndam gərək.
Əmoğlu(Sabirə nəzirə)*Beş gündü cahan, dövləti neylərsən əmoğlu?
İranlılar deyir kiBunca qeyrət ki, biz etdik vətən uğrunda bu gün,Yarın İranımız, əlbəttə ki, bir babət olur;
ای به درگاه تو نیاز همهکرم تست چاره ساز همه